Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > Nizaminin əsərlərində türk sözləri
Nizaminin əsərlərində türk sözləri |
Nizamişünas Cahan Ağamirov: «Şair «Xəmsə»ni fars dilində yazsa da, türk olduğunu unutmayıb»
Uğur Azərbaycan klassik ədəbiyyatının zirvələrindən biri olan Nizami Gəncəvinin yaradıcılığı bütün zamanlarda bəşəri mahiyyət kəsb edib, ona görə ki, hər şeydən əvvəl o, xəlqidir. Onun yaradıcılığı zəngin xəlqi təfəkkürün, insan idrakının hüdudsuzluğunun, tükənməzliyinin ifadəsi olaraq daim sabahlıdır. Nizami Gəncəvi haqqında heç zaman keçmiş zamanda danışmaq olmur. Onu bizdən ayıran illər bu nəhəng bədiyyat ustasının qədimliyə varmasının, həm də əbədi sabahda qalmasının sübutu olur. Xəlqi, milli və mənəvi dəyərlərimizi, türk ruhunun özünəqədərki soraqlarını əsərlərində sevgiylə ifadə edən Nizami Gəncəvi bu səbəbdən həmişə yaşarıdır. Nizami Gəncəvinin fars şovinizmi tərəfindən daim farslaşdırılması cəhdi həmişə hiddətimizlə qarşılanmalıdır. Qətiyyən belə məsələlərə göz yummaq olmaz. Başdan-binadan ruhu türklükdən soraq verən şairimizin yalnız farsca yazmasını əsas gətirərək onun milliyyətcə fars olmasını iddia etmək gülünc bir işdir. Hər halda böyük şairimizin farsca yazması kədərli, acı bir reallıqdır. Fars şorvinizminin ardıcıl olaraq Nizamini özününküləşdirmək cəhdi bizi daha da ciddi düşünməyə məcbur edir. Əgər biz bir millət olaraq uca, milli, bənzərsiz dəyərlərimizə sözün böyük mənasında inadla sahib dura bilməsək, o zaman türkü sevməyənlər tərəddüdlü məqamlarımızdan məharətlə istifadə edəcəklər, necə ki, edirlər. Nizami Gəncəvi dünya miqyasında zəngin irsi elmi tədqiqatlara, araşdırmalara cəlb edilmiş şairlərimizdəndir. Şairin zəngin mənəvi dünyası, özünəqədərki tarixə, insanın halına bələdliyi, daim fəlsəfi fikirlər söyləməsi araşdırıcıları heyran edib. Bu, bir daha onu sübut edir ki, Azərbaycanda fəlsəfi fikir həmişə daha çox şerlə deyilib. Nizami haqqında yazılacaq bundan sonrakı tədqiqatlarda onun türklüyünün möhtəşəm yaradıcılığına təsiri də xüsusi şəkildə araşdırılmalıdır. Bu yöndə tədqiqatlar yazılıb, hələ bundan sonra da yazılacaq. Nizamişünas Cahan Ağamirovun fikrincə, Nizaminin dillər əzbəri olan misilsiz «Xəmsə»si dünya ədəbiyyatı xəzinəsinə ən böyük töhfədir. Şair «Xəmsə» vasitəsilə dünyanın sirlərini açmağa müvəffəq olub, əsl eşq, mehr, məhəbbət dastanı yazıb, eşqdə sədaqəti ön plana çəkib, dünyanı lazımınca vəsf edib və öz fəlsəfi fikirləri ilə onları cilalayıb: «Orta əsr Şərq şeir dili sayılan fars dili təbiidir ki, Nizami Gəncəvi kimi böyük söz ustadından yan keçə bilməzdi. Şair bu ənənəyə sadiq qalaraq həmişəyaşar «Xəmsə»sini fars dilində yazıb, ancaq türk olduğunu unutmayıb». Araşdırmaçı bildirir ki, Nizami Gəncəvinin türk olduğunu sübut edən akademik Həmid Araslının böyük xidmətləri var: «Onu demək kifayətdir ki, keçən əsrin 40-cı illərindən Nizami Gəncəvi haqqında ilk elmi izahları verən Həmid Araslı («Nizami Gəncəvi» Bakı, 1947, «Azərbaycan ədəbiyyatı: tarixi və problemləri» Bakı, 1948, «Şərqdə Leyli və Məcnun əsərləri və Nizami» Bakı, 1940, «Nizami əsərlərində el variantları» Bakı, 1940, «Nizami və Azərbaycan xalq ədəbiyyatı» Bakı, 1947, «Nizami və Vətən» Bakı, 1948, «Şairin həyatı» Bakı ,1967, «Nizami Gəncəvi və «Sirlər xəzinəsi»" Bakı, 1981, «Nizami Gəncəvi və qadın obrazları» Bakı, 1939, «Nizamidə xalq sözləri və xalq ifadələri» kimi) yazılarında «Nizami və türklük» məsələlərinə xüsusi önəm verib, onu açıqlamağa çalışıb. Sonuncu məqaləsində «Xəmsə»də alim 100-ə qədər türk sözləri olduğunu və Azərbaycan atalar sözlərindən istifadə olunduğunu arayıb tapıb. Bu fakt da sübut edir ki, Nizami türkdür. Şairin yaradıcılığında işlənən yaylaq, qışlaq, köç, alaçıq, dağ, çirkin, sancaq, qırmızı, dolma, ələk, çadır, kömək və s. sözləri onu göstərir ki, Nizami türk ruhunu canlı olaraq yaşayıb. Araşdırmaçının fikrincə, Nizami yaradıcılığına inamla yanaşan Həmid Araslı şairin Azərbaycan atalar sözlərindən məharətlə istifadə etməsini əsaslandırıb. Aşağıdakı misallara nəzər salaq: «Pişik balasını istədiyindən yeyər» Azərbaycan atalar sözü fars dilində olmadığından Nizami böyük məharətlə onu «Xəmsə»də iki misra ilə verib: «Qorbe ço bovəd sərhəm pusti, Bəççeye xod ra xorəd əz dusti». Digər bir misala diqqət yetirək: «Vaxtsız banlayan xoruzun başını kəsərlər» ifadəsini Nizami nəzmlə belə verib: «Xorusi ke bica xanəd, Becaye pər fəşani, sər fəşanənd». Yaxud da Nizami türk və fars dillərində olan atalar sözləri və zərbi-məsələlərin hər iki dildə mövcud olduğunu nəzərə alıb onları yerli-yerində işlətməyə nail olub. Hər qamış şəkər, hər gül bar verməz, Hər uşaq doğana qadın deyilməz. Şairin digər ibarələrində farsca zərbi-məsəllər olsa da, türk sözləri ilə zənginləşdirilib. «Çerkin bər siyah nəminehinəd, Cəvani dər kuç əst». Araşdırmaçının fikrincə, buradakı «çirkin» və «köç» sözləri təmiz türk kəlmələridir: «Akademik H.Araslıdan sonra alimin qızı Nüşabə xanım Araslının araşdırmaları, «Nizami türk ədəbiyyatında», «Nizami və türklük» mövzusunda gənc alimlərimizin axtarışları maraqlı və diqqətçəkəndir». Cahan Ağamirovun «Nizami yaradıcılığında işlədilən türk sözləri və Azərbaycan zərbi-məsələləri» bu qəbildəndir: «Nizami Gəncəvi «Xəmsə»sində türk sözlərinin sayı 120-dən də çoxdur. Elə beytlərə rast gəldik ki, şair orada iki türk kəlməsi işlədib: Tace to əfsus ke əz sər behəst, Çole fərəs, torbe əz xəz behəst. Göründüyü kimi sonuncu misradakı «çul» və «torba» sözləri sırf türk sözləridir». Təxminən 10 il qabaq Nizami Gəncəvinin türkcə «Divan»ının tapılması ilə bağlı məsələ ölkə mətbuatında müəyyən qədər müzakirə mövzusuna çevrildi. Sonda məlum oldu ki, Nizami Gəncəviyə aid olduğu güman edilən türkcə «Divan» əslində onun deyilmiş. Bundan kədərlənənlər az olmadı. Ancaq yenə də həmin qənaət qalır ki, Nizaminin ümumiyyətlə, fars ruhlu olmasını iddia etmək belə məntiqsizlikdir. Nizami mövzusunda araşdırma aparanlardan biri də Əkrəm Şamxalovdur. Əkrəm Şamxalov 1938-ci ildə anadan olub. İndiki BDU-nun şərqşünaslıq fakültəsini bitirib. 12 il İran və Əfqanıstanda tərcüməçi olub. Nizami Gəncəvinin «Xəmsə» dibaçəsinin tədqiqi, tərcüməsi, tətbiqi və bərpası ilə məşğul olub. O, hesab edir ki, Azərbaycanda, İranda, ərəb ölkələrində, Türkiyədə, eləcə də digər ölkələrdə Nizami irsi istənilən səviyyədə öyrənilməyib: «Nizami həyatın bütün qanunlarını ümumiləşdirərək elə sadə dildə yazıb ki, bunu hamı başa düşmək imkanına malikdir. Yəni bir var ki, mürəkkəbliyi sadələşdirəsən, bir də var sadəliyi mürəkkəbləşdirəsən. Mürəkkəblik də qədim və klassik irsə həqiqi münasibətin olmaması nəticəsində yaranıb. Nizami sözü birbaşa deyib. Yəni elə deyib ki, hamı dərk edə bilsin. Amma o demək deyil ki, Nizamini həm də hamı rahatca başa düşə bilər. Əgər elmlər öz kökü üstündədirsə, o zaman insan bəlkə də Nizamisiz həqiqətə çatacaq. Bu gün bütün tədris əksinə yönəlib. Əgər Nizami özü dediyi kimi tədris olunsaydı, tamam başqa cür olardı. İstər elm, istər təhsil, istərsə də din; bunların hamısı əyaniliklə qeyri-əyaniliyin vəhdətindədir. Biz ruhla istəyimizi gerçəkləşdirə bilirik. O ruh həm də təbiətdədir. Göz cismdir, görmə qabiliyyətimiz ruhdur. Ayağımız cismdir, yerimək qabiliyyətimiz isə ruhdur. Biz ruhaniyyat aləminin içərisində yaşasaq da çox şeydən xəbərsizik. Biz ruh vasitəsilə istəyimizi gerçəkləşdirə bilərik. Mən hesab edirəm ki, bütün elmlər bir-birilə vəhdətdə öyrənilməlidir. Elmləri biri-birindən ayırmaq fəlakətdir. Ədəbiyyat əbədiyyət xislətlidir. Humanitar-texniki fənlər yoxdur. Ədəbiyyat özü də parçalanıb. İndi elə bir vəziyyət yaranıb ki, dar ixtisaslaşma dəb olub. Bir sahəni bilən başqa sahəni bilmir. Ancaq Nizami Gəncəvi elmin, həyatın bütün sahələrindən xəbərdar idi. Tariximizə, reallığımıza, bir də Nizamiyə baxaq. Ziyalı ilə danışırsan, deyir ki, heç nə başa düşmürəm. Bütün bəşəriyyətin irsi bizdədir, məsuliyyəti biz daşıyırıq. İngilis, fransız, alman nə isə bilmirsə, onları qınamaq olmaz. Nizami hər şeyi yazıb, onları bəşəriyyətə çatdırmalıyıq». Geri dön |