Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müharibəyə hazır olmalıyıq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Müharibəyə hazır olmalıyıq

Müharibəyə hazır olmalıyıq


Təhsildən tutmuş mətbuata qədər, hər bir şey ölçülüb-biçilməlidir
Azərbaycan gənci şəhərin gəzməli, görməli yerlərində şux geyimli bir əsgərin portretini niyə görməməlidir?


Son günlər cəbhə xəttində baş verənlər, erməni qəsbkarları tərəfindən atəşkəsin pozulması və şiddətli döyüşlərin getməsi, artıq onu göstərir ki, xalqımız öz ata-baba torpaqlarını işğaldan azad etmək üçün müharibəyə köklənməlidir. Çünki cəbhədə baş verənlərdən müharibə qoxusu duyulur. Və hər an Qarabağ müharibəsinin alovlanması ehtimalı var? Bəs xalqımız psixoloji cəhətdən müharibəyə hazırdırmı? Hərbçilər, ziyalılar bildirirlər ki, bizim xalq mərd xalqdır, qorxmaz xalqdır və öz torpaqlarını işğaldan azad etməyə qadirdir.

Amma müharibə ilə bağlı təbliği işlər də görülməlidir. Düzdü, müharibənin təbliğ olunması bir qədər yanlış anlaşıla bilər. Heç bir xalq arasında müharibə etmək, hansısa dövlətin ərazisini işğal etmək kimi təbliğat qəbulolunmazdır. Amma Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı yanaşma bir qədər fərqlidir. O mənada ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, təcavüzkar siyasətini bu gün də davam etdirməkdədir. Əgər sabah müharibə başlayarsa, Azərbaycan müharibəyə yox, işğal altında olan torpaqlarının hərbi yolla təmizlənməsinə başlayacaq. Bu isə hansısa dövlətə qarşı müharibə anlamını vermir. Sadəcə separatçıların əlində olan dədə-baba torpaqlarını işğaldan azad etmək uğrunda döyüşə atılacaq.

"Xalq hər zaman müharibəyə, döyüşə hazır olmalıdır"

Yazıçı Seyran Səxavət deyir ki, müharibə arzuolunmaz bir şeydir: "Heç bir insan müharibənin olmasını arzulamır. Çünki müharibə aclıq, səfalət deməkdir, ən əsası isə qan deməkdir. Amma ermənilər Azərbaycan torpaqlarını illərdir ki, işğalda saxlayırsa və heç bir sülhü qəbul etmirsə, məsələni yoluna qoymaq əvəzinə cəbhədə atəşkəsi pozursa, o zaman müharibə qaçılmaz ola bilər. Xalq hər zaman müharibəyə, döyüşə hazır olmalıdır. Ona görə ki, bu xalqın torpaqları işğaldadır, qaçqın-köçkünü var. Müharibə şəraitində olan dövlətin böyük təbliğat vasitəsi olan teleefirlərində bayağı müğənnilərin təkrar-təkrar nümayişindənsə, hərbi vətənpərvərlik ruhlu layihələr işlənməli, gənclər bu layihələrə cəlb olunmalı və onlarda Vətənə sevgi artırılmalıdır. Təbii ki, bu tip problemlər kompleks həll olunmalıdır. Təhsildən tutmuş mətbuata qədər, hər bir şey ölçülüb-biçilməlidir. Yəni bu problemi tək televiziyanın, yaxud hansısa bir sahənin üzərinə atmaq da düz olmaz. Bəyəm paytaxtın, elə rayonların görməli yerlərində vətənpərvərlik ruhunu aşılayan plakatlar asmaq mümkün deyil? Əlbəttə, mümkündür, özü də yüksək səviyyədə. Paytaxtda yerləşən bütün lövhələrdə ayrı-ayrı firmaların reklamları asılır. Yəni bu məsələdə də biznes maraqları daha üstün tutulur. Kimlərsə, böyük biznes əldə etmək üçün reklamını yerləşdirir, dövlət qurumları isə reklamdan böyük gəlir götürmək üçün həmin reklamları şəhərin görməli yerlərində asır. Azərbaycan gənci şəhərin gəzməli, görməli yerlərində şux geyimli bir əsgərin portretini niyə görməməlidir? Bəyəm belə bir portretin asılması kimlərəsə utanc gətirə bilər? Əksinə, belə bir portretlə rastlaşan ölkəmizə qonaq gəlmiş hansısa şəxs müharibə şəraitində olduğumuzu anlayar və müharibəyə necə hazır olduğumuzu görər. Lakin reklam lövhələrində sıradan bir qızın çılpaq şəklini görən xarici qonaq tamam başqa şeylər fikirləşir".

"Müharibə məsələsi ilin 365 günü gündəmdə olmalıdır"

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, xüsusilə Təhsil Nazirliyinin xətti ilə məktəbdən başlayaraq işlər görülməlidir ki, vətənpərvərlik hissi yüksəlsin: "Bu istiqamətdə televiziyaların, yazılı kütləvi informasiya vasitələrinin rolu artırılmalıdır. Hər həftə bu istiqamətdə müvafiq verilişlər olmalıdır və bu verilişlərdə vətənpərvərlik hisslərinin aşılanması üçün cəmiyyətdə tanınmış şəxslər, Qarabağ müharibəsi iştirakçıları dəvət olunmalıdır. Azərbaycan müharibə şəraitindədir və nədənsə bunu unudurlar. Yalnız bayramdan-bayrama, yaxud da müəyyən tədbirlərdə ölkənin müharibə şəraitində olması yada düşür. Hərçənd ki, müharibə məsələsi ilin 365 günü gündəmdə olmalıdır. Şəhərdə vətənpərvərlik ruhunu aşılayan bir dənə də olsun normal plakata, posterə rast gəlmək mümkün deyil. Başa düşürəm, bazar iqtisadiyyatıdır və reklam yerləri baha satılır. Amma bununla yanaşı, vətən hamımızındır və həmin reklam yerlərini firmalara verən şəxslər müəyyən qurumlarla da iş aparmalıdır ki, heç olmasa bu istiqamətdə müəyyən işlər görülsün. Təəssüflər olsun ki, şəhərin küçələrində 20 il öncə baş vermiş ağır günlərlə bağlı bir dənə də olsun, plakata rast gəlinmir". Hərbi ekspert hesab edir ki, televiziyalardakı şou tipli verilişlərin tən yarısı vətənpərvərliyə həsr olunmalıdır: "Deyirik ki, unutqan xalqıq, Azərbaycanda yetərincə işlər görülmür. Bunu televiziya ilə yanaşı, mətbuat görməlidir. Xüsusilə, güc strukturları bu yöndə işlərini gücləndirməlidir". Ü.Cəfərov deyir ki, müharibə ilə bağlı təbliğat aparılması dünyada qəbulolunmazdır: "Amma nəzərə alaq ki, ermənilər 20 il öncə Qarabağı işğal ediblər və hazırda da işğalçılıq siyasətini davam etdirirlər. Bununla yanaşı ermənilər yeni-yeni torpaqları işğal etmək iddiasındadırlar. Bunu biz görürük və hiss edirik ki, müharibə qaçılmaz ola bilər. Azərbaycan bəyəm öz torpaqlarını işğaldan azad etməli və onun müdafiəsində durmamalıdır ki? Xalqımız dərk etməlidir ki, müharibə hər an başlaya bilər. Ona görə də həmin hər ana hazır olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ordusu bir neçə gün içərisində torpaqlarını hərbi əməliyyatlar yolu ilə azad edə bilər. Bunu xalq da bilir, dərk edir. Və inanıram ki, insanlarımız Ali Baş Komandanın əmrini gözləyir".


Anar Bayramoğlu

Geri dön