Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan-Təbriz > Güney Azərbaycanın Qəzvin əyalətinin siyasi-coğrafi mövqeyi
Güney Azərbaycanın Qəzvin əyalətinin siyasi-coğrafi mövqeyi |
Güney Azərbaycandakı yurdlarımız haqda yazıları davam etdiririk. Bu yazımızda Qəzvin əyaləti barədə söz açacağıq. Qəzvin əyalətinin siyasi-coğrafi mövqeyi Qəzvin əyaləti demək olar ki, ölkənin (indiki İran nəzərdə tutulur) mərkəzi hissəsində yerləşir. Coğrafi mövqeyinə görə, əyalət körpü rolunu oynayır. Ölkə paytaxtını şimal və qərb əyalətləri, Avropa və Qafqaz ölkələri ilə birləşdirir. Coğrafi baxımdan Qəzvin əyaləti 2 dağlıq və düzənlik hissəyə bölünür. Buranın iqlimi şimalda soyuq, cənubda mülayimdir. Ümumiyyətlə, qışı soyuq və qarlı keçən əyalətin yayı nisbətən mülayim və isti olur. Qəzvin əyaləti şimaldan Mazandaran və Gilan, qərbdən Zəncan və Həmədan, cənubdan Mərkəz (Ərak), şərqdən isə Tehran əyalətləri ilə qonşudur. Qəzvin Alborz dağ silsiləsinin cənub ətəklərində yerləşir. Əyalətin ən hündür dağları bunlardır: Sialan (4175 m), Kicəgin, Ağdağ (farslaşdırılaraq “Sefidkuh» adlanır) və Qaradağ (adı dəyişdirilərək “Siyahkuh” qoyulub). Dəniz səviyyəsindən 1304 metr yüksəklikdə yerləşən əyalətin 5 mahal, 19 bölgə, 46 kənd rayonu, 24 şəhər və 1593 kəndi var. İnzibati bölgüsü Əyalət aşağıdakı mahal, bölgə və şəhərlərdən təşkil olunub: Mahalları: Qəzvin, Takistan, Buin Zahra, Abyek, Alborz. Bölgələr: Məhəmmədiyə, Şal, Aşağı Tarım, Avuc, İstisu («Abgərm» kimi farslaşdırılıb), Asfaroban, Ramand, Alamut, Rudbar, Kuhin, Ziyaabad, Xurrəmdəşt, Daştabı, Başarbat, Qəzvin Mərkəzi, Takistan Mərkəzi, Buin Zahra Mərkəzi mahalı, Abyek Mərkəzi mahalı, Alvand Mərkəzi mahalı. Şəhərlər: Abgərm (əski adı «İstisu»), Abyek, Avuc, Ardağ, Asfarvarin, İqbakiyyə, Əlvənd, Buin Zahra, Bidistan, Takistan, Xakalı, Xurrəmdəşt, Dansfahan Razmian, Saqqızabad, Sırdan, Şal, Ziyabad, Qəzvin, Kuhin, Məhəmmədiyə, Mahmud Abad, Müəllim Kalaya, Narca. Əyalətin mühüm kəndlərindən bir neçəsinin adını diqqətinizə çatdırırıq: Xəncərbulaq, Quşçu, Muradbəyli, Nüsrətabad Qardaş, Qazırxan, Köşk, Şınqır, Əbdülabad, Xarqan, Əfşar Məhəmməd. Onu da xatırladaq ki, məlumatdan da göründüyü kimi, əyalətin yerlər adlarının çoxu farslaşdırılıb. Bununla belə yerli əhali onları qədim adı ilə adlandırmaqdadır. Ərazisi, əhalisi, əyalət olmasının tarixi 15820 kv kilometr ərazisi olan əyalətin, 2006-cı ilin rəsmi siyahıyaalmasına görə, 1 milyon 143200 nəfər əhalisi var. Onların 583870 nəfəri kişi, 539330 nəfəri isə qadındır. Qeyd edək ki, 1937-ci ilə kimi inzibati ərazi bölgüsünə görə ölkə 10 əyalətdən ibarət idi. Bu bölgüdə Güney Azərbaycan birinci əyalət sayılırdı. İndi fərqli şəkildə adlanan bir çox əyalətlər kimi, Qəzvin əyaləti də Azərbaycanın tərkibində idi. Ancaq 1947-ci ildə Qəzvin Azərbaycan əyalətindən ayrılaraq, o vaxtkı Mərkəz əyalətinə birləşdirildi. Onda Tehran mərkəz əyaləti sayılırdı. Sonrakı illərdə yeni inzibati ərazi bölgüsü aparılıb. Yeni-yeni əyalətlər yaradılıb və bu proses davam etməkdədir. Mərkəz əyalətinin mərkəz şəhəri Ərak olduqdan sonra Qəzvin yeni yaradılmış Zəncan əyalətinin tərkibinə qatılıb. 1994-cü ildə isə Qəzvin yenidən Zəncan əyalətindən ayrılaraq, ayrıca əyalətə çevrilib. Bu dəyişikliyə etiraz olaraq, Zəncan, Qəzvin və Güney Azərbaycanın bir sıra başqa şəhərlərində geniş etiraz aksiyaları keçirilmişdi. Qəzvinin farslaşdırılması Qəzvin əyaləti Güney Azərbaycanın cənub və cənub-şərqində olan başqa bölgələr kimi daha çox farslaşdırma siyasətinə məruz qalıb. Ötən əsrin əvvəllərində əyalətdə türklər əhalinin çoxluğunu təşkil edirdi. Pəhləvi sülaləsinin hakimiyyətə gəlişindən sonra ilk və daha çox farslaşdırma siyasətinə qurban olan Azərbaycan əyalətlərindən biri də Qəzvin olub. Bununla belə, ötən əsrin ortalarına kimi hazırkı Qəzvin əyalətində türklərin çoxluq təşkil etdiyi də məlumdur. Pəhləvilərin hakimiyyəti illərində, özəlliklə 1947-ci ildə ölkədə yeni inzibati-ərazi bölgüsü yaradıldıqdan sonra Qəzvin bölgəsinin etnik tərkibinin dəyişdirilməsi siyasəti sürətləndirilib. Çeşidli yerlərdən bura qeyri-türklərin köçürülməsinin gücləndirilməsi ilə yanaşı, bölgədə türk dili və mədəniyyətinə qarşı tətbiq edilən qadağalar başqa bölgələrə nisbətən daha geniş olub. Təəssüflə bu siyasət öz “bəhrəsini” verib. Hazırda Qəzvin əyaləti milli və dini tərkibinə görə qarışıq yerlərdən hesab edilir. Burada Azərbaycan türkləri və fars dillilər çoxluq təşkil edir. Onlarla yanaşı burada kürdlər, tatlar, lorlar, az sayda erməni də yaşamaqdadır. Əyalət mərkəzi Qəzvin şəhərində türklərlə farslar yaşasalar da, yürüdülən hakim siyasət nəticəsində fars dilindən daha çox istifadə olunması burada fars dillilərin çoxluq təşkil etdiyini göstərir. Ancaq şəhərətrafı bölgələrdə və kəndlərdə türklər çoxluq təşkil edir və Azərbaycan türkcəsi daha çox yayılıb. Bundan başqa Abyek və Boin Zahra mahallarında Azərbaycan türkləri daha sıx şəkildə yaşayır və burada da Azərbaycan türkcəsi başlıca ünsiyyət vasitəsidir. Qəzvinin tarixindən Hazırda 400 min nəfərdən çox əhalisi olan əyalət mərkəzi Qəzvin şəhərinin salınma tarixi və adı ilə bağlı çeşidli fikir, mülahizə və ehtimallar irəli sürülür. Bir çox hallarda bu haqda irəli sürülən və qeyd olunan fikirlər bir-biri ilə ziddiyyət təşkil edir. Qəzvin şəhəri bir sıra Avropa qaynaqlarında “Arsas”, qədim yunan qaynaqlarında “Rasiya” və arşaklar dövründə sülalənin qurucusunun şərəfinə “Ardpa” adlandırıldığı qeyd olunur. Bir çox tarixi qaynaqlarda Qəzvinin adı “Qasvin”, “Kaspin” kimi də göstərilir. Eyni halda tarixçilər Xəzər dənizi civarında yaşayan “Kaspi” xalqının buraya köçü və məskunlaşmasına görə, buranın onların adı ilə “Kaspin”, “Qasvin” adlandırılması fikrini irəli sürürlər. Bu fikir tərəfsiz tarixçi və tədqiqatçılar tərəfindən daha çox qəbul edilir. Həmçinin bir sıra tarixi qaynaqlarda şəhərin Alpərtunqanın qızı Qaz tərəfindən inşa edildiyi və şəhərin adının ondan götürüldüyü göstərilir. Burada arxeoloji qazıntılar zamanı aşkar edilən tarixi tapıntılar, yaşayış məskənləri, məbədlər, bəzək əşyaları, fiqurlar, taxıl anbarları və s. həmçinin mövcud kürqanlar, özəlliklə Saqqızabad, Qaratəpə, Zağatəpəsi kimi kurqanlar 9 min il öncədən Qəzvin yerləşən ərazidə insanların sıx yaşadığının göstəricisi sayılır. 645-ci ildə ərəb ordusunun bölgəni işğalından sonra geriləyən, tənəzzül edən Qəzvin şəhəri yenidən canlanır. Burada baş verən dəyişikliklər, şəhərin abadlaşdırılması və inkişafına görə, ərəb qaynaqlarında Qəzvini “Babül-Cənnə” («Cənnət qapısı») kimi də adlandırırlar. Həmin dövrdə Qəzvin ərəb xilafətinin hərbi bazalarından biri kimi də xilafət üçün ciddi əhəmiyyətə malik olub. IX əsrdə Qəzvin şəhərinin ətrafında tikilmiş yeni qala ərəbcə “Mübarək Mədinə”(«Uğurlu şəhər») adı alıb. Xəlifə Harun ər-Rəşidin əmri ilə “Mübarək Mədinə” qalası yenidən qurulub və onun ətrafında yeni qala divarları tikilib. Harun ər-Rəşidin ölümündən sonra şəhərin yenidən qurulması və genişlənməsini türk hökmdarları tamamlayıblar. XII əsrinin sonunda moğolların hücumu zamanı Qəzvin və “İsmayıl” (Ələmut) qalası müqavimət göstərib. “İsmaili”lər hərəkatı və onların mərkəzi hökumətlə apardıqları uzun müddətli mübarizə də Qəzvinin tarixinə böyük təsir göstərib. Şah Təhmasib Səfəvi dövründə Qəzvin ölkənin paytaxtı olub. Ölkədə ilk modern prospekt burada salınıb və dünyanın ən böyük bir günbəzli su anbarı Qəzvində tikilib. Sənayesi və mədənlər Qəzvin əyaləti ölkənin mühüm sənaye mərkəzlərindən biridir. Ölkə paytaxtı Tehranın 120 kilometr çevrəsində ağır sənaye müəssisələrinin inşası qadağan edildiyi üçün bir çox müəssisələr Qəzvin əyalətində salınıb. Başqa bir tərəfdən isə əyalətdə mövcud olan çeşidli mədənlər, eləcə də mühüm əlaqə yollarının üzərində yerləşməsi Qəzvinin önəmini ikiqat artırıb. Şəhərdən 11 kilometr cənub-şərqdə 900 hektar ərazidə salınan “Alborz sənaye şəhəri”ndə 347 irili-xırdalı zavod, 70 sənaye və istehsalat fabrikləri yerləşir. Qəzvin sənaye, ticarət, habelə yaşayış komplekslərindən ibarətdir. Burada mövcud olan sənaye yeddi qrupa bölünür: metallurgiya, kimya, toxuculuq, sellüloz, elektrik, qeyri-mədən filiz minerallar və qida sənayesi. Əyalətdə mövcud olan mədənlərdən 30 növ material əldə edilir. Bunların arasında daha çox sənaye torpağı, moloz daşları, bəzək daşları, traverten, silisium, qum və tikintidə istifadə olunan müxtəlif materiallar da var. Bu mədənlərdən ildə ortalama 2 milyon 400 min ton material əldə edilir. Məşğulluq Bu sahədə də Qəzvin ölkənin önəmli mərkəzlərindən biri sayılır. Əyalətdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar və yaradılan müxtəlif əlaqədar qurumlar bu sahənin inkişafına böyük təsir göstərib. Burada kənd təsərrüfatı texnologiyalarının yayılması, yeni əkinçilik və heyvandarlıq üsullarının tətbiqi və s. amillər bu sahənin əyalət iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynamasına səbəb olub. Əyalətdən əkilin və becərilən əsas məhsullar bunlardır: buğda, arpa və başqa dənli bitkilər, şəkər çuğunduru, pambıq, üzüm, püstə, qoz, çeşidli meyvələr və bostan-tərəvəz bitkiləri. Əyalətin Takistan mahalında yetişdirilən üzüm həm keyfiyyət, həm də kəmiyyət baxımından ölkədə məşhurdur. Burada əldə edilən məhsuldan eyni halda “Meykədeye-Qəzvin” adlı zavodda müxtəlif konservlərlə yanaşı, dövlət inhisarında şərab və başqa spirtli içkilər də istehsal edilir. Qəzvin əyalətində heyvandarlıq ənənəvi və çağdaş üsulla həyata keçirilir. Burada kəndlilər və köçərilər ənənəvi şəkildə bu işlə məşğul olur. Bundan başqa çeşidli çağdaş tipli fermalarda həyata keçirilən heyvandarlıq əyalət əhalisinin iqtisadi gəlirinin əhəmiyyətli hissəsini təşkil edir. Əyalətdə quşçuluq da geniş yayılıb. Qəzvin əyalətindəki əl işləri Güney Azərbaycanın bir çox şəhərlərində yayılmış əl işləri ilə eynidir. Ənənəvi olaraq burada xalçaçılıq üstünlük təşkil edir. Bu sahə kəndlilərlə yanaşı, köçərilər arasında da bir çox ailələrin gəlir mənbəyi sayılır. Burada kilim, cecim, palaz, vərni, givə, corab, papaq və başqa bu növ toxuma işləri geniş yayılıb. Bundan başqa, mahalda ağac oyma işləri, gön-dəri işləri, daş oymaçılığı, misgərlik, ənənəvi üsulla musiqi alətlərinin düzəldilməsi, bitkilərlə təbii boyaçılıq, heykəltəraşlıq, keramika işləri və s. mövcuddur. Tarixi, görməli, gəzməli yerləri Qəzvində bir çox kurqanlar, tarixi abidələr və gəzməli-görməli yerlər mövcuddur. Bunlardan bir neçəsini örnək olaraq göstəririk: Qəzvin şəhərinin mərkəzində 6 hektar ərazidə yerləşən Səfəvilər dövlətxanası kompleksi. Burada Səfəvilər, Avşarlar və Qacarlar dövrünə aid tarixi binalar və dövlət imarətləri; Geri dön |