Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkün alın yazısı: köçlər və köçürülmələr
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türkün alın yazısı: köçlər və köçürülmələr

Türkün alın yazısı: köçlər və köçürülmələr


Zakir HÜSEYN

“...Mən əlvan çiçəklərdən böyük bir dəstə düzəltdikdən sonra evə tərəf üz qoymuşdum ki, birdən yolun qırağındakı çökəkdə gözəl, moruğu çiçəyi olan bir ayıpəncəsi kolpanı gördüm. Bizdə qanqalın bu növünə “tatar” deyirlər. Ot çalını zamanı kəndlilər ona toxunmamağa çalışaraq yalnız ətrafını biçirlər. Əgər bilməyib kəssələr, dəryazın burnunda götürüb otun içindən qırağa atırlar ki, əl-ayağa batmasın. Birdən ağlıma gəldi ki, bu ayıpəncəsini dərib topladığım çiçəklərin ortasına qoyum. Çökəyə endim, çiçəklərdən birinin ortasına sancılaraq süst düşüb şirin-şirin mürgüləyən tüklü torpaq arısını qovub, ayıpəncəsini üzməyə başladım. Lakin bu o qədər də asan iş deyildi: saplağın tikanlarla örtülü olması və bu tikanların əlimə sarıdığım dəsmalın üstündən belə barmaqlarıma batması bir yana dursun, saplağın özü ağlasığmaz dərəcədə möhkəmdi. Nəhayət, mən çiçəyi üzüb qurtaranda saplaq artıq didik-didikdi, çiçək özü isə əvvəlki qədər gözəl görünürdü. Bundan başqa o öz qabalığına, yöndəmsizliyinə görə dərdiyim zərif güllərə yaraşmırdı. Mən yalnız öz kökü üstündə qəşəng olan bu çiçəyi əbəs yerə məhv etdiyimə təəssüflənərək onu yerə atdım.Digər bir ayıpəncəsi isə qara torpağa batıb bulaşmasına baxmayaraq, hələ də öz qamətini şax saxlaya bilmişdi. Görünür, kolun üstündən araba təkəri keçmişdi. Təkər keçəndən sonra yenidən qalxıb dirçəldiyindən indi bir qədər yana əyilmişdi. Lakin hər halda yerə sərili deyildi...” Yuxarıdakı peyzaj hələ yüz əlli il bundan əvvəl Rusiyanın Qafqazda etdiyi haqsız davranışdan rus vətənpərvərliyinin əvəzinə utanan Tolstoyun, qəhrəman dağlılar haqqında fəxarət və kədərlə danışması üçün vasitədir. Dağ adamlarının, təbiətlə bağlı türk soyunun ruhu onun üçün necə də toxunulmaz idi! Tolstoyun təsvir etdiyi ayıpəncəsi “gözəldi”, “qamətini şax saxlaya bilmişdi”, “yerə sərili deyildi”, çünki öz kökü üzərində idi. Öz kökü üzərində olanda, öz torpağınla bağların qırılmayanda belə güclü olursan. Məhz buna görə də rus şovinizmi və ilhaqçılığı məqsədinə tam çatmaq üçün həmin kökü dibindən qazıyıb çıxarmağa həmişə fürsət axtarırdı, bunun üçün planlar qururdu və nə yazıq ki, bunu həyata keçirməyə nail olmuşdur. Budaqları doğranmış, gövdəsi soyulmuş, kötüyü sızıldayan kökün özünü belə yox etmək lazım idi. Neçə-neçə türk elatları bu barbarlığın qurbanı oldu. Haqqında danışmaq istəddiyimiz Axısqa və Ağbaba torpaqları da bu qəbildəndir.

O torpaqlar bizimdi. O yerlər ki, bizimdi, orada hər il tez gələn qış təkrarsız bir drama səhnə olmaq, qara-qorxuya çevrilmək üçün sino gedərdi. Əsməkdə bir neçə gün davam edən göz-gözü görməyən boranların gücü yaratdığı şəpələrin bıçqı tillərini düzəltməyə, gecələr ay-ulduz , gündüzlər isə günəş altında bərq vuran, sanki dünyanın bütün meqastarlarına bəs edəcək qardan şou səhnələrini yaratmağa sərf olunurdu. Ayazın alov dilləri aşağıdan yuxarıya, buram-buram qar danələri yuxarıdan aşağıya, tüstü kimi dumanlı çalpo gözün görə bildiyi qədər sahədə hərəkət edər, dümağ, orta ağ və ağ zər yağışı qismində qarın qrovu ətrafa səpələnərdi. İnsan bu qar səhnəsində istədiyi qədər oxuya, qışqıra, bağıra bilərdi. Qara qayaları boğan, qaranlığı belə udan, sanki her şeyi yerdən qoparıb ayıraraq atmosferin bir qatına çevrilən qara neyləyəcəkdin, qar belə idi. Orada hər il kiçik çillə böyük çillədən soruşardı: “Getdin, nə elədin?” Böyük çillə cavab verərdi ki, nə edəcəkdim, getdim adamları təndirin başına yığdım. Kiçik çillə rişxəndlə gülərək: “Bu nədir? İndi gör, mən nə edəcəm. Sən adamları təndirin başına yığdın, mənsə təndirə töküb, küflədən çıxaracağam”,- söyləyərdi. Böyük çillə isə kiçik qardaşına: “Nə edirsən et, ömrün azdır” – deyərdi. Elə də insanların arzusu olaraq kiçik çillənin ömrü az olardı. İyirminci günündə Xıdır Elləzin və ya Xıdır Nəbinin boranı əsərdi. Nə maraqlıdır, deyilmi, burada müqəddəsləşdirilənlərin adına tanrı boran nazil edirdi. Kürd oğlunun Boranı, Hacileyləyin Boranı, Qaranquşun Boranı, Qarının Boranı və s. bu siyahı beləcə uzanırdı. Müqəddəs Xızır adına göndərilən boranın müşaiyətilə o parıldayan boz atın üstündə ildırım güclü qamçısını şaqılldadaraq sanki ətrafa dirilik enerjisi ötürər, oyanış gətirər, qapılarımızın önündən keçib, qarlı dağlarımızı aşıb Axısqaya gedərdi. Bunu qocalar belə deyərdi, hətta mənim Təvəkkülə nənəm onu gördüyünə bizi inandırmışdı. Bizdə də, Axısqada da Xıdır Elləzin bayramı keçirilərdi. Həmin gecə qonşu obadan qayıdan kürd oğlunun, bizlərə qonaq gələndə borana düşüb, yolu başa vura bilməyib qayada qalan gecəsiydi. Atasının qoç quyruğunu bayırdan asıb: “Quyruq donsa, deməli, oğlum da donacaq”- deməsi ilə məşhur olan rəvayət də ondan yaranmışdı.

Gecənin bir vaxtı kürd oğlu görərdi ki, canı isinir. Yer nəfəslənir, torpaq oyanır. Qoca ata səhər quyruğun donmadığını görər və sevincək anaya şad xəbər aparardı. Hər il bu səhərdən sonra qırışlı qar ərnikləməyə başlardı, yamaclarda alısın əmələ gələrdi. Bir vaxtlar çöllər qüvvətlə silkələnər, gur qar-qara hər yeri tərpədərdi və Ağbabadan Axısqaya, Qarsa, bir də kürd ellərinə gedən yollar açılardı.

Ağbaba, Axısqa-Çıldır mahallarının tarixi qədimlərə gedib dayanır. “Bu ulu torpaqlarda çox erkən çağlardan xatt, urart, hurit, kask, mox, daha sonralar xett, nesit,yunan, qəbilələri iz qoyub keçmişlər. Miladdan əvvəl 8-7-ci əsrlərdə buralarda iskitlər hökmran olur. Sak iskitlərdən başqa, bu yerlərdə bulqarlar, suvarlar, avarlar, oğuzlar, hunlar, göytürklər, xəzərlər, türkmənlər hegemonluq edirlər”. (Asif Hacılı, “Qəribəm bu vətəndə”kitabı).

Müxtəlif dövrlərdə Səlcuqların, Qaraqoyunlu və Ağqoyunluların, Osmanlı dövlətinin, Səfəvilərin tabeliyində yaşasalar da dağlar məskəni bu qədim el-oba öz mədəniyyətinə, zəngin adət-ənənələrinə söykənərək həmişə müstəqil olmuşdu. Türkiyənin məğlubiyyətindən, Ağbaba mahalı və Çıldır yörəsinin Rusiyanın pəncəsinə keçməsindən, 1915-1918-ci illərdə erməni quldur dəstələri rusların dəstəyi ilə buralarda minlərlə türkü qətlə yetirib, qırğınlar, soyğunlar törətməsindən və yenidən xilaskar türk ordusunun işə qarışması ilə burada vəhşi cəlladların cəzasına çatdırılmasından sonra elə həmin ərəfədə o ətrafı birləşdirməklə və mərkəzi Qars olmaqla... Cənub-Qərbi Qafqaz Cümhuriyyəti yaradılır. Türkiyə və Azərbaycan Respublikası “bəyaz, yaşıl, qara” bayraqlı, 6 aydan cox ömür sürən bu Cümhuriyyəti tanıyır. Fəqət mübarizə dolu həyatı Rusiya Sovet hökuməti qurmaq adı ilə yenidən qanda boğur. Bu məkanda yaşayan öncül insanlar məhv edilir, burada fiziki və mənəvi repressiyalar qol-qanad açır. Beləcə ilkdən sona qədər geden proseslərdə görürdün ki, nəinki fərdlər, tayfalar, nəsillər, kəndlər belə yox edilirdi. Nəhayət, 1944-cü ildə Axısqa tamamilə, Ağbaba kəndlərinin müəyyən hissəsi sürgün edilir. 1956-cı il “sərbəstliyində” axısqalıların az miqdarı öz torpaqlarına qayıda bildi. Geri qayıdan Ağbaba sürgünləri isə Marneuli rayonunda məskunlaşdılar və Qamsaxurdiya dövrünün deportasiyasından sonra bir qismi orada yaşayıb qalmaqdadırlar. Yuxarıda dediyimiz kimi kəsilmiş ağacın sızıldayan kötüyünü də məhv etmək lazım idi. 1998-ci ilin noyabr ayından(qəribədir ki, Axısqa türklərini də eyni ayda köçürmüşdülər) başlayaraq Ağbaba elinin didərgin salınmasına rəvac verildi.

Bəlkə də dünyada bu yerlər qədər təbiətin ümidinə qalan başqa yer yox idi. Buna görə də burada göylərlə hesablaşırdılar. Çünki göylərin qəzəbi tutsa, sanki lap bura daş belə yağdıra bilərdi. Təbiətlə ustufunca çarpışırdılar, küsüşürdülər, barışırdılar. Durnanın, qaranquşun, hacıleyləyin gəlişi o adamlara boran qismət edirdi. “Eybi yox, ey təbiət, sən mənə durnanı, qaranquşu, hacıleyləyi göndər, onlara görə əsən boranına, yağan qarına dözərəm- deyib baharı müjdələyən təbiətdəki hər yaxşı dəyişikliyə ad qoyub gözdə bilirdilər.

– Ana, qaranquşu gördüm.

– Deyirəm axı, ay bala, elə yəqin dünənki hava onun müjdəçisi imiş.

Belə mükalimələr illərə dayanırdı. Orada uşaqlara deyirdilər: nəbadə, göyün üzündə durna qatarı olanda daş çevirəsiniz. Bizim qövmün insanları yaxşı bilirdilər ki, daşların altında qarışqa yuvaları olur. Onlar qarışqa yuvalarının dağılmaması üçün belə deyirdilər. Amma deyəsən qarışqaların yuvasının dağılmağından doğrudan da durnalar xəbər tuturlar. Müqəddəs quşlar yerdəki ədalətsizlikdən dərhal xəbər tutub, hay-qışqırıq salıb, pərən-pərən olurlar. Qatarları pozulur. 19-cu əsrin əvvəllərində Rusiyanın içərilərindən Axılkələk yaxınlığındakı Pərvanə sancağına köçürülən bizim dağın o üzündəki sektant-duxoborların yaşadığı kənddəki qədər hacıleylək, durna yuvası mən hələki heç yerdə görməmişəm. Qəribədir ki, o kəndin bütün yaşlı qadınları başdan-ayağa qara geyinirdilər. Bəlkə müqəddəs quşlar uzun illər əvvəl köç acısını duyan həmin adamların ürəyini ovundurmaq üçün orada yuva qurmuşdular.

O dağlarda bir müqəddəs çobanın kölgəsi, bir ayğır atın kişnərtisi qalıb. O yerlərdə nə vaxtsa tanrını aldadan başqa bir çobanın sıxlaşanda adamı üşəndirən qara buludlar havanı qaraltdığı zamanda, dağların başına zərblə çırpılan, göyü lərzəyə gətirən şimşəklərin, insanın üzünə qırmanc kimi dəyən küləkli yağışın səhərdən axşama qədər davam etdiyi vaxtda toplaşaraq üzü küləyə tərəf duran sürüsünün qarşısında dayanan, arxası yel-quza tərəf , bir ayağını boşaldıb o biri ayağına dayaqlanıb yağışın kəsməsini gözlədiyi yerdə tanrını aldatdığı üçün xınalı qayaya çevrildiyini göstərən daşlıqlar qalıb. Burada həm də belə havalı günlər çox davam edərdisə, çoban anası, naxırçı nənəsi çoban çəkməsinə, naxırçı çustuna yapışmış palçığı götürüb yastılayıb təndirə yapardılar. İnam beləydi ki, onda günəşli günlər gəlirdi. Quraqlıq olanda isə çayırdakı “qaragözlü” ocağın ətrafındakı torpaqdan suya tökərdilər. Ağbabada və Axısqada təsadüf olunan bu ocaqlar daşdan idi. Adamlar qara hündür daşı üç dəfə öpərdi, üç kərə alnını qoyardı, nə niyyəti varsa “göy ziyarətə” söyləyərdi. Qoyun-quzunu da üç dəfə onun başına fırlayıb sonra qurban kəsərdilər. Təzə gəlinlər ora ziyarətə gətirilərdi, ocağın başında yallı oynayıb, nəzir qoyub gəlini aparardılar, hasarından dalı-dalı çıxardılar, heç kim arxasını ocağa çevirməzdi. Ağbabada Öksüzün ocağı, Axısqada Pərvanənin ocağı çoxlarının ziyarət yeri idi.

“Azərbaycanlıların əski qəbilə birləşmələrində də dağa ulu baba, soyun başlanğıcı kimi baxmaq inamı varmış. Ermənistanda vaxtilə başlıca olaraq azərbaycanlıların yaşadıqları rayon “Ağbaba”(indiki Amasiya) adlanmışdır. Bu adda da dağa inam öz əksini tapmışdır. Verdiyimiz çox qısa bilgidən aydın olur ki, türkdilli xalqlar dağa tapınırmışlar. Görkəmli alim Mirəli Seyidov “Azərbaycan xalqının soy kökünü düşünərkən” əsərində buna işarə vurur.

Köçürülmənin ağır məhrumiyyətlərini görmüş Məmməd Oruc yazır: “Bizi niyə köçürürdülər, hara köçürürdülər, bilmirdim, amma deyirdilər ki, bizim köçürüləcəyimiz yerdə daş yoxdur.

Mənə elə gəlir ki, bu sözə tək biz uşaqlar yox, böyüklər də inanmışdı, çünki biz uşaqlar kimi onlar da özlərinə daş götürmüşdülər. Köçürüldüyümüz yerdə daşdan çox daş gördük, bəlkə də mən buna görə Vedi çayının selanından seçdiyim daşı çox saxlamadım.

O daşın itkisi sonralar da məni çox yandırmadı və mən o daşı axtarmadım. Amma yaşım qırxı haqlayanda o daş gəlib özü məni tapdı”.

“Boğu xandan otuz göbək sonra, nəvələrindən Yulin Tiqin taxta çıxdı. O zaman Çində Tanq sülaləsi hakim idi. Çinlilər türklərdən qorxduqları üçün Faqfur, Kies-Lien adlı qızını Xaqanın oğlu Qalı Tiqinə göndərməyə qərar verdi. Bir elçi başçılığı altında böyük xanımı göndərdi. Elçi, yolda türklərin güclülük və ululuğunu Kut (Kit) dağı adlı bir qədim qayadan irəli gəldiyini öyrəndi. Yulun Tiqinə dedi: “Hökmdarım sizə ən dəyərli mirvarisini göndərdi. Siz də qarşılıq olaraq ona bir hədiyyə göndərmək istəyirsiniz, bizcə bəyəniləcək Kut dağı qaya parçasıdır”. Yulin Tiqin Çin adət-ənənələrinə öz milli mədəniyyətindən daha çox dəyər verən vətənpərvər olmayan bir hökmdar idi. Kut dağının 30 göbəkdən bəri türklərin müqəddəs dolaşma yeri olduğunu belə bilmirdi. Türklərin milli varlığı sanki bu yalçın qayada biçimlənmişdi. Yulin Tiqin bir rəmzi bir qızın bədəli olaraq Çin hökmdarına verməkdə heç bir qüsur görmədi. Yalnız bunu necə götürüb aparacaqlarını soruşdu. Çin elçisi qayanın ətrafına odunlar yığdı üzərinə sirkə tökdü. Odunlara od vurunca qaya parça-parça dağıldı. Elçi bu parçaları diqqətlə toplayaraq arabalarla Çinə götürdü. Orda sehrbazlar bunu yağmaladılar. Hər parçası haraya getdisə orada verim,bolluq, səadət oldu. Türk yurdu isə tərsinə bütün verimini, bolluğunu birdən itirdi. Kut dağı gedincə Qamlancuda bütün yaşıllıqlar saraldı. Bulaqların, dərələrin suyu çəkildi. Göyün rəngi dəyişdi. Bütün quşlar, vəhşi heyvanlar, ev heyvanları, məmədəki uşaqlar belə “köç, köç”,- deyə bağrışmağa başladılar...” Ziya Gökalpın “Türk törəsi” əsərindəndir bu cümlələr.

“Ulu çöl”, “vəhşi çöl” illərlə öz geniş sinəsini köç alaçıqlarına açaraq adamları yaxşıca yedizdirib içizdirərdi. Ucsuz-bucaqsız yerlər türklərin idi. Təbiət harada verimliydisə, orada da köç salırdılar. Ancaq tayfa daxili mənəvi əlaqə heç vaxt qırılmırdı. Yaratdıqları ölməz ruh, adət-ənənə həmişə qalarqı olurdu. Köçürülmə isə zorakılıqdır, eli dağıdır, illərlə, bəlkə də əsrlərlə yaratdığı mənəvi qidanı məhv edir. Bəlkə də ailə əxlaqına toxunmursa da, digər mənəvi dəyərlər üçün dağıdıcıdır.

Deyirlər, dənizçilər və qarılar düşər-düşməzə hədsiz inanan olurlar. Torpaq istinad nöqtəsidir, dənizə çıxarkən dəniz adamları onu itirirlər. Köçürülmüş adamların istinad nöqtəsi olmur. Məsəl var, deyirlər, hər daş öz yerində ağırdır. Köçürülmüşlərə-başlarına gələcək yuxusunu qabaqcadan görmüş adamlara tale nə vaxtsa yaxşı gün qismət edəcəkdir, ancaq onlar itirdiklərini itiriblər. Necə ki, bir şər qovuşanda, bir kəndin qırağında köç salmış qaraçı köçündən, qaraçı qızının kədərli nəğməsi səslənir. Onlar dağdan aranamı gedirlər, yoxsa arandan dağamı? Onların da Dankosu görəsən ürəyini çıxarıb, işıq saçan qəlbini başının üstündə tutub qaranlıq cəngəlliyə, köç yoluna işıq salacaqmı? Bütün bunlar bir yana, səhər açılanda qaraçı qızları pullu boyunbağılarını cingildədə-cingildədə oynadıb, camaatı əyləndirib rəqs edəcəcək, yəqin kimsə daş və təzək də atacaq, əyləncə qurtarana yaxın fitə basıb, köçü yerindən oynadacaqlar.

Silsilə köçürülmələrin türklərin taleyi, o köçlərin türkün yaşam tərzindəki izləri barədə nələrsə deməyə cəhd etdiyimiz bu yazını elə dahi Tolstoyun sözlərilə də tamamlamaq yerinə düşər: “Sanki onun bədəninin bir hissəsini qopartmış, içalatını çölə tökmüş, qollarını vurub yerə salmış, gözlərini çıxartmışdılar... Lakin o hələ də sağdı...”

Geri dön