Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbək-tacik qarşıdurması: kimə sərfəlidir?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Özbək-tacik qarşıdurması: kimə sərfəlidir?

Özbək-tacik qarşıdurması: kimə sərfəlidir?


Son dövrlərdə Mərkəzi Asiya üzrə ixtisaslaşan politoloqlar Özbəkistan və Tacikistan arasında münasibətlərin soyumağa doğru getdiyini qeyd edirlər.

Özbəkistan və Tacikistan arasında bir-birinə qarşı mədəni, tarixi, həm də ərazi iddiaları mövcuddur.
Məsələn, tacik tarixşünaslığında göstərilir ki, indiki Özbəkistanın da ərazisi daxil olmaqla mədəniyyətin yaradıcıları qədim farslar olmuşlar.
Özbəkistan tarix elmində isə əksinə, yerli qədim mədəniyyəti oturaq türklərin yaratdığı, qədim iranlıların isə qaraçılar kimi buraya gəlib mədəniyyəti yerli türklərdən götürdüyü bildirilir. Zərəfşan vadisi isə, hər iki dövlət arasında daim ərazi mübahisələri üçün səbəb olub.
Lakin son mübahisələr yuxarıda göstərilmiş səbəblərlə bağlı deyil. Bu il yanvarın ortasında Daşkənd yolların təmiri bəhanəsiylə Tacikistanla sərhəddəki 16 buraxılış məntəqəsindən 9-nu bağladı. Bunun nəticəsində Özbəkistanın hesabına mal və ərzaqla təchiz olunan Tacikistanın şimalındakı əhali praktiki blokadaya düşdü. Aprelin 1-i isə hər iki ölkənin əhalisi üçün heç də gülüş günü olmadı. Özbəkistan qonşu dövlətə təbii qazın nəqlini dayandırdı. Əsas səbəb kimi taciklərin borcları qaytarmaq fikrində olmaması göstərilirdi. Qazsız qalmış taciklər ətrafdakı qonşu ölkələrin vasitəçiliyi ilə Özbəkistanla danışıqlar keçirmək niyyətini bildirsələr də, rəsmi Daşkənd bundan imtina edib borcun ödənilməsini tələb etdi.
İki ölkə arasında düşmüş mübahisənin kökündə tam ayrı, lakin ciddi bir məsələ durur. Belə ki, rəsmi Daşkənd çalışır ki, Tacikistan ərazisində inşa edilən Roqun Su Elektrik Stansiyasının (SES) inşasında özbəklərin maraqları nəzərə alınsın. Amma rəsmi Daşkənd görəndə ki, onun mənafeləri nəzərə alınmır, cəzalandırıcı vasitələrə əl atır.
Bildirək ki, ekspertlərin fikrincə, Roqun SES-nin inşası Amu-Dəryanın yetərincə qurumasına gətirib çıxaracaq. Bu isə Özbəkistan üçün əhəmiyyətli olan pambıq istehsalını təhlükə altında qoyur. Digər tərəfdən, Roqun SES-i Rixter cədvəli ilə 9 bal və ondan yuxarı qiymətləndirilən yüksək seysmik fəal ərazidə yerləşib. Zəlzələ və ya digər onun kimi ciddi faciə baş versə, özbək KİV-lərinin yazdığı kimi hündürlüyü 100 metrəyə çatan və sürəti saniyədə 130 metr olan nəhəng su dalğası Vahş kaskadının bütün digər SES və su qovşaqlarını dağıdacaq, Tacikistan, Özbəkistan və Türkmənistanın əraziyə bitişik 10-larla şəhər və kəndlərini suya qərq edəcək və bununla da Orta Asiya regionunda indiyə qədər görünməmiş nəhəng texnogen və ekoloji qəza doğuracaqdır. Özbəklərin etirazlarını görərək tacik prezidenti İmaməli Rahmon rəsmi Daşkəndə ünvanlı müraciət yazdı. Müraciətin əsas mənası bunda idi ki, neft və qaz yataqlarına malik olmayan Tacikistana enerji mənbələrinə ehtiyacı var.
Ümumiyyətlə, İmaməli Rahmon üçün Roqun SES-i iqtisadi əhəmiyyətindən daha çox siyasi əhəmiyyətə malikdir. Balaca ölkənin avtoritar rəhbəri kimi o da gələcək nəsillər üçün öz adıyla bağlı nəhəng layihənin həyata keçirilməsinə meyllidir.
Roqun SES-iylə bağlı Rusiya və ABŞ da regionda öz mənafelərini həyata keçirməyə çalışır. Ötən ilin oktyabrında Orta Asiyaya səyahət etmiş Hillari Klinton açıq bildirmişdir ki, Roqun SES-nin inşası üçün ABŞ istənilən yardımı verəcək. Çindən, Rusiyadan və İrandan asılı olan Tacikistan üçün ABŞ-ın bu jesti gözlənilməz idi. Beləliklə də Roqun SES-i regionda ABŞ –Rusiya qarşıdurması üçün də bir səbəbə çevrilib.
Ötən ilin oktyabrında Vladimir Putinin açıqladığı AvroAsiya ittifaqı layihəsi birmənalı şəkildə Rusiyanın Mərkəzi Asiya uğrunda sona qədər döyüşəcəyinə işarə verirdi. Ondan 8 ay əvvəl isə, 2011-ci ilin fevralında ABŞ-ın Hyuston universitetinin C.Beyker adına dövlət siyasəti institutunda çıxış edən Robert Bleyk Orta Asiya regionunda ABŞ-ın strategiyasını açıqladı. Hillari Klintonun müavini olan Robert Bleyk ABŞ enerji kompaniyalarının elitası qarşısında çıxış edərək regionu ABŞ maraqları üçün həyati vacib olduğunu vurğuladı. Onun çıxışının əsas məğzi bu idi ki, Orta Asiya nəinki Çin, Rusiya və İran kimi iri dövlətlərin sərhəddində yerləşir, burada həmçinin AvroAsiyanın gələcəyi həll olunur. Buna görə də regionda nəzarət amerikalıların əlinə keçməlidir. Bleykin çıxışında xüsusi qeyd olunurdu ki, strateji əhəmiyyətli regionda yerləşən ölkələr arasında ABŞ əsas əlaqələndirici rolu oynasa, regionda hegemonluq ABŞ-a keçəcək. Hələ o dövrdə «Amerikanın səsi» radiosunun şərhçiləri Ağ Ev məmurunun kəskin və ultimativ tonuna xüsusi diqqət yetirirdilər. İndiki dövrdə isə Obamanın rəqibi Mitt Romni Mərkəzi Asiyanın Rusiyadan müdafiə edilməsi vacibliyini hər bir seçkiöncəsi çıxışında qeyd edir.
Bleykin məlum çıxışından sonra Hillari Klintonun Düşənbə və Daşkəndə tarixi səfəri başlandı.
Beləliklə, Roqun SES-i bəhanəsilə Özbəkistan və Tacikistan arasında doğmuş mübahisənin uzantıları Moskva və Vaşinqtona dirənməkdədir. Rus politoloqlarının bir qismi özbək-tacik qarşıdurmasının Rusiyaya ziyan vuracağını, digər qismi isə əksinə bu münaqişənin hər iki dövlətin Rusiyaya sığınması üçün şərait yaradacığını vurğulayırlar.
ABŞ və Qərb politoloqları isə Rusiyanın Mərkəzi Asiyada formalaşdırdığı blokdakı iki qonşu dövlətin bir-biri ilə münaqişəsini rəsmi Moskvanın regiondakı siyasətinə güclü zərbə olacağını bildirirlər.
Beləliklə, ziyanda olan yenə də Turanlılardır, qazananlar isə yadlar.

Sevda ƏSGƏROVA
“Millətçilik” qəzeti

Geri dön