Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ

Fərəc Quliyev Ramil Səfərovla bağlı kampaniyanın qarşısını niyə alıb? - MÜSAHİBƏ


FƏRƏC QULİYEV: «BÜTÜN QANUNSUZLUQLARI MƏQBUL SAYMIŞAM»

«MÜBARİZƏ APARMIŞAM, 7 İL 6 AY HƏBSDA OLMUŞAM. YƏNİ, MƏN QORXAN ADAM DEYİLƏM»


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə müsahibə Milli Məclisin foyesində baş tutdu. Söhbətə Fərəc bəyin rəhbərlik etdiyi partiyanın, daha doğrusu, neçə illərdik hərəkat kimi fəaliyyət göstərən, bir ildir partiya statusu alan təşkilatın işləri və onun cəmiyyətə verdiyi töhfələrdən başladıq. Söhbətin ardı Fərəc Quliyevin həbsxana həyatına, həbsxanadan parlamentə gələn yola və digər məsələlərə həsr olundu.
- Biz hərəkat olaraq 2003-cü ildən fəaliyyət göstəririk. 2005-ci ildə qurultay keçirib təşkilatlanmışıq. Hazırda strukturda heç bir dəyişiklik yoxdur, əvvəlki kimi fəaliyyətdəyik. Təbii ki, Azərbaycan qanunvericiliyinə görə, hərəkat kimi qeydiyyatdan keçə bilməzdik. Ona görə də, partiya sisteminə keçmək qərarına gəldik. Amma strukturumuz öz yerində qaldı. Başqa partiyalardan fərqli olaraq, bizdə departament strukturu fəaliyyətdədir. Problemlərə adekvat davranış nümayiş etdirmək üçün bu sistemi qurmuşuq. Bizim partiyanın Borçalı, Güney Azərbaycan, Qərbi Azərbaycan, Dərbənd, Bakı və ətraf kəndlər departamentləri mövcüddür. Elə bir sistem qurmuşuq ki, hamı hansısa məsələ ilə bağlı bütün işlərə cəlb olunur.
- Gəlin bir az konkretləşdirək. Bu gün Milli Dirçəliş Hərəkatı Partiyası Azərbaycan cəmiyyətinə nə verib?
- Desək ki, başqa partiyalardan az fəaliyyət göstəririk və ya az töhfə veririk, bu, doğru olmaz. Və yaxud, biz desək ki, imkanlarımızın hamısını reallaşdıra bilirik, bu da doğru olmaz. Məlum səbəblərdən, daha çox da maliyyə imkanlarının azlığından bütün imkanlarımızı, potensialımızı tam aça bilməmişik. Amma ən azından bizim «Davam» qəzetinin və davam.az saytının vasitəsilə Azərbaycanda bir düşüncənin hakimiyyətə gətirilməsi üçün çalışırıq. İstəyirik ki, qütbləşmədən imtina olunan birləşmə sisteminə keçək, bütün resurslarımızı səfərbər edərək bir güc mərkəzində birləşək. Burada bəziləri liderini, bəziləri təşkilatı, biz isə düşüncəni lider götürürük və bu düşüncə sisteminin də Azərbaycana xidmət etməsini düşünürük. Burada strateji məqsəd ondan ibarətdir ki, hakimiyyətlər nə qədər dəyişirsə dəyişsin, hədəflər, ideya müəyyən olunsun və kim hakimiyyətə gəlirsə, yarımçıq qalan yerdən bu işi davam elətdirsin. Məqsəd bu olmalıdır. Yəni, ideologiyalar dəyişkən ola bilər. İdeologiya bir mexanizmdir. Amma milli ideya dəyişə bilməz. Çünki bu bir hədəfdir. Bizim üçün milli ideya tarixi-coğrafi ərazisində bütöv Azərbaycan qurmaqdır. Biz bunu ədalətli status-kvo hesab edirik. Əlbəttə, bu, mərhələlərlə həyata keçiriləsi bir şeydir. Çalışırıq ki, Azərbaycanda hamı hansı məqsədə qulluq etməsindən asılı olmayaraq, son hədəf olaraq milli hədəfi əsas götürsün. Bizim partiya olaraq cəmiyyətə verdiyimiz töhfə bundan ibarətdir ki, daha çox düşüncənin hakim olmasına çalışırıq və müəyyən qədər də buna nail olmuşuq.
- Bu çox yaxşıdır. Amma milli ideologiyadan söhbət gedirsə, bunu təkbaşına bir partiya həyata keçirə bilməz. Gücü çatmaz. Başqa hansısa qüvvələrlə əməkdaşlıq edirsinizmi?
- Bəlkə də, çoxlarına qəribə gələcək, amma bizim yanaşmamız tamam başqadır. Bizim üçün fikrin kim tərəfindən deyilməsi əsas deyil. Bizim üçün əsas hansı fikrin deyilməsidir. Hakimiyyətdə, müxalifətdə, bitərəf olmasından asılı olmayaraq, hətta xaricdə yaşayan bir azərbaycanlının fikri ölkəmizin milli maraqlarına xidmət edirsə, biz onunla əməkdaşlıqdayıq. Hətta əməkdaşlıq sazişi ortada olmasa belə, azərbaycançılıq ideyası ortada olduqda biz düşünmədən ona dəstək veririk. Bu mənada, bizim hansısa konkert təşkilatla əməkdaşlıq etmək, onun yaxşı və pis cəhətlərini öz üzərimizə götürmək fikrimiz yoxdur. Bizim üçün hansısa dağınıq qüvvələrin Azərbaycan cəmiyyətinə xeyir verə biləcək fikri əsasdır.
- Yəqin ki, Dünya Azərbaycanlıları Konqresi də Sizin dediyiniz faydalı ideyaların arxasınca getməlidir. Amma bu təşkilat daxilində zaman-zaman çəkişmələrin, paçalanmaların şahidi olmuşuq. Sizcə, səbəb nədir?
- Mən bu təşkilatın rəhbərliyində olmuşam. DAK-da siyasi məsələlər üzrə müavin və Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşam. O zamanlar bu təşkilat bölünməmişdi. Lakin parçalanma olandan sonra mən DAK-da təmsil olunmaqdan imtina elədim. Amma mən artıq Dünya Azərbaycanlıları Konresini milli məsələlərə cəlb etməyin yolunu tapmışam. Bununla bağlı Türkiyədə keçirilən Güney Azərbaycan I Forumunda geniş məruzə ilə çıxış etdim. Orada bir konsey yaradıldı. Mən buna daha çox ümid edirəm. Ona görə ki, yeni bir təşkilat deyil. Kim ki, bu sahə üzrə fəaliyyət göstərir, onlar bu təşkilatda öz fəaliyyətlərini koordinasiya edəcək və eyni zamanda, hər bir təşkilat rəhbəri də bu konseyda iştirak edə biləcək. Burada könüllülük prinsipi var və cığallıq eləməyə yer qalmır. İndi DAK bir neçə yerə bölünsə də, hər iki tərəf bu yeni konseydə iştirak edir və bunun özünü bir uğur saymaq olar. Bölünsələr də, zəifləsələr də, böyüklü-kiçikli onlar bizimkilərdilər. Hər hansı qüvvəmizi itiririksə, kisəmizdən gedir. Biz çalışmalıyıq ki, ortaq fəaliyyət imkanlarını arayaq və düşünürəm ki, yeni yaranmış konsey nəyəsə nail olacaq.
- Bəs DAK-ın parçalanmasının səbəbini nədə görürsünüz?
- Bu, bir qədər geniş müzakirə mövzusudur. Düşünürəm ki, hər iki təfəf öz məramnaməsini, nizamnaməsini saxlayıbsa, deməli, burada fikir ayrılığı yoxdur. Əgər belədirsə, şəxsi münasibətləri və yaxud da ambisiyaları milli mübarizə müstəvisinə gətirmək yalnışdır.
- Fərəc bəy, 2010-cu ildə keçirilən parlament seçkilərində Sizə rəqib olan namizədlərdən biri də indi Daşkəsinin icra başçısı olan Əhəd Abıyevdir. Seçki dövründə sizin təbliğat plakatlarında əlinizdə silah olan bir fotonuz əks olunurdu və Əhəd Abıyev çıxışlarında deyirdi ki, Fərəc Quliyev o silahı Azərbaycan xalqına yönəldib. İndi Əhəd Abıyev bir rayonun icra başçısı, Siz də millət vəkilisiniz. Hazırda münasibətləriniz nə yerdədir?
- Çox xoş münasibətlərimiz var. O dövrdə də biz düşmən yox, rəqib idik. Təbii ki, o da keçirdiyi görüşlərdə mənim haqqımda öz fikirlərini bildirirdi. Sözün açığı, onun fikirləri mənim xeyrimə işləyirdi. Nə qədər ki, Qarabağ işğaldan azad olunmayıb, mən yenə də əlimdə snayper şəkil çəkdirməyə davam edəcəm. Mənim o şəkillərim təkcə özünüreklam və keçmişi ilə qürur duymaq deyildi, bu həm də çağırış idi. Mən elə indi də hesab edirəm ki, Dağlıq Qarabağın azad olunması milli gücümüzün toparlanmasından və özümüzdən keçir. Həm iqtisadi cəhətdən, həm də hərbi cəhətdən güclü olmalıyıq ki, torpaqlarımızı işğaldan azad edə bilək. Mən keçmiş döyüşçü kimi parlament seçkilərində bu cür mesajlar verirdim və cəmiyyət tərəfindən də müsbət qarşılanırdı. Əhəd müəllimin də o dövrdə mənə qarşı opponentlik etməsini normal qəbul edirdim.
- Parlamentdəki çıxışlarınızın əksəriyyəti Qarabağ mövzusu ilə bağlıdır və əksər vaxtlarda da təklif edirsiniz ki, bu məsələ ilə bağlı ayrıca müzakirələr aparılmalıdır. Sizcə, indiyədək aparılan müzakirələr yetərli deyilmi?
- Bilirsiniz, Qarabağ məsələsi problemlərdən biri deyil. Bu məsələ böyük bir problemdir və mən çalışıram ki, beynəlxalq təşkilatlarda, başqa ölkələrin parlamentlərində Qarabağ məsələsini Azərbaycanın bir problemi kimi yox, həm də transmilli təhdid olduğunu ortaya qoya bilim. Azərbaycan özünün siyasi orientasiyasında Qərb dəyərlərini üstün tutub Qərbə inteqrasiya etməkdə maraqlıdır. Azərbaycan Avropa təsisatlarının üzvüdür, NATO-ya inteqpasiya edir. Ermənistandan fərqli olaraq bizim müstəqil siyasətimiz var və forpost dövlət deyilik. Azərbaycan bölgədə ən strateji dövlətə çevrilib və yeni dünya qaydalarının Orta Asiya transferində bir dəhlizdir. Bölgədə demokratiyanın inkişafı və digər sahələrdə addımlar atılır. Belə olan halda, Rusiyanın Azərbaycanı itirməsin deyə sünki şəkildə yaratdığı Qarabağ problemi aradan qaldırılmalıdır. Rusiya erməni maşası ilə bir boğazı tutub. Biz dünyanı inandırmalıyıq ki, Qarabağ məsələsi həm də onların problemidir. Eyni zamanda, Azərbaycan cəmiyyəti də bu məsələnin üzərinə birlikdə getməlidir.
Mən həbsdən çıxandan sonra belə bir mesaj vermişdim ki, ölkədə hakimiyyət, müxalifət, nüfuzlu siyasi xadimlər və QHT nümayəndələri arasında Qarabağ məsələsinə dair bir memarondum imzalansın və burada problemin həllinin çərçivəsi göstərilsin. Bu ona görə lazım idi ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq hər kəs biləcəkdi ki, müxalifətdə olanlar Qarabağ kartından istifadə edib hakimiyyət davası etməyəcək və eynilə də, hakimiyyətdə olanlar Qarabağla alver edib öz hakimiyyətlərini qorumayacaq. Bundan başqa, bu məsələdən həm də Qarabağla bağlı xarici təsirlərə qarşı da istifadə etmək olardı. Yeri gələndə, xarici dairələrin qarşısına bu sənədi qoyaraq demək olarda ki, bu, təkcə mənim yox, xalqın iradəsidir. Mənim qaldırdığım bu məsələ hələ də aktuallığını itirməyib. Eyni zamanda, NATO və Amerika Birləşmiş Ştatları da bu məsələyə əl qoymalıdır. Parlamentə gəlincə, düşünürəm ki, bu məsələyə bir az adekvat davranmaq lazımdır. Milli Məclis Qarabağ məsələsində çox ləng davranır, bütün resurslardan istifadə olunmur. Mən ilk iclasda da məsələ qaldırmışdım ki, Qarabağla bağlı Milli Məclisdə xüsusi komissiya yaradılmalı və daimi işləməlidir. Yenə də o fikrimdə qalıram.
- Cəmiyyətdə bəzən belə söz-söhbətlər dolaşır ki, Nigar Camalın üzünü 1 milyon manata sığortalamaq olur, «Eurovision» yarışmasına milyonlar xərcləmək olur, amma Azərbaycanın qeyrətini çəkən Ramil Səfərov kimi bir qəhrəman Macarıstan həbsxanasında çürüyür…
- Baxın, bu məsələdə bir az ədalətsizlik var. Əvvəla, Ramil Səfərovla bağlı çox ciddi çalışmalar var. Sadəcə, bunu ictimailəşdirmək lazım deyil. Çünki ermənilər alternativ yolları düşünür. Axı, bizim mətbuatı onlar da izləyir. Bu yaxınlarda bizim gənclər Ramil bəylə bağlı tədbir, böyük bir kampaniya keçirmək istəyirdi, mən buna etiraz etdim və qarşısını aldım. Bildirdim ki, biz özümüzü gündəmə gətirmək naminə Ramil Səfərov zərər vurmalı deyilik. Yəni, bu məsələdə bir qədər düşünərək hərəkət etmək lazımdır. Bununla bağlı çox ciddi addımlar atılmalıdır və atılacaq. O ki qaldı maliyyə məsələlərinə, ola bilər ki, bəzi tədbirlərdə, layihələrdə şəffaflıq olmasın, yeyintiyə yol verilsin. Lakin «Eurovision» kimi yarışmalardan Azərbaycanın xeyrinə istifadə etmək çox mühim məsələdir. Bu kimi tədbirlərin Bakıda keçirilməsi Azərbaycana gətirilən çox ciddi dvidentlərdir. Məsələn, bir qırıcı təyyarəyə 30 milyon verirsən, gedib hansısa döyüşdə vurub sıradan çıxarırlar. Amma «Eurovision» kimi tədbirlərə 30 milyon verməyə dəyər. Dəyər ki, yüzlərlə ölkəni bura cədb edəsən və Azərbaycan həqiqətlərini göstərəsən. «Eurovision»da hər şey oldu, Azərbaycanın mədəniyyəti, işğal olunmuş ərazilər, Qarabağ və digər həqiqətlər öz əksini tapırdı. Bunlar çox ciddi məsələlər idi. Seyrici bunu gördü. Biz də istədiklərimizi onlara göstərdik. Ona görə də, mən başqa cür yanaşmaları dileqant yanaşmalar hesab edirəm və bunu deyənlər incisə belə, demək istəyirəm ki, daha çox mahiyyət haqqında düşünmək lazımidır. Bu baxımdan, mahiyyətcə, bu cür tədbirlərə vəsait xərcləməliyik.
- «Eurovision-2012» yarışması ərəfəsində müxalifətin, İctimai Palatanın Bakıda müxtəlif aksiyalar keçirməsi, qarışıqlıq yaratmağa cəhdi necə addım idi? Partiya rəhbəri olaraq Sizin fikirlərinizi bilmək istərdik…
- Mən özüm radikal şəkildə mübarizə aparan birisi olmuşam. Bunu Azərbaycan cəmiyyətində hər kəs bilir. İmperiyaya qarşı mübarizə aparanda mən bütün üsulları, qanunsuzluqları məqbul saymışam və bu formada mübarizə aparmışam, 7 il 6 ay həbsda olmuşam. Yəni, mən qorxan adam deyiləm. İmperiya ilə aparılan sərt mübarizə üsulları ilə müstəqil Azərbaycanla aparılan mübarizə fərqlidir. Burada baxışlarımızda, yanaşmalarımızda fərqli tərzlər olmalıdır. Həmişə təəssüflə bildirmişəm ki, sərt şəkildə radikal mübarizə aparmaq dönəmində demokratiyadan danışanlar, nədənsə demokratik mübarizə aparmaq vaxtı gələndə radikal mübarizəyə əl atır. Yəni, yerləri bir az səhv salırlar. Digər tərəfdən, mən hesab etmirəm ki, Azərbaycanda siyasi mübarizə olmamalıdır. Hakimiyyət uğrunda mübarizə normaldır. Amma bu, düşüncə davası olmalıdır. Fərdlərə qarşı dava olmamalıdır. Kim yaxşı düşünürsə, o düşüncəni hakimiyyətə gətirməyə çalışmalıdır. Hər kəsin fərdi, qrup və dövlət maraqları olmalıdır. Hesab edirəm ki, hər kəs düşünmədən fərdi və qrup marağını dövlət marağına qurban verməyi bacarmalıdır. «Eurovision-2012» yarışması ərəfəsində biz ölkəmizi təbliğ etməyə çalışarkən bəzi qüvvələrin qarışıqlıq salmağa cəhd etməsi, ən azından milli maraqlara xidmət deyil. Bunu mən hələ yumşaq şəkildə dedim. Mən bunu pisləyirəm. Bu cür olmaz. Biz çalışmalıyıq ki, siyasəti kənara qoyub bir birimiz vətəndaş borcumuzu yerinə yetirək. Öləndə hər birimiz 5-10 kiloqram Vətən torpağına çevirləcəyik. Bunun üçün hər şeyimizdən keçməyi bacarmalıyıq. Hay-küy salan dostlarımız deyir ki, «Eurovision»a gələnlərə kifayət qədər material verə bildik. Mənsə demək istəyirəm ki, Azərbaycanın imicinə ləkə gətirən material vermək lazım deyildi. Getdik, döyüldük, material verdik kimi fikirlər iş deyil. Dövlət marağı olan yerdə vətəndaş mövqeyi sərgiləmək lazımsız bir şeydir.
- Bayaq həbsxanadan danışdınız. Bəziləri həbsdən çıxandan sonra oranı bir «məktəb», hətta «akademiya» adlandırırlar. Sizə nə öyrətdi həbsxana həyatı?
- Təbii ki, həbsxana yaxşı yer deyil. Kimsə gəlib həbsxananı tərifləsə, bu, anormal hal olardı. Bəziləri gedib həbsxanada öyrənir, bəziləri də bayırda öyrənib gedib həbsxana öyrədir. Sözüm böyük çıxmasın, mən həbsə hazır idim və öyrənmişdim. Həbsxanaya da gedəndə, orada daha çox öyrətməklə məşğul idim. Hətta mən həbsxanada fərari əsgərlər arasında o qədər təbliğat aparmışdım ki, hər səhər yuxudan durub himni oxuyub idman edirdilər. Onların bəziləri isə ərizə verib müraciət etmişdilər ki, yenidən hərbi xidmətə getmək istəyirlər. Həbsxana təcrid olunmuş bir yerdir. Amma ölkəmin bir hissəsidir. Bayıl həbsxanasında olarkən hər səhər radioda dövlət himininin səsləndirilərkən yuxudan oyanırdıq və hamımız himni oxuyurduq. Başımızın da üzərində Azərbaycan bayrağı olurdu. Bura da Vətənin bir hissəsidir. Ya zəlzələdən, ya vəlvədən, mən də buradayam. Bu ədalətsizlik nə vaxtsa aradan qalxa bilər. Mən parlamentdən məhbəsə, məhbəsdən parlamentə gələn adamam. Amma harada olmağımdan asılı olmayaraq, statusumu heç vaxt dəyişmirəm. Mən vətəndaşam. Əlbəttə, məhbəsdə də bir çox öyrəniləsi şeylər var idi və öyrəndim. Kəm-kəsirləri, çatışmazlıqları öyrəndim. Hətta, məhbəsdən azadlıqda olan dünya daha fərqli görünür. Gerçəklər daha fərqli, daha doğru görünür. Deməzdim ki, həbsxana akademiyadır. Amma bir şeylər öyrənirsən. Məhbəsi çox tərifləmək istəməzdim. İnsanları ora təhrik etmiş olarıq.
- Dediniz ki, məhbəsdə azadlıq daha fərqli görünür. Buna görəmi azadlığa çıxdıqdan sonra radikal mübarizədən əl çəkdiniz?
- Yox, əsla. Mən belə düşünməzdim. İlk növbədə, mən Azərbaycanın müstəqillik aktını hazırlayanlardan və ona səs verənlərdən birisiyəm. Bundan şərəf duyuram. Bu, mənimçün ən böyük statuslardan birisidir. Azərbaycanın müstəqilliyinə çalışıb bunu qazanmaq üçün mücadilə aparanlar üçün həmin dövlət öz övladı qədər şirin olur. Biz bu dövləti doğmuşuq və ona xəyanət edə bilmərik. Biz onun çatışmayan cəhətlərini aradan qaldıra bilmərik, tənbeh edə bilərik, pislərin yaxşıya çevirməyə, uğur qazanmasına çalışa və lazım gəlsə, uğrunda ölə bilərik. Mən həbsdən əvvəl döyüşdə olmuşam. Ondan əvvəl imperiyaya qarşı radikal mübarizə aparmışam. Amma indi öz balama, dövlətimə qarşı radikal mübarizə apara bilməzdim. Mən bu gün də ən kəskin şəkildə kəm-kəsirlərdən danışıram, parlamentdəki çıxışlarım buna nümunədir. Özünü müxalifət adlandıranların hansı bu məsələlərə konseptual yanaşdı? Hansı əsəri, kitabı ortaya qoya bildilər? Mən 5 kitab müəllifiyəm və artıq ikisi cəmiyyətdə yayılıb. Çox ciddi əsərlərdi və yeni dünya düzənindən bəhs edir. Çalışıram ki, öz mübarizəm və fəaliyyətimlə Azərbaycan xalqına xeyir verim. Mən düşünülmüş şəkildə Azərbaycanı qorumaq naminə nə lazımdırsa, onu da edirəm və hakimiyyət uğrunda mübarizəmi də aparıram. Amma bu mübarizəmiz düşüncə davasıdır. Əgər radikallıq birini söymək, təhqir etmək, sataşmaq, pulunu saymaqdırsa, mən bu mübarizə üsullarından imtina edirəm. Mən istər hakimiyyət tərəfdən, istərsə də müxalifət tərəfdən olsun, təhqirin əleyhinəyəm. Hesab edirəm ki, Azərbaycanda bundan sonrakı mübarizə yarış xarakterli olmalıdır. Kim ağıllıdırsa, yaxşı komandası varsa, bunu göstərməli və bu cür yarışmalıdı.

Elməddin MURADLI

Geri dön