Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Arye Qut:"Ermənistanda şovinizm adamlara ana südüilə keçir"
Arye Qut:"Ermənistanda şovinizm adamlara ana südüilə keçir" |
Bu həftə İsrail Knessetinin iclasında “erməni soyqırımı” ilə əlaqədar ictimai dinləmələr olub. Parlamentin müxtəlif fraksiyalarının nümayəndələri “soyqırımının” tanınmasına tərəfdar çıxıb.
Knessetin iclasını öz bloqunda şərh edən “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası İdarə Heyətinin üzvü, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut yazır: “Erməni soyqırımının” rəsmən tanınması onsuz da mürəkkəb və gərgin olan Türkiyə-İsrail münasibətlərini sarsıdacaq, hətta məhv edəcək. Türk və yəhudi xalqları arasında qarşılıqlı münasibətlərin və qarşılıqlı anlaşmanın 500 illik zəngin tarixi var. Tarixi faktları unutmaq olmaz. Vaxtilə türk sultanı İspaniya yəhudilərinə hər cür vətəndaş hüquqları verməklə onları tam məhv olmaqdan xilas etmişdi. İkinci Dünya müharibəsi zamanı, Avropada yəhudilər dəhşətli, vəhşi qırğına məruz qaldıqda Türkiyə yəhudiləri qoruyub xilas etmişdi”. Arye Qutun fikrincə, “erməni soyqırımının” tanınması İsrailin Azərbaycanla münasibətlərini də ciddi şəkildə sarsıdacaq: “Hazırda Azərbaycan Cənubi Qafqazın ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan əsl regional lideridir. 20 il ərzində İsrailin Azərbaycanla çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. Bu gün İsrailin xeyli sayda iri şirkəti Azərbaycanda yüksək texnologiyalar, telekommunikasiyalar, neft-qaz, tibb, kənd təsərrüfatı kimi müxtəlif sahələrdə çalışır. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi təqribən 5 milyard dollara çatır”. Ekspert İsrail üçün Azərbaycanın strateji əhəmiyyətindən danışarkən Azərbaycanda 20 min nəfərlik yəhudi icmasının olduğunu qeyd edib: “Təkcə son illərdə Azərbaycan dövləti öz hesabına yəhudi icması üçün iki ən müasir sinaqoq tikib, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi yaradıb. Dünyada mənə, fərqi yoxdur, xristian və ya müsəlman olsun, elə bir dövlət göstərin ki, öz hesabına sinaqoq tikmiş olsun. Bu, Azərbaycan dövlətinin və onun rəhbərliyinin yəhudi xalqına və İsrail dövlətinə rəğbətini bir daha sübut edir. İndi gəlin Ermənistanın özündəki vəziyyətə baxaq. Bu gün Ermənistanın yəhudi icmasının sədri Rimma Varjapetyan belə vəziyyətdə Ermənistanı nə qədər müdafiə etməyə cəhd göstərsə də, həqiqətin gözünə dik baxmaq lazımdır. Biz hamımız gözəl bilirik ki, xanım Varjapetyan monoetnik bir ölkəni müdafiə edir, burada şovinizm və millətçilik adamlara ana südü ilə keçir. Demək olar ki, hər il Yerevanda günahsız Xolokost qurbanlarının abidəsi təhqir olunur. Bu təsdiq edir ki, Xocalıda azərbaycanlıların soyqırımı hazırda Ermənistanın hakim güruhunun təbliğ etdiyi faşist etnik təmizləmə ideologiyasının nəticəsi olub. Bu güruh azərbaycanlıları öz doğma torpaqlarından qovaraq çoxlu qan bahasına monoetnik dövlət yarada bilib. Ermənistandan 200 min azərbaycanlı amansızlıqla qovulub, orada rus və yəhudi demək olar ki, qalmayıb. Ermənistanda antisemitizm və ksenofobiya əfsanə deyil, erməni “arilərinin” türk, semit və digər xalqların nümayəndələri üzərində irqi üstünlüyü ideyaları kimi kədərli reallıqdır. Məhz buna görə də müasir Ermənistan əslində monoetnik dövlətdir və burada yəhudilər daim azalan mikroskopik azlıq təşkil edir. Yaxın gələcəkdə onlar bu ölkənin etnik xəritəsindən sadəcə yox olub gedəcəklər. Haqlı olaraq belə bir sual meydana çıxır: İsrail dövləti nəyin xətrinə “erməni soyqırımını” tanımalıdır – Ermənistandan və ermənilərdən komplimentlər qəbul etmək üçün? İndi bu faktdır ki, Ermənistan Cənubi Qafqazda İranın yeganə strateji tərəfdaşıdır”. Geri dön |