Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkmənistan Dayanıqlı nəqliyyat üzrə qlobal konfrans keçirmək niyyətindədir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Türkmənistan Dayanıqlı nəqliyyat üzrə qlobal konfrans keçirmək niyyətindədir

Türkmənistan Dayanıqlı nəqliyyat üzrə qlobal konfrans keçirmək niyyətindədir


Türkmənistan Aşqabadda və ya “Avaz” milli turizm zonasında Dayanıqlı nəqliyyat üzrə qlobal konfrans keçirilməsi təşəbbüsünü irəli sürüb.

Bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev yanvarın 24-də səfirlikdə keçirilən mətbuat konfransında bildirib. Mətbuat konfransı BMT Baş Məclisinin 72-ci sessiyasının 74-cü iclasında Türkmənistanın təşəbbüsü ilə “Dayanıqlı inkişaf sahəsində məqsədlərin əldə edilməsi üçün bütün nəqliyyat növləri arasında əlaqələrin möhkəmləndirilməsi” qətnaməsinin qəbul edilməsinə həsr olunub.

Səfir xatırladıb ki, BMT Baş Məclisi barəsində danışılan yeni redaksiyanın qəbul edilməsi zamanı Türkmənistanın təşəbbüsü ilə daha əvvəl qəbul edilmiş 2014-cü il 19 dekabr tarixli “Dayanıqlı inkişaf məqsədi ilə beynəlxalq əməkdaşlığın təmin edilməsində nəqliyyat və tranzit dəhlizlərinin rolu” və 2015-ci il 22 dekabr tarixli “Dayanıqlı multimodal tranzit dəhlizlərinin yaradılmasına dəstək məqsədi ilə nəqliyyatın bütün növləri arasında hərtərəfli qarşılıqlı fəaliyyətin təmin edilməsi yolunda” qətnamələrinə istinad edib.

Səfir deyib ki, nəqliyyat və logistika sahəsində böyük potensialı olan Türkmənistan bir sıra iri beynəlxalq və regional layihələrin təşəbbüskarıdır. Bu layihələrin həyata keçirilməsi Mərkəzin Asiya ölkələri ilə qonşu regionlar arasında ticari-iqtisadi əməkdaşlığı müasir səviyyəyə yüksəltməyə, perspektivli regionlararası əlaqələrə güclü təkan verməyə, Mərkəzi Asiya, Xəzər dənizi, Qara dəniz və Baltik dənizi regionlarını, Orta və Yaxın Şərqi, Cənubi və Cənub-Şərqi Asiyanı birləşdirən yeni geoiqtisadi məkanın arxitekturasının təməlini qoymağa imkan verəcək.

Türkmənistanla Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlığın böyük perspektivləri olduğunu bildirən diplomatın fikrincə, bu il Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və Türkmənbaşı Beynəlxalq Ticarət Limanının açılması sayəsində yükdaşımaların həcmi və coğrafiyası dəfələrlə genişlənəcək. Səfir deyib: “Ölkələrimiz çox əlverişli coğrafi mövqedə yerləşir. Onların ərazisindən nəqliyyat dəhlizləri, o cümlədən Böyük İpək Yolu keçir. Ölkələrimizin gələcək planlarını nəzərə alaraq deyə bilərik ki, nəqliyyat sahəsində Türkmənistan-Azərbaycan əməkdaşlığı daha da inkişaf edəcək”.

Səfir “Lyapis Lazuli” layihəsinin həyata keçirilməsi ilə bağlı AZƏRTAC-ın sualına cavab verərkən xatırladıb ki, tranzit və nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanıb. Bu layihəni həyata keçirmək regionun iqtisadi inteqrasiyasını yüksəltmək və ticarətin həcmini xeyli artırmaq məqsədi daşıyır. Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə “Lyapis Lazuli” Beynəlxalq Nəqliyyat Dəhlizi yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar açır. Eyni zamanda, həmin nəqliyyat dəhlizi Mərkəzi və Cənubi Asiya, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi hövzələri regionlarını əhatə edən geniş geoiqtisadi məkanda əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Mekan İşanquliyev fikrini bu sözlərlə tamamlayıb: “Hazırda layihənin iştirakçısı olan ölkələr arasında danışıqlar gedir. Zənnimcə, onun reallaşdırılmasına yaxın vaxtlarda başlanacaq”.

Türkmənistan səfirliyinin birinci katibi Batır Rəcəbov da mətbuat konfransında çıxış edərək, ölkəsinin nəqliyyat layihələrindən, müasir nəqliyyat-tranzit logistika infrastrukturunun yaradılmasından, Türkmənistanın nəqliyyat siyasəti sahəsində BMT-nin ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlığından danışıb.

Geri dön