Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Akif Əlizadə: “Azərbaycanda şiddətli zəlzələ gözlənilmir, ancaq yer qabığında gərginlik artır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Akif Əlizadə: “Azərbaycanda şiddətli zəlzələ gözlənilmir, ancaq yer qabığında gərginlik artır”

Akif Əlizadə: “Azərbaycanda şiddətli zəlzələ gözlənilmir, ancaq yer qabığında gərginlik artır”


Azərbaycan Milli Elmlər Akademiyası (AMRA) Rəyasət Heyətində ölkə ərazisinin müasir geodinamik vəziyyətinə dair mətbuat konfransı keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun direktoru Akif Əlizadə deyib ki, ABŞ və Azərbaycan alimləri Kür ovalığının şimalında (Böyük Qafqaz sıra dağlarının cənub yamacında) və Abşeron yarımadasının cənubunda yer qabığının deformasiyaya uğradığını müşahidə edirlər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutu ilə ABŞ-ın Massaçusets Texnoloji İnstitutu (MTİ) 1998-ci ildən başladıqları kosmik tədqiqatların hazırkı mərhələsində belə qənaətə gəliblər ki, qeyd edilən ərazilərdə böyük gərginlik toplanır.
GPS (kosmik yertəyinetmə sistemi) vasitəsi ilə aparılan tədqiqatlar Azərbaycan ərazisinin müasir geodinamik şəraitini və zəlzələ ehtimalını müəyyənləşdirmək istiqamətində köklənib. Məsul icraçılar Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov və MTİ-nin professoru Robert Reylingerdir.
Azərbaycan ərazisində bu geodinamik vəziyyət Geologiya İnstitutu, MTİ, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP, Respublika Seysmoloji Xidmət Mərkəzi və digər aidiyyəti təşkilatların mütəxəssisləri ilə müzakirə edilib. Məruzələrdə tarixən seysmik aktiv region olan Qafqazın müasir geodinamik şəraitinin mürəkkəbliliyi və daim deformasiyalara məruz qalması əksini tapıb. Alimlər Azərbaycan və ətraf ərazilərdə apardıqları GPS tədqiqatları ilə müşahidə ediblər ki, Ərəbistan plitəsi Qafqaz ərazisini sıxır və deformasiyalara məruz qoyur. Odur ki, Azərbaycanın şərqində, daha dəqiq, Bakı ətrafında yer qabığında deformasiya enerjisinin toplanması prosesi müəyyən edilib. Ehtimal olunur ki, proses bu cür davam edərsə, qarşıdakı illərdə regionda zəlzələ riski bir qədər də arta bilər. Əhalinin və neft infrastrukturunun sıxlığı, həmçinin geoloji quruluş nəzərə alınarsa, zəif deformasiyaların və orta güclü zəlzələlərin də müəyyən zərərlərə səbəb ola biləcəyi mümkündür: “Bizim 36 CPS tədqiqat stansiyamız var. Yaponiyada belə stansiyaların sayı minlərlədir. Proqnozlarda dəqiqlik üçün stansiyaların sayının artırılmasına ehtiyac var. Biz də stansiyalarımızın sayını artıracağıq”.
A. Əlizadə bildirib ki, Azərbaycanın geodinamik şəraitinin ən son durumu barədə “Springer” nəşriyyatının dünya nüfuzlu “Natural Hazard” elmi jurnalında “Kinematics of the Caucasus near Baku, Azerbaijan” (Şərqi Qafqaz, Bakı ətrafının kinematikası) adlı məqalə dərc olunub. Məqalənin müəllifləri Azərbaycan və ABŞ alimləridir. Onlardan R. Reylinger və digər amerikalı mütəxəssis Mayk Floyd MTİ-nin xəbərlər saytına mövzu barədə müsahibə veriblər: “Təəssüf ki, burada deyilənlər Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində yanlış şərh edilib və ölkədə güclü zəlzələnin gözlənildiyi bildirilib. Halbuki həmin müsahibədə aydın şəkildə yazılıb: “It doesn’t take a gigantic earthquake”. Yəni “bu, çox güclü zəlzələnin baş verəcəyi demək deyil”. Bu isə sadə əhalidə həyəcana və elm cəmiyyətinin narazılığına səbəb olub”.
A. Əlizadə bildirib ki, həmin məqalədə müəlliflər zəlzələ proqnozu vermirlər. Orada sadəcə GPS monitorinqinin nəticələri əsasında Abşeron yarımadası və ətrafında güclü enerjinin toplandığı qeyd edilir. Onun sözlərinə görə, burada müşahidə edilən gərginliyin zəlzələlərə səbəb olacağını söyləmək bu gün mümkün deyil: “Geologiya İnstitutunun alimləri məsələ ilə əlaqədar yanlışlığa yol verən yerli KİV-lərə elmi əsaslı hadisələri dəqiq araşdırmağı, məsuliyyətlə təhlil etməyi və cəmiyyətdə təşviş yaratmamağı tövsiyə edir”.
A. Əlizadə ölkədə şiddətli zəlzələ gözlənilmədiyini söyləyib: “Bəlkə də şiddətli zəlzələ gözlənilmir, ancaq gərginlik artır”.

Geri dön