Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunəvi qardaşlıq və inkişaf modelidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunəvi qardaşlıq və inkişaf modelidir

Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün nümunəvi qardaşlıq və inkişaf modelidir


XX əsrin sonlarında keçmiş SSRİ ərazisində baş verən ictimai-siyasi proseslər ötən əsrin əvvəlində hərbi güclə qurulmuş sovet imperiyasının hüquqi varlığına son qoydu. Təxminən yetmiş ilə yaxın zaman kəsiyində özünün humanist dəyərlərə sadiq bir quruluş kimi təqdim edən SSRİ-nin əsl siması ifşa edildi. Müttəfiq ölkələr kimi tanınan respublikalar bir-bir öz müstəqilliklərini bəyan etməyə başladılar. Azərbaycan da tarixi zərurətin yaratdığı şansdan bəhrələnərək dövlət müstəqilliyini bərpa etdi. Lakin qurulduğu zaman süni problemlər, milli və dini zəmində münaqişələr yaratmaqla müstəqil respublikalarda gərginlik yaradaraq hərbi işğalla öz sərhədlərini genişləndirən sovet imperiyası Azərbaycan üçün də Dağlıq Qarabağ münaqişəsini yenidən alovlandırdı. Bunun real nəticəsi mövcud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir.

Dövlət müstəqilliyimiz bərpa ediləndən sonra Azərbaycan xalqı ilə qardaşlıq münasibətlərində olan, ölkəmizin təbii zənginliyinə və geostrateji mövqeyinə üstünlük verən dövlətlər bir-birinizin ardınca müstəqilliyimizi tanımağa başladılar. Beləliklə, 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyi Türkiyə Böyük Millət Məclisi tərəfindən də tanındı. Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasını öz suverenliyi qədər sevinclə qarşılayan qardaş Türkiyədə hazırda ölkəmizin sürətli inkişafı və dövlətimizin qüdrətlənməsindən qürur duyulur. Türkiyə KİV-lərində Azərbaycan xalqının dövlətçilik ənənələri, zəngin tarixi və mədəniyyəti, müasir inkişaf istiqamətləri, ölkəmizdə əldə olunan böyük uğurlar, sosial-iqtisadi inkişafın xoş təəssüratları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə davamlı olaraq məqalələr, məlumatlar, o cümlədən televiziya verilişləri yayılmaqdadır.

Ölkəmizdə olduğu kimi qardaş respublikada da Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yeni formasının ortaya çıxması və davamlı inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlılığı hər kəsə məlumdur və insanlar bunu böyük qürurla xatırlayırlar. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla işlədilir. Ən xoş hal budur ki, artıq bu ifadənin təkcə Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən yox, bütün dost və qardaş ölkələr üçün işlədildiyinin şahidi oluruq.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsası Azərbaycana Xalq Cümhuriyyəti ilə Osmanlı dövlət hökumətləri arasında yaranmışdır. Lakin tarixin acı nəticələri, konkret olaraq Mudros müqaviləsi iki qardaş ölkənin münasibətlərinə problemlər yaratdı. Sonrakı mərhələdə isə Azərbaycana Xalq Cümhuriyyətinin süqutu ilə iki qardaş xalq uzun illər bir-birindən ayrı düşmüşdür. Keçmiş sovet dönəmində Azərbaycan-Türkiyə münasibətləri müxtəlif keyfiyyət mərhələlərində dəyişmişdir. Müstəqilliyimizin bərpasından sonra isə belə demək mümkünsə iki qardaş xalq sürətlə bir-birinə qaynayıb qarışmışdır. Bunun nəticəsidir ki, cəmiyyət arasında haqlı olaraq belə bir fikir formalaşıb: Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı xalqlarımızın mənəvi sifarişidir.

Yola saldığımız 2017-ci il Azərbaycan üçün hərtərəfli inkişaf elementləri ilə xarakterizə olunaraq tarixə vəsiqə qazanmışdır. İki ölkə arasında əlaqələrin durmadan yüksəliş dinamikasında qorunması təkcə qardaş tərəflər üçün yox, eyni zamanda böyük bir coğrafiyanın inkişafını təmin etməkdədir. Ən əsası odur ki, Azərbaycan-Türkiyə münasibətlərinin ortaya çıxardığı inkişaf layihələrinin hər biri gerçəkləşdiyi məqamda yeni bir layihənin təməlini yaradır. Hesablamalara görə, Azərbaycanın Türkiyəyə investisiyalarının həcmi bu il təxminən 20 milyard dollara çatacaq. Mövcud iqtisadi layihələr əsasında hazırda 40 min Türkiyə vətəndaşı Azərbaycanın qardaş ölkədəki layihələrində çalışır. Bu da işsizliyin bütün dünya üçün bəlaya çevrildiyi bir zamanda Türkiyə üçün böyük rəqəmdir.

Müasir dövrdə iki qardaş ölkə arasında əlaqələr platformasının zirvəsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası dayanır. Ötən il oktyabrın 31-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirildi. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olundu və 6 mühüm sənəd imzalandı.

Ümumiyyətlə yola saldığımız 2017-ci il Azərbaycan-Türkiyə münasibətlərində həm hesabat xarakteri baxımından, həm də perspektivlər prizmasından yanaşdıqda tarixi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, cari il Azərbaycanın dövləti üçün zıngin tarixi proseslərlə əhatə olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını 100 illiyi, Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olmasının həlli, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının 10 illiyi və s. Azərbaycanda dövlət səviyyəsində əhəmiyyət verilən məsələlərdir.

Məlum olduğu kimi artıq Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam imzalayıb və dövlətimizin başçısı 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Bundan başqa, ötən il noyabrın 14-də Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması münasibətilə qəbul təşkil edilib. Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil olunan qəbulda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib. Azərbaycanı “Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu qeyd edib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirib.

Azərbaycan yuxarıda sadaladığımız məsələlərin hər biri ilə bağlı Türkiyədən böyük dəstək gözləyir və artıq bu məsələlərə dair ölkəmizlə həmrəylik çağırışları eşidilməkdədir. Əvvəlcə, ötən il oktyabrın 30-da Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış edərkən Prezident Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bir fikrə diqqət edək: “Türkiyənin və Azərbaycanın bu həmrəyliyi, beynəlxalq təşkilatlarda da göstərilən həmrəylik çox vacibdir. Qarşıda Azərbaycanın EXPO məsələsi var. Türkiyə təbii ki, bu məsələdə də bütün imkanları, bütün gücü ilə Azərbaycanı dəstəkləyəcək. EXPO-nun burada hazırlanmasında və keçirilməsində bütün təcrübəmizi bölüşməyə çalışacağıq”. Yeri gəlmişkən Bakının “Expo 2025” Sərgisinə ən layiqli namizədlərdən olması artıq dünya mətbuatını diqqət göstərdiyi mövzulardandır. Artıq Prezident Rəcəb Tayyib Ərdoğanın öz ölkəsinə bir növ tapşırıq kimi ünvanlandığı açıqlamanın ilkin nəticələri görünməkdədir. Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi və digərləri bu məsələdə Azərbaycana dəstək verilməsi ilə bağlı ictimai çağırışlar ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “...Digər mühüm məsələ artıq Türkiyə və Azərbaycan arasında 1,6 milyard dollarlıq ticarət dövriyyəsinin həcmidir ki, - neftin qiymətlərinin aşağı düşməsi ilə əlaqədar bir qədər çətinlik oldu, ancaq indi yenidən vəziyyət düzəldi, - əminəm, bunu qısa müddətdə 5 milyard dollara çatdıra bilərik. İnşallah, buna nail olacağıq. Türkiyə və Azərbaycan hər sahədə bu addımları atacaq. Dünən Nazirlər Kabinetimiz bir qərar qəbul etdi. Qarşıya Naxçıvandan Türkiyəyə ildə 120 milyon dollarlıq idxal həcmi hədəfini qoyduq. Beləliklə, Naxçıvanı daha da inkişaf etdirmək, canlandırmaq üçün “Sən yalnız deyilsən, qardaş” deməyin, inşallah, addımını atacağıq”.

Məlum olduğu kimi, cari il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirili. Bu Sazişin tarixi əhəmiyyətini nümayiş etdirən cəhətlərdən biri də sənəddə Azərbaycanın milli və dövlətçilik maraqlarını daha da artırılması oldu. Prezident İlham Əliyevin dediyi kimi:” Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Bunun bir neçə əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm: kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əlbəttə ki, kontraktın bir çox müddəaları var. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var”.

Mövzunun davamı olaraq qeyd edə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını 100, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının 10 illikləri ilə bağlı da Türkiyə tərəfindən böyük dəstək gözlənilməkdədir.

2017-ci ildə dünyada ən yaddaqalan tarixi hadisələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsidir. “Polad ipək magistral” və “Dəmir ipək yolu” adları ilə də tanınan bu layihə əsrlər boyu türk dünyasının üçün mənəvi birlik nişanəsi olan böyük Turançılıq ideyasının iqtisadi platformasını özündə əks etdirməyə başlayıb. Bu layihə bir tərəfdən Xəzər hövzəsinin beynəlxalq əhəmiyyətli sülh dənizinə çevrilməsini təmin edirsə, digər bir tərəfdən isə türkdilli ölkələr arasında bir-birinin imkanlarından daha səmərəli istifadə etmək nəzəriyyəsini ortaya qoymuşdur.

Bu gün uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun bəhrələrini həm Azərbaycan xalqı, həm də regionun digər ölkələrinin xalqları öz həyatlarında hiss edirlər. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq Şərq-Qərb nəqliyyat–kommunikasiya dəhlizləri bölgə və dünya ölkələrinə bu sahədə əlavə üstünlüklər qazandırmaqla yanaşı, Azərbaycanın regiondakı geosiyasi çəkisini də xüsusi artırır. Bu layihələr həm də beynəlxalq yük daşınmalarındakı səmərəliliyin təmin edilməsində mühüm rol oynayır. Bundan başqa, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinə BMT Baş Assambleyasının qəbul etdiyi 3 qətnamədə dəstək verilməsi Azərbaycan-Türkiyə iqtisadi iş birliyinin daha bir real nəticəsi kimi ortaya çıxıb. Əlamətdar haldır ki, son vaxtlar TANAP layihəsi ilə üst-üstə düşən TASIM layihəsi digər türkdilli ölkələr tərəfindən də güclü dəstək almaqdadır.

Sabir Şahtaxtı

Geri dön