Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > “TANRININ QƏZƏBİ” BATI XAN
“TANRININ QƏZƏBİ” BATI XAN |
(tarixi-mistik hekayə) 1236-cı il... Moskva Knyazlığı... Knyaz II Yuri taxtında oturmuş, saray əyanları ilə hərbi müşavirə keçirdi. Uzun müddət (günlərlə) davam edən bu iclas bir fayda vermirdi. Çünki knyazın heç bir adamı qarşısındakı təhlükədən – “Tanrının qəzəbi” adlandırılan Türk sərkərdəsi Batı Xanın dəhşətli hücumundan qurtuluş yolunu bilmirdi. Elə hər kəs müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırırdı. Edilən təkliflər Yurini razı salmırdı. Nə xərac, nə müttəfiqlik, nə də başqa bir şey... Çünki knyaz Batı Xan və adamlarının başqa ölkələrdə düşmən hökmdarlarına nələr etdiyini eşitmişdi. Ancaq onda olan bu qorxu eşitdiyi xəbərlərin, duyduğu rəvayətlərin olduqca dəhşətli, tükürpərdici olmasında deyildi. Uzun illər mərhəmətli və sadəlövh qəbul etdiyi Türkün intiqam hirsini anladığı üçün, öz millətinin əsrlər boyu Türklərə və insanlığa etdiyi zülmlər, buraxdığı səhvləri yaxşı bildiyi üçün idi. Knyaz müqəddəs bildiyi hər şeyə and içib yalvarıb aman diləmək istəyirdi: heç bir vasitə olmadan, elə Tanrının özündən. Ancaq gəl gör ki, Tanrı slavyanlara elə qəzəblənmişdi ki, heç bir yalvarış, dua onları xilas etməyəcəkdi. Bəli. Boş yerinə deyildi ki, Çingiz Xan əsalətinin layiqli təmsilçisi Batı Xan məhz belə adlandırılırdı: “Tanrının qəzəbi”. Bunun dini-fəlsəfi açıqlamasından başqa bir də insani-real cavabı vardı: Batı Xanın düşmənləri ömür boyu keçirdikləri tüfeyli, harınlamış həyat tərzi nəticəsində gerçək kişi qətiyyətindən, dövlətçilik ənənəsi və sərkərdəlik qabiliyyətindən məhrum olmuşdular. Batı Xana məğlub olan kimsə onun hərbi siyasəti, yüksək sərkərdəlik bacarığı qarşısında tab gətirə bilmirdi. Ulu Xaqan Çingiz Xanın xüsusi döyüş taktikası elə bil sehrli bir qüvvə tərəfindən eynilə Batı Xana köçürülmüşdü. Məhz bu ali qabiliyyət Batı Xanı fasiləsiz və əzəmətli qələbələrə aparırdı. Knyaz II Yuri də bütün bunları yaxşı bildiyi üçün indi taxtında soyuq, qaranlıq bir həbsxanada oturan çarəsiz məhbus kimi oturmuşdu: - Niyə heç kəs bir yol tapa bilmir?! Yoxsa illərdir məndən nəyə görə pul alırsınız?! Xainlər, bacarıqsızlar, əlinizdən bir iş gəlmirsə, o rütbələri niyə daşıyırsınız?! Niyə hər birinizə xidməti müqavilində böyük torpaq sahələri vermişəm?! sahib olduğunuz imtiyazlar, tutduğunuz vəzifələr, mal-mülkünüz bu gün dövlətimizi xilas edə bilmirsə, o zaman nə işə yarayırsınız?! Qorxaqlar, rədd olun, gedin mənim sarayımdan! Batı Xanla mən təkbaşına vuruşaram! – deyə, Yuri adamları qarşısında “çıxış edərək” həm öz knyazlıq eqosunu məmnun etmək, həm də hər kəsə düşmənlə mübarizənin nə demək olduğunu bir daha xatırlatmaq istədi. Amma sarayda qorxularından və bacarıqsızlıqlarından başlarını aşağı dikmiş əyanlardan kimsə knyazın bu “qətiyyətli” fikirlərinə qarşı heç nə deyə bilmədi. Yalnız bir nəfər (knyazın yaxın qohumlarından biri) belə bir acizanə təklif irəli sürdü: - Zatı aliləri, hesab edirəm, dövlətimizin gələcəyi nəslimizin varlığından asılıdır. Ona görə, təklif edirəm, siz və ailəniz, eləcə də Knyazlığın əsas üzvləri şəhəri tərk etsinlər. Batı Xan onsuz da digər qonşu əyalətlər kimi Moskvanı da dağıdacaq. Ailəniz sağ qalarsa, təhlükə sovuşduqdan sonra qayıdıb yenidən mübarizə aparmaq olar. Yoxsa bizim də, sizin də bu vaxta qədər şaqqalanan hökmdarlardan bir fərqiniz olmayacaq. Yuri dərin fikrə getdi. Ancaq tez də ayılıb öz qohumuna sərt sözlərlə cavab verdi: - Demək istəyirsən, hər şeyi atıb gedək və illər sonra yerləbir edilmiş qaçqın kimi qayıdaq?! Yox! Bu, mənə və soyumuza yaraşmaz! Amma yenə də bir yol tapılmalıdır. Mən özüm bu barədə düşünəcəyəm. Batı Xanın qəzəbini az da olsa yumşaltmaq və Moskvanı xilas etmək üçün bir yol mütləq tapacağam!... Əslində Yuri ruhən dövlət başçısı olmadığını qəbul etmək və daha real addımlar barəsində düşünmək əvəzinə, xislətindən, eqoistliyindən, təkəbbüründən əl çəkmək istəmirdi. O, Batı Xan təhlükəsini anlasa da, Knyazlığı öz xoşuna vermək niyyətində deyildi. Çünki slavyan şovinizmi ona millətini düşünməyə imkan vermirdi. O, xalqı, şəhəri xilas etmək əvəzinə, Türklərə məğlub olmağı həzm edə bilməmənin gətirdiyi ağır psixoloji xəstəliyin təsirində daha çox “mən niyə uduzmalıyam?!” eqolu sualların cavabları haqqında düşünürdü. Anlamaq istəmirdi ki, Moskva və ətrafındakı bir neçə əyalətə sahib olmaqla, Ulu Xaqan Çingiz Xan imperiyasına sahib olmaq arasında yerlə-göy qədər fərq var. Qarşısındakı təhlükənin nə olduğunu dərk etsə də, illərlə sürdüyü harınlamış həyat tərzi “gözlərini kor etmişdi”. Öz içində mübarizə aparır, ancaq təslim olmaq istəmirdi. Bəlkə də, Tanrıya yalvardığı zaman ondan günahlarını bağışlamasını dilədiyi an qətiyyətlə “yox!” əmrini duyduğu üçün idi bütün bu daxili mübarizə tərəddüdü... Tanrı yolundan dönən, onun ədalətindən boyun qaçıran hər canlı kimi II Yurinin də taleyi belə acınacaqlı və içindən çıxılmaz dərəcədə mürəkkəb idi... Nəhayət, uzun müddət sonra müzakirə, təhlil, götür-qoydan sonra knyaz bir qərara gəldi: Batı Xanın təslim olmaq əmrinə qarşı ciddi, sərt və eqoistcə hazırlanmış razılaşma qaydalarını özündə əks etdirən bir məktub yazdı. Məktub Batı Xana çatanda əsalətli xan öncə güldü, sonra qəzəbli qaşlarını çataraq: - Yazıq. Çox yazıq Tanrının ədalətini, taleyin hökmünü qəbul etməyən kimsələrin halına... Mən Doğudan Batıya qürub edən günəşin yaxan alovuyam. Ulu Xaqan Çingiz Xan əsgəriyəm! Mənim hökmüm Tanrı hökmüdür, həqiqət, ədalət əmridir! Vay olsun, zaman-zaman Tanrı yolundan sapmış, harınlamış kimsələrin halına... Qoy Yuri və onun timsalında digər “ruhsuz bədənlər” məni anlamasın! Hökmümü, ədalətimi mübahisə, müzakirə mövzusu etməyə çalışmaqla onlar ancaq qəzəbimin odunu, qılıncımın dadını hiss edəcəklər!... – deyə, tarixi bir əmr verdi. Batı Xanın ordusu Ryazan, Kolomna, Moskva və Vladimir şəhərlərini, knyazın bütün ailəsini yandırıb kül etdi. Nəhayət, “Sit çayı” döyüşündə məğlub olan II Yurinin kəsik başı bədənindən ayrılaraq Xanın ayaqları altına atıldı... Sonralar Rostov, Uqliç, Yaroslavl, Kostroma, Kaşin, Ksnyatin, Qorodots, Qaliç, Pereslavl-Zalevsskiy, Yuryev-Polski, Dmitrov, Volokolansk, Tver və Toryok şəhərləri Batı Xan ordusu tərəfindən fəth edildi... Kozelsk şəhərini 7 yaşlı Vasili “idarə edirdi”. Batı Xan şəhərin varisinin azyaşlı olduğunu biləndə həssas davrandı. Ən yaxın adamları ilə birlikdə şəhərə daxil olub knyazın hüzuruna getdi. Nəsildə Vasilidən başqa kimsənin (qanuni varis olaraq) qalmadığını görən Batı Xan şəhərin nisbətən sadə həyat tərzinə, kasıblığına və digərlərindən fərqli olaraq daha humanist, inanclı olduğunu gördükdə şəhəri dağıtmayaraq sadəcə hakim sülalənin sakitcə şəhəri tərk etməsinə icazə verdi. Bu zaman adamları onun bu qərarına narazılıq etdilər. Batı Xansa cavabında: - Biz bu yola Tanrı yolundan sapmış, zamanında məzlumlara, kimsəsizlərə acımamış, harınlamış, azğın kəsləri, həyatı və əməlləriylə Tanrıya deyil, bəd ruhlara (şeytan və xidmətçiləri nəzərdə tutulur) xidmət edən, daim öz təkəbbüründə boğulan, əxlaqdan, namusdan, dindən uzaq olanları cəzalandırmaq üçün çıxmışıq. Məqsədimiz həqiqəti, Tanrı ədalətini təbliğ etmək, yer üzərində bərqərar etməkdir, yoxsa qılıncımız qarşısında çarəsiz qalan, bizə - ulusumuza varlığıyla bir zərər vurmayanları da öldürmək deyil! Əks halda bizim mənfur düşmənlərimizdən nə fərqimiz qalar?! – deyə, qətiyyətlə bildirdi... Daha sonralar Smolensk və çox uzaq olan Pskov, Novqoroddan başqa bütün slavyan şəhərləri ələ keçirildi, bir qismi yandırıldı... 1238-1240-cı illər arasında Krım, Mordvan, Çerniqov və Pereyaslavl tutuldu. 1240-cı ildə Kiyev bir müddət mühasirədən sonra yandırıldı. Vaxtilə əli Türk qanına batmış slavyanların çox az qismi qaçaraq canını qurtara bildi... İndi sırada sapqın Avropa vardı... Böyük sərkərdənin mahir döyüşçü olması özünü Avropa yürüşündə daha qabarıq şəkildə göstərdi. Bu, Batı Xanın Macarıstan kralı IV Belaya qarşı tətbiq etdiyi xüsusi hərbi taktika zamanı bir daha bəlli oldu: Xan hər kəsin zənn etdiyi kimi, öncə təhdid edib sonra hücum etmədi. O, ağıl işlədərək hələ düşmən üzərinə yerimədən öncə öz kəşfiyyatçılarını düşmən ölkəyə göndərdi. Və bir qədər sonra Batı Xan artıq düşmənin bütün zəifliklərini, qüsurlarını bilirdi... Batı Xan ordunu 3 hissəyə bölmüşdü: birinci orduya Kadan və Baydar başçılıq edirdi. Onlar Xanın ən cəsarətli və bacarıqlı döyüşçüləri idilər. Almanlarla savaş zamanı bu iki sərkərdə əsl məharətlərini göstərərək Henrix Pyastla və Tevton Ordeninin birləşmiş ordusunu ağır məğlubiyyətə uğratdılar. Düşmənə aramsız və parçalayıcı hücumlar edən Türk igidləri qısa bir zamanda böyük bir qoşunu xüsusi hərbi taktikayla bir neçə yerə bölüb hissə-hissə məhv etdilər... Tezliklə ikinci ordunun rəhbəri Güyük Xan Transilvaniyada zəfər çaldı... üçüncü ordu başçısı Sabutay Bahadır isə macarlar, xorvatlar və Trampliyerləri darmadağın etdi... 1241-ci il... Aprel... Mohi əyaləti. Avropa... Batı Xan və cəsur sərkərdələri düşmənə həlledici zərbə vurmağa hazırlaşırdılar. Hərbi düşərgədə öz yaxın adamları ilə iclas keçirən Batı Xan belə bir çıxışla yadda qaldı: - Sərkərdələrim, cəsur igidlərim, xanlar, bahadırlar, bəylər... Yüzillər öncə atamız (ulu babamız) Atilla Xaqan da bu sapqın avropalılara Tanrı ədalətini, haqqı, gerçək insanlığı anlatmağa çalışmış, onları günahlarından, murdar əməllərindən, “fahişə” təmsili həyatlarından vaz keçirməyə, hiyləli, yalanlı, harınlamış xarakterlərindən xilas etməyə qədəm qoymuşdu. Lakin avropalıların dini rəhbəri papayla söhbət zamanı belə aydın oldu ki, onlar o qədər rəzil bir həyata bağlanıblar ki, onların xilası ancaq Türkün haqq qılıncıdır. Atamız Atilla Xaqan kimi mən də bu gün yozlaşmış avropalılara, şans vermək istədim. əyalətlərin, ölkələrin başçılarına elçilər, təslim olmaları üçün məktublar göndərdim. Ancaq onlar yenə də yüzillər öncə olduğu kimi murdar xislətlərindən vaz keçmədilər. Bu azmış kimi, bu vaxta qədər Avropada yaşayan Türk tayfaları arasında tez-tez yaşanan qarşıdurma və nifaqda əlləri olduğunu utanmadan, çəkinmədən, hətta bizi aşağılarcasına etiraf etdilər. Bundan sonra onlara daha mənim sözüm yoxdur! Qoy ədaləti Tanrı özü bərqərar etsin! Bu gün bizim qılınclarımız məhz o Ali Qüdrətin elçisidir. Və and olsun o uca varlığa, mən bu qutsal işi öhdəmə götürməkdən qürur duyuram!... Hər kəs Batı Xanı alqışladı və bir neçə dəfə ucadan “var olsun Ulusumuz! Var olsun Xaqanımız! Çox yaşasın Xanımız!” deyə, şüarlar səsləndirərək qılınclarını qaldırıb hər biri uca səslə bağırdılar – Ulu Bozqurd kimi uladılar... Tanrı Türkün haqq səsini eşitdi və beləliklə Batı Xan IV Bela, Müqəddəs Roma İmperiyası, Tevton Ordeni və Trampilyerlərin birləşmiş (son əsas) ordusunu 11 Aprel “Mohi döyüşündə” məhv etdi... Bir il ərzində Batı Xan Avstriya, Almaniya və İtaliyadan başqa Avropanın bir çox torpaqlarını öz hakimiyyətinə qatdı... Batı Xan kimi sərkərdə Görünməmiş bu diyarda. Tanrı ədaləti üçün Savaşdı o, hər bir yerdə... Qılıncı neçə baş kəsdi, Xainləri tutdu, asdı. Onun adın duyan düşmən Qorxusundan tir-tir əsdi... İnandı Göy Tanrıya o, Tapındı Göy Tanrıya o. Heç bir kimsədən qorxmadan Güvəndi Göy Tanrıya o... O, Türkün haqq bayrağını Ucaltdı, Tanrı dağını Getdi gördü, Bozqurddan o Güc alıb biçdi yağını... Hər kəs tanısın qoy onu, Ulu Türkü – Batı Xanı, Quzey, Güney, Doğu, Batı Hər bir yerdə onun sanı... - Deyə, illər sonra Qamlar, Şamanlar, onların ardıcılları Dərvişlər, Ozanlar Batı Xan haqqında şeirlər, nəğmələr deyərək onu, onun adını, fəaliyyətini təbliğ edərək dövrün hökmdarlarını ona bənzəməyə, düşmənləri isə onun təmsil etdiyi millətdən qorxmağa çağırırdılar. Çünki o, yolunu azmışlar üçün Tanrının qəzəbi idi... ELŞƏN İSMAYIL Yazar Geri dön |