Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qardabani rayonundan olan gənclər “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulublar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Borçalı > Qardabani rayonundan olan gənclər “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulublar

Qardabani rayonundan olan gənclər “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulublar


Fevralın 22-də Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Qardabani rayonundan olan gənclərin “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulduqları vurğulanıb. Qeyd olunub ki, onlar Xocalı faciəsinə beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən tam hüquqi, siyasi qiymət verilən günədək mübarizə aparacaqlar.

“Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə” Təşkilatının təşkil etdiyi tədbirdə Qardabani rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, paytaxt Tbilisi və Marneuli rayonundan olan ziyalılar iştirak ediblər.

Təşkilatın sədr müavini Hacı Hacıyev tədbiri giriş sözü ilə açdıqdan sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfirliyin məsul əməkdaşı Rəhim Rəhimzadə çıxış edərək Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı elan olunmamış müharibə ilə bağlı iştirakçılara geniş məlumat verib, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 xocalılının əsir götürüldüyünü diqqətə çatdırıb. Rəhimzadə dünya ictimaiyyətinin diqqətinin bu hadisəyə yönəldilməsinin vacibliyini qeyd edib.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilməsindən danışıb, Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb. O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal edildiyini, mühasirəyə alınan şəhərin yandırıldığını bildirib.

Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında məlumat verib.

Digər çıxış edənlər Azərbaycan xalqının başına gətirilmiş bəlalardan söhbət açıblar.

Sonra məktəblilər Xocalı faciəsinə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilib.

Xətayi Əzizov

Geri dön