Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert təşkil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert təşkil olunub

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert təşkil olunub


İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəqs ansamblı tərəfindən geniş konsert proqramı təşkil olunub. “Mənim Azərbaycanım” adlı konsert proqramında milli rəqslərimiz, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli balet təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilib. Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rusiya Federasiyasının Xalq Artisti, tanınmış xoreoqraf Dikalu Muzakayevdir.

Əvvəlcə torpaqlarımızın bütövlüyü, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin dövlət himləri səsləndirilib.

Konsertin aparıcısı Azərbaycan Respublikasının dövlətçilik tarixi, keçdiyi ağır, üzüntülü lakin şərəfli və şanlı həyat yolu, müasir dövrdə dövlətimizin əldə etdiyi böyük nailiyyətlər barədə geniş məlumat verib.

Daha sonra Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencanın çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, keçmiş sovetlər birliyi dövründə ölkəmizdə mövcud olan ictimai-siyasi proseslər və Türkiyə ilə münasibətlərdə yaranan məhdudiyyətləri ortaya çıxaran amillər, nəhayət XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası ilə yenidən gerçəkliyini qoruyan Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Qeyd edilib ki, Türkiyə dövlətinin qurucusu, qazi Mustafa Kamal Atatürk və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətləri əsrlərboyu xalqlarımız tərəfindən ehtiramla yad olunacaq. Diqqətə çatdırılıb ki, müasir dövrdə Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğu və qardaşlığı sayəsində ölkələrimiz sürətlə inkişaf etməkdədir. Ölkələrimiz və xalqlarımız tarixin bütün dövrlərində olduğu kimi indi də həmişə bir-birinin yanındadır.

Konsertdə Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən bir-birindən maraqlı anlar yaşanıb. “Gənclik”, “Qaytağı”, “Bahar”, “Toy” və digər maraqlı rəqslər tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Fasilədə Azərbaycan Respublikasının müasir inkişafını, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların böyük nəticələrini, əsrarəngiz təbiət gözəlliyini və tarixi abidələri əks etdirən sənədli film nümayiş olunub.

Bədii rəhbər Dikalu Muzakayev əminliklə bildirib ki, 30 il əvvəl Türkiyəyə səfər edən Azərbaycan Dövlət Filarmoniyasının Rəqs Ansamblı bir daha heç zaman səfərinə bu qədər uzun fasilə verməyəcək.

Konsert salonunda tamaşaçılar arasında Azərbaycanın İstanbuldakı Baş konsulluğunun kollektivi, Türkiyənin tanınmış mədəniyyət xadimləri, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də olublar.

Sabir Şahtaxtı

Geri dön