Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Mübariz, sən Nitşenin fəlsəfəsini darmadağın etdin.
Mübariz, sən Nitşenin fəlsəfəsini darmadağın etdin. |
Sən, "Allah da var, onun görüşünə getmək üçün ölümü qəbul edənlər də", - dedin
“Hətta restoranlarda bir milyon dollarlıq hesab verməsilə qürurlanan yekəbaş nazir oğlanları, arsız sevgi qəhrəmanları belə sənin kimi Milli Qəhrəmanın yetişməsini bəlkə də özlərindən asılı olmadan, şüuraltı olaraq gözləyirdilər” Milli Qəhrəman Mübariz İbrahimovun ruhuna Bu yazını əslində iki gün öncə - sənin ölməzliyə qovuşduğun gecə, iyunun 18-dən on doqquzunua keçəndə yazmışam, sadəcə indi yayınlayıram. Niyə tələsim ki? İndi onsuz da hamı səndən yazır, səndən danışır, sənin nakam ölümünə yandığını bəyan edir, səninlə qürur duyduğunu bildirir. Biri mükafat almaq umurundadır, maddi divident götürmək istəyir, ikincisi palaza bürünüb ellə sürünür, ictimai rəyi udmaq, mənəvi divident almaq istəyir, üçüncüsü sadəcə başını başlara qoşur... Əlbəttə ki, aralarında sənə ürəkdən yananlar da var. Amma şəninə yazılan çoxsaylı yazılar, şeirlər, hekayələr, şərəfinə qoşulan mahnılar, qəhrəmanlığından bəhs edən televerilişlərdə ən vacib bir məsələyə toxunulmur ki, toxunulmur. Axı necə oldu ki, sən zühur etdin? Bəlkə də bunu çoxları bilir, amma hər halda nə yazılı, nə də şifahi olaraq bu sualın cavabını heç kəsdən eşitməmişəm. Hər xalqın diktatoru da, qəhrəmanı da, şairi də, dilənçisi də onun özünə bənzəyir, onun arzularını ifadə edir, onun bağrından qopur, onu təcəssüm etdirir. Şah İsmayıl XVI əsrdə Azərbaycan xalqının Mehdi Sahibəzzman haqqındakı çoxəsrlik arzularını realizə etmək iddiası ilə zühur etmişdi. Füzuli müsəlman Şərqinin çoxəsrlik allah axtarıcılığının ifadəçisi idi. Sabirin ürəyi xalqımızın çoxəsrlik ağrı-acılarının üzə çıxması üçün bir episentr rolu oynadı. Heydər Əliyev qaranlıq 90-cı illərdə xalqın yeni xilaskar axtarışının təcəssümü kimi peyda oldu. Sən iyirmi ildən bəri haqsızlıqdan səbir kasası daşan Azərbaycanın üsyanı, etirazı, hirsi-hikkəsi kimi doğuldun! Ölümünə qədər sən sadəcə iyirmi iki yaşlı bir gənc idin! Gözlərindən heç vaxt silinməyən məğrur bir kədər boylanan, əzələlərindən qan fışqıran bir gənc! Ölümündən sonra doqquz milyona çevrildin! Ölənəcən anan Biləsuvarın Əliabad kəndində indi də adın gələndə dodaqları titrəyən Şamama idi, ölümündən sonra isə müqəddəs nəşini qiyamətə qədər öz bağrına basan Azərbaycan oldu anan! Sən öz şəhadətinlə sadəcə Ağakərim kişiylə, Şamama xanımın yox, bir xalqın oğlu olduğunu göstərdin! Sənin şəhidliyini bəlkə də ən az arzu edən ürəkləri ömürlük qan ağlayacaq doğmaların idi. Necə qan ağlamasın?! İllər keçəcək, sən hamı üçün adın verilən küçələrə, məktəblərə, şəninə qoşulacaq şeirlərə, mahnılara, haqqında yazılan romanlara, qəhrəmanlığından bəhs edən filmlərə, təntənəli yığıncaqlara, alqışlardan qulaq tutulan tədbirlərə, nağıla, dastana, mifə, əfsanəyə çevriləcəksən. Təkcə anan Şamama, atan Ağakərim, qardaşın Bəhruz üçün özün olaraq qalacaqsan. Bunu sən də bilirdin. Ona görə anan Şamamayla analar anası Azərbaycanın arasında qalmışdın. Heysiyyəti tapdalanan, haqqı əlindən alınan, sözü eşidilməyən Azərbaycanın içində iyirmi il idi ki, bir qəzəb vulkanı yetişirdi. Bəs deyilmi? Bu qədər haqsızlığa, ATƏT riyakarlığına, çeşid-çeşid sammit oyunbazlıqlarına, ingilis-amerikan fəndlərinə, rus yekəbaşlığına, erməni əclaflığına nə qədər dözmək olar? Böyük anan Azərbaycan düz iyirmi il idi ki, bu şəhadətə təşnə idi. O bunu istəyirdi, o bunu gözləyirdi. Hətta restoranlarda bir milyon dollarlıq hesab verməsilə qürurlanan yekəbaş nazir oğlanları, Milli Parkın arsız sevgi qəhrəmanları belə sənin kimi Milli Qəhrəmanın yetişməsini bəlkə də özlərindən asılı olmadan, şüuraltı olaraq gözləyirdilər. Kimsə ata-anasının sinəsinə ömürlük dağ çəkib anam Azərbaycanın yanan ürəyinə su çiləməliydi! Tale bunun üçün səni seçdi. Göylər öz hökmünü verdi!!! Amma Allah ən böyük demokratdır, ölüm-qalım seçimini sənin öz öhdənə buraxdı. Sən taleyin bu seçiminə səs verdin. Hələ böyüyüb lay divar kimi bir igid olmamışdan, bir məktəbliykən, ağlınla yox, ruhunla səs verdin bu seçimə. Qurban gedəcəyinə and içdin! Bunu bir Allah bildi, bir də özün! Gecə-gündüz ağır idman daşlarını əlindən yerə qoymadın, özünü bu şəhadətə cismən hazırladın! Gecə-gündüz Allaha ibadətindən qalmadın! Özünü bu şəhadətə mənən, ruhən hazırladın! Qurbanlıq seçilməsinə dair Allahın hökmünü səmimi bir itaətlə qarşılayan İsmayıl kimi... Koroğlu beş əsrdir deyir ki, “tüfəng çıxandan sonra” qəhrəmanlıq erası başa çatıb, qəhrəmanlıq ölüb. Sən bu mifi dağıtdın. Yeni bir mif, yeni bir dastan yaratdın, Mübariz dastanı! Nitsşe yüz ildir özünü öldürür ki, “Allah ölüb”! Sən Allaha olan sevgin, imanın və bu iman yolundakı ölümünlə indi çox dəbdə olan nitsşebazlığı darmadağın elədin, “Allah da var, onun görüşünə getmək üçün ölümü qəbul edənlər də”, - dedin. Nitsşenin imansız döyüşkənlik, allahsız mübarizəbazlığı qarşısına öz mübarizliyinlə çıxdın! Tay-tuşların Milli Parkda qız görüşünə tələsdilər, sən Milli Qəhrəmanlığa! Kimi şöhrət, kimi sərvət dalınca qaçdı, çoxları yaşamağa getdi! Kimi şöhrətsizlikdən, sərvətsizlikdən intihar etdi, azları ölümə getdi! Təkcə sən yaşamadın, təkcə sən ölməzliyə getdin! Çoxları öz ailəsinin belə qeyrətini çəkə bilmir. Sən - iyirmi iki yaşlı bir gənc bütöv bir millətin qeyrətinə boğuldun! Sənin ürəyinin bir parçası Azərbaycan bayrağının göy rəngidir! Allah, din, Quran, haqq adı gələndə çoxları daş atıb başını tutur, elə bil atalarına söyürsən. Sən allah eşqini ata-anadan, dünyadan, ömürdən üstün tutdun! Sənin ürəyinin ən uca zirvəsində Azərbaycan bayrağının yaşıl rəngi cilvələnir! Sənin müqəddəs qanın Azərbaycan torpağına töküldü! Azərbaycan bayrağının qırmızı rəngi sənin qanındır. Sən Azərbaycanın başı üstündə əbədi dalğalanacaq bir qəhrəmanlıq bayrağısan! Sən doğulanda yaxınların sənə bu iki addan birini vermək istədilər: ya Müqəddəs, ya Mübariz! Sonra Mübarizin üstündə durdular. Sən bu iki adın hər ikisini doğrultdun! Həyatınla Mübariz, şəhidlik zirvəsinə ucalmaqla Müqəddəs adını! Yerin Behişt olsun sözü artıqdır. Çünki onsuz da Ordasan! Rəhmət diləmək də yersizdir. Çünki Haqqın Rəhməti şəhidlərin üstündədir. Qoy Böyük Allah sənə xatir öz mərhəmətini qurban getdiyin Azərbaycandan əsirgəməsin! Amin!!! P.S. Eşitmişəm, sənin haqqında buraxılan kitab hesabına Biləsuvarda başını açıb alver eləyən, əməlli-başlı pul qazananlar var. Ata-anana ölümqabağı məktubunda “İbadətinizdən qalmayın, çoxlu sədəqə verin”, - deyə yazırsan. Səni görməsəm də, səni görürəm, inanıram ki, bu dünyada bir dilənçinin də yanından özünü görməzliyə vurub keçməmisən. Çünki hətta ölümündən sonra da dilənçilərə sədəqə paylamaqda davam edirsən… Əsəd Cahangir Geri dön |