Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir

Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilmişdir


İyunun 25-də Vaşinqtonun tarixi “Hey-Adams” mehmanxanasının ziyafət salonunda Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın Vaşinqtondakı səfirliyi tərəfindən təntənəli mərasim təşkil edilmişdir.
Bayram tədbirində ölkəmizin ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov Silahlı Qüvvələrimizin yaradılmasının tarixindən danışmışdır. Bildirilmişdir ki, Silahı Qüvvələrin yaradılması haqqında qərar müsəlman dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən 1918-ci ilin iyunun 26-da qəbul edilmişdir. Azərbaycanın müstəqilliyinin bərpasından sonra Silahlı Qüvvələr Günü dövlət səviyyəsində geniş qeyd olunur.
E.İsmayılov vurğulamışdır ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mühüm vəzifə dövlətimizin ərazi bütövlüyünü bərpa etməkdir. O, Silahlı Qüvvələrimizin NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, eləcə də bir sıra inkişaf etmiş dövlətlərin orduları ilə əməkdaşlıq əlaqələrinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulamışdır. Natiq Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xüsusilə də ölkənin hərbi təhsil müəssisələrində gənc zabitlərin təlim və tədrisində NATO standartlarının tətbiq edildiyini iştirakçıların diqqətinə çatdırmışdır.
Son illərdə Azərbaycan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafını vurğulayan natiq beynəlxalq terrorla mübarizə aparan koalisiyanın üzvü kimi ölkəmizin hərbçilərinin Kosovo, İraq, Əfqanıstanda sülhməramlı əməliyyatlarda fəal iştirakını qeyd etmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasında 2002-ci ildən keçirilən Azərbaycan-ABŞ ikitərəfli hərbi məsləhətləşmələr müdafiə və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığımızı daha da möhkəmləndirməyə kömək etmişdir. Yüksək səviyyəli dostluq və tərəfdaşlıq münasibətlərinə görə ABŞ-a minnətdarlığını çatdıran E.İsmayılov ölkələrimiz arasında hərbi əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirmişdir.
Oklahoma ştatının Milli Qvardiya baş komandanının müavini, briqada generalı Uolter Fontan Azərbaycan ilə bu ştat arasında hərbi tərəfdaşlığın ABŞ-ın maraqlarına xidmət etdiyini vurğulamışdır. Bu dostluğun qlobal təhlükəsizlik naminə inkişafda olduğunu diqqətə çatdıran U.Volter demişdir: “Azərbaycanda bizim Arlinqton xiyabanına bənzər Şəhidlər xiyabanı vardır. Bu yeri ziyarət etmək mənə bir hərbçi kimi çox vacib idi. Şəhidlər xiyabanında dəfn edilənlərin adları oxuyanda bu gənc ölkənin müstəqilliyi uğrunda canlarından keçən insanların qəhrəmanlığını bir daha anlayırsan. Bu gün burada həmin insanların xatirəsini yad etmək bizim üçün şərəfdir”.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında bildirmişdir ki, ABŞ ilə ölkəmiz arasında bu gün müşahidə olunan yüksək səviyyəli hərbi tərəfdaşlıq təsadüfi deyildir. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Avratlantik məkana inteqrasiya siyasəti - Qərb dövlətləri, xüsusilə də Birləşmiş Ştatlarla əməkdaşlığın inkişaf etdirilməsi məqsədyönlü seçimdir. Səfir Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə də regional və qlobal təhlükəsizliyin keşiyində duracağına əminliyini ifadə etmiş, yüksək səviyyəli strateji əməkdaşlığa görə ABŞ tərəfinə minnətdarlığını bildirmişdir. Azərbaycan xalqının arzusu budur ki, bizim bölgədə sülhməramlı qüvvələrə ehtiyac olmasın. Lakin onu da bilirik ki, bu mərama ümumi təhlükəsizlik səyləri ilə yetişmək olar.
ABŞ Müdafiə Nazirliyinin rəsmisi, general-mayor Lezli Perser AzərTAc vasitəsilə Silahlı Qüvvələr Günü münasibəti ilə azərbaycanlı həmkarlarına təbrikini çatdırmışdır: “Silahlı Qüvvələrinizin yaranmasının 94-cü ildönümünü təbrik edirəm. Azərbaycanın bizə qarşı nümayiş etdirdiyi dostluqdan olduqca məmnunuq. Burada hərbi attaşe qərargahınızın olması münasibətlərimizə verdiyiniz diqqəti göstərir. Biz, dünyamızı birlikdə, dostluq münasibətlərimizlə gələcəkdə də yaxşılaşdıracağımıza ümid bəsləyirik. Sizinlə belə gündə görüşə gəlmək çox xoşdur”.

Geri dön