Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Özü şəhid oldu, adını oğluna qoydular - Naxçıvanlı şəhid Qabil Orucəliyevin DASTANI
Özü şəhid oldu, adını oğluna qoydular - Naxçıvanlı şəhid Qabil Orucəliyevin DASTANI |
Vətəni qibləgah edən şəhidlər
Xəbəri qəfildən almışdı Nuriyyə xanım. 3 gün əvvəl doğulan nəvəsinin yolunu gözləyərkən, fələk qapısında qara yellər əsdirmişdi. Oğlu Qabildən bir xəbər öyrənə bulməyəndə, Naxçıvanın hərbi hissələrinə, komendantlıqlara baş vurmuşdu, hər kəsdən onu soruşmuşdu... Daha gözünə nə gəlini görünürdü, nə də yenicə doğulmuş nəvəsi... “Gəlini xəstəxanadan çıxarıb hara gətirək?”,- deyə soruşanlara “hələlik atası evinə aparın, balama söz deməyin, südü çəkilər, körpəsi ac qalar” söyləmişdi. Sonra da gəlini Tükəzban ona bir ismarıc göndərmişdi: “Ana, Tərtərdən Qabilin ya ölüsünü, ya dirisini gətir...”. Modern.az saytı “Aprel şəhidləri” sisliləsindən növbəti yazını təqdim edir. Tükəzban qayınanasına çox güvənirdi. Gəlin getdiyi ocağın qoruyucusu olmuşdu, Nuriyyə ana gəlininin valideynləri ilə həm qonşu, həm də ailəvi dost idi. 4 övladını atasız böyütdüyünü Naxçıvanda yaşadıqları məhəllədə hər kəs bilirdi. Əbdüləli kişi 2005-ci ilin 14 aprelində ürək tutmasından öləndə 41 yaşı var idi, Nuriyyə xanım həmin ərəfədə hamilə idi. Cavan ərini torpağa tapşırandan 3 ay sonra, evin dördüncü övladı gəlmişdi dünyaya, adını atasının adı ilə çağırmaq istəyəndə, 13 yaşlı Qabil razı olmamışdı, demişdi ki, “mən onu atamın adı ilə çağıra bilməyəcəyəm...”. O gündən Orucəliyevlər ailəsinin böyüyü olmuşdu Qabil. Anası bütün məsləhətlərini onunla edir, bütün dərdini-sirrini, iki qızına deyil, oğluna danışırdı. O gündən etibarən Qabil içəri girəndə ayağa durur, onu böyük kimi qarşılayır, böyük kimi yola salırdı. Bir az böyüyəndən sonra Qabil demişdi ki, “ana, niyə mənə bu qədər diqqət yetirirsən, qayğıma qalırsan? Özümü narahat hiss edirəm sən belə edəndə...”. Oğlunun bu iradına cavab olaraq, Nuriyyə xanım demişdi ki, “bala sən ocağımın, evimin böyüyüsən, zəhmətimizi çəkirsən, çörəyimizi gətirirsən, ona görə də səni böyük kimi uca tuturam...”. Artıq bir neçə gün idi ki, ana oğlundan nigarançılıq çəkirdi. Gələnin-gedənin üzünə ümidlə baxırdı, fikirləşirdi ki, haradan olsa, xoş xəbər gətirib çatdıracaqlar ona. Aprelin 10-da gecə saat 2-də qohum-əqrəbanın pıçıltı ilə danışdığını görəndə, dalağı sancdı ananın. Üzünü qohumlarına tutub: - “Düzünü deyin? Nə xəbər var?”,- deyə onlardan soruşdu. Bu məqamda, qohumlar artıq xəbəri gizlətməyin yersiz olduğunu anladılar və eşitdiklərini Nuriyyə xanıma çatdırmaq məcburiyyətində qaldılar: - “Sabah saat 11 reysi ilə Qabilin tabutunu gətirəcəklər”- dedilər. O anda bir Tanrı bildi ki, Nuriyyə ana nələr çəkdi... Bir dəfə də belə ağrı görmüşdü, ocağının böyüyünü, başının tacını itirmişdi... 11 il sonra yenə eşitdiyi bu xəbər çilik-çilik elədi yaralı ananın qəlbini... Kimsə təsəlli verə bilmədi ona... Yandı, qovruldu ana, “Balam heyyyyy, körpəsini görməyən, atası yolu gedən Qalibim heyyyyyy!!!.... Mənə balamı gətirin, mənə balamı yetirin!!!”,- deyə fəryad etdi... Aprelin 11-də səhər Naxçıvanın hava limanından tutmuş Qabilin böyüyüb boya- başa çatdığı məhəlləyə qədər minlərlə insan axın etdi. Naxçıvan təlatüm içərisində idi... Əllərində Azərbaycan bayrağı tutmuş 7-dən 77-yə qədər hər kəs “Biz hamımız Qabilik!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Milli ruhumuzun dirçəliş günüdür!” kimi şüarlar səsləndirərək. Qabilin nəşini hərbi düzənlə ata evinə gətirdilər. Qabilin ruhu ata evinə, doğmalarına qovuşmuşdu. 9 gün idi ki, bu məqamı gözləyirdi. Məhəllədə vidalaşma törəni bitəndə, tabutu yerdən götürüb əbədiyyətə aparanda, anası insan selinin içərisindən səsləndi. Həmin an insanların damarında qanı, gözlərində yaşı dondu: “Ey mənim xalqım, ey mənim obam, ey mənim elim... Başınızı dik tutun, mən bir QƏHRƏMAN anasıyam. Mən Qabili atasız böyütdüm. Evimin dirəyi idi, tikilən divarım, yanan ocağım idi... Onun atası haqq dünyasındadır. Qardaşı balacadır. Oğlumun cənazəsinə özüm girəcəyəm. Onun tabutunu həm ata əvəzi, həm qardaş əvəzi özüm aparacağam çiyinlərimdə!!!”. Yolunu gözlədim gün axşam oldu, Gəl boyuna qurban, ay Vətən oğlu. Bu qədər millətin , elin içində , Sənə çaldırıram toy, Vətən oğlu... Əlincə qalası sinəsi dağlı, Möminə Xatunun çatladı bağrı, Mən necə daşıyım oğul, bu dağı, Başını çiynimə qoy Vətən oğlu. Əshabu Kəf babam, gəldim səcdənə, Səni and vermişdim İmamzadəmə, Qurban kəsəcəkdim Qabil gələnə, Əhdimiz tutmadı, ay Vətən oğlu. Ocağa , işığa and verdim səni, Babək, Cavanşirə tay tutdum səni, Şirin laylalarda böyütdum səni, Dur boyuna qurban, ay Vətən oğlu. Yasəmən ətrinə büründü yollar, Dur bir budağın dər, oğlum nə olar? Hələ görmədiyin körpə balan var, Gəl, onun adını qoy Vətən oğlu. …Bir türk qızı mərdlik, cəsarət dərsi keçdi topluma. Hamı ananı alqışladı. Ana vətən uğrunda həlak olan oğlunun tabutunu çiyninə aldı. Qabili əbədi mənzilinə aparırdılar… Oğlunu torpağa tapşıran ana, onu yana-yana seyr edirdi. Bu ana 1991-ci ildə dünyaya gətirdiyi, bətnində bəsləyib, sonradan boy-boy böyütdüyü ciyərparasından əbədi ayrılırdı. Nələr gəldi keçdi gözlərinin önündən… Həyat yoldaşını dəfn edəndə, bu qədər yanmamışdı Nuriyyə ana. Bala dərdi nə ağır olurmuş… Oğlu Qabil digər dostları, yaşıdları kimi yaşamadı, 13 yaşından ailənin yükünü çəkdi çiyinlərində. Uşaqlıqdan fəhləlik etdi, anasını işləməyə qoymadı. 2 bacısını gəlin köçürdü. Qabil 2009-cu ildə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını bitirəndən sonra, 2009-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi. Təkcə təhsil almadı, burada oxuduğu 4 il ərzində səhərlər dərsdə, axşamlar isə bazarda, tikintidə fəhləlik etdi. Çünki evdə 4 nəfər gözləyəni var idi. Gecə-gündüz çalışdı…. 2013-2014-cü illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunu müvəffəqiyyətlə keçdi. Sonra Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xidmətə başladı. Anası Nuriyyə xanım oğlunun dövlət qulluğunda işə başladığını görüb, 2015-ci ilədə ona toy çaldırmışdı. O gün özünü dünyanın ən xoşbəxt anası saymışdı. Elə bilirdi ki, daha ağrıları-acıları olmayacaq… Ancaq bu QƏHRƏMAN ana indi 25 yaşlı QƏHRƏMAN oğlunun dəfn mərasimini seyr edirdi… Dünyanın ən böyük filosofu bu səhnəyə fikir söyləyə bilməzdi, dünyanın ən güclü rəssamı bu tablonu çəksəydi, fırçasından qan damacaqdı… Ananın gözləri qan-yaş tökdü… Daha oğlunu qucaqlaya bilmədi, daha oğlunun boynuna sarıla bilmədi… Əyilib oğlunun bumbuz şəklini öpdü. O andan Qabil əbədi bir şəkilə döndü… Bir də acının-kədərin nə olduğunu anlamayan 11 yaşlı İsanın göz yaşları dayanmadı… O tabutda üzü bağlı gəltirilən meyitin üzünü görmək, orada yatan insanın Qabil olduğuna inanmaq istəyirdi. Hamı, “Şəhidlər ölməz, Vətən bölünməz!” deyəndə, boynunu büküb yazıq-yazıq ağlayırdı… Göz yaşları yanaqlarında cığır açmışdı… Bumbuz əlləri ilə gözlərinin yaşını silsə də, göz yaşları dayanmırdı… “Niyə mənim atam öldü? Bəs mənim atam kim olacaq?”,- deyə qohum-əqrəbadan Qabili soruşurdu. Yalnız Qabili dəfn edəndən sonra ona qohumlardan kimsə dedi ki, Qabil sənin atan deyil, qardaşındır. İsa eşitdiyi xəbərdən donub qalmışdı. Axı dünyanı dərk etdiyi gündən Qabilə “dədə”, demişdi. Axı bu dədə, onun bütün arzularını həyata keçirər, oyuncaqlarını, dəftər-kitabını, ayaqqabısını, paltarlarını alardı… Onun yanına əliboş gəlməzdi. Hamının atası yanında qalardı, nədənsə onun “dədəsi” evdə az olardı. “Dədəsi”ni torpaqlar altında dəfn edəndən sonra, Azərbaycanın üçrəngli bayrağını İsanın əlinə verdilər. O da bayrağı əvvəlcə gözlərinin üstünə qoydu, sonra başının üstə qaldırdı. Evə qayıdanda, böyük bacıları ona həqiqəti bir daha anlatdılar, Qabilin böyük qardaşları olduğunu dedilər. İsa “bəs atam kim idi?” sualına da cavab aldı. Uşaq atasının yoxluğunu hiss etməsin deyə, Qabil evdəkilərə tapşırmışdı ki, “qoy qardaşım ürəkli yaşasın, mən özüm yetim böyüdüm, yetimliyin nə qədər ağır olduğunu bilirəm, qoy qardaşım yetimlik çəkməsin…”. Atasızlıq acısını qardaşına yaşatmaq istəməyən Qabil gecə-gündüz çalışırdı ki, ailəsini, Vətənini, qardaşını qorusun. Kitabı-dəftəri tanımağa başladığı gündən “Vətən torpaqlarını, Qarabağı azad edəcəyik!” şüarlarını, arzularını eşitmişdi. Elə bu arzu da onu hərbçi olmağa həvəsləndirmişdi. Axı doğulub boya-başa çatdığı Naxçıvan da hər an düşmən həmləsindən özünü qorumaqdaydı. Bu həmin Naxçıvan Muxtar Respublikası idi ki, onun Sədərək rayonu şimali-qərb tərəfdən Ermənistanla 24 km həmsərhəd zolaqda yerləşirdi. 1990-cı il yanvar ayının 15-dən başlayaraq, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı ermənilər təxribatlar həyata keçirirdilər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub. Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakini Şərur Rayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar. Ümumilikdə isə bu günə qədər rayonun müdafiəsində 108 nəfər şəhid olub. 500-dən artıq adam yaralanıb. Kərki kəndinin sakinləri muxtar respublikanın Kəngərli rayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Sədərəyi Naxçıvanın «Qeyrət qalası» adlandırmışdı: “Muxtar respublikanın sərhəd kəndləri dəfələrlə silahlı təcavüzə məruz qaldı. Lakin biz hamımız yaxşı bilirik ki, əsas ağırlıq Sədərəyin üzərinə düşmüşdü. Sədərəkdə vəziyyət tamam başqadır. Burada əsl müharibə gedib, atışmalar olub”. İşğalda olan Kərkinin, Xocalının ağrısı var idi Qabilin ürəyində, torpaqlarımızın düşmən tapdağı altında olması qeyrətinə ar gəlirdi. 2016-cı ilin əvvəllərində ermənilər tez-tez atəşkəs rejimini pozaraq, sərhədyanı bölgələrdə yaşayan ərazilərimizi hədəfə alır, yenə də dağıntılar törədirdilər. Azərbaycan Ordusu da cavab atəşi ilə düşməni susdururdu. Milli Ordumuzun yuxarı komandanlığında ermənilərin yeni təxribat planları haqqında məlumat olduğundan, 29 mart 2016-cı ildə dünyaya gələn oğlunu da gedib görə bilməmişdi Qabil. Xanımı Tükəzban zəng vurub “gözün aydın, oğlun gəldi dünyaya, heç olmasa indi gəl, oğlunu gör”,- deyə giley-güzar dolu gözaydınlığı vermişdi Qabilə, o da sevinərək, xanımını və anasını təbrik etmişdi. Yalnız aprelin 9-dan sonra gələcəyinə söz vermişdi. Oğul gözləyən təzə gəlin Tükəzbanın o qədər arzuları var idi ki, özünü dünyanın ən xoşbəxt adamı sayırdı. Oxuduğu məktəbin, yaşadığı məhəllənin ən gözəl, bacarıqlı, mərd oğlanı idi Qabil, həm də dəli-dolu, vurub-tutan oğlan idi, elə bu cəhətlərinə görə də sevmişdi onu Tükəzban. 2015-ci ilin iyun ayının 9-da Nuriyyə ananın ocağına gəlin köçmüşdü. Qabil ali təhsilli baş leytenant idi. Təyinatını Tərtərə vermişdilr. Toydan bir neçə gün sonra, təzə gəlini də götürüb, ön cəbhəyə yollanmışdı. İlk günlər cavan gəlin çox əziyyət çəkmişdi. Sobanı odunla qızdırmışdı, tufanda-çovğunda həyəti qardan kürəmişdi. Bəzən də günlərlə şəraitsiz evdə oturub, Qabilin yolunu gözləmişdi. Gecələr it hürəndə, çaqqal ulayanda ürəyi titrəmişdi. Yalnız həyat yoldaşı, ezamiyyətini başa vurub gələndə, üzünə, otağına gün doğmuşdu... Günlərin birində isə belə qərara gəlmişdilər ki, uşaqları dünyaya gələnə qədər Tükəzban Naxçıvandakı evə gedib, qayınanası ilə birlikdə qalsın. “Bilsəydim, heç gəlməzdim Naxçıvana, kaş sona qədər, onun yanında qalaydım, bəlkə də məni o vəziyyətdə qoyub, döyüş bölgəsinə getməzdi... Gecə-gündüz özümü qınayıram”,- deyib gözlərinin yaşını axıdır Tükəzban xanım. “O, vətəni bizdən əziz tutdu, hətta övladımızın dünyaya gəlməsi də Qabili yolundan döndərmədi. Niyə bizi tək qoydu? Gecə-gündüz bu suala cavab tapmaq istəyirəm. Uşaq doğulandan sonra, aprelin 1-də gecə danışdı mənimlə, oğlumuzun şəklini istədi. Səhər saat 11-də oğlumuzun şəklini göndərdim ona. Aprelin 1-dən sonra ondan xəbərim olmadı, nə qədər zəng etsəm də, əlaqə yarada bilmədim. Doğum evindən məni valideynlərim gəlib apardılar. Dedilər ki, Nuriyyə xala Tərtərə gedib, evdə yoxdur. Hardansa canıma şübhə və qorxu dolmuşdu. Pis xəbər eşitməmək üçün telefonumu keçirmişdim. Uşaq da gecə-gündüz rahat olmurdu, elə ağlayırdı. Nəhayət aprelin 11-də anam mənə dedi ki, Qabil həlak olub... Bax, mənim həyat nağılım, xoşbəxt günlərim həmən ana qədər çəkdi. Qabili dəfn etdikdən sonra, onun adını oğluma verdik. İndi çalışıram ki, evimizin böyüyü, Nuriyyə anama dayaq olum, Qabilin yadigarı olan oğlumu böyüdüm. Qabil İsaya sona qədər atalıq edə bilmədi. İndi Nuriyyə anamla birlikdə əl-ələ verib, Qabili və İsanı yaşatmalıyıq, böyütməliyik... Axı bizim qəhrəman Qabilimizin gözəl arzuları var idi...”. Nuriyyə ana deyir ki, şəhidlər öləndə deyil, unudulanda ölürlər: “Mənim oğlum Qabil Orucəliyev Silahlı Qüvvələrin zabiti idi. Vətəninin yolunda canından keçdi. Aprel döyüşlərində həlak olan hər bir oğul qəhrəmandır, düşmənlə ölüm-dirim savaşına getmişdilər. Mən bir şəhid anası kimi istəyirəm ki, oğlumun adına əbədiləşən bir məktəb, park, və ya bir küçə olsun. Aradan illər ötəcək, aprel şəhidlərinin adını yaşadan ünvanlar gələcəyə körpü olacaq, onların əməlləri yetişməkdə olan cavan nəsillərin yaddaşını təzələyəcək...”. Aida Eyvazlı Geri dön |