Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Daxili Qoşunların hərbi hospitalının yaranmasının 25-ci ildönümü qeyd olunub
Daxili Qoşunların hərbi hospitalının yaranmasının 25-ci ildönümü qeyd olunub |
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbi hospitalının yaranmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.
DQ-nin mətbuat xidmətindən bildiriblər ki, mərasimdə veteran həkimlər, respublikamızın səhiyyə müəssisələrinin aparıcı həkim, professor heyəti və digər qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsi ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb, dövlət himni ifa olunub. Hərbi hospitalın rəisi, tibb xidməti polkovniki Şəmsəddin Heydərov çıxış edərək ötən illər ərzində tibbi personalın fədakar xidmətindən söz açıb, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb. Daxili Qoşunların Baş İdarəsində Tibb Xidmətinin rəisi, tibb xidməti polkovniki Rasim Qüdrətov daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının hərbi hospitalın yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı təbrik məktubunu çatdırıb. Hərbi hospitalın yarandığı ilk günlərdən tibb işçilərinin ön cəbhədə yüzlərlə yaralı döyüşçümüzü ölümdən xilas etdiyi xatırlanıb. Bu gün Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi durmuş tibbi personalın vəzifələrinin öhdəsindən məharətlə gəldiyi vurğulanaraq, qarşıya qoyulan tapşırıqların bundan sonra da uğurla yerinə yetiriləcəyinə, hərbi bilik və bacarıqların, peşəkarlıq səviyyəsinin artırılacağına, hərbi qulluqçulara yüksək tibbi xidmət göstəriləcəyinə əminlik ifadə edilib. Xüsusi vurğulanıb ki, hərbi hissənin ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalan, Vətən, dövlət və xalq qarşısında öz şərəfli borcunu düzgün dərk edən şəxsi heyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunlara göstərdiyi etimadı doğruldacaq, bundan sonra da ləyaqətli xidmət nümunəsi göstərəcək. Hərbi hospital rəisinin müalicə işləri üzrə müavini - tibb hissəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Şahin Şahmarov çıxışında hospitalın yaranması, keçdiyi döyüş yolu, formalaşması barədə məlumat verib, onun müasir standartlara cavab verən tibb müəssisəsinə çevrildiyi vurğulayıb. Mərasimdə iştirak edən bir sıra qonaqlar da çıxışlarında yubiley münasibətilə şəxsi heyəti təbrik edib, arzu və tövsiyələrini çatdırıblar. Sonra xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiklərinə görə Daxili Qoşunların Komandanının və hərbi hissə komandirinin əmrlərinə əsasən hərbi hospitalın bir qrup hərbi qulluqçusuna “Təşəkkürnamə”, fəxri fərman, qiymətli hədiyyə və digər mükafatlar təqdim olunub. Rəsmi hissə başa çatdıqdan sonra yubiley mərasimi Daxili Qoşunların nümunəvi-göstərici hərbi orkestrinin solistlərinin konsert proqramı ilə davam etdirilib. Geri dön |