Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Türk dünyası-Turan > Göybulaqlı Türkiyə alimi – Azərbaycan mühaciri
Göybulaqlı Türkiyə alimi – Azərbaycan mühaciri |
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyat bölməsinin üzvü. Əslən Şəkinin Gölbulaq köyündən olan Abdülbaki Gölpinarlı Türkiyədə çox yaxşı tanınan ədəbiyyatşünas alim, İslami dini görüşləri, geniş tərcüməçilik fəaliyyəti ilə yadda qalan məşhur təfəkkür sahiblərindən biridir. Azərbaycan ziyalılarından çoxu, bəlkə də, onun adını ilk dəfə 1958-ci ildə Məhəmməd Füzulinin vəfatının 400 illiyi münasibəti ilə keçirilmiş təntənəli yığıncağında eşidiblər. A. Gölpinarlı dinləyicilərə və oxuculara hər yerdə Türkiyə alimi kimi təqdim olunub, onun əsli və nəsli, dədə-baba yurdu haqqında məlumat verməyi lazım bilməyiblər. Azərbaycan alimlərinin Füzuli haqqında yazdıqları elmi-tədqiqat işlərində də A.Gölpinarlıdan bəhs etmək, onun yaradıcılığında mühüm yer tutan Azərbaycan mövzusundan söz açmaq yada düşməyib. Tanınmış alimin atası XIX əsrin sonlarında – XX əsrin əvvəllərində Türkiyədə yaxşı tanınan müxbirlərdən biri olan Ahmed Agah Əfəndidir. Ahmed Agah Əfəndinin atası İzzət Mustafa oğlu Gəncənin Göybulaq köyündə anadan olub, 1877-1878-ci il rus-Osmanlı savaşı zamanı Bursaya gəlib, bir müddətdən sonra da oradan İstanbula köçüb. Yeri gəlmişkən, Gölbulaq kəndi Cəfərabad-Şəki yolunun üstündə yerləşən, zəngin tarixi ənənələri olan, orta əsrlərdə bir sıra döyüşlərə şahidlik edən yaşayış məskənidir. Ahmed Agah Əfəndinin mühərrirlik fəaliyyəti İstanbulda nəşr olunan “Tərcümani-hakikat” adlı qəzetdə formalaşıb (“Tərcümani-Hakikat” qəzeti Türkiyənin uzunömürlü mətbuat orqanlarından biridir. İlk nömrəsi 26 haziran 1878-ci ildə, son nömrəsi isə 11 şubat 1921-ci ildə çap edilib.). Ahmed Agah Əfəndi bu qəzetin aparıcı müxbirlərindən biri idi. O, mətbuat aləmində “Şeyxül-Mühabirin” (müxbirlərin şeyxi – N.N.) kimi anılırdı. İstanbulda Ahmed Agah Əfəndi əslən Dağıstandan olan Aliyə Şöhrət xanım ilə evlənib. Ailənin doğulan ilk uşaqları hələ körpə ikən həyatdan köçüblər. Ailə başçıları 10 ramazan 1317-də İstanbulda Kadırqa səmtində dünyaya gələn növbəti körpəyə Mustafa İzzət adı verir. Bu, körpənin dədəsinin (babasının – N.N.) adı idi. Ailənin əvvəlki uşaqları çox yaşamadığı üçün uzun ömürlü olsun deyə, onu sonralar Abdülbaki takma adı ilə çağırıblar (“baqi” sözünün bir neçə mənası var, onlardan biri də “əbədi” deməkdir – N.N.) A.Gölpinarlı yaxşı təhsil ocaqlarında yaxşı müəllimlərdən, ilk təhsilini İstanbulun Babiali yoxuşunda, indi Basma Əsərləri Dərləmə Müdirliyi olan Təhsin Əfəndi İlkokulunda, orta təhsilini “Mənbəül-İrfan” məktəbində alıb. O, Gelenbevi İdadisinin (rüşdiyyə məktəbinin – N.N.) son sinifində oxuyarkən atası dünyasını dəyişib. Təhsilinə ara verən məktəbli işləməyə məcbur olub. O, bir müddət İstanbul Veznecilerində kitabçılıqla məşğul olub, sonra isə Çorumun Alaca ilçesindeki Mənbəi-İrfan İbtidai Məktəbində müəllimlik və idarəçilik edib. 1922-ci ildə İstanbula dönüb, imtahan verərək son sinfinə girdiyi İstanbul Erkək Müəllim Məktəbini, ardından da İstanbul Universitetinin ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünü bitirib. 1931-ci ildə çap etdirdiyi “Məlamilik və məlamilər” kitabını A.Gölpinarlı ona elmi yaradıcılıq üslubunu və qaydalarını öyrədən professor Köprülüzadəyə ithaf edib. Təəssüf ki, sonralar müəllim və tələbə arasında anlaşılmazlıq baş verir və onların əlbir elmi fəaliyyətinə son qoyulur. A.Gölpinarlı sonralar yazdığı məqalələrin birində bu soyuqluğu və ayrılığı müəlliminin liderlik iddiası ilə əlaqələndirir. Ədəbiyyat müəllimi olaraq Konya, Kayseri, Balıkəsir, Kastamonu və İstanbuldakı Haydarpaşa liseylərində çalışan A.Gölpinarlı sonralar Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində fars dilindən mühazirələr oxuyur və dərs deyir. 1945-ci ildə kommunistlikdə günahlandırılaraq, o, həbs edilir. 318 gün həbsxanada yatdıqdan sonra ona bəraət verilir və A. Gölpinarlı yenidən müəllimlik fəaliyyətinə qayıdır. 1949-cu ildə o öz istəyi ilə təqaüdə çıxır. Əslində bu, A.Gölpinarlının yaşadığı cəmiyyətin yaramaz qayda-qanunlarına qarşı etiraz səsi idi. A.Gölpinarlının ailə həyatı uğursuz olub. O, 1926-cı ilə aid tərcümeyi-halında yazırdı: “Evləndim, boşadım, adını da, tarixini də unutdum, bir daha evlənməyə niyyətim yox”. 1982-ci ilin avqust ayının 25-də A.Gölpinarlı vəfat edib. A.Gölpinarlı elmi yaradıcılığa gənc yaşlarından başlayıb. O, əqidə və məsləkinə görə Osmanlı sufiliyinin təmsilçisidir. “Məlamilik ve məlamilər” adlı əsəri ilə özünü tanıdan alim “Türkiyat məcmuəsi”, “Şarkiyat məcmuəsi” və İstanbul Universitetinin “İqtisad fakültəsi məcmuəsi”nin bir sıra nömrələrində, digər dərgi və qəzetlərin səhifələrində də maarifləndirici yazılarla çıxış edir. İslam Ensiklopediyası və Türk Ensiklopediyası üçün çeşidli məqalələrini yazır. Divan ədəbiyyatına aid çalışmaları elm adamlarının diqqətini cəlb edir. “Divan Ədəbiyyatı Bəyanındadır” (1945) adlı kitabı ilə ədəbiyyat aləmində məşhurlaşan A.Gölpinarlı M.Füzuli, Yunis İmrə, Nədim, Mövlanə Cəmaləddin, Şeyx Qalib və sair söz ustalarının ədəbi irsinin türk oxucularına çatdırılmasında misilsiz işlər görüb. Onun Füzuli haqqında ilk elmi işi oxuculara 1930-cu ildə “Türk Nəşriyyat Yurdu” tərəfindən çatdırılıb. 162 səhifəlik bu əsərin II cildi 1932-ci ildə çap olunub. 1958-ci ildə Bakıda Füzulinin xatirə tədbiri keçiriləndə A.Gölpinarlının adı azərbaycanlı alim kimi demək olar ki, yada düşməyib. Halbuki bu tədbirdən bir neçə il əvvəl – 1948-ci ildə Türkiyədə A.Gölpinarlı Füzulinin 432 səhifəlik divanını çap etdirib, ona geniş bir müqəddimə yazmışdı. Çox güman ki, oba göstərilən bu etinasızlıq divanın girişində Füzulinin türk şairi kimi qələmə verilməsi ilə əlaqədar idi. Böyük alim A.Gölpinarlı Türkiyədə Molla Nəsrəddini (Hoca Nəsrəddini) elmi şəkildə təbliğ edən səviyyəli tədqiqatçılardandır. O, təhsil sistemində bir neçə dərslik müəllifi kimi də tanınır. A.Gölpinarlını 114 kitabın, 404 məqalənin müəllifidir. O, Quranı türk dilinə tərcümə edənlərdən biridir. Azərbaycanda A.Gölpinarlının heykəlinin ucaldılması, BDU-nun şərqşünaslıq fakültəsinin əlaçı tələbələrindən bir neçəsinə A.Gölpinarlı təqaüdü verilməsi də unudulmamalıdır. Geri dön |