Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ölkəmizdə qızılca ilə əlaqədar heç bir təhlükə yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ölkəmizdə qızılca ilə əlaqədar heç bir təhlükə yoxdur

Ölkəmizdə qızılca ilə əlaqədar heç bir təhlükə yoxdur


2015-ci ilin oktyabrında Dünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun keçirdiyi müşavirədə ölkəmiz qızılca və məxmərəyin elminasiyasına nail olmuş 53 Avropa ölkəsindən biri kimi sertifikata layiq görülüb və həmin ölkələr arasında da birinci onluğa daxildir. Həmin uğura görə həm ölkə rəhbərliyinin, həm də Səhiyyə Nazirliyinin ünvanına təbrik məktubu göndərilib. O vaxtdan indiyədək qızılca və məxmərəyə yoluxmuş bir uşaq haqqında da məlumat daxil olmayıb.

Bu barədə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda jurnalistlər üçün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev məlumat verib.

Onun verdiyi məlumata görə, bir sıra ölkələrdə, o cümlədən Rumıniya, Bolqarıstan, Niderland, hətta postsovet respublikalarından Rusiya, Ukrayna və Gürcüstanda qızılca ilə xəstələnmə halları baş verir. Azərbaycanda həmin xəstəliyə təsadüf edilməməsi, ilk növbədə, bu sahədə aparılan vaksinasiya tədbirləri ilə əlaqədardır. Nəinki indi, 2008-ci ildən indiyədək bir dəfə də olsun xəstəliyə yoluxma baş verməyib. Yalnız 2013-cü ildə xaricdən daxil olan yoluxma nəticəsində lokal bir dairədə qızılcaya yoluxma müşahidə edilmişdi və çox qısa vaxtda aparılan əlavə peyvənd kampaniyası nəticəsində onun qarşısı alınıb. Baş pediatr qeyd edib ki, bu heç də o demək deyil ki, xəstəliyə bundan sonra da təsadüf edilməsi ehtimalı sıfra bərabərdir. Ona görə də qızılcaya qarşı aparılan peyvənd vaksinasiyasını həmişə yüksək səviyyədə saxlamaq lazımdır. Halbuki elə ölkələr var ki, vaksinasiya tədbirinin aparılma səviyyəsi bəzən nəinki 80, heç 60, hətta 40 faizə də çatmır. Əlbəttə, bizi əhatə edən ölkələrdə xəstəliyin mövcud olmaması ölkəmizdə də bu sahədə sabitliyin qorunmasına xidmət edər. Lakin həmin ölkələrdən xəstə uşağın ölkəmizə gəlməsi peyvənd olunmamış uşağın böyük ölçüdə ona yoluxma ehtimalını saxlayır.

Professor bu məqsədlə ölkəyə gətirilən 11 xəstəliklə əlaqədar vaksinlərin dövlət hesabına və pulsuz aparıldığını vurğulayıb. Onun dediyinə görə, yoluxucu xəstəliklər içərisində ən yüksək yoluxma indeksi olan qızılcadır. Onu gizlətmək və qarşısını almaq mümkünsüz bir işdir və onu ev şəraitində müalicə etmək də mümkün deyil. Qeyd olunub ki, qızılca çox ağır gedişli xəstəlikdir və statistikaya görə, epidemiya zamanı 8 faizə qədər letallıq müşahidə olunur. Çox müsbət haldır ki, ölkəmizdə son 10-15 ildə peyvənd ediləndən sonra tələf olan bir uşaq da olmayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva uşaqlar arasında bu sahədə aparılan peyvəndlərin 95-98 faizı əhatə etdiyini, 2013-cü ilin oktyabrından sonra hətta şübhəli halların belə qeydə alınmadığını söyləyib. O qeyd edib ki, həmin vaxtdan hətta allergik səpkisi olanlardan laborator müayinələri üçün qan analizləri götürülür, Taun Əleyhinə Stansiyanın virusoloji laboratoriyasında yoxlanılır və həmin laboratoriya şəraitində yenidən çox diqqətlə müayinə edilir. Ölkəmizdə 1 yaşı və 6 yaşı tamam olan uşaqlar bununla əlaqədar revaksinasiya olunur və onlarda xəstəliyə qarşı uzunmüddətli, hətta ömürlük immunitet yaranır. O, 2013-cü ildə 35 yaşa qədər olanlar arasında qızılca və məxmərək əleyhinə peyvənd aparıldığını da bu sahədə mövcud sabitliyin əsas səbəblərindən biri olduğunu qeyd edib. 2014-cü ildə məktəblilər, 2015-ci ildən 2016-cı ilin iyununa qədər miqrasiya edən yuxarı yaşlı əhali arasında da həmin xəstəliklərə qarşı əlavə immunlaşdırma tədbirləri aparılıb. Keçən il 141 nəfərdən müayinə üçün analizlər götürülüb və onların heç birində xəstəlik aşkar edilməyib. Elə bütün bunların nəticəsində də ölkəmizdə bu sahədə narahatlıq doğuran hal müşahidə edilmir.

Geri dön