Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Keçmiş qərargah rəisi: “Bizim nəsil Qarabağın müharibə yolu ilə alınmasını istəyir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Keçmiş qərargah rəisi: “Bizim nəsil Qarabağın müharibə yolu ilə alınmasını istəyir”

Keçmiş qərargah rəisi: “Bizim nəsil Qarabağın müharibə yolu ilə alınmasını istəyir”


Rafiq Nağıyev: ”Biz məhv olsaq da olar, amma bu problemi sonrakı nəsilə qoyub getməyək”

Bu dəfəki müsahibimiz ehtiyatda olan mayor Rafiq Nağıyevdir. O, 1957- ci ildə Laçının Böyük Seyidlər kəndində anadan olub.1985-ci ildə Pedaqoji İnstitutun hərbi hazırlıq fakültəsini bitirib. 1991-ci ilə qədər Laçın orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. 1991- ci ildə Azərbaycan Milli Ordusu yaranandan Laçında ərazi özünümüdafiə batalyonunun qərargah rəisi, 1992-ci ildə 811 nomrəli hərbi hissənin alayında qərargah rəisi olub, atəşkəsə qədər ayrı-ayrı döyüş bölgələrində vuruşub. 1996-2000-ci ildə Bakı Dövlət Universitetində hərbi kafedrada baş müəllim işləyib. 2000-ci ildən Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsində xidmət edib. 2003-cü ildən yaşa görə ehtiyata buraxılıb.

- Deyirlər uzun müddət müharibədə olanlar döyüşçülüyü özlərinə peşə hesab edirlər. Bəs siz necə ?

- Döyüşçülük sənət və ya peşədir. O işə ki, girişdin onsuz yaşaya bilmirsən. İçi mən qarışıq adamlar var idi ki, ailəsi Laçından köçüb getmişdi, 6 ay xəbəri olmayıb ki, harada yaşayır. Bir dəfə əsgərimə bir həftəlik icazə verdim ki, get heç olmasa gör ailən harada yaşyır. 3 gün keçmədi qayıdıb gəldi ki, ailəmi tapdım. Soruşuram “sənin bir həftən var niyə gəldin?” Dedi ki, “darıxdım, dayana bilmədim”. Atəşkəsdən sonra bizim nə qədər döyüşçülərimiz dayana bilmədikləri üçün gedib Çeçenistanda vuruşublar.

- Savaşda qorxduğunuz anlar olubmu?

- Kim ki, deyir qorxmuram, o adam yalan deyir. Qorxu insana xas olan xüsusiyyətdir. Ancaq bir baryer var. Mən özümdən götürürəm. Birinci mərminin səsini eşidənə kimi bu davam edirdi. Ondan sonra adama elə gəlir ki, ona daha heç nə olmaz. Düzdür, heç kim istəmir ölsün. Hamı istəyir yaşasın. Ancaq elə dəqiqələr, anlar var ki, insan hiss eləmir ki, ona güllə dəyə bilər. Bizim hər bir əsgərimiz ermənilər tərəfindən atılan mərminin səsindən bilirdilər ki, o hara düşəcək. Hər bir şey adiləşirdi. Kəlbəcər tərəfdən gedəndən sonra biz bir hücum əməliyyatı keçirdik. Bizdən cəmi bir nəfər şəhid oldu. Biz isə erməni əsirləri götürdük. Bizə inanmırdılar ki, 21 km irəliləyəsən və cəmi bir şəhid verəsən. Az itki ilə uğurlu əməliyyat keçirmişdik.

- O zamanlar əsgərləriniz arasında döyüş ruhu necə idi?

-1991-1992-ci ilərin əvvəllərində könüllü gələnlər çox idi. Amma bəzən görürdün ki, 100 nəfər könüllü gəlibsə, 200 nəfər də qınağa boğulub gəlib. Qonşudan geri qalmamaq üçün gəliblər. Elə olurdu ki, bir məhlədən 28 nəfər oğlan gəlirdi. Hətta bir dəfə 60 yaşı olan, ağzında bir dişi olmayan kişi də gəlmişdi. Soruşduq ki, bəs sən niyə gəlmisən? Dedi ki, “yoldaşım deyir ki, qonşular içərisində mən utanıram. Onlar deyir ki, bizim kişilər vuruşur, sənin ərin evdə oturub”. Bəzən orduya yararlı olmayan adamlar belə, gəlirdi. Bir nəfər var idi ki, ayaq barmaqları üst-üstə bitmişdi. Ayağına çəkmə girmirdi, idman ayaqqabısı geyinirdi, amma vuruşmaq istəyirdi. Soruşdum səni kim göndərib bura? Dedi ki, “hərbi komissara 500 rubl pul verdim ki, mənə icazə versinlər döyüşüm”. Bu cür döyüşçülərimiz olub. Elə olub ki,qardaşı şəhid olub, o biri qardaşı da gəlib orduya ki, qanı qanla yumaq lazımdır.

- Nə zamana qədər Laçında döyüşmüsünüz?

- Rayonların özündə olan təlim silahlarırını da yığışdırmışdılar, yox idi. Bakıda da ki, o zaman Müdafiə Nazirliyi yox dərəcəsində idi. Laçında sərhəddə olan rus batalyonu isə etibarsız idi. Bir gün biz onlardan istifadə edirdiksə, səhəri gün ermənilər istifadə edə bilərdilər. Silah- sürsat tapmaq çətin idi. Laçının Ermənistanla 124 km sərhəddi var. Ancaq o sərhəddin 35 km intensiv atəş sahəsində olan ərazidir. Biz hardasa təmas xəttində yerləşirdik. Qüvvə də az idi. Ordudan əvvəl müdafiə dəstələri yaradılırdı. Polislə birlikdə ayrı-ayrı şəxslərdən gizlincə alınmış silahla ərazini müdafiə edə bilirdik. 1992-cü ilin oktyabrında bütövlükdə Laçın rayonu işğal olundu. Ondan əvvəlsə may ayının 18-də Laçın şəhəri və bir neçə kənd işğal olunmüşdu. Mən isə lap əvvəldən axıra kimi orada olmuşam.

- Yadınızda qalan ən uğurlu əməliyyat hansı olub?

-1992-ci ilin sentyabr ayının 9-da Gəncə Korpusunun komandirindən bizə əmr gəldi. Əmrdə göstərilirdi ki, N saylı hərbi hissə filan ərazidə bu koordinatlarla hücuma keçməli, Şuşa ilə Laçın arasında olan Sarıbaba yüksəkliyini götürməlidir. Ondan sonra korpusun əlavə qüvvələri yaxınlaşmalıdır ora, ardınca Laçına hücum olacaqdı. Ayın 10-u biz əməliyyatı həyata keçirməliydik. Açığını deyim ki, əmri verənlər yerli şəraiti bilmirdilər. Biz əgər Müdafiə Nazirliyinin dediyi kimi, əmri yerinə yetirsəydik çoxlu itki verəcəkdik. Sarıbaba ilə bizim durduğumuz yer arasında 8 km məsafə vardı.
Biz o yüksəkliyi ələ keçirdik. Oradan erməni çəkilməyə məcbur oldu. Bir söz deyim ki, ermənini səngərdən qaldırdınsa, nə qədər sən getsən, o qaçacaq. Bizdə də elə oldu. Biz Laçın şəhərinin girəcəyinə qədər ermənini qovduq. Onların nə qədər döyüş texnikasını, silah-sürsatların ələ keçirdik. Yaralı erməniləri əsir götürdük. Həddən artıq ruh yüksəkliyi var idi. Bundan sonra da uğurlu əməliyyatlarımız çox olubdu. Erməni əsgəri silahını atıb qaçırdı, bizimkilər onları diri-diri tuturdu.Yəni bu cür ruh yüksəkliyi var idi. Elə əsgərlərimiz var idi ki, onlarla gedib İrəvanı da almaq olardı.
Hansı rayon ki, öz qüvvəsinə, öz yerli döyüşçüləri hesabına dayanırdısa o rayonlar qalırdı. Hansı rayonlara ki, sonradan başqa qüvvələr yeridilirdi və yerli hissə çıxardılılırdı, onlar da sonradan qaçırdılar deyirdilər ki, ermənilər gəldi. İstər-istəməz camaatda qorxu yaranırdı. Xocalıdan sonra da bu qorxu çoxalmışdı. Yəni əli silahlı əsgər erməni gəldi deyə qaçırdı. Belə halllar da olubdu. Ancaq son anına qədər laçınlılar vuruşub. Bir şeyi də deyim ki, döyüşlər məhəlli xarakter daşıyırdı. Hər rayon özü üçün döyüşürdü.

- Bəzən deyirlər ki, Laçın işğal olunmayıb, verilib. Keçmiş döyüşçü kimi buna münasibətiniz?

- Bu gün həmin vaxtı anliz edəndə, o zamanlar bizim ağlımıza gəlməyən bəzi məqamlar yada düşür. Mən belə bir faktı deyim sizə: Şuşa ilə Laçının arasında Turşsu qəsəbəsinin başı üzərində Böyük və Bala Kirs dağları var. Ermənilər Bala Kirsi ələ keçirmişdilər. Həmin vaxt Müdafiə Nazirliyindən bizim qarşımıza tələb qoyulmuşdu ki, Laçının Ermənistanla sərhəd ərazisini qoruyaq. Biz bunu edirdik, Əfqanıstan müharibəsi görmüş döyüşçülərimizdən ibarət bir bölüyümüz vardı, çətinlikliyə baxmayaraq onu göndərdik Bala Kirsə və bir gün müddətində yüksəklik ermənilərdən geri alındı. Bölüyümüz xeyli erməni öldürdü, yaralı da ələ keçirdi. Hətta bir erməni həkiminin gündəliyi də ələ keçirilmişdi. Ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə həmin gündəlikdə yazılmışdı. Həmçinin bir xəritə də müsadirə olunmuşdu, xəritədə göstərilmişdi ki, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz haradan açılcaq və həmin dəhliz nə vaxt açılmalıymış.
Laçında güclü döyüşlər gedib. Ancaq Laçını o zaman müafiə etmək olardı ki, Laçınla Şuşanın arasında olan Turşsu yüksəkliyi verilməsin. Turşsu da təbii ki, Laçından hündürdə yerləşirdi. Hərbdə də belə bir qanun var ki, kim hündürdədir, o hökmrandır. Turşsu ermənilər tərəfindən alınandan sonra Dağlıq Qarabağdan başladılar Laçını atəşə tutmağa. Və biz arada qaldıq.
O zaman biriqada komandiri Elbrus Orucov Müdafiə Nazirliyindən verilən bir əmri mənə göstərdi. Əmrdə yazılmışdı ki, Laçın polku, Qubadlı, Zəngilan, Şuşa batalyonları hamısı ləğv olunur. Əvəzində yeni biriqada yaradılır. Qızğın döyüşlər gedən bir ərəfədə bu cür hərbi hissələr ləğv olundu. Bu nə qədər məntiqə sığırdı axı?
Düzünü desəm mən o vaxtı inanmazdım ki, Laçın işğal oluna bilər. İndi fikirləşəndə görürsən ki, o yollar Laçının işğalına aparırmış.
1992-ci ildə Laçın döyüşçüləri sayəsində Ermənistanın Gorus rayonunun sərhəddə yerləşən 4 kəndi boşalmışdı. Həmin erməni kəndləri bizim nəzarətimizdə idi. O zaman deputat Səlim müəllimlə birlikdə baş qərargah rəisi Şahin Musayevin yanında oldum. Musayevə deyəndə Gorus rayonunun 4 kəndi bizim nəzarətimizdədir, o qayıtdı ki, “sən Ermənistanın dövlət sərhəddini pozmusan, buna nə ixtiyarın var, səni hərbi tirubunala verəcəm”.
Yaxud da başqa bir fakt: Müdfiə Nazirliyi zenit batareyalarını elə yerdə quraşdırmışdı ki, oradan vertolyotlar gəlib keçmirdi. Biz yalnız bir batareyanın yerini dəyişib vertolyot uçan yerə tərəf apardıq.
İndi fikirləşəndə görürsən ki, xəyanət düşünülübmüş. Laçın işğal olunmalıymış, çünki o vaxtın şəraiti bunu göstərirdi. Mənim orada şəhid olanlara heyif gəlir. Təsəvvür edin ki, aprel ayının 30- da hərbi hissə ləğv olunur. May ayının 4-dən hərbi hissənin bütün hesabları bağlanır və silahları təhvil verilir. Doğrudur, yuxarı tərəfdən kəlbəcərlilər, aşağıdan isə qubatdılılar kömək etdi və biz qalıb vuruşduq. Ərzaq təminatı da, pul da yox idi. Amma ruh yüksəkliyi var idi. Döyüşçülər deyirdilər ki, biz döyüşü yarımçıq qoysaq, Bakıda heç kimin üzünə baxa bilmərik. Qalıb döyüşərək ölmək daha yaxşıdır.

- İndiki gənclərdə keçmiş döyüşçülərdə olan ruh yüksəkliyini necə yaratmaq olar?

- İnsana qıraqdan sən vətənpərvərsən, qəhramansan deməklə olmaz. O bunu ailəsində, daxilində, işində, getdiyi hər yerdə, hər bir addımında hiss etməlidir. Şəxsən mən döyüşmüşəm, amma heç kimə minnət vurmuram, çünki bu mənim borcumdur. Amma əksinə də olurdu ki, vaxtilə əsgərlikdən qaçanlar gəlib deyirdilər ki, “komandirlər orada kef edir. Kim-kimi gəldi arxadan vurur. Ona görə də qaçdım”. İndi isə həmin adamlar qapıları döyürlər ki, “mən hərbdə olmuşam, vuruşmuşm”.
Bizim hərbi hissədə döyüşənlərin çoxunun veteran vəsiqəsi yoxdur. Mən özüm 8 ay əziyyətdən, məhkəməyə verəndən sonra təqaüd ala bildim. Bütün bunlara baxmayaraq, mən bu gün də müharibə tərəfdarıyam. Biz məhv olsaq da olar, amma bu problemi sonrakı nəsilə qoyub getməyək. Çünki bizdən sonrakı nəsilə qalsa, onlar vəziyyəti düzgün qiymətləndirə bilməyəcək. 1993-94-cü illərdən ayrıldığım əsgərlərlə görüşəndə soruşurlar ki, nə vaxt müharibə olacaq.
Bu dəqiqə o həsrətlə yaşayanlar var. İndi müharibə başlasa, mənə elə gəlir ki, könüllülər yalnız bizim nəsildən olacaq. Müharibədə insan amili birincidir. Qorxağın əlinə ən güclü silahı versən də, heç nə edə bilməz. Əsas istəkdir. Bizim nəsil Qarabağı müharibə yolu ilə alınmasını istəyir.

Şahanə RƏHİMLİ

Geri dön