Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvanın görməli yerləri və istehsal müəssisələri ilə tanış olmuş, yerli sahibkarlarla görüşmüşdür
Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvanın görməli yerləri və istehsal müəssisələri ilə tanış olmuş, yerli sahibkarlarla görüşmüşdür |
İyunun 8-də Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Levan Varşalomidzenin rəhbərlik etdiyi nümayəndə heyəti Nuh peyğəmbərin Naxçıvan şəhərindəki türbəsi ilə tanış olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı qədim tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də Nuh türbəsidir. Qədim dövrlərdən yayılan rəvayətə görə, ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Bunu Naxçıvan ərazisində ümumdünya daşqını barədə rəvayətlərin yayılması və Nuhla bağlı yer adlarının çoxluq təşkil etməsi bir daha sübut edir. Yer üzündə elə bir ərazi yoxdur ki, orada Naxçıvandakı qədər Nuhla bağlı toponimik vahid olsun. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin 2006-cı il 28 iyun tarixli Sərəncamına əsasən, 2007-2008-ci illərdə qədim abidə tarixi mənbələr nəzərə alınmaqla yenidən bərpa olunmuş, ərazidə geniş abadlıq və yenidənqurma işləri aparılmışdır. Sonra qonaqlar Qədim Qala abidəsinə – Köhnəqalaya baxmışlar. Qeyd edilmişdir ki, Naxçıvan şəhər mədəniyyətinin günümüzə gəlib çatan mühüm tarixi abidələrindən olan Köhnəqalanın ümumi ərazisi 12 min kvadratmetr, qala divarlarının uzunluğu 600 metrdir. Hazırda qədim qala divarlarında, bürclərdə, qalanın ərazisində olan kəhrizdə və buraya gedən yolda təmir-bərpa işləri aparılır, qala tarixi görkəmini saxlamaq şərti ilə yenidən qurulur. x x x Həmin gün Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyində naxçıvanlı sahibkarlarla görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Levan Varşalomidze görüşdə iştirak etmişlər. Əvvəlcə İqtisadi İnkişaf Nazirliyinin foyesində muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsullarından, əl işlərindən ibarət sərgiyə baxış olmuşdur. Bildirilmişdir ki, həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsində hazırda Naxçıvan Muxtar Respublikasında 316 növdə, 823 çeşiddə məhsul istehsal olunur, 303 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Tədbir iştirakçıları muxtar respublikanın sosial-iqtisadi inkişafından bəhs edən filmə baxmışlar. Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Qeyd olunmuşdur ki, bu gün Naxçıvan və Acarıstan muxtar respublikalarında əlverişli biznes və investisiya mühiti mövcuddur. Bu da hər iki muxtar qurum arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayacaqdır. x x x Sonra qonaqlar “Gəmiqaya Daş Məhsulları Sənaye Komleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə gəlmişlər. Məlumat verilmişdir ki, Gəmiqaya daş məhsulları kompleksi travertin və mərmər emalı üzrə ixtisaslaşmışdır. Muxtar respublikanın Qarabağlar, Çalxanqala və Yuxarı Buzqov ərazilərindəki zəngin yataqlardan çıxarılan travertin və mərmər daşları emal üçün bu kompleksə gətirilir. Ümumi sahəsi 53 min kvadratmetr olan kompleksdə müxtəlif çeşiddə inşaat və məişət məmulatı istehsal edilir. Məhsul buraxılışında istifadə edilən daşlar təbii olaraq antibakterial keyfiyyətə malikdir. Kompleksdə xarici ölkə istehsalı olan ən müasir avadanlıq quraşdırılmışdır. Böyük və kiçik ölçülü travertin plitələrdən, əsasən, binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertinlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin hazırlanmasında istifadə olunur. Müəssisənin gündəlik istehsal gücü iki min kvadratmetrdir. Burada travertin məhsulları ilə yanaşı, sədəf və mərmər məmulatları da istehsal edilir. Tanışlıq zamanı müəssisənin məhsullarının Acarıstan Muxtar Respublikasına ixrac imkanları da nəzərdən keçirilmişdir. x x x Daha sonra nümayəndə heyəti “Gəmiqaya mebel fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanış olmuşdur. Bildirilmişdir ki, fabrik müasir modeldə bütün növ mebel avadanlığının istehsalı üzrə ixtisaslaşmışdır. Burada avanqard, klassik və modern üslubda yumşaq mebellər, uşaq otağı mebelləri, yataq dəstləri, ofis, divarboyu və mətbəx mebelləri istehsal olunur. Məhsulların çeşid çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət “Gəmiqaya mebel fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətinin fərqləndirici xüsusiyyətlərindəndir. İstehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən materiallardan istifadə, məhsulların keyfiyyətinə tam nəzarət alıcılarda razılıq yaradır. Burada istənilən zövq və tələbə uyğun münasib qiymətlərlə sifarişlər də qəbul olunur. Hazırda müəssisənin Naxçıvan şəhərində satış mağazası, Bakı, Ordubad şəhərlərində və Goranboy rayonunda satış üzrə filialları mövcuddur. Müəssisənin Gürcüstanın Tbilisi və Batumi şəhərlərində də satış mərkəzlərinin yaradılması nəzərdə tutulur. x x x “Gəmiqaya mineral sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı məlumat verilmişdir ki, müəssisə Prezident İlham Əliyevin 2009-cu ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı istifadəyə verilmişdir. Qısa zamanda müasir texnoloji avadanlıqla təchiz olunmuş zavodda keyfiyyətli məhsul istehsal edilir. Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 kilometr, qazsız süfrə suyu istehsalı üçün Şahbuz rayonu ərazisindən çəkilən boru xəttinin uzunluğu 35 kilometrdir. Sexlərdə müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 9 çeşiddə mineral su istehsal olunur. Badamlı mineral suyu keçirilən beynəlxalq sərgilərdə yüksək qiymətə layiq görülür. Hazırda mineral su Rusiyaya, Ukraynaya və Qazaxıstana ixrac olunur. Cari ildə suyun digər xarici ölkələrə də ixrac olunması planlaşdırılır. Acarıstan nümayəndə heyəti, həmçinin Naxçıvan avtomobil zavoduna gəlmiş, burada istehsal olunan minik avtomobillərinin texniki xüsusiyyətləri və keyfiyyət göstəriciləri ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, 2010-cu ilin yanvarında fəaliyyətə başlayan zavodun illik istehsal gücü dörd min minik avtomobilidir. Burada avtomobillərə satışdan sonra da yüksək texniki xidmət göstərilir. Almaniya, İtaliya və Belçika istehsalı olan ən müasir avadanlığın quraşdırıldığı zavodda “NAZ Lifan-320”, “NAZ Lifan-520”, “NAZ Lifan-620” və “NAZ Lifan X-60” markalı minik avtomobilləri istehsal olunur. Mexaniki və avtomat sürət qutusu ilə təchiz edilmiş avtomobillər qənaətcilliyi və yüksək manevr qabiliyyəti ilə seçilir. Muxtar respublikanın relyefi üçün də əlverişli olan bu minik maşınları müasir interyerə və özünəməxsus xarici dizayna malik olmaqla bərabər, həm də “Avro-3” standartlarına uyğundur. Minik avtomobilləri çətin yol şəraiti üçün də idealdır. Bütün bu xüsusiyyətlər avtomobilin daxili və xarici bazarda tezliklə özünə yer tapmasına səbəb olmuşdur. Həmin gün Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının plastik məmulatlar və tütün məhsulları istehsalı müəssisələri və “Gəmiqaya qida məhsulları sənaye kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə də tanış olmuşdur. Geri dön |