Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İRAN SƏFİRİ BAKIYA NİYƏ QAYITMIR?
İRAN SƏFİRİ BAKIYA NİYƏ QAYITMIR? |
Mayın 21-də Tehrana yollanan İran səfiri Məhəmmədbağır Bəhrami hələ də Bakıya qayıtmayıb. İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri iyunun 13-də “Media forum” saytına bildirib ki, səfirin nə vaxt dönəcəyi məlum deyil.
Mayın 22-də İranın Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada elçinin Bakını tərk etməsi belə izah olunmuşdu: “Dini müqəddəslər təhqir olunduğuna görə cənab səfir Məhəmmədbağır Bəhrami Tehrana çağırılıb. O, lazımi məsləhətləşmələrin aparılması üçün mayın 21-də Bakıdan Tehrana yola düşüb”. Hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə “Media forum” saytına deyib ki, səfirin geri qaytımaması İranın daxili işidir və texniki məsələdir. Onun fikrincə, əsas məsələ İran səfirliyinin fəaliyyət göstərməsidir: “Azərbaycanın hakimiyyət orqanları ilə İran səfirliyi arasında tam həcmdə əlaqə var. Bizim səfir Tehrandadır və Azərbaycanı təmsil edir. Bu məsələlərdə bir problem yoxdur”. İki ölkə arasında qalmaqal yaradan problemlərə gəlincə, Aydın Mirzəzadə İranla əlaqələrin Azərbaycanın xarici siyasətində mühüm yer tutduğunu vurğulayıb: “Azərbaycan cəmiyyətində İran mövzusu heç vaxt aktuallığını itirmir. Bu, tariximiz, mədəniyyətimiz, dinimizin bir olması ilə bağlıdır. Eyni zamanda əlaqələrimiz kifayət qədər sıxdır. İranla yaranan xırda bir narahatlıq və anlaşılmazlıq böyük müzakirələrə səbəb olur. Çünki Azərbaycan digər dövlətlərlə müqayisədə İrandan daha çox dəstək və kömək gözləyir. Təəssüflər olsun ki, biz İrandan gözlədiyimiz dəstəyi görə bilmirik. İrandan Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial bir mövqe, Ermənistanın işğalçılıq siyasətinə etiraz edən bir mövqe ortaya qoymasını gözləyirik. İran isə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, torpaqlarımızı işğal edən Ermənistana çox yaxındır, Azərbaycanla müqayisədə Ermənistanla daha sıx əməkdaşlıq edir. Torpaqlarımızın işğalda qalmasının ən əsas səbəblərindən biri məhz İranın Ermənistana dəstək verməsidir”. Deputatın fikrincə, inciklik yaradan ikinci məsələ İranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləridir: “Bu dövlətin müəyyən dairələri vaxtaşırı Azərbaycan haqda danışırlar, daxili işlərimizə qarışan bəyanatlar verirlər, bizi mövcud olmayan, etmədiyimiz hərəkətlərdə ittiham edirlər. Bütün bunlar narazılıq doğurur, Azərbaycanın etirazına səbəb olur. Ancaq indi bu məsələlər bir qədər yumşalıb. Bu da gözlənilən idi. İran rəhbərliyi əvvəldən də bilirdi ki, gərginlik yaradan müəyyən məsələlər müvəqqətidir. Hesab edirəm ki, Azərbaycan-İran münasibətləri yalnız dostluğa və qarşılıqlı anlaşmaya, bir-birinə dəstək verməyə yönəlib və biz bunu görəcəyik. İran-Azərbaycan münasibətləri digər dövlətlər üçün nümunə olmalıdır”. Politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Media forum” saytına deyib ki, İran səfiri gec-tez Bakıya qayıdacaq, amma bu qayıdış heç nəyi dəyişməyəcək: “Səfirin geri çağırılması pis əlamətdir və diplomatik jestdir. Bu, iki ölkə arasında münasibətlərin son dərəcə gərgin olmasından xəbər verir. Proseslərin inkişafı qarşılıqlı addımlardan asılıdır. Xoşməramlı addımlar olsa, gərginlik aradan qalxacaq. Yenə də təxribatçı və təhrikedici addımlar olsa, münasibətlər daha da pisləşəcək”. Politoloqun fikrincə, iki ölkə arasında əlaqələr heç bir zaman hamar olmayıb, daim gərginliklər yaşanıb: “Bunun müxtəlif səbəbləri var. Əsas səbəb İranın müstəqil Azərbaycanın mövcudluğunu özünə təhdid hesab etməsidir. Rəsmi Tehran müstəqil Azərbaycana münasibətini bütün parametrlər üzrə bu kontekstdə qurub. 2007-ci ildən başlayaraq Azərbaycan-İsrail münasibətlərinin inkişaf etməsi isə İranı daha da narahat edir. Tehran bunu özü üçün daha böyük təhdid sayır. “Avroviziya 2012” mahnı yarışı bir bəhanə idi. Tehran bundan bizə təzyiq vasitəsi kimi yararlanmağa cəhd göstərdi, müəyyən uğur da əldə etdi”. Ərəstun Oruclu hesab edir ki, Azərbaycan da İranla münasibətlərin gərginləşməsinə maraq göstərir, buna xidmət edən addımlar atır: “Buna misal kimi Azərbaycanın hüquq mühafizə orqanlarının son zamanlar keçirdiyi əməliyyatları göstərmək olar. Bu əməliyyatlarda inanclı insanlar həbs olunub, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, terrora hazırlıqda ittiham ediliblər. Bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər gərginləşməkdə davam edəcək. Amma nə vaxta qədər? Bunu demək çətindir”. Geri dön |