Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə > Atatürkün silahdaşı, Azərbaycanda da sevilən XİLASKAR SƏRKƏRDƏ? - Qızının dilindən TARİXİ FAKTLAR
Atatürkün silahdaşı, Azərbaycanda da sevilən XİLASKAR SƏRKƏRDƏ? - Qızının dilindən TARİXİ FAKTLAR |
Budəfəki həmsöhbətimiz Mustafa Kamal Atatürkün ən çox güvəndiyi silahdaşlarından olan Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir Yıldırandır.
Kazım Qarabəkir Paşa Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə heç vaxt unutmayacağımız fədakarlıqlar göstərib. Onun Vətənimizin ayrılmaz hissəsi olan Naxçıvanın erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində mühüm xidmətləri olub. Kazım Qarabəkir Paşanın xatirəsi bütün Türk dünyasında bu gün də hörmətlə anılır. Azərbaycanda, xüsusilə Naxçıvanda isə hər kəs onu “xilaskar sərkərdə” kimi xatırlayır. Publika.az Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir Yıldıranla müsahibəni təqdim edir: - Əvvəlcə istərdim özünüz haqqında oxucularımıza qısa məlumat verəsiniz. Kazım Qarabəkir Paşanın qızı Timsal xanımı tanıyaq… - 1941-ci ildə Ankarada İclal xanımla Kazım Qarabəkirin ailəsində dünyaya gəlmişəm. 3 bacı olmuşuq. Məndən böyük iki əkiz - Həyat və Eməl adlı bacılarım var. Təəssüf ki, Eməl vaxtsız vəfat edib. 1948-ci il yanvar ayının 26-da atam Kazım Qarabəkir Paşa vəfat etdikdən sonra orada yaşaya bilmədik. Ailəmizlə birlikdə İstanbula gəldik. İstanbulun Erenköy adlanan bölgəsində yaşamağa başladıq. Atamı itirdiyimdə, mən bacılarımdan çox balaca idim. Hələ 7 yaşım vardı, atam hərbçi olduğu üçün onsuz da yanımızda çox olmurdu. Onu belə tez itirmək, mənim qəlbimdə sağalmaz izlər qoydu… Burada Erenköy Zihnipaşa adına orta məktəbi bitirdikdən sonra ingilis dilini mükəmməl öyrənməyə başladım. Daha sonra həyat öz axarı ilə keçib getdi və 1960-cı ildə ailə həyatı qurdum. Elm və təhsil sahəsində araşdırmalar aparıram. Gündəlik həyatımda mümkün qədər dünya ədəbiyyatından elmi əsərlər oxuyuram. Ölkə daxili və xarici dəvət edildiyim təhsil müəssisələrində və dövlət orqanlarında xalqa və tələbələrə mühazirələr deyirəm. Konfranslara qatılıram. Musiqi dinləməyi sevirəm. Yaşımdan dolayı sağlamlığımda hər hansı bir problem olmadığı müddətcə bu istiqamətdə işlərimi davam etdirmək niyyətindəyəm. 3 övladım və 1 nəvəm var Bildiyim qədər tennis, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə də fəaliyyətləriniz olub… - Qısa müddətlik də olsa, bəli, kənd təsərrüfatı sahəsində çaılşmışam. 1978-ci ildə isə "Uğur Tennis Ləvazimatları” zənciri yaratdıq. Təxminən 1996-cı ilə qədər idman sektorunda fəaliyyət göstərmişəm. Bu sahədə həyat yoldaşım da mənə çox dəstək olub. Sonralar həyat yoldaşımla birlikdə müxtəlif konfranslara qatılmağa başladım. Belə-belə ictimai fəaliyyətimi artırdım. Konfrans mövzularımızın əsas fikir özəyi “Silahla deyil, qələmlə savaşmalıyıq” düşüncəsi olub. 1999-cu ildə Türkiyə Cümhuriyyətinin tarixini və Cümhuriyyətimizin əldə olunmasında əməyi olmuş tarixi şəxsiyyətlərin xatirəsini yaşatmaq və gələcək nəsillərə ötürmək üçün fond yaratdıq. Daha sonra mən atam Kazım Qarabəkir Paşanın adına “Kazım Qarabəkir Fondu”nu yaratdım. Bu işdə mənə bacım Həyat Qarabəkir Feyzioğlu və Eməl bacımın qızı Güldən Qazioğlu yaxından kömək etdilər. Birlikdə 2003-ci ildə atamın yaşadığı evi bu günə qədər fəaliyyət göstərən “Kazım Qarabəkir Muzeyi” halına gətirdik. Bilirsiz, uşaq da olsam, yadıma gəlir, atam evimizin bir köşəsini hər zaman muzey olaraq saxlayırdı. Tarixi əsərlər, silahlar, iştirak etdiyi döyüşlərdən xatirlərə və s. burada səliqəli şəkildə düzülərdi. Əslində, bu fond fikrini bizə elə o zamanlardan özü vermişdi. Evimizə qonaq gələndə atam onları hər zaman evin məhz o “tarixi” köşəsində qarşılayardı. Mən də bütün gəlirimi və diqqətimi bu fondun inkişafına sərf edirəm. Ömrümün sonuna qədər də atamın xatirəsini qoruyub saxlayacağam. - Allah sizə uzun və sağlam ömür nəsib etsin… - Çox sağ olun, sevimli Könül. Təşəkkür edirəm. - Atanızla bağlı yaddaşınızda başqa nə qalıb? - Bilirsiz, Kazım Qarabəkir çox mərd, cəsur, yumuşaq qəlbli insan idi. Onun bizdən əvvəl də Şərqdə hərbi xidmətdə olduğu zamanlarda minlərlə övladı olmuşdu. Kazım Qarabəkir bizə atalıq etdiyi qədər onlara da atalıq etmişdi. Hər dəfə məzuniyyətə gələndə bizə getdiyi yerdə tanıdığı uşaqlardan, insanlardan danışardı. Onların münasibətlərindən, sevgilərindən danışdıqca kövrələrdi. Kazım Qarabəkir bütün uşaqları öz millətinin övladları qədər sevərdi. “Atalar qızlarının ilk qəhrəmanı olur” - Bu sözün dərin mənası var. O mənim ilk və son qəhrəmanım, eyni zamanda, ilk müəllimim olub. Kazım Qarabəkir Paşanın övladı olmaq bizə heç bir ayrı-seçkilik yaşatmasa da, hələ uşaq yaşlarımızdan çiyinlərimizə çox böyük məsuliyyət qoymuşdu. Xarakter olaraq bacılarım da, mən də valideynlərimizə oxşamışıq. Əzmkar və inadçı ruhumuzu isə atamdan almışıq. - Yaxın zamanlarda Azərbaycanda bir sıra konfranslara qatıldınız. Azərbaycanla bağlı təəssüratlarınızı bizimlə bölüşün, lütfən… - Atam hər zaman Azərbaycandan ürək dolusu danışardı. Xatırlayıram, deyirdi ki, Türkiyənin çətin zamanlarında Azərbaycan ona əsl qardaş kimi dayaq oldu. Azərbaycan mənim ikinci vətənimdir. Orada çoxlu dostlarım var. Bakıda, Naxçıvanda çox səmimi insanlarla tanış oldum. Onların əhatəsində olmaq çox gözəldir. Özümü qətiyyən qonaq kimi hiss etmirəm. Türkiyəyə qayıdan zaman Azərbaycan üçün inanılmaz dərəcədə darıxıram. - Azərbaycanda Mustafa Kamal Atatürklə yanaşı, Kazım Qarabəkir Paşanın adı da hörmətlə anılır. Atanız Naxçıvanın erməni təcavüzündən qorunmasında böyük rol oynayıb. Sonralar heç o dövrlə bağlı nələrsə danışırdımı? Onun Azərbaycanla bağlı xəritələrini bizimlə bölüşə bilərsinizmi? - Atamı itirdiyimdə bildiyiniz kimi, yaşım çox az idi. Amma Azərbaycanın mərhum prezidenti, hörmətli Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Atam Türk dünyası aşiqi idi. O da, Heydər Əliyev kimi düşünürdü. Azərbaycanı Türkiyədən ayırmırdı. Mən atamın adına fond yaradanda ondan geriyə qalan bütün sənədləri, əşyaları köhnə evimizdən topladım. O zaman atamın gündəliyini tapmışdım. Naxçıvanda baş verən hadisələri müəyyən qədər o gündəlikdə yazılanlardan bilirəm. Atam yazıb ki, Azərbaycan bizim qardaşımızdır və Türk dünyasını rusların, ermənilərin, eləcə də digər işğalçı və müstəmləkəçi Qərb dövlətlərinin əlindən xilas etmək onun yeganə amalı olub. Atam Şərq cəbhəsinin baş komandanı olaraq, Mustafa Kamal Atatürkün məsləhəti ilə “Türkün qapısı”nda güclü ordu yaratmaq və müsəlman əhalini qorumaq üçün öz ordusu ilə Gümrüdən Naxçıvana gəlmişdi. Mən sizə danışıram 1920-ci il mart ayının 20-dən. Gündəliyində yazır ki, həmin ərəfələrdə Naxçıvandakı ermənilərin geri çağrılması üçün İrəvan erməni komandanlığına məktub yazıb. Məktubun mətni belə idi: “Soyqırımları dayandırın və geri çəkilin. Əks halda sizin üçün heç yaxşı olmayacaq”. Təəssüf ki, gündəlikdə yazılanlar çox çətinliklə oxunur. - Kazım Paşa Naxçıvan teatrında türk yazarların dram əsərlərinin səhnələşdirilməsində maraqlı olub. Onun görkəmli Azərbaycan şairi Hüseyn Cavidlə də gözəl münasibətləri olduğu deyilir. Bu barədə nə deyə bilərsiz? - Elədir, hərbçi olsa da, rəsmlərə, şeiriyyata və musiqi sənətinə olduqca böyük marağı olub. O bu sahələrlə yaxından maraqlanırdı. Şərqdə müsəlman övladları, müharibədə valideynlərini itirmiş uşaqlar üçün musiqili pyeslər yazıb və onları teatrlarda səhnələşdirirdi. Bu səhnəciklərin hər biri xalq üçün o dövrdə yaranmış vəziyyəti təsvir etmək məqsədi daşıyırdı. Görün o dövrdə vəziyyət necə idi ki, xalqa mesajları tamaşalar vasitəsilə ötürürdülər. Naxçıvanda məktəblər açmışdı. Elə orda da, dahi şair Hüseyn Cavidlə tanış olub. Onun yaradıcılığını çox sevirdi. Aralarında çox güclü və gözəgörünməz bağlar olub. Həmyaşıd olmaları ilə yanaşı, ana adlarının Havva olması da onları bir-birinə bağlayırdı. Sanki eyni ananın övladları kimi. Necə deyim, Hüseyn Cavid Türk dünyasının qələmi, Kazım Qarabəkir Paşa da qılıncı olub. - Bu gün Qarabəkir nəslinin davamçıları arasında teatr sahəsində olan varmı? - Bəli, mənim nəvəm (gülür). Hazırda Amerikada teatr sahəsi üzrə təhsil alır. Nəslimizdə bu sahənin davamçısı və ümumiyyətlə, tanınmış aktyor olacağına ümid edirəm. -1920-ci il may ayının 3-də Mustafa Kamal Paşa Şərq Cəbhəsi komandiri Kazım Qarabəkir Paşaya aşağıdakı məzmunda bir məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə biləcəyimiz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldəedənə qədər, Azərbaycan Hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Məhz Kazım Paşaya görə də Azərbaycandan kifayət qədər məbləğ toplanılır. Gündəlikdə bu barədə hansısa qeyd varmı? - 1921-ci ildə. Bəli, belə bir hadisə olub. O vaxt Azarbaycanın baş naziri olan Nariman Nərimanov mart ayının 7-də Mustafa Kamalın Azarbaycan hökumətindən borc pul istəməsi məsələsinə cavab olaraq, yazır: "Paşam, qardaş qardaşa borc verməz, əlindən tutar". Və cavab məktubunun ardından dərhal Türkiyəyə 1 milyon qızıl lirə göndərib. O zaman Nərimanovun rəhbərliyi altında olan Azərbaycanın Türkiyəyə yardımı, təkcə Sakarya savaşında azərbaycanlılardan ibarət bir alay əsgərin döyüşməsi ilə yekunlaşmır. Eyni zamanda, müxtəlif vaxtlarda Azərbaycan tərəfindən Türkiyəyə 90 qatar neft, 2 qatar benzin, 11 qatar qaz yağı yardımı edilib. Həmçinin 1922-ci ildə 9 min ton qaz yağı, 350 ton benzin göndərilib. Məhz Azərbaycanlı dostlarının bu yardımları sayəsində istiqlal savaşı zamanı Türkiyə neft sarıdan korluq çəkməmişdi. - Atanız Türkiyə Cümhuriyyətinin qurulmasında böyük rol oynayıb. Xüsusilə, Mustafa Kamal Atatürkü həbs etmək üçün göndəriləndə ona “Əmrinizdəyəm, Paşam” deməsi haqqında çox danışılır. O, Atatürkə dəstək vermək əvəzinə, onu həbs etsəydi, güman ki, hər şey başqa cür olardı. Bu haqda danışmağınızı istəyirik. Əslində, Qarabəkir Paşanı Türkiyə Cümhuriyyətinin dönüş nöqtəsini müəyyən edən şəxsiyyət hesab etmək olarmı? - Mustafa Kamal Paşa Samsundan çıxdıqdan sonra işğalçı ingilislərin təzyiqi ilə təslim olması üçün geri çağrılmışdı. Bu zaman atamı Atatürkü həbs etmək üçün göndərdilər. O vaxt Mustafa Kamal da düşünüb ki, atam onu həbs edəcək. Yanında olan Rauf Orbaya "Hər şey buraya qədərmiş, Rauf, milli mübarizəmiz başlamadan sona çatdı” - deyib. Amma o, Mustafa Kamala İstanbula qayıtmaqdansa, burada qalmağı məsləhət görüb və "Dünən olduğu kimi, bu gün də sizin əmrinizdəyəm" deyərək, mənəvi dəstək verib. Mustafa Kamal bu hadisə qarşısında o qədər kövrəlib ki, göz yaşlarını saxlaya bilməyib. Onlar iki silahdaş olublar. Xəyanətdən söhbət belə gedə bilməzdi. Bilirsiz, dərindən düşünəndə, əslində məhz bu hadisə istiqlal mübarizəsini başladan və qələbəyə çatdıran, Türkiyə Cümhuriyyətinin əsasını qoyan Mustafa Kamal Paşanı "Atatürk" etdi. - Bəzi mənbələr yazır ki, Kazım Qarabəkir Paşa və bəzi digər ordu komandirləri sonradan Atatürkə qarşı çıxışlar ediblər. Bu doğrudurmu? - İstiqlal mübarizəsi qələbə ilə yekunlaşdırıldıqdan sonra vətənimiz azad edilmişdir. Respublika elan edildikdən sonra isə Kazım Qarabəkir və istiqlal mübarizəsində iştirak edən bəzi mühüm komandirlər, ziyalılar demokratiyaya keçidin tez təmin olunması məqsədilə ikinci bir partiya - “Tərəqqipərvər Cümhuriyyət Partiyası” yaratdılar. Ancaq bu partiya uzun ömürlü olmadı. Müxtəlif bəhanələrlə onlara maneə yaratdılar və nəhayət partiyanı bağlatdırmağa nail oldular. Partiyanın bağlanması öz növbəsində demokratik dövrə keçid prosesini də yubatdı. Bunu ona qarşı çıxmaq kimi qələmə vermək doğru deyil. Mustafa Kamal və atamın məqsədi eyni olub. Sadəcə ideya olaraq bir qədər fərqli fikirlər onlar arasında müəyyən mənada ziddiyyət yaradıb. - Mustafa Kamal Atatürkə qarşı İzmirdə planlaşdırılan sui-qəsdlə bağlı Kazım Qarabəkir Paşa da ittiham edilir. Sizcə bunun səbəbi nə olub? Hətta Kazım Qarabəkir Paşanın edama məhkum edilməsi də təklif edilirdi. Bütün bunlara görə, o, Atatürkdən incidimi? - Əslində məsələ belə idi ki, Tərəqqipərvər Cümhuriyyət Partiyası ləğv edilsə də, onun yaradıcıları muxalif yönlü və düşmən olaraq görülürdülər. Nədənsə onları siyasi rəqib kimi görməyə davam edirdilər. Məhz elə bu səbəbdən də İzmirdə Atatürkə qarşı hazırlanan sui-qəsd cəhdində birbaşa atamın və digər komandirlərin adları çəkildi. Bu məsələ indiyə qədər də müzakirə edilir. İzmirdəki sui-qəsdin ilk ünvanı Ankara olub. Lakin plan ortaya çıxdığı üçün sui-qəsd üçün tutulan şəxs İstanbula, ordan da Bursaya qaçıb. Heç bir cəhd alınmadığı üçün son ünvan məhz İzmir olaraq seçilib. Amma bu barədə hökumət nümayəndələrindən heç kimin xəbər tutmaması inandırıcı deyildi. Hamının bildiyi bu işi hökumətin bilməməsi mümkün deyildi. Düşünürəm ki, əsas məqsəd o dövrün tələb etdiyi kimi hərəkət edib, müxalifəti susdurmaq idi. Paşaların adı da ona görə bu sui-qəsd məsələsində ön sıralarda çəkildi. Həmin hadisənin ardından edamlar oldu, cəzalar verildi. Belə deyək də, o dövr üçün sui-qəsd içərisində sui-qəsd baş verdi. Amma hər şeyə rəğmən İzmir İstiqlal Məhkəməsində haqsız ittiham edilərək, ölümlə mühakimə edilən komandirlər, eləcə də mənim atam Kazım Qarabəkir bəraət aldılar. Onların üzərindən bu qara ləkə götürüldü. Sadəcə bütün bu hadisələrdən sonra atam və tərəfdaşları siyasətdən tamamilə uzaqlaşmaq məcburiyyətində qaldılar. Amma onu da deyim ki, onlar Atatürkün vəfatından bir müddət əvvəl barışmışdılar. - Kazım Paşanın bir məhşur sözü var: “Osmanlını masonlar məhv etdi”. Onun mason təşkilatları ilə bağlantısı olubmu? - Kazım Qarabəkirin masonluqla və ya masonlarla birbaşa əlaqəsi olmayıb. Belə bir şey vardı, o dövrdə mason təşkilatları ingilis, italyan və fransız hökumətlərinin nəzarətləri altında imperialist dövlətlərə xidmət edirdilər. Atam bu məsələlərə qarşı hər zaman etirazını bildirən bir şəxs olub. Amma unutmayın ki, Osmanlı zamanında “İttihad və tərəqqiçilər”in bir qismi mason lojalarında qeydiyyatda olub, onlarla iş birliyi qurublar. - Dəyərli Timsal xanım, mənə vaxt ayırdığınıza görə, sizə minnətdaram. Ən yaxın zamanda görüşənədək. Özünüzə yaxşı baxın… - Mən də sizə təşəkkür edirəm. Könül Cəfərli Geri dön |