Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > Türkiyə-Azərbaycan hərbi məsləhətləşmələri başlayıb.
Türkiyə-Azərbaycan hərbi məsləhətləşmələri başlayıb. |
Rusiyanın Ermənistandakı qüvvələrini döyüşə hazırlaması xəbərlərinin yayıldığı bir vaxtda türk generallarının Bakıya dalbadal səfərləri baş verir
Keçmiş Pentaqon rəsmisi Uayan Merri son toqquşmaları şərh edir: “Görünür, kimlərsə amerikalılara xəbərdarlıq etmək istəyirdi...” Vaşinqtonda işləyən rusiyalı ekspert Sergey Markedonov: “Münaqişə ətrafında vəziyyət müharibə istiqamətində inkişaf edir, ancaq medalın o biri üzü də var...” Qarabağ cəbhəsində və Ermənistanla sərhəddə toqquşmaların intensiv xarakter aldığı bir vaxtda Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə hərbi məsləhətləşmələr intensivləşib. Türkiyənin quru qoşunlarının komandanı, ordu generalı Hayri Kıvrıkoğlunun Bakıya səfərindən cəmi bir neçə gün sonra qardaş ölkənin jandarma qüvvələrinin komandanı, general Bəkir Kalyonçu Azərbaycan paytaxtına səfər edib. İnformasiya agentliklərinin yaydıqları məlumatlara görə, B.Kalyoncunun bu gün daxili işlər naziri Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənovla görüşü planlaşdırılırdı. B.Kalyoncunun, həmçinin müdafiə naziri Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə görüşləri gözlənilirdi. Xəbər verildiyi kimi, Türkiyə Quru Qoşunlarının komandanı ötən həftə, Azərbaycan-Ermənistan sərhədində ciddi toqquşmaların yaşandığı bir vaxtda Bakıda səfərdə olmuşdu. Türkiyə silahlı qüvvələrinin qoşun növlərinin komandanlarının Bakıya səfərləri bununla yekunlaşmır, iyunun 19-da bu ölkənin sahil mühafizə qüvvələrinin komandanı Serdar Dülgərin də Bakıya gələcəyi xəbər verilir. Bəzi məlumatlara görə, səfərlər seriyasını Türkiyə hərbi hava qüvvələrinin komandanı davam etdirəcək. *** Azərbaycanla Türkiyə arasında hərbi məsləhətləşmələr müntəzəm xarakter daşıyır, lakin əsas qoşun növləri komandanlarının Bakıya bir-birinin ardınca səfər etmələri tərəflər arasında hansısa mühüm hərbi məsələnin müzakirəsi barədə ehtimal irəli sürməyə əsas verir. Doğrudur, bu səfərlər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xətti boyu iyunun əvvəllərindən etibarən artan gərginlikdən daha əvvəl planlaşdırılıb. Bununla belə, intensiv hərbi məsləhətləşmələrin Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə də bağlı olduğu şübhə doğurmur. Çünki təmas xəttindəki son gərginlikdən əvvəl də münaqişənin nizamlanmasına dair danışıqlar prosesi dayanmış vəziyyətdə idi və nüfuzlu analitiklər, Qərbin beyin mərkəzləri tərəflərin müharibəyə başlamağa yaxın olduğuna dair həyəcanlı proqnozlar verirdilər. Həmin beyin mərkəzlərinin təhlillərində deyilirdi ki, Azərbaycanla Ermənistan arasında yenidən müharibə başlasa bu bütün region üçün dağıdıcı ola, Rusiyanın və Türkiyənin mümkün müdaxiləsi ilə böyüyə bilər. *** Əslində Ermənistan ordusu tərəfindən Azərbaycanın sərhədboyu mövqelərinə diversiya həmlələri ilə başlayan son gərginliyin arxasında ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərini və Qarabağa dair təşəbbüsünü pozmaq istəyən Rusiyanın dayandığına dair güclü ehtimallar var. Son gərginliyin fonunda Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ermənistandakı 102-ci Rusiya hərbi bazasında dislokasiya olunmuş qırıcı təyyarələrin təlim uçuşları intensivləşib. İlin əvvəlindən bəri 300-dən çox təlim uçuşu həyata keçirilib və bu zaman döyüş zamanı tətbiq olunacaq pilotaj manevrləri edilib. Rusiyanın Ermənistandakı hərbi aviasiyasını intensiv şəkildə döyüşə hazırlaması Moskvanın İrəvanın tərəfində mümkün müharibəyə müdaxilə etməyə hazır olması kimi dəyərləndirilir. Sentyabr ayında Rusiyanın 102-ci hərbi bazası ilə Ermənistan qüvvələrinin birgə hərbi manevrləri olacaq, bu manevrlərə qatılmaq adı altında Rusiyanın hava-desant qüvvələri Ermənistana yeridiləcək və təlimlərin başa çatmasından sonra geri qayıtmayacaq. Ardınca Rusiyanın 102-ci bazasını da əhatə edən irimiqyaslı “Qafqaz-2012" təlimləri başlayacaq. Rusiyanın öz müttəfiqi Ermənistana hərbi dəstəyini hər addımda nümayiş etdirməyə çalışdığı bir vaxtda mühüm regional oyunçu, Qafqaz regionunda strateji maraqları olan Türkiyə də boş dayana bilməz. Belə görünür ki, vəziyyətin gərginləşməsi fonunda Türkiyə də öz müttəfiqi Azərbaycanla yüksək səviyyədə hərbi məsləhətləşmələri intensivləşdirərək Rusiyaya mesaj vermiş olur. *** Bu arada ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiya xarici işlər naziri İmon Gilmorun da regiona səfəri başlayıb. Gilmor dünən İrəvana səfər edib, Bakıda iyunun 13-də olacaq. ATƏT-in baş ofisindən yayılan məlumata görə, onun müzakirə edəcəyi məsələlər arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginləşən vəziyyət başlıca yer tutur. “Regiondakı münaqişələrin həllində irəliləyişlərə nail olmaq ATƏT-in indiki sədrinin fəaliyyətində ən mühüm prioritetlərdən biridir” deyə, təşkilatın ofisindən bildirilib. Bundan əvvəl İ.Gilmor Qafqazdakı münaqişələrin nizamlanmasında Şimali İrlandiya modelindən faydalanmaq təklifi ilə çıxış etsə də onun təklifi geniş dəstək görmədi. Bəs amerikalı ekspertlər Azərbaycan-Ermənistan cəbhəsində dövlət katibi H.Klintonun səfəri ilə eyni gündə artan gərginlik barədə nə düşünürlər? *** Vaşinqtonda yerləşən Amerika Xarici Əlaqələr Şurasının baş elmi işçisi, 26 il Dövlət Departamenti və Pentaqonda mühüm vəzifələrdə çalışmış Uayan Merri deyir ki, son toqquşmaların Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonun Azərbaycan və Ermənistan səfəri zamanı baş verməsi düşündürücüdür. Onun fikrincə, cəbhədəki son atışmaların təsadüfi olmadığını da ehtimal etmək olar, belə ki, görünür, kimlərsə “amerikalılara xəbərdarlıq etmək istəyidi”. Bu yaxınlarda Dağlıq Qarabağa səfərdən qayıtmış cənab Merryə görə, əslində tərəfləri sülh əvəzinə silaha sarıldan nifrətin kökündə Azərbaycan və erməni xalqları arasındakı yadlaşma durur. Sovet dövründə, məsələn, onlar birlikdə yaşayır, qaynayıb-qarışırdılar. 1991-94-cü illər müharibəsi hər iki tərəfdən etnik təmizləməyə yol açdı: “Üzərindən iki onillik keçib, artıq bir nəsil dəyişib və yerini təmassız, bir-biri haqqında yalnız stereotip təsəvvürləri olan yeni nəslə buraxıb. İki xalq arasında təmasların elə bir mexanizmi yaradılmalıdır ki, onlar bir-birilərinin oxşarlıqlarını və ortaq maraqlarını aydın görə bilsinlər”, deyib təhlilçi və əlavə edib ki, “aydındır ki, hər iki tərəfdən hökumətlər bunu istəmir”. Bəs cəbhədəkı toqquşmalar nəyin xəbərçisidir? Uayan Merry əmindir ki, hazırda baş verənlər post-müharibə deyil, müharibə-ərəfəsi mərhələni xatırladır. Onun fikrincə, sülh danışıqlarında vasitəçilik mexanizmi artıq iflasa uğrayıb, Minsk Qrupu mandatını dəyişib, arbitraj rolunu oynamalıdır. Əks halda, tərəflər nəticə əldə edə bilməyəcəklər. *** Vaşinqtondakı Strateji Araşdırmalar Mərkəzində işləyən rusiyalı ekspert Sergey Markedonov da son toqquşmaların H.Klintonun regiona səfəri ilə eyni vaxtda başlamasını təsadüf hesab etmir. Bununla belə ekspert qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmalar qeyri-adi hal deyildi və əvvəllər də tez-tez baş verirdi. Çünki 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasının yerinə yetirilməsini təmin edə biləcək mexanizm mövcud deyil. Minsk Qrupunun vasitəçilik səyləri heç bir nəticə vermir və nəticədə hərbi gücdən istifadə təhlükəsi artır. Markedonova görə, son insidentlər də göstərir ki, Qarabağ münaqişəsi ətrafındakı kritik vəziyyət müharibə istiqamətində inkişaf edəcək. “Lakin medalın o biri tərəfi də var. Hər iki tərəf bir-birinin nə dərəcədə möhkəm dayandığını yoxlamaq istəyir, onların arasında silahlanma yarışı həm də stabilləşdirici amildir. Hər iki tərəf böyük müharibədən çəkinir. Bu, təkcə insan itkisi qorxusu ilə deyil, hakimiyyətlərin imicinin düşməsi, müəyyən ölçülərdə Qarabağ amilinə söykənən legitimliklərini itirməsi təhlükəsi ilə bağlıdır. Yaddan çıxarmaq lazım deyil ki, gələn il Ermənistan və Azərbaycanda prezident seçkiləri olacaq. Bu seçkilər ərəfəsində nəticəsi bəlli olmayan müharibəyə girmək həm İrəvanda, həm Bakıda hakimiyyətin itirilməsinə gətirib çıxara bilər” deyə, Markedonov yazır. *** Ekspertə görə, Gürcüstandan fərqli olaraq Amerika ilə Rusiya Qarabağ münaqişəsində bir-biriləri ilə rəqabət aparmır. Amerika diplomatiyası Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyunun 18-də Parisdə keçiriləcək danışıqlarının nəticələrini gözləyir. H.Klinton regiona səfəri zamanı deyib ki, ABŞ-ın münaqişəyə dair yeni ideya və yanaşmaları var. “Bəs yenilik nədən ibarətdir? Hələlik buna aydınlıq gətirilməyib. Rəsmi olaraq hər üç həmsədr ölkə Madrid prinsiplərinə istinad edir. Lakin digər tərəfdən, Rusiya ilə ABŞ Qarabağa dair vasitəçilik səylərini birləşdirib tərəflərə kompromislər üçün güclü təzyiq etmirlər. Bu da onları hərbi varianta əl ataraq Minsk Qrupunu müharibə ilə qorxutmaq cəhdlərinə sövq edir, nəticədə Qarabağ oyununda risklər artır” deyə, ekspert bildirir. F.MƏMMƏDOV Geri dön |