Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Gənclər səhv etməkdən qorxmasınlar, əzmkar olsunlar” - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > “Gənclər səhv etməkdən qorxmasınlar, əzmkar olsunlar” - MÜSAHİBƏ

“Gənclər səhv etməkdən qorxmasınlar, əzmkar olsunlar” - MÜSAHİBƏ


Modern.az Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı direktoru Nurxan Babayevlə müsahibəni təqdim edir.

- Öncə özünüz haqqında məlumat verərdiniz.

- Mən Nurxan Babayev 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2001-2004-cü illərdə Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində 5 saylı orta məktəbdə, 2004-2012-ci illərdə isə Bakının 43 saylı liseyində təhsilimi davam etdirmişəm. 2012-ci ildə liseyi əlaçı attestatı ilə bitirərək “İlin ən yaxşı şagirdi” adına layiq görülmüşəm. Həmin ildə 584 bal toplayaraq Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) neft-qaz mühəndisliyi ixtisasına qəbul oldum. 2016-cı ildə isə ADA Universitetinin İctimai-siyasət magistr proqramına qəbul olmuşam və hal-hazırda II kursda təhsil alıram. Bununla yanaşı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Təşkilatı işlər üzrə icraçı direktoru, ADA Universitetinin Magistr-Tələbə Hökumətinin Prezidenti və Avropanın Azərbaycanda Gənc Səfiri kimi fəaliyyət göstərirəm.

- Gənclər siyasətində yaxından iştirak edən bir gəncsiniz. Bu sahədə əvəzsiz uğurlarınız var. Siz bir çox gənclərə örnəksiz. İctimai fəallığınız haqqında söz aça bilərsizmi?

- İctimai fəaliyyətimə məktəb illərindən başlamışam. 2010-cu ildə təhsil aldığım liseyin şagird komitəsinin rəhbəri olaraq ictimai fəaliyyətə başlamışam. Bu günə qədər 30-a yaxın beynəlxalq forumlarda, elmi konfranslarda, seminarlarda ölkəmizi təmsil etmişəm. 2016-cı ildə ictimai fəaliyyətdə göstərdiyim nailiyyətlərə görə 2 fevral - Gənclər Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən mükafata layiq görüldüm. 2017-ci ilin iyun-avqust aylarında Vaşinqtonda Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən səfirliyində təcrübə keçmişəm. Bir çox yerli və beynəlxalq layihələrin təşkilatçısı və təşkilat komitəsinin üzvü olmuşam. Bunlara misal olaraq: Youtvision 2016, 2017 Beynəlxalq Mahnı Müsabiqələrinin layihə rəhbəri, “VII və VIII Xəzər neft-qaz nəqliyyat konferensiyasın”ın, Avropa Tələbələr Birliyinin idarə heyətinin 67-ci iclası, "47-ci Beynəlxalq Kimya Olimpiadası", AMOR-un 2014, 2015, 2016-cı illərdə təşkil etdiyi Rusiyalı Gənclərin Azərbaycana səfəri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin 6-cı forumu və digər böyük tədbirlərin təşkilat komitələrinin, "Serj Sarkisyan-hərbi cinayətkar" 100 000 imza toplama aksiyasının, «Böyük qələbə gününə son 15 gün» 2014-2015-ci illər üzrə Beynəlxalq aksiyasının koordinatoru və s. göstərmək olar.

- Magistr təhsil pilləsinə yüksəlmisiniz. ADA-da aldığınız təhsil mühiti haqqında söhbət açardız?

- Bakalavr pilləsinin son illərində magistr təhsilimi xaricdə davam etdirməyi düşünürdüm, hətta Avropanın iki tanınmış ali məktəbinə də qəbul olmuşdum, lakin bir neçə dostum ADA Universitetini məsləhət gördü və bir az araşdırma aparandan sonra qərara qəldim ki, ADA-da olan təhsil, imkanlar, resurslar, professorlar dünyanın əksər orta səviyyəli təhsil müəssisələrindən daha üstündür. ADA Universiteti Azərbaycanın brendidir, burada tələbənin təhsili və inkişafı üçün istənilən şərait yaradılmışdır, müasir standartlara cavab verən tələbə şəhərciyi, ölkədə ən zəngin xarici dilli kitabxana, ümumilikdə tələbə həyatının təşkili, təhsil sistemi, tələbə-müəllim münasibəti və digər imkanlar məhz ölkənin gələcək liderlərinin, siyasətçilərin, diplomatların yetişdirilməsi üçün çox gözəl bir məkandır. ADA Universitetində artıq sonuncu semestrdə təhsilimi davam etdirirəm və heç də peşman deyiləm ki, ADA-nı seçdim, bura mənə çox şey qazandırdış 7 illik ictimai fəaliyyətdə qazandığım praktiki bilikləri İctimai siyasət ixtisası üzrə təhsil alaraq, nəzəri biliklərlə zənginləşdirdim. Elmi təcrübəmi Vaşinqtonda Azərbaycan Respublikasının ABŞ-da fəaliyyət göstərən səfirliyində uğurla keçdim, 1 il universitetin Tələbə Hökumətinin rəhbəri oldum və digər faydalı vərdişlərlə özümü daha da inkişaf etdirdim.

- Bir neçə beynəlxalq təbirlərdə ölkəmizi və gəncliyimizi təmsil etmisiniz.

- Qeyd etdiyim kimi, bu günə qədər 30-a yaxın beynəlxalq forumlarda, elmi konfranslarda, seminarlarda ölkəni təmsil etmişəm. Həmişə çalışmışam ki, ölkəmizin maraqlarını müdafiə edərək Azərbaycanımıza layiqli bir gənc kimi ölkəmizi təmsil edim. İştirak etdiyim tədbirlərin bir neçəsini qeyd etmək istərdim: “MDB ölkələrinin tələbə liderlərinin Sammiti”, "Zirvə" beynəlxalq gənclər forumu, "Xəzəryanı ölkələri gənclərinin Sammiti", “Avrasiya Gənc Liderlərinin Forumu”, “XIX Dünya Tələbə və Gənclər Forumu”, "Qeyri-formal təhsildə gənclərin inkişafı" beynəlxalq konfrans, "Davamlı inkişaf və yaşıl maliyyə" Beynəlxalq elmi konfrans və s. Tam səmimi olaraq bir neçə dəfə qarşılaşdığım bir hadisəni qeyd etmək istəyirəm. Hər zaman ölkəmizi təmsil edəndə, digər ölkələrə Azərbaycanda gənclər üçün həyata keçirilən layihələr, imzalanan sərəncamlar, yaradılmış imkanlar haqqında danışarkən onlarda qısqanclıq hislərinin yarandığını hiss etmək mənim üçün çox qürurverici olur və həqiqətən də Azərbaycan gənclər siyasəti bir çox ölkələrə nümunə olacaq səviyyədədir. Bu səfərlər zamanı bir çox uğurlar qazanmışam, məsələn, Moskva Dövlət Universiteti, Belarusiya Dövlət Universiteti və Dağıstan Dövlət Universitetinin fəxri fərmanlarına layiq görülmüşəm. Həmçinin üç dəfə beynəlxalq elmi konfransda birinci yerə layiq görülmüşəm, bir çox səfərlərimdə təlimçi, gənclər sahəsi üzrə ekspert qismində çıxışlar etmişəm. Ən böyük uğurlarımdan biri isə, düşünürəm ki, 2017-ci ilin yanvar ayında “Azərbaycanın Multikulturalizm modeli və erməni vandalizmi” adlı məqaləmin 21 ölkənin 44 sayt, jurnal, qəzetində 8 dildə dərc olunmasıdır.

- Sizin bir gənc kimi fəaliyyətinizdə ATGTİ-nin rolu danılmazdır.

- Bildiyiniz kimi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkəmizin ən böyük tələbə təşkilatıdır. 40 mindən çox üzvü olan İttifaq 98 Ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarını birləşdirir. ATGTİ mənim ictimai fəaliyyətimin ən böyük və əvəzolunmaz hissəsini təşkil edir. 9 yaşı olan təşkilatın son 6 illik uğurlarında pay sahibi olmuşam. Əvvəlcə təhsil aldığım Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatında müxtəlif vəzifələrdə çalışmışam və daha sonra ATGTİ-nin icra aparatında çalışmağa başlamışam. Hal-hazırda ATGTİ-nin Daxili işlər üzrə icraçı direktoru vəzifəsində çalışıram və ümumilikdə 100-ə yaxın yerli və beynəlxalq layihənin icrasında yaxından iştirak etmişəm.

- Gənclər sektorunda fəaliyyət göstərən bir gənc kimi bugünkü gənclik sizi qane edirmi? Gənc dostlara nə arzulayırsınız?

- Azərbaycan gəncliyi, sözün əsl mənasında, inkişaf dövrünü yaşayır. Ölkə başçısı tərəfindən aparılan uğurlu siyasət cəmiyyətimizin bütün sahələrində olduğu kimi, gənclərin də inkişafına böyük təkan verir. Dövlətimiz tərəfindən gənclərin bilik səviyyə və bacarıqlarının artırılması, onların potensialının aşkara çıxarılması, cəmiyyətdə layiqli yer tutmalarının təmin edilməsi istiqamətində lazımi işlər görülür. Cənab Prezidentin ötən il “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramını təsdiq etməsi bu istiqamətdə atılmış növbəti uğurlu addımdır. Düşünürəm ki, yaradılmış şəraitdən istifadə edən gənclərin sayı az deyil, əlbəttə, biz də gənclər təşkilatları olaraq təbliğatı hər il genişləndiririk və daha çox gəncin yararlanmasını təmin edirik. Bugünkü gənclik inkişafa meyilli, bilikli, vətənpərvər, dünyagörüşlü və çalışqandır.Universitetlərdə mütəmadi olaraq, keçirdiyimiz sorğular nəticəsində qeyd edə bilərəm ki, təhsil müəssisələrində ictimai fəal tələbələrin faizi ildən-ilə artmaqdadır və təxminən 15%-ə yaxınlaşır, bir çox Avropa ölkələrində isə bu faiz qat-qat aşağıdır. Həmçinin son illər ölkəmizdə baş tutan “Bakı 2015” ilk Avropa Oyunları, Formula 1 yarışları, IV İslam Həmrəyliyi Oyunlarının da uğurla həyata keçirilməsində minlərlə könüllünün böyük əməyi olub və biz də İttifaq olaraq buna dəstək olmuşuq. Gənc dostlarımıza isə cansağlığı, gümrah olmağı, arzuladıqları bütün zirvələrə çatmağı arzulayıram, hər birinin gələcəyi parlaq olsun. Ən əsası təhsillərinə diqqətli yanaşsınlar, təhsillə yanaşı, asudə vaxtlarını səmərəli təşkil etsinlər, ictimai fəaliyyətlə məşğul olsunlar, özlərini daim inkişaf etdirsinlər. Məşhur Deyl Karneginin bir deyimi vardır: “Müvəffəqiyyətli insan səhvlərindən faydalanacaq və başqa bir şəkildə yenidən cəhd edəcək”. Odur ki, səhv etməkdən qorxmasınlar, əzmkar olsunlar və bilsinlər ki, hər bir uğurun açarı səbir və əziyyətdir, çəkilən hər bir əziyyət tez-gec öz bəhrəsini verəcək.


Söhbəti qələmə aldı: Mahmud Əyyub

Geri dön