Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Parlament sədrindən deputatlara etiraz: ''Yoldaşlarınız papiros çəkmək bəhanəsilə dişarı çıxıb gedirlər...''
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Parlament sədrindən deputatlara etiraz: ''Yoldaşlarınız papiros çəkmək bəhanəsilə dişarı çıxıb gedirlər...''

Parlament sədrindən deputatlara etiraz: ''Yoldaşlarınız papiros çəkmək bəhanəsilə dişarı çıxıb gedirlər...''


Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.Əvvəlini bu linkdən oxuyun
On beşinci iclasın davamı

18 fevral 1919-cu il

Sədr - Heybətqulu Məmmədbəyov.

Məmmədbəyov (“İttihad”) - Məmməd Əmin cənabları buyurdular ki, Seymdə olan müsəlman üzvlərinə keçmiş Zaqafqaziya Milli Komitəsi ixtiyarat vermişdir. Necə ola bilir? Seym Tiflisdə, Zaqafqaziya Milli Komitəsi Bakıda. Zaqafqaziya Milli Komitəsi də bu ixtiyaratı hansı vəkalətnamə ilə Seym fraksiyasına verdi? Burada deyirlər şərikli mal var, bir şərik yoxdur. Yəni Milli Komitə yoxdur. Milli Komitələr olmayan surətdə bunların adından nə cür 8 nümayəndə seçilir? “Müsavat” deyir ki, Milli Komitənin varisi bizik. Əcəba, hansı mirovoy və okrujnoy sudlar sizi vərəsə təyin etdi? (Gülüş). Həqiqət hal böylədir: “Müsavat” Milli Komitə ilə bir yerdə 10-cu nömrə siyahını tərtib vermişdir, bu işin bir istoriyası var. “Müsavat” Qafqaziyada olan Milli Komitələrlə o vaxt siyahı tərtib etdiyindən şimdi o haqq yalnız “Müsavat”ın olmayıb, ümum Zaqafqaziya Milli Komitələrinə aiddir. O vaxt Soltan Məcid etiraz etdi ki, sizin ixtiyarınız yoxdur ki, Milli Komitə əvəzinə adam seçəsiniz. Onları mahallar seçə bilərlər. Qabaqkı seçkidə “Müsavat” 20 yer götürüb, sair təşkilatlara 10 yer vermişdir. Şimdi də haman 10 yeri “Müsavat” öz nümayəndələrini seçir. Halbuki lazımdır cəmi mahallara, uyezdlərə teleqraf vurulsun, o yerlər mahallar nümayəndələrinə verilsin. Fəqət, görürüz ki, haman 10 yerə “Müsavat” öz nümayəndələrinə məxsus edir. Burada buyurdular ki, guya bu barədə iki iclas olmuşdur. Biz bilmiriz ki, bu iclası kim çağırıb və hansı qəzetlərdə elan edilmişdir. Burası bizə məlum deyildir. Biz təklif edirik ki, bu məsələ etibarnamə komissiyasına verilsin, yaxud fraksiyalara göndərilsin. Bu ixtiyaratı yalnız “Müsavat”a vermək olmaz.

Sədr - Söz Yusif Əhmədovundur.

Əhmədov (bitərəf) - Qabaqdakı məsələlər barəsində danışmıram, lakin bunu demək istəyirəm ki, parlament bir qanun düzəltmişdir, onunla da idarə olunur. Onu gərək saxlayaq. Yadımdadır ki, parlament bir qanun qəbul edibdir ki, hankı fraksiyadan adam çıxsa, çıxan üzvlərin yerinə o fraksiya təzə nümayəndə intixab etsin. Əgər şəxslərdən bəhs edilirsə parlamentin ixtiyarı yoxdur şəxsi tənqid eyləsin, əsas böylədir ki, hər fraksiya öz nümayəndəsini təklif etməlidir. Bu işin qanuna müvafiq olduğunu isbat üçün bildirirəm ki, bitərəflərin məmurluq dolayısı ilə xaric olan məbusların əvəzinə də bitərəflər fraksiyası tərəfindən bu siyahıya 3 namizəd daxil edilmişdir. Parlamentdə qəbul edilmiş məsələlərdən təkrar-təkrar bəhs etmək olmaz. Ona görə təklif edirəm bu siyahı qəbul olusun.

Sədr - Söz Əhməd Cövdətindir.

Əhməd Cövdət - Doğrudan da qəbul etdiyimiz qanun aşikardır.

Parlamentdən çıxmış üzvlər mənsub olduqları fraksiya üzvləri ilə əvəz olunurlar. Lakin 10-cu nömrə siyahı haqqında bir az danışmaq lazım gəlir. Məlum olduğu üzrə 10 N-li siyahı “Müsavat” və Milli Komitə tərəfindən tərtib edilmişdir. Mən burada firqəmiz tərəfindən deyil, şəxsən öz rəyimi izhar edirəm. Məmməd Əmin əfəndi deyir ki, Mərkəzi Zaqafqasiya Milli Komitəsi öz hüququnu Seymin 44 nəfərlik müsəlman fraksiyasına vermişdir. Buna görədir ki, 10-cu nömrə siyahı “Müsavat” və Mərkəzi Milli Komitə tərəfindən, yəni Seymin, sabiq 44 əzası tərəfindən təkmil edilməlidir. Binaən-ileyh, mən təklif edərdim “Müsavat” öz hissəsinə düşən yerlərə öz namizədlərini versin, qalan yerlərə isə Seymin sabiq, yəni Zaqafqaziya Milli Komitəsi namizəd versin.

Sədr - Soltan Məcid Qənizadə.

Qənizadə - Bu 8 nəfər ki, adı oxundu, bunlara etiraz ola bilməz. Doğrudan da layiqli adamlardır. Yoldaşlardan biri danışarkən adımı çəkdiyinə görə bir neçə kəlmə söyləməliyəm. Məclisi-Müəssisan seçkilərinə siyahı tərtib verilərkən, müsəlmanların ancaq bu siyahıları vardı. Sonradan o siyahıya kim yazılsın məsələsi üstündə müsəlman təşkilatları arasında ixtilaf düşdü, o vaxt müsəlmanlıq, ya “İttihad” firqəsi yox idi. Sonradan araya çıxıb, ayrıca siyahı çıxarmağı lazım gördü. Aşkar şeydir ki, “Müsavat” firqəsi ilə Mərkəzi Milli Komitənin bir yerdə verdiyi siyahı tam müsəlmanlar tərəfindən olduğundan millət onun tərəfdarı olacaqdır. Böylə də oldu. Sonra Məclisi-Müəssisana seçilmiş əza 3 qat artırılıb 42 nəfər olmaq üzrə Seymə getdilər və orada bir fraksiya təşkil etdilər. Bu fraksiya Bakıda olan Mərkəzi Müsəlman Milli Komitəsinin vəzifəsini ifa edirdi. İndi deyirlər Mərkəzi Milli Komitə yoxdur. Hazırda ancaq “Müsavat” firqəsi var. Lakin mən deyirəm xeyr, haman 42 nəfər ki, əvvəl binası 14 nəfər idi. Milli Komitə o özüdür, hansı ki, indi o özü 120 nəfərə çevrilib parlament adı almışdır. Yəni bu 10-cu nömrənin ixtiyarına bütün parlament şərikdir və 10-cu nömrədən çıxan əzanın əvəzinə “Müsavat” deyil, parlament özü namizəd verməlidir. Çünki parlament haman 14 nəfərdir ki, sifətini dəyişib parlament şəkli almışdır.

Sədr - Daha söz istəyən yoxdur ki? Məmməd Əmin Rəsulzadə.

Rəsulzadə - Möhtərəm, Soltan Məcid əfəndi! Söylədilər ki, aşikardır 10-cu nömrə siyahı Mərkəzi Komitə tərəfindən tərtib edildiyindən hamı müsəlmanlar ona səs verəcəkdilər. Amma məsələ o qədər aşikar deyildir. Əgər məsələ Soltan Məcid əfəndinin buyurduğu kimi aşkar olsaydı, meydana 11,14 və qeyri nömrəli müsəlman siyahıları çıxmazdı. Camaat 5-6 müsəlman siyahısı üzərində düşündü və səsini, rəyini müdafiə etmək istədiyi yerə verdi. Bu məsələnin bir cəhəti. Bir də təklif olunur ki, “Müsavat” öz hissəsinə düşən namizədini versin, yerdə qalan namizədləri 42 nəfərə versin. Biz buna etiraz etməzdik, çünki “Müsavat” haman 42 arasında əksəriyyət təşkil etdiyindən mexaniki hərəkət etsəydi, istədiyi qədər adam keçirə bilərdi. Fəqət, biz mexaniki səsə qoymaqla əksəriyyətimizdən istifadə etmək istəmədik. Lakin Milli Komitələr içində bir vəziyyət var ki, onu nəzərə almalıdır. Çünki siyahı məsələsində bunu belə düşünmək olmaz. Hərçənd milli komitənin səlahiyyəti 42 nəfər verilmişdi, fəqət, böylə düşünmək şəklən düz olsa da, mənən düz olmaz. Əgər bu səlahiyyəti parlament qəbul etsə, yenə “Müsavat” bir şey qeyb etməz. Lakin bir tənasüb əsas verir ki, biz onu pozmuş olarız. Seymdə də olduğu kimi çıxmış üzvlər yerinə mənsub olduğu firqə, namizəd göstərməlidir və 10 N-li siyahı daxilində qalmış üzvlər, çıxanların yerinə yeni namizəd istədilər. Buna şəklən irad olsa da mənən ola bilməz. Çünki müəyyən bir qism əhali 10 N-li siyahıda olan müəyyən adamlara səs vermiş, demək o adamlara etibar etmişdir. Seçiləcək namizədlər də camaatın qismi-müəzzəminin rəğbətini qazanmış olan adamların fikrinə uyğun və onları təmsil edəcək adamlar olmaq üçün, haman siyahının üzvləri tərəfindən intixab olunmalıdırlar. Şimdi o adamların yarısı yoxsa, onu təmsil edəcək və yerlərinə nümayəndə verəcək bir mərkəz varsa o da haman 10-cu nömrəyə səs verən əhalinin etibarını qazanmış 10 N-li siyahıda olan başqa nümayəndələrdir. Siz bu haqqı onların əlindən almaqla əhalinin hüququna təcavüz etmiş olursunuz. Biz də buna mötərizik.

Sədr - Söz Qənizadənindir.

Qənizadə - Mən yenə deyirəm ki, o 8 nəfər parlament əzalığına gələcək və biz də onlara etibar edəcəyiz. Ancaq biz burada əsasdan danışırdıq, düzdür 10-cu nömrə “Müsavat”dan və Milli Komitədən ibarətdir. Bu da doğrudur ki, “Müsavat” var, amma Milli Komitə dönüb parlament olmuşdur. Deməli, o Milli Komitə var, mövcuddur. O vaxt 44 nəfər idi. (Səslər: 42 idi.) Şimdi həqiqət olmuşdur. İndi o 80 nəfərin ixtiyaratını “Müsavat”a vermək olmaz.

Sədr - Təklif var ki, müzakirat qət olunsun. Əhməd bəy təklifinizmi var?

Əhməd Cövdət - Təklif edərdik, o 8 adamın siyahısı verilsin 42 nəfərin səvabəddidinə.

Sədr - 10-cu nömrə siyahının barəsində böylə bir təklif var: parlamentdən xaric olan üzvlərin yerinə bu adamlar namizəd göstərilirlər: Mustafa Vəkilov, Ağa Eminov, Yusifəli Əliyev, Məmmədbağır Şeyxzamanov, Məmmədəli Rəsulzadə, Behbud ağa Cavanşir, Bəhram bəy Axundov və Əbdüləli bəy Əmircanov. Mən bu siyahını səsə qoyuram. Hər kim bu siyahıya razı isə əlini qaldırsın (19), kim əleyhinə isə əlini qaldırsın (15), kim səs verməmişsə əlini qaldırsın (2). Deməli, məsələ qəbul olunur.

Mahmudbəyov - Kvorum yoxdur.

Səslər - Var, var.

Sədr - Mən təsdiq edirəm ki, var və keçirəm növbədəki məsələyə. Oxuyun.

Katib - Göyçay nümayəndəsi Hacı Hüseyn Əfəndizadənin 5 günlük, Qarabağ vəkili Qara bəy Əliverdiyevin bir aylıq, Zaqatala nümayəndəsi Bayram Niyazi Kiçikxanovun 10 günlük məzuniyyəti qəbul olunur.

Sədr - Keçirəm növbədəki məsələyə. Söz Abuzər bəy Rzayevindir.

Abuzər bəy Rzayev - Dağıstan hökuməti bizdən 10 milyon manat faizsiz borc istəyir. Hökumət bu borcun verilməsinə razıdır. Əgər parlament təsdiq edərsə verəriz. Pul təcili surətdə istənildiyindən parlament baxıb təsdiq edənədək hökumət sinyorin konvenin rizası ilə 3 milyon manat buraxmışdır. Parlament təsdiq etdikdən sonra qalanını da verəcəkdir. Dağıstan hökuməti bu borcu 2 ilə qaytarmalıdır. Bundan əlavə Dağıstan hökuməti, bizim hökumətimiz tərəfindən Şimali Qafqaziyada alınmış olan 90 vaqon buğda və sair ərzaq şeylərini xərcsiz buraxmağı vəd etmişdir. Əgər parlament qəbul edərsə, maliyyə nazirinə tapşırılsın bu xüsusda Dağıstan hökuməti ilə müqavilənamə bağlansın. Büdcə-maliyyə komissiyası tərəfindən borcun verilməsinə məmaniət yoxdur və təklif olunur ki, parlament təsdiq etsin.

Sədr - Bu barədə kim danışmaq istəyir?

Səslər - Heç kəs, səsə qoyunuz.

Sədr - Danışan yoxdur. Səsə qoyuram. Hər kəs Cəbaliyun hökuməti cümhuriyyətinə 10 milyon manat borc verilməsinə razı isə əlini qaldırsın. Deməli əksəriyyətlə qəbul olunur. Növbədəki məsələ spirtolara aksiz qoymaq haqqındakı qanun layihəsidir.

Səslər - Qalsın sonraya.

Sədr - Təklif var ki, bu məsələ sonraya qalsın. Məsələ gələn iclasa qalır. Komissiyonlara təklif olunan namizədlər bunlardır: ləvayehi-qanuniyyə komissiyasına Malxazyan (erməni), Mahmudbəyov (“İttihad”), Komin və Qəbulzadə (“Müsavat”), ərzaq və məmləkət məhsulları işlərinin hüsn-idarə üçün parlament komissiyasına: Məmməd Əmin (yerindən) - Komissiyalar haqqında mənim bir əsas mülahizəm var.

Sədr - Buyurun!

Məmməd Əmin Rəsulzadə - İndiyə qədər parlamentdə komisiyalar təşkil edildikdə fraksiya hesabı ilə, yəni hər fraksiyadan birər üzvüdən ibarət olurdu.

Halbuki komissiya parlamentin rəyini təmsil etməlidir. Bu mülahizə ilə parite əsası ilə qurmaq düz deyildir. Zira parlamentdə fraksiya qüvvələri müxtəlifdir, öylə fraksiya var 4 nəfərdən ibarətdir, eləsi var 20-dən ziyadədir. Ona görə də bu əsas ədalətsiz olur. Doğrudur, komissiyon öz başına heç bir məsələyi həll etməyib, parlamentə verir, fəqət, bununla bərabər komissiyonun rəyinin böyük təsiri var. Bu mülahizə ilə fraksiya yaşı (paritet) hesabının əleyhinədir. Doğrudur, parlamentin bu xüsusda bir qanunu yoxdur və nizamnamə bu günlərdə müzakirə ediləcəkdir. Nizamnamə bu məsələni aydınlaşdırır. Lakin o vaxtadək biz təklif edərdik komissiyaların doğru əsas üzərinə qurulması üçün indilik hər komissiyaya firqələr öz üzvlərinin miqdarı nisbətində nümayəndə versinlər. Ona görə biz təklif ediriz Nizamnamə qəbul olunanadək, hələlik hər 10 məbusdan bir nümayəndə hesabı ilə təşkil olunsun. Yarıdan ziyadənin də bir nümayəndəyə ixtiyarı olsun. Bu surətlə 10-24 əzadan ibarət fraksiya iki nümayəndə, 25-dən 30-dək 3 nümayəndə versin. Bu əsas üzərinə 23 əzadan ibarət olan “Müsavat” fraksiyasına komissiyaya iki nümayəndə yeri verilsin.

Ağamalıoğlu (yerində) - Evinizi Allah yıxsın, görəsən bizə də bir şey düşdümü?

Sədr - Təklif barəsində danışan varmı?

Səslər - Kvorum yoxdur.

Sədr - Rica edirəm sakit olasınız. Deyirsiniz kvorum yoxdur. Bir neçə qanun var, onlara baxacaq komissiyon yoxdur. Yoldaşlarınızı buraxmayınız, çıxıb getsinlər. Papiros çəkmək bəhanəsilə dişarı çıxıb gedirlər, işlər də qalır. Heybətqulu əfəndi, danışmaq istəyirsiniz? Buyurun!

Mahmudbəyov - Cənabi sədr buyurdu bir neçə komissiya təşkili lazımdır. Bir para layihə var ki, onlara baxmaq lazım gələr. Sədrin buyurduğuna görə komissiyalar təcili olduğundan mən təklif edərdim, bu komissiyalar bu saat köhnə əsas ilə intixab edilsinlər. Nizamnamə parlamentə gəldikdən sonra təzə əsas ilə intixab edərik.

Sədr - İclasda 35 adam var. Kvorum olmadığından iclası qapamağa məcburam. Rica edirəm, gələn iclasın vaxtını təyin edəsiniz.

Səslər - Divani-Rəyasət təyin etsin.

Sədr - İclası qapanmış elan edirəm. İclas 5-ə 20 dəqiqə qalmış qapanır.

Davamı yanvarın 13-də olacaq...

Geri dön