Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlamentdə inzibati ərazi bölgüsü Qanunu layihəsi səsverməyə çıxarılaraq qəbul edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Parlamentdə inzibati ərazi bölgüsü Qanunu layihəsi səsverməyə çıxarılaraq qəbul edilib

Parlamentdə inzibati ərazi bölgüsü Qanunu layihəsi səsverməyə çıxarılaraq qəbul edilib


Milli Məclisin 12 iyun iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə sahə inzibati ərazi dairələrinin yaradılmasını nəzərdə tutur.

Layihədə deyilir ki, rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində dövlət hakimiyyəti orqanlarının əhaliyə yaxınlaşması və idarəetmənin səmərəliliyinin artırılması məqsədilə sahə inzibati ərazi dairələri yaradılır. Sahə inzibati ərazi dairələri əhalisi 20 min nəfərə qədər olan ərazilərdə yaradılacaq.

Müzakirələrdə çıxış edən deputat Fərəc Quliyev bildirib ki, bu dəyişiklik hakimiyyətin yerli icra strukturlarını genişləndirməsi, bürokratik aparatın şişirdilməsiilməsi və icra hakimiyyətinin nüfuz dairəsinin genişləndirilməsinə xidmət edir. "Yerli özünüidarə orqanlarının - bələdiyyələrin mövcud olduğu şəraitdə icra strukturlarının əhatə dairəsinin genişləndirilməsi heç bir halda səmərəli idarəetmə modeli sayilmaz.İdarəetmədə struktur daha kiçik və çevik olmalıdır.Paralelliyə yol verilməməlidir. Vətəndaşların hüquqlarını ən çox pozan elə yerli icra hakimiyyətləridir. Bu səbəbdən də icra hakimiyyətlərinin yeni strukturlarının yaradılmasını təqdir etmək mümkün deyil. Məntiqli olardı ki,Yerli özünü idarəetmə institutu gücləndirilsin, yerli icra strukturlarının səlahiyyətləri bu qurumlara verilsin, Bakı da daxil olmaqla, iri şəhərlərdə mer seçkisi keçirilsin. Hakimiyyət bu addımları atmaq əvəzinə yerli icra hakimiyyətinin nüfuz dairəsini genişləndirir."

Deputat Zahid Oruc də Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun rayon adlarından imtina edilməsi təklifini xatırladıb: “Ərazi vahidləri milliləşdirilməlidir. Gəlin məhəllə, yaxud başqa bir ad olsun. Sahə adı uğurlu seçilməyib. Bu məsələyə yenidən baxılmalıdır. Amma sistem kimi normaldır, ad dəyişməlidir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova sahə vahidinin bələdiyyəyə qarşı bir orqan kimi yaradılması barədə təsəvvürlərin yanlış olduğunu vurğulayıb: “İcra hakimiyyəti institutunun təkmilləşməsinə ehtiyac var. Azərbaycan prezident üsul-idarəsi ilə idarə olunur və icra qurumları həmişə mövcud olacaq. Bunu bələdiyyə qurumları ilə qarışdırmaq olmaz. Bu qurumların sahə yox, məhəllə, yaxud başqa adla adlandırılmasına gəlincə, sahə sözü dilimizə çoxdan daxil olub. Yoxsa Türkiyədən, başqa yerdən ad axtarmaq yersizdir. Öz dilimizə müraciət edək, mən bunun tərəfdarıyam. Mən türk sözlərinə qarşı deyiləm, yerində işlənəndə o da düzgündür. Yerli icra qurumlarını gözdən salan təklifləri də qəbul etmirəm. Yerli icra qurumları ilə bağlı büdcədə kifayət qədər vəsait var”.

Deputat Fazil Mustafa deyib ki, sahə inzibati ərazi dairələrinin yaradılması konstitusiyaya ziddir: “Bu sahə inzibati ərazi dairələrinin hansı büdcəyə başa gələcəyinin göstərilməməsi də düzgün deyil. Naxçıvan Muxtar Respublikasında bu səlahiyyət Ali Məclisə verilir. Ancaq məntiqlə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə verilməlidir. Mən də qanunun mahiyyətinin yerlərdə beş-altı iş yeri yaradılması olduğunu düşünürəm. Bu, bələdiyyələri daha da sıradan çıxaracaq. Yaxşı olardı ki, bələdiyyələrin səlahiyyətini artırmaq məsələsini müzakirə edəydik”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fazil Mustafaya etiraz edib: “Bu yaxınlarda siz mənə doktorluqla bağlı iş təqdim etdiniz. Təklif olunurdu ki, icra qurumlarının xalqa daha da yaxınlaşdırılması üçün əlavə həlqələr yaradılmalıdır. Mən bu təklifə normal yanaşdım. Sahə inzibati ərazi dairələrini yaratmaqda da məqsəd budur. Bələdiyyələrə gəlincə, gələcəkdə onların da hüquqlarının artırılmasından söhbət gedəcək. Ancaq hazırda yerli icra strukturları ilə bağlı müəyyən boşluq var. Az əvvəl prezidentin sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini tənzimləyən əsasnamə təsdiqlənib, indi qanun buna uyğunlaşdırılır”.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Geri dön