Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Fuad Əliyev: “ABŞ və Avropa Qarabağ konfliktini dini münaqişə kimi qəbul etmir”
Fuad Əliyev: “ABŞ və Avropa Qarabağ konfliktini dini münaqişə kimi qəbul etmir” |
Amerikada fəaliyyət göstərən Con Hopkins Universitetinin elmi əməkdaşı, din üzrə tədqiqatçı Fuad Əliyevlə müsahibə:
- Fuad bəy, bu gün İran Azərbaycana qarşı təzyiqlərini gücləndirib. Xüsusilə də, bu məsələdə din faktorundan istifadə edir. Ümumiyyətlə, İranın bu siyasəti nəticə verəcəkmi? - İran İslam Respublikasının siyasi sistemini və onun dinlə sıx bağlı olduğunu nəzərə alsaq, təbii ki, bu ölkənin xarici siyasətində bəzən simvolik də olsa, İslam dini xüsusi rol oynayır. İranın Ali Rəhbərinin dövlət başçısı olmaqla yanaşı, həmçinin Vəliyi-Fəqih hesab olunması və bu vəzifədə Azərbaycanda yaşayan dindar şiə müsəlmanlarının əksəriyyəti tərəfindən qəbul edilməsi də bu ölkənin Respublikamızın dini həyatında nüfuz sahibi olmasına da dəlalət edir. Biz də tez-tez eşidirik ki, qonşu ölkənin müxtəlif rütbəli dini xadimləri Azərbaycanda baş verən proseslərlə bağlı rəy bildirir, bəzən tənqid, bəzən də təhdid xarakterli bəyanatlar verirlər. Lakin, sevindirici hal budur ki, bu cür bəyanatlar Ali Rəhbər səviyyəsində edilmir. - Bəs radikal dini qruplaşmaların ölkəmizdə güclənməsini real hesab edirsinizmi? - Fikrimcə, Rusiyanın Şimali Qafqaz regionundan ölkəmizə daxil olan və bəzi ərəb ölkələrindəki hökumət və təşkilatlar tərəfindən maliyyələşdirilən radikal dini qruplaşmalar ölkəmiz üçün hazırda daha böyük təhlükələr yaradır və gördüyümüz kimi silahlı qruplaşmalar yaradaraq hüquq-mühafizə orqanları ilə birbaşa toqquşmalarda iştirak edirlər. İran tərəfindən maliyyələşdirilən qruplar bu istiqamətdə gizli fəaliyyət aparmır və demək olar ki, tam dövlətin nəzarətindədir. Lazım olan halda hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görülür. Amma bu heç vaxt hansısa silahlı müqavimət və ya toqquşmalarla müşayiət olunmur. Bu qrupların səfərbər gücləri və sosial bazası daha güclü olsa da, onlar silahlı müqavimət və kütləvi zorakılıq üsullarından istifadə etmir. Gələcəkdə proseslərin necə cərəyan etməsi həm Azərbaycan hökumətinin dini siyasəti, həm İran-Azərbaycan ikitərəfli münasibətləri, həm də dünya ölkələrinin İran və onun nüvə proqramına qarşı edəcəyi tədbirlərdən asılı olacaqdır. - Azərbaycanda dini tolerantlığın inkişafı haqqında nə deyə bilərsiniz? Azərbaycan həmişə bu baxımında ortaq dini dəyərlərin birləşdiyi ölkə kimi xarakterizə olunur... - Azərbaycan müxtəlif dinlərin və İslam məzhəblərinin nümayəndələrinin əsrlər boyu bir yerdə normal yaşadığı bir yerdir. Hazırda da belə bir durum qorunub saxlanılır. Əlbəttə ki, müstəqilliyimizi qazandığımızdan sonra bəzi xarici qüvvələr tərəfindən müvafiq dini cərəyanları ölkəmizə “idxal etdirib” bu sahədə vəziyyəti korlamaq, aranı qızışdırmaq cəhdləri olub və olacaq. Bu siyasi reallıqlardır və biz buna hazır olmalıyıq. Başqa ölkələrin timsalında da görürük ki, ölkədə sabitliyi pozmaq, onu zəifləndirmək üçün dini və etnik faktordan necə də məharətlə istifadə olunur. Bu baxımdan həm dövlət, həm də vətəndaş cəmiyyəti daima sayıq olmalı və bunun qarşısını almalıdır, cəmiyyətdə dialoq, qarşılıqlı hörmət və əməkdaşlığı təbliğ etməlidir. Hansısa qrupların diskriminasiyası və marginallaşdırılması xarici qüvvələrin sui-istifadə və təxribatları üçün münbit şərait yarada bilər. - Son illər ərəb ölkələrində baş verən siyasi dəyişikliklərdən sonra, diniyönümlü partiyaların siyasi hakimiyyəti gəlməsi gözlənilirmi? - Ərəb ölkələrində baş verən siyasi dəyişikliklərin ilk nəticəsi elə diniyönümlü partiyaların siyasi hakimiyyətə gəlməsi oldu. Misir, Tunis, Əlcəzairdə seçkilərdə bu partiyalar daha yaxşı nəticələr göstərərək öz mövqelərini xeyli gücləndirmişlər, Misirin ilk demokratik prezidentinin “Müsəlman Qardaşları” hərəkatının təmsilçisinin olmasının da ehtimalları çox böyükdür. Bu da onu göstərir ki, diniyönümlü partiyaların ictimai bazası çox güclü olmuş və demokratik şərait yaradılan kimi məhz onlar ön mövqelərinə çıxmağa nail olurlar. Hazırda gedən proseslər dinin zəiflənməsi və ictimai qüvvə kimi səhnədən çıxması barəsində irəli sürülən fikirlərin səhv olduğunu göstərmişdir. Hər şey bu qədər də bəsit və sadə deyilmiş. Bu proseslərin davam edilməsi və İslam dinin müsəlmanların yaşadığı məmləkətlərinin siyasi-ictimai həyatlarında gücləndirilməsini gözləmək olar. - Bu gün Dağlıq Qarabağ münaqişəsinə dini baxımından yanaşmaq istəyənlər var. Con Hopkins Universiteti bu məsələyə necə yanaşır? - ABŞ və Avropada tədqiqatçılar və analitiklər arasında bir konsensus var ki, Dağlıq Qarabağ münaqişəsi dini münaqişə deyil. Bu ərazi ilə bağlı münaqişədir. Lakin gördüyümüz kimi din, xüsusi ilə də İslam dini siyasi-ictimai proseslərinə təsir etmək gücünə malikdir və Qarabağ münaqişəsi müharibəyə çevrilərsə hətta güclü ictimai səfərbərlik funksiyasını daşıya bilər. Həm də bir çox müsəlman ölkələri məhz bu münaqişəyə görə Ermənistanla diplomatik əlaqələrini qurmamış, Azərbaycanı beynəlxalq qurumlarda dəstəkləyirlər. Müharibə olarsa yəqin ki İranın da bu sahədə münasibətinin dəyişməsini gözləmək olar, çünki “İslam respublikası” adını daşıyan dövlətin müsəlmanlarla müharibə edən, onların ərazilərini zəbt edən qeyri-müsəlman bir ölkə ilə yaxın münasibətlərin olması məntiqsizdir. Elnur Eltürk Geri dön |