Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi
Nazarbayevin ABŞ turnesi: Qazaxıstanın geosiyasi həmləsi |
Nursultan Nazarbayevin bu il yanvarın 16-18-də Amerikaya rəsmi səfəri ilə bağlı müxtəlif fikirlər ifadə edilir. Bu hadisəyə yanaşmalar müxtəlifdir. Ancaq Qazaxıstan dövlət başçısının müzakirə etdiyi məsələlərə obyektiv və ədalətli yanaşanda bir sıra maraqlı və aktual məqamları görmək mümkündür. Hər şeydən öncə, N.Nazarbayev Amerika prezidenti ilə bütövlükdə Mərkəzi Asiya üçün aktual olan məsələləri müzakirə edib. Həmin sırada iqtisadi-ticarət, energetika, nəqliyyat və təhlükəsizliklə bağlı məsələlərə daha çox diqqət yetirilib. Bu istiqamətdə baza kimi "Səmərqənd bəyannaməsi" götürülüb. Bu, onu təsdiq edir ki, Astana ardıcıl xarici siyasət yeridir. Ekspertlər həmin çərçivədə Vaşinqtonda tərəflərin 20-dən çox saziş imzalamasına diqqət çəkirlər. Bu, demək olar ki, strateji tərəfdaşlıq səviyyəsi anlamına gəlir. Müqavilələrdə nəzərdə tutulan maliyyənin həcmi də bu tezisin əsaslı olmasını sübut etməkdədir – 7,5 milyard ABŞ dolları! Buraya amerikalı iş adamlarının Qazaxıstana sərmayə qoyması da daxildir. Bu kimi faktların fonunda N.Nazarbayevin ABŞ səfərinin geniş təhlilinə ehtiyac duyulmaqdadır.
Səmərqənddən başlayan yol: Astana daha irəli gedir Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ-a səfərinə Amerika, Rusiya və Qazaxıstan ekspertləri böyük maraq göstərdilər. KİV qazax liderin apardığı müzakirələri və alınan qərarları geniş müzakirə etdi. Bu cür reaksiyanı mütəxəssislər gözlənilən hesab edirlər. Bir neçə səbəbdən həmin qənaətin əsaslı olduğunu ifadə edirlər. Doğrudan da, Qazaxıstanın geosiyasi mövqeyi, ölkə rəhbərliyinin uzun illərdir yeritdiyi stabil və balanslı xarici siyasət, dövlət başçısının siyasətçi kimi ciddi nüfuza sahib olması və demokratik islahatların aparılması dünya liderlərinin diqqətini çoxdan cəlb edib. İndiki geosiyasi situasiyanın bir sıra özəllikləri isə səfərə ayrıca məzmun verib. Bu səbəbdən ekspertlərin proqnozları yalnız ABŞ-Qazaxıstan münasibətlərinin dinamikası ilə məhdudlaşmır. Mütəxəssislər həmin aspektdə iki məqamı vurğulayırlar. Əvvəla, ABŞ xarici siyasət kursunun bütövlükdə Mərkəzi Asiya istiqamətindəki aspektində bir canlanma müşahidə edilir. Əslində, bu prosesin əsasını keçmiş dövlət katibi Con Kerrinin 2015-ci ildə regionun beş ölkəsinə etdiyi səfər qoyub. O zaman Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan Vaşinqtonla “C5+1” adlanan formatda əməkdaşlıq adı altında “Səmərqənd bəyannaməsi”ni imzalayıblar (bax: bax: Пять стран Центральной Азии и США приняли декларацию о сотрудничестве / Tengrinews.kz, 2 noyabr 2015). N.Nazarbayevin son ABŞ səfərini tam və obyektiv dərk etmək üçün həmin sənəddə nəzərdə tutulan əməkdaşlıq prinsipləri və əhatə dairəsini xatırlamaq gərəkdir. Təəssüf ki, həm ABŞ, həm Rusiya, həm də Qazaxıstan ekspertləri məsələnin bu tərəfinə az diqqət yetirir və başlıca olaraq indi mövcud olan faktorları önə çəkirlər. Bir sıra mütəxəssislər “C5+1” formatının səmərəli olmadığı haqqında fikir bildirirlər (bax: məs., Сравнительный анализ деятельности созданных в Центральной Азии форматов “5+1” (с участием США, Южной Кореи, Японии и ЕС) / РСМД, 25 iyul 2017). Ancaq onun bir sıra istiqamətlərdə əməkdaşlıq üçün potensialının olduğunu da vurğulayırlar. Tərəflər suverenlik, iqtisadiyyat, enerji, nəqliyyat, sərmayə qoyuluşu və təhlükəsizlik sahələrində əlaqələrin inkişafında maraqlı olduqlarını ifadə ediblər (bax: Пять стран Центральной Азии и США приняли декларацию о сотрудничестве / Tengrinews.kz, 2 noyabr 2015). Terrorla mübarizə və Əfqanıstandakı vəziyyət burada ayrıca yer tutur. Bunlar əsasında mütəxəssislər belə qənaətə gəlirlər ki, tərəflər əməkdaşlığa hazır olmaqla ümumregion səviyyəsində əlaqələrin mümkün dairəsini müəyyənləşdiriblər. “Səmərqənd bəyannaməsi”ndən sonra ABŞ tərəfindən hər hansı təşəbbüs olmasa da, sənəddə əməkdaşlığın davam etdirilməsi ayrıca bənd kimi qeyd olunub. Belə gözləmək olardı ki, region ölkələrindən hansısa bu istiqamətdə hərəkət edə bilər. Bunu məhz N.Nazarbayev etdi. Onun apardığı müzakirələrin dairəsinin də “Səmərqənd bəyannaməsi”ndə vurğulanan məqamlara tam uyğun olması bu tezisi gücləndirir. Əməkdaşlığın şərtləri: “sıfıra” düşmüş əlaqələr və regional ziddiyyətlər Deməli, Qazaxıstan Prezidentinin səfərini hər hansı fövqəladə geosiyasi addım kimi (müsbət və ya mənfi mənada) qiymətləndirməyə çalışanlar obyektiv mövqe tutmurlar. O cümlədən Nursultan Nazarbayev həmin səfərdə Qazaxıstandan başqa heç bir dövlətin maraqlarını təmsil etməyib (bir sıra ekspertlər Rusiyanın və ümumən Mərkəzi Asiya dövlətlərinin hamısının adını çəkir, erməni KİV-i bu istiqamətdə xüsusilə canfəşanlıq göstərir). O başqa məsələdir ki, Nursultan Nazarbayevin siyasi nüfuzu Donald Trampla regional əməkdaşlıq və təhlükəsizliyin bir sıra aspektlərini ciddi müzakirə etməyə imkan verib. Ədalət naminə qeyd edək ki, həmin müzakirə baş tutub. Digər tərəfdən, ABŞ-la Qazaxıstan arasında 20-dən çox saziş imzalanıb! Bu, kiçik göstərici deyil və milyardlarla ABŞ dolları həcmində maliyyənin xərclənməsini nəzərdə tutur. Sahələrə gəldikdə isə, onlar “Səmərqənd bəyannaməsi”ndə göstərilən bütün sferaları – iqtisadiyyat, nəqliyyat, energetika, müdafiə, təhlükəsizlik və s. sahələri əhatə edir (bax: Визит на семь миллиардов: Назарбаев подписал в США ряд соглашений / РИА Новости, 17 yanvar 2018). Bunlarla yanaşı, Nazarbayev-Tramp görüşündə qlobal və regional geosiyasətin aktual problemləri də diqqət mərkəzində olub. Tərəflər Şimali Koreya, Əfqanıstan və Mərkəzi Asiya ilə bağlı fikir mübadiləsi aparıblar. Ekspertlər ona xüsusi diqqət çəkirlər ki, Qazaxıstan dövlət başçısı D.Trampa açıq deyib ki, Şimali Koreya məsələsində Amerika-Rusiya-Çin əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir. Yalnız bu halda problemi aradan qaldırmaq olar. N.Nazarbayev problemin həllinin nədən ibarət olduğunu da deyib: Şimali Koreyanın nüvəsizləşdirilməsi fonunda, ümumiyyətlə, nüvəsizləşdirmə xəttinin yeridilməsi və bu işdə BMT-nin başlıca rol oynaması! Hətta o təklif edib ki, 2050-ci ilə kimi dünyada bütün nüvə silahları ləğv edilsin. Etiraf edək ki, ədalətli təkliflərdir və Azərbaycanın da müdafiə etdiyi mövqeyə uyğundur. Qazaxıstan rəhbərinin bu təklifi ölkəsinin BMT TŞ-yə sədrlik etdiyi dövrdə verməsi müsbət haldır. Yəni Azərbaycandan sonra başqa bir türk dövləti də oxşar təkliflə çıxış edir. Bu, bütövlükdə Azərbaycan və ümumiyyətlə, türk dövlətlərinə ikili standartlar prinsipi ilə yanaşanlara yaxşı cavabdır – məhz türklər dünyada sülhə ədalətli və real yanaşan xalqlardandırlar. O başqa məsələdir ki, kimlərsə, türk ölkələrinin əleyhinə əsassız fikirlər ifadə edir, böyük dövlətlər isə verilən təkliflərə əməl etmir. Məsələn, N.Nazarbayev ABŞ-dan ayrılandan cəmi bir neçə gün sonra KİV informasiya yaydı ki, Rusiyanın nüvə ehtiyatı 100 meqatonu (!!!) aşır, ABŞ-da isə bu rəqəm maksimum 1,2 meqatondur. Buna görə də Vaşinqton iki yeni nüvə silahı yaratmağı qarşısına məqsəd kimi qoyub. Belə çıxır ki, böyük güclər silahlanma yarışını yeni səviyyəyə qaldırmaq fikrindədirlər. Qazaxıstan Prezidentinin müzakirə etdiyi digər geosiyasi məsələ Əfqanıstandakı vəziyyət, terror və narkoticarətlə mübarizə ilə bağlı olub. Astana terrorun regiona nüfuz etməsindən narahatlığını bildirib. Bunun olmaması üçün ilk növbədə Əfqanıstanda sabitliyə və təhlükəsizliyə nail olmaq gərəkdir. Bu iki istiqamətdə isə hələlik ciddi irəliləyiş yoxdur. Əksinə, faktlar göstərir ki, Əfqanıstanda “Taliban” və “əl-Qaidə” ilə yanaşı, İŞİD də möhkəmlənir. Rusiya xüsusi xidmət orqanları isə belə bir vəziyyətdə əsas təhlükənin Mərkəzi Asiya və Rusiyaya olacağını proqnozlaşdırırlar. Bunlar onu göstərir ki, N.Nazarbayevin D.Trampa ABŞ-Rusiya münasibətlərinin “sıfıra düşməsi”ni xatırlatması arxasında kifayət qədər ciddi əsaslar dayanır. İki böyük güc təhlükəsizlik və terrorla mübarizədə ədalətli, obyektiv prinsiplərlə əməkdaşlığa başlamasalar, dünyanı nələrin gözlədiyini proqnozlaşdırmaq çox çətindir. Vurğulanan məqamlar onu göstərir ki, Nursultan Nazarbayevin ABŞ səfərində hansısa məxsusi məqamlar axtaranlar yanılırlar. Bir sıra amerikan, Rusiya və Qazaxıstan ekspertinin burada mənfi çalarlar axtarması həqiqəti əks etdirmir. Bu səfər ciddi siyasi hadisədir və Mərkəzi Asiya üçün əhəmiyyəti vardır. Geri dön |