Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mendeleyevin təklifi və Bakı neftinin dünyada rolu - ARAŞDIRMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Mendeleyevin təklifi və Bakı neftinin dünyada rolu - ARAŞDIRMA

Mendeleyevin təklifi və Bakı neftinin dünyada rolu - ARAŞDIRMA


Yazının əvvəlini bu linkdən oxuyun.
1881-ci ildə Bakıda orta hesabla quyuların gündəlik debiti 40 ton, ABŞ-da isə 11,5 ton təşkil edirdi

Rusiya imperiyasının neft sənayesinin 1880-1890-cı illərdə əldə etdiyi ən böyük nailiyyət Bakı neftinin dünya bazarına çıxarılması oldu. Məhz bu illərdə Bakı nefti ABŞ nefti ilə rəqabət aparır və hətta onu Avropa və Asiya bazarından sıxışdırıb çıxarırdı. Bakıdan aparılan ağ neft Rusiyanın tələblərini tam ödəyir və 1883-cü ildə ABŞ ağ neftinin imperiyaya gətirilməsi demək olar ki, dayandırılır. Rusiyada və ABŞ-da neftçıxarma üzrə müqayisəli məlumatlar göstərirdi ki, 1859-cu ildə ABŞ-da (Pensilvaniya) 82 min barrel, 1889-cu ildə 14 milyon barrel neft çıxarılırdı. Bakıda isə elə 1889-cu ildə 16,7 milyon barrel neft çıxarılmışdı. Burada Pyotr Çixaçovun “Neft Birləşmiş Ştatlarda və Rusiyada” (1885-ci il) məqaləsindən çıxarışı göstərmək yerinə düşərdi ki, burada ABŞ-da, Rusiyada və dünyanın neft çıxaran digər ölkələrində neftçıxarmanın vəziyyəti müzakirə olunur və qeyd edilir ki, bütün dünyadakı neft məhsulunun yarısından çoxu ABŞ və Rusiyanın payına düşür. Çixaçov qeyd edir ki, 1881-ci ildə Bakıda orta hesabla quyuların gündəlik debiti 40 ton, ABŞ-da isə 11,5 ton təşkil edirdi.

Artıq 1885-ci ildə ABŞ-ın ağ nefti əvəzinə Asiya ölkələrinə Batum (Batumi) vasitəsilə 37 milyon qallon yerli xammal çatdırılırdı. Tanınmış geoloq M.Neymayer özünün “Yerin tarixi” kitabında qeyd edirdi: “1873-cü ildə Rusiya xarici neft məhsullarına görə 10,5 milyon rubldan çox pul verdi, 1890-cı ildə isə göndərdiyi neft və onun məhsullarına görə 27,5 milyon rubldan çox pul aldı”. Müəllif qeyd edir ki, Abşeron nefti İngiltərə, Almaniya, Avstriya-Macarıstan, Türkiyə və digər Avropa ölkələrində geniş tətbiqini tapıb.

1875-ci ildə dünya neft sənayesinin tarixində ilk dəfə V.İ.Raqozin sürtkü yağını tədqiq etdi və bu məqsəd üçün Balaxanıda (Nijeqorod quberniyası) və Konstantinovda (Yaroslavla yaxın) ilk zavodları tikdi.1878-ci ildə onun tərəfindən xaricə aparılmış Bakı neftindən alınan sürtkü yağı dünya bazarını davamlı şəkildə ələ alır.Beləliklə, sürtkü yağlarının istehsalı üçün xammal kimi istifadə olunan Bakı nefti Rusiyanın iqtisadiyyatında mühüm rol oynadı. Raqozinin Volqada, Nobelin, Tağıyevin, Şibayevin, Nağıyevin, Rotşildin, Əsədullayevin, Aşurbəyovun və digərlərinin Bakıda, Fralovun, Roylsun və Petuxovun Sankt-Peterburqdakı yağ zavodları İngiltərə, Fransa, Belçika, Niderland, Norveç, Danimarka və digər Avropa ölkələrində ABŞ sürtkü yağını sıxışdırıb çıxaran məhsulları Bakı neftindən alırdılar.

Bakı zavodlarında alınan neft məhsulları, həmçinin emal olunmamış xam neftin əsas hissəsi Bakıdan dörd yolla: Xəzər, Zaqafqaziya və Vladiqafqaz (Bakı-Petrovsk) dəmir yolları ilə və çox cüzi hissəsi isə at-araba nəqliyyatı ilə daşınırdı. Beləliklə, artıq 1897-ci ildə Rusiya hüdudlarında çıxarılan 478 milyon pud ümumi neftin 458 milyon pudu Bakı neft rayonundan alınırdı. Bakı ağ neftinin iri alıcıları isə Rusiyadan sonra İngiltərə, Türkiyə və Yunanıstan idi. Bununla da 90-cı illərdə Volqa donanmasının əsas yükü Bakı nefti olduğu üçün o sürətlə inkişaf edir.

Hələ XIX əsrin 40-cı illərindən Bakı neftinin nəqlində ən sürətlə inkişaf edən sahə dəniz nəqliyyatı oldu. Lakin neftin və sonralar neft məhsullarının gəmilərlə daşınması yanğın təhlükəsizliyi baxımından xüsusi riskə malik olduğundan bu sahədə böyük problemlər yaranmışdı.

Mendeleyev neft məhsullarının çəlləklərdə deyil, gəmilərin anbarlarına doldurularaq daşınmasını təklif etdi

XIX əsrin 50-ci illərinin sonlarında və 60-cı illərinin əvvəllərində Xəzərdə Bakı neftinin daşınması üçün buxar gəmilərindən, yəni paraxodlardan daha çox istifadə olunmağa başlandı. Lakin neft məhsulları paraxodlarda az miqdarda daşınırdı. Çətinlik onda idi ki, yüz min pud tezalışan ağ neft yüklənmiş çəllək və yeşiklərlə əhatə olunmuş paraxodların maşın şöbəsində yaranan yüksək hərarəti aşağı salmaq mümkün olmurdu. 1863-cü ildə məşhur alim D.İ.Mendeleyev neft məhsullarının çəlləklərdə deyil, gəmilərin anbarlarına doldurularaq daşınmasını təklif etdi.

Maye daşıyan gəmilər çox əlverişli idilər və hətta fırtınada da axma vermirdilər. Lakin artmaqda olan neft məhsullarının təhlükəsiz daşınması üçün daha müasir gəmilərin yaradılmasına ehtiyac yaranmışdı. Bu məqsədlə İsveçin “Motala” zavodunda 1877-ci ildə Lüdviq Nobelin sifarişi və ideyası ilə dünyada ilk dəfə “Zoroastr” (Zərdüşt) neftdaşıyan gəmisi düzəldildi. Onun ardınca “Nobel qardaşları” firması tərəfindən “Məhəmməd”, “Spinoza”, “Darvin”, “Nordenşeld”, “Linney”, “Budda”, “Quran”, “Talmud”, “Xilasetmə” və s. neftdaşıyan gəmilərin daxil olduğu donanmalar yaradıldı. Nəhəng neft daşıyan donanmaya və 2 mindən çox vaqon-sisternlərə malik olan “Nobel qardaşları” firması (1881-ci ildə dünyada ilk dəfə olaraq Nobellər dəmiryol sisternlərində neft və neft məhsullarının daşınmasını həyata keçirməyə başladılar) Rusiyanın Nijni Novqorod, Saratov, Astarxan, Yaroslavl və bir çox şəhərlərinə saysız-hesabsız çənlərlə neft və neft məhsullarını daşıyırdı. Avropaya neft məhsulunun ixracında Varşava, Kiyev və Dvinsk dəmiryol terminalları iştirak edirdi. Zaqafqaziya və Zakaspiysk dəmir yollarının salınması ilə firma Mərkəzi Asiyanın da ağ neftlə təchiz olunmasına ciddi diqqət yetirməyə başladı. Burada ilkin məntəqələr dəniz yolu ilə Krasnovodsk, quru yolu ilə Daşkənd idi. Nəticədə, qardaşların fəaliyyəti Rusiya bazarında Bakı neftindən emal edilən ağ neftin amerikan məhsulunu tam sıxışdırıb çıxararaq, dünya bazarında güclü rəqibə çevrilməsinə şərait yaratdı.

Sonradan Rusiyanın su magistralları ilə digər firmalara da məxsus gəmilər üzürdü. Məsələn, Alfons Rotşild tərəfindən 1898-ci ildə yaradılmış “Mazut” ticarət-nəqliyyat cəmiyyətinin Xəzərdə 13 tankeri və paroxodları var idi. Nəticə etibarilə dənizdə yükdaşımanın həcminin artması və donanmanın genişlənməsi liman təsərrüfatının yaxşılaşdırılmasını və gəmilərin təmir bazasının yaradılmasını tələb edirdi və XIX əsrin 80-ci illərinin sonunda Bakıda ilk gəmiqayırma və gəmi təmiri sənayesinin bünövrəsi qoyuldu. Bu illərdə Bakı ən böyük liman şəhərlərindən birinə çevrildi.

Bakı neftinin nailiyyəti: “Amerika gec-tez öz birinciliyini Rusiyaya verməlidir”

XIX əsrin 80-90-cı illərində, eyni zamanda, Bakı neft sənayesinin iri müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi ilə müşahidə olunan inhisarlaşması başlanır. 1884-cü ildə London Neft Assosiasiyasının katibi Boverton Redvud Abşeronda oldu və sonra Kimya Sənayesi Cəmiyyətinin iclasında Rusiyada neft işinin vəziyyəti haqqında ətraflı məruzə ilə çıxış etdi və belə nəticəyə gəldi ki, Bakının neft mənbələri neftlə o qədər zəngindir ki, ruslar bütün dünyanı ağ neftlə təmin etmək və “yağla yağlamaq” gücündədir. “Engineering” ingilis elmi jurnalında (1885) Bakı neft işinin uğurları haqqında, 1864-cü ildən bəri vəziyyətinin analiz olunduğu geniş məqalə çap olunmuşdu və burada belə fərziyyələr irəli sürülmüşdü ki, Rusiya 2-3 il ərzində Şimali Avropa bazarları üzərində nəzarət qoya bilər, yaxın gələcəkdə isə, hələ Uzaq Şərq və Hindistan haqqında deməsək, Qara dəniz və Aralıq dənizinə bitişik ölkələrdə amerikalılar üçün böyük rəqib olacaq. İki dövlətin rəqabət mübarizəsinin nəticələri haqqında tanınmış jurnalist Çarlz Marvin də eyni nəticəyə gəlir və 1886-cı ildə özünün “Rus neftinin gələcək axını” kitabçasında yazırdı: “Amerika gec-tez öz birinciliyini Rusiyaya verməlidir”. Sonra o qeyd edirdi: “Rus neft işi elə cəlbedicidir ki, İngiltərə onu barmaqları arasından buraxa bilməz”.

Zəngin neft resursları və ucuz işçi qüvvəsinin yaratdığı böyük mənfəət Rusiyanın neft sənayesinə xarici valyuta axınını sürətləndirirdi

Ç.Marvinin məcazi mənada işlətdiyi bu fikir XIX əsrin sonu-XX əsrin əvvəllərində özünü həqiqi mənada doğrultmağa başladı.Belə ki, bu dövrdə Azərbaycanda neft hasilatının sürətli inkişafı Rusiyanın neft sənayesinə böyük həcmdə xarici kapitalın daxil olmasına şərait yaratmışdı. Zəngin neft resursları və ucuz işçi qüvvəsinin yaratdığı böyük mənfəət Rusiyanın neft sənayesinə xarici valyuta axınını sürətləndirirdi. Əslində buna Bakı neft rayonu çərçivəsində neft mədənlərinə əcnəbilərin buraxılması haqqında məsələ üzrə xüsusi müşavirənin hələ 1880-ci il 1 may tarixli qərarı imkan verirdi. Eyni zamanda, 6 iyul 1898-ci ildə Rusiya hökumətinin xüsusi fərmanına əsasən dövlət torpaqlarında ruslarla yanaşı xaricilər də sərbəst neft axtarışı aparmaq, onun çıxarılması üçün torpaq sahələri almaq, həmçinin neftvermə qabiliyyəti olan sahələrin icarəyə verilməsi üzrə sövdələşmələrdə iştirak etmək imkanı əldə etdilər. Bu da artıq XX əsrin əvvəlində xarici kapitalın neft sənayesini tam inhisara almasına şərait yaratdı.Vəziyyət o həddə çatmışdı ki, xarici kapital rus və yerli sahibkarları neft hasilatı sənayesi ilə bərabər neft məhsulları ticarətindən də sıxışdırıb çıxarırdı.XIX əsrin axırlarında Abşeronda neft sənayesində 78 səhmdar cəmiyyət var idi. 1890-1900-cü illərdə şirkətlərin 9,5 faizi Bakı neftinin 69 faizini hasil edirdi.

Bu məsələdə ingilis firmaları daha fəal idilər. Hələ 1893-cü ildən başlayaraq 10 il ərzində ingilis sahibkarlar neftçıxarmaya və mədənlərin genişləndirilməsinə 60 milyon rubl xərcləmişdilər. Lakin onların Bakı neftinə olan marağı daha əvvələ təsadüf edirdi. Belə ki, 1886-cı ildə Londonun ticarət palatasının nümayəndəsi Stüart və Batumidəki ingilis vitse-konsulu Pikok Bakı neft sənayeçilərinin III qurultayında iştirak etmiş və hesabatında Stüart ingilislər tərəfindən ağ neft zavodlarının alınmasına qarşı çıxmışdı. O hesab edirdi ki, Böyük Britaniya neft məhsullarının ticarətində maraqlı olmalıdır.

İngilislər H.Z.Tağıyevin mədənlərini 5 milyon rubla alır və artıq iki il yarımdan sonar buradan 7,5 milyon rubl xalis mənfəət əldə edirlər

Ceyms Vişau başda olmaqla bir neçə ingilis maliyyə maqnatı Bibiheybətdə neft mədənləri və Qara şəhərdə isə S.Şibayevin zavodlarını alaraq burada üç şirkət yaratdılar. 1897-ci ildə ingilislər H.Z.Tağıyevin mədənlərini 5 milyon rubla alır və artıq iki il yarımdan sonra bu mədənlərdən çıxarılan neftdən 7,5 milyon rubl xalis mənfəət əldə edirlər.

Xarici kapitalın Rusiyanın neft işinə cəlb olunmasının qızğın tərəfdarları Qafqazda mülki hissənin baş rəisi, knyaz M.Qolisın və Rusiya maliyyə naziri S.Y.Vitte idi. M.Qolisın yazırdı: “Sərbəst kapitalın olmamağı, zavod və fabrik sənayesinin ibtidai vəziyyəti, kənd təsərrüfatının aşağı səviyyəsi, texniki biliklərin çatışmazlığı və yerli əhalinin zəif təşəbbüskarlığı diyarın iqtisadi vəziyyətini hələ uzun müddət ləngidəcək. Belə vəziyyətdə Qafqazın iqtisadi həyatında xaricilərin iştirakından imtina etmək lazım gəlmir. Daşınmaz əmlakın əldə olunmasına şərtsiz qadağa qoyulması, təsərrüfat maraqlarının ziyanına olaraq bu diyara xarici kapitalın axınını dayandırmağa gətirib çıxara bilərdi.”. Qraf S.Y.Vitte (1892-1906-cı illərdə maliyyə naziri) isə neft işləri üzrə xüsusi müşavirələrdə həmişə qeyd edirdi: “Neft məhsullarımızın dünya bazarında rəqabət aparması xariciləri, əsasən də ingilis sahibkarlarını və onların kapitallarını cəlb etmədən mümkün deyil”.

Maraqlısı isə budur ki, Vittenin xələfi Qraf V.N.Kokovçov (1906-1914-cü illərdə maliyyə naziri, 1911-ci ildən isə nazirlər Şurasının nümayəndəsi) da onlarla eyni fikirdə idi. Ancaq məsələ burasında idi ki, böyük həcmdə xarici kapitalın axını da neft işi texnikasındakı primitivliyi aradan qaldırmamışdı. Düzdür, Bakı neft mədənlərində 1873-cü ildən istifadə edilən buxar maşınlarının sayı XIX əsrin 80-90-cı illərində sürətlə artmağa başladı.Neft hasilatının kəskin artdığı 1883-1899-cu illər ərzində Bakı mədənlərində buxar maşınlarının sayı 11 dəfə, ümumi gücü isə 55 dəfə artmışdı. Əgər 1872-ci ildən 1883-cü ilədək istismarda olan neft quyularının dərinliyi 25-30-dan 50-60 sajenə qədər artmışdısa, XIX əsrin sonunda bu dərinlik 200-250 sajenə çatmış oldu, yəni otuz il ərzində 10 dəfəyəcən artmış oldu. Lakin ümumən neft quyularının qazılması və istismarı çox aşağı texniki səviyyədə idi və hasilat həddən artıq baha başa gəlirdi.

1901-ci ildə Bakıda 667,1 milyon pud neft hasil olundu ki,bu da Rusiya neftinin 95 faizi, dünya neftinin isə yarıdan çoxu idi

Bununla belə, XIX əsrin ikinci yarısından başlayaraq Bakıda neft sənayesinin inkişafı Rusiyanın dünyanın irəlidə gedən kapitalist ölkələri sırasında qərarlaşmasına imkan verirdi. XIX əsrin sonundan başlayaraq neft istehsalında birincilik ABŞ-dan Bakıya keçdi. 1882-ci ildən 1900-cü ilədək Bakıda neft hasilatı 12 dəfə artdı - 50 milyon puddan 600,3 milyon puda çatdı. 1885-ci ildə Bakıda 115 milyon pud, ABŞ-da isə 169 milyon pud, 1890-cı ildə uyğun olaraq 240,4 və 355 milyon pud neft hasil olunduğu halda, 1895-ci ildə bu həcmlər 426 və 400 milyon pud olmuşdular. 1901-ci ildə Bakıda 667,1 milyon pud neft hasil olundu ki, bu da Rusiya neftinin 95 faizi, dünya neftinin isə yarıdan çoxu idi. (“İki sahil”)

SON.

Geri dön