Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları
"Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları |
İsmayıl bəy Qaspıralının "Tərcüman"ından dörd il əvvəl
türk dünyasını işıqlandırmağa başlayan Səid Ünsizadənin (1825, Şamaxı - 1905, istanbul) rəhbərliyi ilə çıxan "Ziya" qəzetinin qaranlıqdan və alatoranlıqdan işığa uzanan yolları Türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub. Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən,klassik üslubda “Ünsi” təxəllüsü ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman Əfəndi oğlanlarına yaxşı adlar seçmişdi. Böyüyün adı Səid idi. Səid -ərəbcə xoşbəxt deməkdir.Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi. Onların hər üçü sağlığında türk dünyasının tanıdığı aydınlar kimi məşhurlaşdı. Səid və Cəlaləddin ömürlərinin son illərini İstanbulda başa vurdular.Yəqin ki, hələ də İstanbulun Şirvanlılar yaşayan məhəlləsində bu nəslin törəmələri yaşayır. Kiçik qardaşömrünün ən maraqlı illərini Bakıda keçirdi,pedoqoji işlə,qəzetçiliklə məşğul oldu, çətinliklə olsa da, hökumət dairələrindən "Məzhər" adlı qəzet çıxarmağa icazə aldı.Lakin bu qəzetlə öz maarifçilik fəaliyyətini istədiyi kimi reallaşdıra bilmədi. Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıtmış, məktəbdarlıqla məşğul olmuş, bir müddətdən sonra -1870-ci ildə, iqamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli-Təsənni idarəsinə üzv seçilmişdir. Sonralar, M.F.Axundzadənin yaxın dostlarından biri olan şamaxılı Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə Zaqafqaziya müftisi seçilərək, Tiflisə gedəndə, Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və buradakı Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunmuşdur. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş, həm də maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olmuş, Bakı qubernatorunun hüsn və rəğbətini qazanmışdır. Səid Əfəndinin bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə D.Staroselskinin icazəsi ilə yaradılan Şamaxı “Məclis Məktəbi” idi. Bu məktəb adı türk pedaqogika tarixinə düşən məktəblərdəndir. “Məclis Məktəbi” yeni tipli təhsil ocaqlarından idi. Məktəbdə şagirdlərin sağlamlığına da, tərbiyə və təhsilinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri də yüksək səvuiyyədə keçirilirdi. Müəllimlər təkcə dərs deməklə kifayətlənmir, dərslik və müxtəlif risalə və kitabçaların tərtibində və yazılmasında fəallıq göstərirdilər. Təkcə bu faktı göstərmək gərəkli görünür ki,bu məktəbdə işləyən və bu məktəblə işgüzar münasibətləri olan müəllimlər işgüzarlığına və maarifçilik məsələləri ilə ilgili fikir və düşüncələrinə görə quberniyanın digər məktəb müəllimlərindən xeyli fərqlənirdilər. Haşıyə: 2014-cü il dekabrın 13-də Şamaxıda "Məclis Məktəbi"nin 140 illik yubileyi keşirildi. Yubiley təntənəsinə paytaxtdan dəvət olunan bir neçə ziyalının - Respublika Təhsil Şurasının sədri professor Əjdər Ağayevin, "Məclis Məktəbi"nin xələfi Şamaxı Avropa Liseyinin qardaşlaşdığı Avropa Azərbaycan Məktəbinin direktoru Graem Pollockun, şamaxılı alim Məcid Əfəndiyevin və başqalarının çıxışları tədbiri daha da rövnəqləndirdi. Bu tədbir respublikamızda son illərdə keçirilən möhtəşəm pedaqoji hesabat konfransı idi. Nə yaxşı ki, Şamaxı Rayon Təhsil İdarəsi yubiley tədbirlərini tarixdə qalmaq üçün sinemalaşdırdı. Məhəmmədhüseyn Şəhriyarın təbirincə desək , pedaqoji irsimizi qiymətləndirən hər bir şamaxılının gözlərində indi məktəb tarixinə aid bir sinema pərdəsi var. Haşiyədən mövzuya qayıdırıq. "Məclis məktəbi"ndə dərs deyən və bu məktəblə işgüzar əlaqələri olan S.Ünsizadə, C.Ünsizadə, S.Ə.Şirvani, A.Çernyayevski XIX əsrin 80-ci illərində Azərbaycan dilində yazılan dərslik və oxu kitablarının müəlifləri və rəyçiləri idilər. 1876- cı ildə Səid Ünsizadəni Tiflisə – dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə ilgilidir. S.Ünsizadə ona tapşırılan işin öhdəsindən bacarıqla gəldiyinə görə onu Tiflisdə daimi işdə saxlayırlar..O, Zaqafqaziya Əhli-Təsənni İdarəsiniin əvvəlcə ştatda olmayan əməkdaşı kimi fəaliyyətə başlayır. Tiflisdə-regionun baş şəhərində yaşamaq imkanı onu milli əhəmiyyətli işlərlə daha dərindən məşğul olmağa sövq edir. Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan, hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək, Səid Əfəndi Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır,türk dünyasının baş şəhərindən- İstanbuldan müxtəlif mətbəə avadanlıqları alır. Sənədlərdən məlum olur ki,Tiflisdə yaşayan Azərbaycan ziyalılarının İstanbuldakı Babiəli caddəsində yerləşən mətbəə rəhbərləri ilə işgüzar və səmimi münasibətləri olub. S.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Gəlaləddin Əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə – müəyyən mətbəə peşələri üzrə fəhləliyə cəlb edilir. S.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən proqramında “Ziya” qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. “Ziya” qəzetinin ilk nömrəsi 1879-cu ilin yanvar ayının 25-də (səfər ayının 16-da) Tiflisdə çap edilir. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk nömrəsi və fevralın 1-də çıxan ikinci nömrəsi hələ heç bir tədqiqatçıya məlim deyil. Qəzetin 1879cu ildəki ilk 1-ci və 2-ci nömrələrində dərc olunan materialların məzmunu haqqında "Ziya"nın bu günümüzə gəlib çatan bəzi nömrələrindən məlum olur.Həftəlik “Ziya” qəzetinin ilk nömrəsinin tarixini onun 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə və 17 noyabr 1879-cu il tarixli 44-cü nömrəsindəki bir yazıya görə əsasən müəyyənləşdirmək olur. Qəzetin 44 cü i nömrəsindəki yaısında oxuyuruq: " ...Səneyi-islamiyyənin ibtidası ondan başlanır ki,əkin işinin ibtidası düşvar olmağə görə bacara bilmədük ki, bir parə kəsir və nöqsanlarımızı cabəca(yrbəyer-N.N.) edüb,məzkur(zikr olunan-N.N.) niyyətimizi əmələ gətirək,ona görə naçar olub, SƏFƏR ayının 16-da (miladi tarixlə 1879-cu il yanvarın 16-da-N.N.)əvvəlimci nömrəmizi zühurə gətirüb,ahəstə-ahəstə səy və hümmət göstərdük ". Bizə elə gəlr ki, “Ziya”nın 1879- cu ilin əvvəllərində adətən həftənin cümə-şənbə günü çıxan ilk nömrələrini Türkiyənin iri şəhərlərində,eləcə də qəzetin dünyanın müxtəlif yerlərində-- Simfiropolda, Yaltada, Odessada,Tiflisdə, Petrovskidə, Bakıda, Daşkənddə, Kazanda, Spasskidə, Moskvada, Sankt-Peterburqda, Həştərxanda, Nuxada (Şəkidə), Şamaxıda, Şuşada, İrəvanda, Tehranda və s.yerlərində yaşayan nüktədan ( incə mətləbləri başa düşən-N.N.) abunəçilərinin ailə arxivindən tapmaq olar. Səid Ünsizadə xalqın milli yüksəlişinin tərəqqisi yolunda türk dünyasının sözü keçən ziyalıları ilə dostluq etməyi bacarırdı.Onun türk dünyasındakı dostlarının çoxu mətbuatın həyatdakı rolunu dərrk edən,ona qiymət verən açıq fikirli,dərin düşüncəli insanlar idi. Sözümüzün kəsəri kimi Kırım tatarı İsmaypl bəy Qaspıralı, müxtəlif vaxtlarda üç dəfə Türkiyədə maarif naziri olan Münif paşa,Zaqfqaziya şeyxülislamı Əhməd bəy Heseynzadə və başqalarının adlarını çəkmək maraqlı görünür. Qeyd edək ki, "Ziya"nin ilk nömrəsinin çapı nəzərdə tutulduğu vaxtdan təxminən bir ay ləngiyir. “Ziya”nın hər nömrəsin tarixi birinci səhifədə həm miladi ,həm də hicri -qəməri tarixlə göstərilmişdir. Hicri-qəməri tarixlə il təzələnəndə "Ziya" oxuculara yeni nömrə ilə tıəqdim olunmuşdur. 1879-cu ilə aid ilk dörd nömrənin həm yanvarda və fevralda, həm də dekabrda 1,2,3,4 nömrələrinin təkrarən göstərilməsi bununla əlaqədardır.Belə ki, 1879-cu ildə miladi tarixin sonuncu ayinda - dekabrda-hicri-qəməri təqvimin ilk ayı- məhərrəm ayı başlanmışdır ki, bu tarix də qəzetin ikinci sənəsinin (ilinin) başlandığı aydır- məhərrəm ayıdır. Bəzi tədqiqatçıları çaşdıran da məhz budur. Onlar ilin əvvəllərində cıxan ilk nömrələri görmədiklərindən(təbii ki,oxumadılarından ) dekabrda çıxan 1, 2, 3, 4 nömrələri "Ziya"nın başlanğıc tarixi hesab etmiş, və 1879-cu il dekabrın 6-da çıxan ikinci sənənin ilk nömrəsini qəzetin ən ilk nömrəsi qənaətinə gəlmişlər. "Ziya"nın tarixini 1879-cu il dekabr ayının 6-dan çıxan birinci nömrədən başlamaq fikri bununla əlaqəlidir. "Ziya" qəzetinin latın qrafikalı əlifbaya transliterasiyası da səhvən məhz bu nömrədən başlayır. Halbuki, "Ziya"nın bu tarixdən əvvəl daş basmaxanasında 46 nömrəsi təb olunmuşdur. Mən bu fikirlərimi dəfələrlə oxucuların və mətbuat tarixi ilə məşğul olan tədqiqatçıların diqqətinə çatdırmışam.Amma heç kəs bu qüsur və nöqsanların fərqinə varmır. Mətbuat tariximizə aid qüsur,nöqsan və uyğunsuzluqların sabah müxtəlif ensiklopediyalara, yaxın tariximizə aid tarix və ədəbiyyat dərsliklərinə düşmə ehtimalı mütləq nəzərə alınmalıdır. "Ziya" özünü söz içində islami qəzet kimi təqdim etsə də,əslində sadə türki dilində çıxan ilk pedaqoji,əxlaqi,ədəbi və ən nəhayət maarifçi mətbu orqan idi. Qəzetin ilk nömrələrinin baş məqalələrinin adları bunu əyani şəkildə göstərir: "Oxumaq və yazmaq barəsində" (08.02.1879,N3) "Uşaqlarımıza təlim və təhsil vermək barəsində"(10.02.1879,N4) "Mədəniyyət barəsində" 22.02.1879,N 5) "Təklifati-mədəniyyət"(27.02.1879,N6) Kitabxana arzusu ( 1879,N24)) "Zaqafqaz müsəlmanlarının elm və ədəbə töceh etməsi haqqında "(10.08,1879,N 29) "Qori seminariyası barəsində"(06.09.1879,N33) Mütaliə ( 1879,N37) Sünni və şiə məktəbi( 1879,N38) Padşahlıq mədrəsələri ( 1879,N40) Dəmir yolu ( 1879,N43) Qəzet oxumağa və mütaliəyə həvəs( II sənə, 1879,N1) Ziyanın ilk nömrələrindəki adıcıllığa aydınlıq gətirmək üçün müqayisəli nömrələnməni oxucuların diqətinə çatdırırıq. N1 (25.01.1879); N2 (01.02.1879); N3 (08.02.1879); N4 (15.02.1879) N1 (06.12.1879); N2 (13.12.1879); N3 (20.12.1879); N4 (27.12.1879) N5 (03.01.1880); N6 (10.01.1880)… Yeri gəlmişkən onu da deyək ki,1879-cu iln yanvarlında 1884-cü ilin iyun aylnn 26-na kimi Tiflisdə Azərbaycan dilində Səid Ünsizadənin öz şəxsi litoqrafiyasında (daş basmaxanası ) və tipoqrafiyasında (mətbəə) "Ziya" qəzetinin "Ziya" və "Ziyayi-Qafqasiyyə" adları ilə 180 nömrəsi təb və çap olunmuşdur. "Ziya"nın illər üzrə təb olunma və çap edilmə paradiması belədir. 1879 N 1 (25.01-1879)- N 46 (20.11.1879); 46 1879 N 1 (06.12.1879)- N 4 (27.12.1879); 4 1880 N 5 (03.01.1880)- N 30 (30.06.1880); 26 1880 N 1 (09.12.1880 )- N 2 (22.12.1880); 2 1881 N 3 (05.011881)- N 31 (21.10.1881) ; 28 1881 N 1 (26.11.1881- N 4 (24.12.1881); 4 1882 N 5 (07.01.1882)- N 31 (16.12.1882); 27 1883 N1 (03.O1.1883)- N 31 (22.16.1883); 31 1884 N1 (15.01.1884)- N 11 (26.06.1884) ; 11 Başqa sözlə, 1879-cu ildə “Ziya”nın ilin əvvəlindəki nömrələrində də, dekabr ayındakı nömrələrində də 1, 2, 3, 4 rəqəmlərindən nömrə göstəricisi kimi istifadə olunub. 2015-ci ildə AMEA-Nizami adına Ədəbiyyat İnstitutunda "Ziya" qəzetinin 1879 cu il dekabr ayının 6-da çıxan birinci nömrəsindən başlayaraq, "Ziyayi-Qafqasiyyə" adı ilə çıxan nömrəsinədək bütün materiallar ərəb qrafikasından latın qrafikasiına transliterasiya edilmişdir..Bu münasibətlə Akademiya rəhbərliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilən icjlasında transliterasiya materiallarının kitab şəklində çap olunacağı ictimaiyyətin diqqətinə çatdırılmışdır.Təəssüf ki, "Ziya"nın transliterasiya materialları hələ də satışa çıxarılmamışdır.Yaxşı ki,bu materiallar internetdə yerləşdirilmişdir. “Ziya”nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilib. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır: “Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N .) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. “Ziya” qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir”. Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: " Qəzetə ümuratının (işlərinin,əmrlərinin-N.N.) müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti- 6 manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik Elamnamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur”. Qısa bir müddətdə “Ziya” türk dili başa düşülən bütün türk torpaqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində -Tambovda sürgündə olan “Əkunçi”nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şəkili Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspıralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan adını yazmadan Həsən bəy Məlikzadə Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə , İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani Adıgözəlzadə ,Dərbənddən Məhbus Dərbəndi, Şəkidən əslən şamaxılı olan İsmi bəy Sədrəddinbəyov və başqaları “Ziya”ya məktublar göndərirlər. Müxtəlif məzmunlu bu məktub,şeir, zərifə (incə mətləbli söz mənsında olan ədəbi janrdır-N.N.),lətifə, atalar sözü və məsəllər, hikmətli sözlər,aydınlaşdırmalar,annotasiyalar,təqrizlər,yol qeydləri, felyetonlar( felyeton burada əsasən ictimai-siyasi yazı mənasındadır-N.N.) və digər janrlarda olan ədəbi yazılar,informasiyalar türk dünyasının ziddiyətlərlə dolu olan mənzərəsini öyrənmək baxımından çox maraqlı görünür. S.Ünsizadə türk dünyasını söz adamlarını öz ətrafına toplaya bilmişdi. Həftədə bir dəfə adətən pəncşənbə günü çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər. Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. S.Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə qayğı göstərməyi, "hər kəsə öz xörəgini verməyi" mühərrir qardaşından tələb edirdi. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal Əfəndi (1854,Şamaxı-1933,Ankara) 1882- ci il may ayının 12-də hökumət dairələrindən 1882-ci ilin sentyabr ayından Tiflisdə ayda bir dəfə buraxılmaq şərtilə “Kəşkül” adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlaləddin Ünsizadəyə “Kəşkül” adında mcmuə ( jurnal) çıxarmağa icazə verir. Əslində "Kəşkül" Ünsizadə qardaşlarının birgə layihəsi idi.Onlar mətbuat vasitəsilə rus müsəlnanlarına --Rusiyada yaşayan türldilli xalqlara döğru yol göstərmək niyyətlərini daha geniş şəkildə reallaşdırmaq istəyirdilər. Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883–cü il yanvar ayının 31-də 28 səhifəlik “Kəşkül” jurnalını qardaşı Səid Ünsizadənin “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi. "Kəşkül"lə əməkdaşlığa cəlb edilənlərin çoxu "Ziya"nın ən fəal müxbirləri və xeyirxahları idi. Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. (İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxmışdır). Təəssüf ki, bir sıra mətbuat tarixçiləri “Kəşkül”ün ilk nömrələrini qəzet kimi təqdim edirlər. Bu səhv yanaşma nəticəsində dərsliklərdə də "Kəşkül" məhz qəzet kimi kimi işıqlandırılıb. "Kəşkül"ün ilk 11 nömrəsi jurnal şəklində çıxmşdır. 1884-cü ilin mart ayından - 12-ci nömrədən başlayaraq "Kəşkül" qəzet şəklində nəşr edilib. "Kəşkül"ün sonuncu 123-cü nömrəsi 1891-ci il oktyabr ayında çıxıb. “Kəşkül” sözü – hind qozu qabığından hazırlanan dərviş çantası deməkdir. “Kəşkül” sözü klassik Şərq ədəbiyyatında “ədəbiyyat , şeir toplusu ” məzmununu da verir. Cəlaləddin Ünsizadə jurnalın müqəddiməsində əslində Ünsizadə qardaşlarının yekdil fikir birliyi olan yeni nəşrin proqramı və adı haqqında yazırdı: “Bu cəridədə nə növ mətləblər yazılacağını bugünkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan türki Azərbaycan dilindən ibarət olacaqdır. Amma bununla belə ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaqdır". “Kəşkül”ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilmişdi: hicri-1200, miladi – 1883. Sonrakı sətirdə jurnalın ədəbiyyat və siyasiyyatdən bəhs edəcəyi yazılmışdı. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir Daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah -rəbiüləvvəl-1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə – N.N.). ”Kəşkül” -- Ünsizadə qardaşlarının mətbu fikri daha geniş yaymaq üçün düşünülmüş addım idi. Ünsizadə qardaşları hansı yolla olursa-olsun nəşriyyat və mətbuat sahəsindəki birinciliyi qoruyub saxlamaq fikrində olmuşlar. Cəlaləddin Ünsizadə “Kəşkül”də yazır: “Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz”. Müəllif bilik öyrənməkdən üz çevirənlərə onları məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. “Kəşkül”dəki felyetonlar da oxucular narahat edən məsələlərə həsr olunub. XIX əsrin 70-80-ci illərində ıqəzet və jurnaldakı felyetonlar indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş döğurmuş, felyetonlar əvvəlki müsbət çalarlarını itirmişdi. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir vərəqədir” adlanır. Jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq” əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapmışdı. Jurnalda 1877- ci il Dağıstan hadisələri də işıqlandırılıb. Jurnaldakı ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. ”Əmsali-Loğman”dan seçilən yazı “Bir Arslan ilə iki Öküz” adlanır. Tərcümənin müəllifi Cəlaldır. Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənəkarlığı baxımından maraqlı görünür. *** Yazıda "Ziya" əzeti ilə bahəm “Kəşkül” əzetindən də, onun jurnal formatında çıxan 11 nömrəsinin birincisindən də söz açdıq. “Kəşkül”ün ilk nömrələri uzun illər idi ki, itmiş hesab olunurdu. ”Kəşkül”ün ilk 11 nömrəsi jurnal həçmində (formasında) çıxdıöğına görə onu türk dünyasının ilk uzun ömürlü cəridələrindən biri kimi də tanımalıyıq. "Kəşkül" Azərbaycan mətbuatının ilk türkdilli jjurnalıdır. Onun bəzi nömrələrinin sovet dövründə tədqiqatçılar üçün əlçatmaz olması türk mətbuat tarixinin sistemli şəkildə öyrənilməsini ləngidib. 1884-cü il martın 22-dən “Kəşkül” jurnalı qəzet formasında öz fəaliyyətini davam etdirib. "Kəşkül "1891-ci ilin oktyabr ayında öz nəşrini dayandırmalı olub. Cəlal Ünsizadə "Kəşkul" bağlanandan sonra bir müddət Tislisin nüfuzlu məktəblərinin birində -Kadet məktəbində müəllimliyini davam etdirmiş,sonralar İstanbula -böyük qardaşı Səid ünsizadənin yaşadığı İstanbul şəhərinə köçmüş, burada türk sultanının sarayında kitabxana müdiri vəzifəsindəişləmişdir.Əslində sarayda kitabxana müdiri vəzifəsi məsul vəzifə idi.Bu vəzifə müşavir və ya mətbuat katibi vəzifəsinə uyğundur. Cəlil Məmmədquluzadənın 1907-ci ildə yazdığı və "Molla Nəsrəddin" jurnalında çap etdiyi bu barədə "BATDAĞ " felyetonunda bu barədə maraqlı material vardır.Onun 1918 -ci ilin may-iyun aylarında türk qoşunları ilə birlikdə Gəncəyə gəldiyini də yazırlar. Ünsizadə qardaşlarının türkdilli mətbuatındakı rolu ciddi araşdırılmalıdır. "Ziyayi-Qafqasiyyə" qəzetinin sonuncu- 26 iyun 1884-cü il tarixli 11-ci nömrəsində Əlibəyov soyadlı bir müəllifin rusca yazdığı məktubun tərcüməsi verilmişdir. Qəzetdə soyadı rus qrafikası ilə "АЛИБЕКОВ " yazılan məqalədə türk dünyasının dahilərindən biri İsmayıl bəy Qaspralının fikirləri ilə çox yaxından səslənən maraqlı bir deyim var: " Səid Ünsizadənin məqsədi mətbuat vasitəsi ilə rus müsəlmanlarını yuxudan oyatmaqdır". Çox təəssüf ki, dövrün hakim qüvvələri Səid Ünsizadəyə bu şərəfli vəzifəni yerinə yetirməyə imkan vermədilər.O, 1890-cı ildə Bakıdan türk dünyasının paytaxt şəhərinə üz tutdu.Burada da böyük maarifçilik fəaliyyətini davam etdirdi,1905-ci ilin iyun ayında 80 sinnində dünyasını dəyişdi (Həyat qəzeti,5 iyun 1905-ci il,N 21). Səid Ünsizadənin xatirəsini əbədiləşdirmək üçün,Bakıda yaradılması nəzərdə tutulan Mətbuart Muzeyinə Səid Əfəndi Ünsizadənin (1825-1905) adının verilməsi barədə düşünmək lazımdır. Səid Ünsizadənin çoxcəhətli irsini dərindən öyrnmək məqsdilə Səid Ünsizadə Fondunun yaradılması yolunda da ciddi əməli işlər görülməlidir. Nazim Nəsrəddinov, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, türkoloq. 07.02.2018. Geri dön |