Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > ''Cümhuriyyət evləri sökülənlərin evlərini təmir etməli, malı olmayanlara mal verməlidir...'' - Əhməd Cövdət Pepinov
''Cümhuriyyət evləri sökülənlərin evlərini təmir etməli, malı olmayanlara mal verməlidir...'' - Əhməd Cövdət Pepinov |
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.
Əvvəlini bu linkdən oxuyun Otuz birinci iclas 21 aprel 1919-cu il. Rəis - Həsən bəy Ağayev. Katib - Mehdi bəy Hacinski. İclas açılır saat 10.30 dəqiqədə. Ağayev - İclas açılır. Rəsulzadə M. Ə. (yerindən) - Kvorum varmı? Rəis - Kvorum yoxdur. Hərçəndi məclis nakazda göstərilən vaxtından gec açılır. Amma kvorum yoxdur. Cümlətanı “14” adam yazılıbdır. Görürsünüz ona görə iclası qapamağa məcburam. Səslər - Gələnlər yazılıblarmı? Onlar elan olunsun. Rəis - İcazə versəniz gəlməyənləri qəzetdə elan edərik. Məclis qapanır. (Rusca tərcümə edir). Rəsulzadə - Ruscaya tərcümə etmək lazım deyildir. Saat 11.25 dəqiqədə məclis qapanır. *** Otuz ikinci iclas 24 aprel 1919-cu il. Rəis - Həsən bəy Ağayev - Katib - Mehdi bəy Hacınski. Saat 11.20 dəqiqədə açılır. Rəis - İclas açılır. Bugünki yomiyyeyi-müzakirat belədir: 1. Etimadnamədə komissiyonunın məruzəsi; 2. Yevlax-Nuxa yolunu Kiş çayının daşğınından mühafizə etmək üçün ziraət və əmlak nəzarətinə iki yüz on bir min rublə buraxılması haqqında qanun layihəsi; 3. Dörd yüz on milyon rüblə dövlət pulu buraxılması haqqında hökumətə müsaidə verilməsi. (Ruscaya tərcümə olunur). Etiraz yoxsa müzakiratı yomiyyə qəbul olunur. Növbədəki məsələ etimadnamə komissiyonunun məruzəsidir. Məruzəçi Şəfi bəy Rüstəmbəyli. Şəfi bəy Rüstəmbəyli - Bakı Bələdiyyə idarəsi Əliağa Həsənov ilə Ağazeynal Tağıyevin parlaman üzvü intixab etmiş idi. Əliağa Həsənov maliyyə naziri müavini və şimdi də maliyyə naziri olduğundan Ağazeynal Tağıyev də üzvlükdən xaric olunduğuna görə parlaman üzvü hesab olunmurlar. 45 müsəlman əzasından 23 əksəriyyət təşkil edir ki, əksər iclasda varmış. Onlardan Əsədulla Əhmədov 24 səslə və Əsəd Əmirov 15 səslə parlaman üzvü intixab edilmişlərdir. Etimadnamə komisyonu onların seçki protokollarına baxıb, düz olduğunu qəbulla təsdiqini parlamana təklif edir. Rəis - Etimadnamə komisyonunun məruzəsi barəsində kim danışmaq istəyir? Rusca səslər - seçilmiş, daha nə danışmaq. Rəis - Söz istəyən yoxsa, səsə qoyacağam. Nakaz üzrə bələdiyyə idarəsi tərəfindən seçilən əzaların əvvəlcə seçkilərinin olmadığını səsə qoyacağam. Sonra da etimadnamə komissiyonunun qərarını səsə qoyacağam. (Rusca). Hər kəs Bakı duması tərəfindən Əsədulla Əhmədov ilə Əsəd bəy Əmirovun seçkisini dürüst və qanuna müvafiq hesab edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə seçki dürüst olduğu qəbul olunur. Hər kəs etimadnamə komissiyonunun qərarını qəbul edirsə, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət ilə qəbul olunur. Növbədəki məsələ: Yevlax-Nuxa yolunu Kiş çayının daşğınından mühafizə etmək üçün ziraət və əmlak nəzarətinə iki yüz on bir min rüblə buraxılması haqqında qanun layihəsidir. Məruzəçi Abduləli bəy Əmircanov. Abduləli bəy Əmircanov - Nuxa-Yevlax şosesinin və Nuxa şəhərinin dağ çaylarından mühafizəçi üçün 1911-ci ildə bir sədd çəkilmişdi ki, çayın qabağını saxlasın. 1914-cü ildə bu səddin təmirinə bir çox şəhər Zemstva parası buraxılmışdı. Bütün bu sədd Şəki şəhərini və Yevlax-Şəki şosesini müdafiə edirdi. Bildir, 1918-ci ilin avqust ayında böyük bir sel gəlib bu səddin böyük bir parçasını xarab etmişdir. İki yüz əlli sajin ki, səddin boyudur, əlli sajin seldən bərbad olmuşdur. Bildir, şəhər dövlət parası ilə 30 sajinini təmir etdilər. Qalanı təmir olunmadı. Çünki ləvazimat tapılmadı. Ona görə Gəncə valisi ziraət nazirindən rica edir ki, dövlət meşəsindən çırpıntı almaqla və daş ilə səddin qalanı təmir olunsun və əvvəlki sədd alçaq olduğundan bu dəfə bir az da uca olsun. Bunun üçün də təqribən iki yüz on bir min rüblə təyin olunmuşdur. Yevlax-Şəki şosesini sel daşğınından xarab olması Şəki ticarətinə böyük zərər vurur. Gəncə qubernatoru burasını nəzərə alaraq ona görə də bu səddlərin təmirinə sərf olunacaq paranın hamısının dövlət xəzinəsindən verilməsini xahiş edir. Bu barədə hökumət bunu qəbul eyləmiş ki, 211 min manat əcələ surətdə verilsin. Və bu sel may ayının axırında gəlməyə görə paranı əcələ olaraq vermişlər. İmdi hökumət rica edir ki, bu paranın verilməsini parlaman qəbul etsin. Maliyyəbüdcə bu qanuna baxıb qəbul eyləmişdir. Maliyyə-büdcə komisyonu istəyir ki, bu para sərf olunanda bələdiyyə rəisi iştirak etsin ki, bu pul ancaq öz yerinə sərf olunsun. Rəis - Bu barədə kim danışmaq istəyir? Qarabəyli (yerindən) - Səsə qoyunuz nə danışmaq. Rəis - Söz istəyən yoxmu? Söz istəyən yoxsa səsə qoyuram. Söz Əhməd Cövdət Pepinovundur. Əhməd Cövdət - Mən əlbəttə bu qanun barəsində danışmaq fikrində deyiləm. Çünki may ayı yaxınlaşır. Sel Nuxa-Yevlax şose yolunu əsl və daşğından mudafiə üçün 211 min rüblə istənilir. Lakin arzu edərdik ki, nəzarət tərəfindən tədbirlər görülsün. Və diqqət olunsun ki, bu pullar yerinə xərc olunsun ki, bir də səddlər xarab olmasın. Və yenidən bizdən pul istənilməsin. Ancaq mənim dediyim özgə şeydir. Neçə aydır parlaman açılmışdır və bura gələn qanunnamələri müzakirə edirik. Ziraət və əmlak nəzarəti tərəfindən bir iki qanun gəlmiş. Biri bu, biri də Kür çayı sahillərində sədlərin inşası haqqında qanun layihəsi. Beləliklə, nəzərə gəlir ki, biz və nəzarət böylə xırda qanunlara baxmazdan başqa bir şey tapmırıq. Guya bizim məmləkətimiz anarxiya keçirtməmiş, kəndlər dağılmamış, evlər xaraba olmamış, bir çox yerdə bu saat kəndçilər kotansız və toxumsuz qalmamışdır. Bu barədə ziraət nəzarətinin köməyi lazımdır. Amma bu barədə də indiyə qədər heç bir qanun layihəsi daxil edilməmişdir. Nəzarət iş görmür. Guya hər işimiz yolunda imiş və başqa böyük qanunlara ehtiyac yoxmuş. Ancaq çay daşqınının qeydinə qalmalı imiş. Doğrudur, buna da baxmaq və pul buraxmaq lazımdır. Lakin cümhuriyyət içində ümumiyyətlə ehtiyacı rəf eyləmək üçün evləri sökülənlərin evlərini təmir etməli, malı olmayanlara mal verməli, toxumu, kotanı olmayanlara toxum və kotan tədarük etməlidir. Bu barədə gərək nəzarət bir qanun ilə bizim qabağımıza çıxsın və pul istəsin. Arzu edirəm ki, bundan sonra hökumət böylə xırda-xırda qanunlar ilə gələcəkdə böyük dərdlərimizi və ehtiyaclarımızı yazıb qabağımıza çıxsın. Rəis - Daha söz istəyən varmı? Yoxsa müzakirə bitmiş olur. Səsə qoyuram hər kəs qəraət olunmuş layihəni komissiyonun rəyinə bərabər qəbul edirsə, əlini qaldırsın (Əllər qalxır) əksəriyyət qəbul edir. Növbədəki üçüncü məsələ dörd yüz on milyon dövlət pulu buraxılması haqqında hökumətə müsaidə verilməsi layihəsidir. Məruzəçi Mustafa Vəkilov. Mustafa Vəkilov - Hökumət tərəfindən təqdim olunmuş qanun layihəsi 410 milyon kağız pul buraxmaq üçün hökumətə müsaidə vermək xüsusundadır. Hökumət parlamandan rica edir ki, yenidən kağız pul buraxılması üçün hökumətə müsaidə verilsin. Hökumət öz kağızında bu məsələnin tarixindən bəhs edib bu paranın nasıl məsrəf olması haqqında məlumat verir. Böylə görünür ki, Bakı bələdiyyə idarəsi tərəfindən bon adından kağız pullar buraxılıbdır. 1918-ci ildə Bakı şəhəri bir tərəfdən daxili Rusiya və digər tərəfdən Tiflis ilə münasibəti kəsildiyinə görə və məhəlli bazarda pula artıq ehtiyac olduğundan bələdiyyə idarəsi bon buraxmağa məcbur olmuşdu və bunun buraxılması, məsrəfi və təmin edilməsi xüsusunda bələdiyyə idarəsi bir qayda-qanun düzəltmişdi. Onda pul yerində bon idi. Bu əsl pul mənasını verirdi. Lakin özləri və əhali ona pul kimi baxmırdı. Müvəqqəti pul yerini verib, veksil kimi işlənilirdi. O vaxt şəhər idarəsi padşahlıq bankı vasitəsilə 63 milyon kağız pul buraxmışdı. Necə ki, məlumunuzdur sonradan şəhər bolşeviklər əlinə keçdikdə haman yenə o kağız pul bolşeviklər tərəfindən daha da şiddətlə buraxıldı. Hərçəndi bu pul bələdiyyə adından hesab olunurdu. Lakin bolşeviklər öz istədikləri kimi məsrəf edirlərdi. Bolşevik hökuməti elan eyləmişdi ki, bu kağız pulun əvəzini Rusiya öz varı ilə cavabdehdir. Hökumət bizim əlimizə keçənə qədər bolşeviklər zamanında 227 milyon manat kağız pul buraxılmış, demək hökumət bizim ixtiyarımıza keçənə kimi cəmi üç yüz milyona qədər kağız pul buraxılmışdır. Sonra ixtiyar bizim hökumətimizə keçdikdə hökumət və maliyyə nəzarəti barədə dərin düşünüb istədi ki, cəmaətə və məmləkətimizə xeyri olan bir üsul tapıb böylə müşkül haldan çıxsın. Məlum olduğu üzrə Bakı alınmamışdan qabaq bizim hökumət Tiflisdə gürcülər və ermənilər ilə pul buraxmışdı. Və bəzi şərti-şrut ilə bir hissəsinə iştirak edirdi. Bakı alınandan sonra hökumətimiz gördükü Rınoka 300 milyon kağız pul buraxılıb. Hökumət bir istədi ki, bir növ ilə Bakı pullarını yığıb ondan xilas olsun və Zaqafqaziya pulundan istifadə etsin. Sonradan bu tədbir həm hökumət, həm də əhali üçün müşkül oldu. Qərar qoyuldu ki, iki pul işlənsin. Biri Bakı, biri iştirak etdiyimiz Zaqafqaziya bonu. Sonradan hökumət və ehtiyacını ödəməkdən ötrü getdikcə kağız pul buraxmağa məcbur oldu. Parlamandan əvvəl hökumət ehtiyacı olduğundan 90 milyon öz qərarı ilə pul buraxıb sonradan bəyannamənin dediyinə görə hökumət xərci artdığından yüz milyon rüblə buraxıb dekabrın 8-də və yanvarın 10-da olan qərara görə sonradan 200 milyon rublə buraxmışdır. Hökumətin dediyinə görə artıq əcələ olduğundan parlamanın müsaidəti olmadan bu pulları buraxmışdır. Lakin hökumət tərəfindən buraxılan bu pullar ehtiyacı təmin etmir. Ona görə də hökumət parlamandan rica edir ki, həmin müsadiəsiz buraxdığı 300 milyon para təsdiq olunsun və mayın axırına xərci təmin eləməkdən ötrü 240 milyon buraxmağa icazə verilsin. Hökumətin cəmi istədiyi 510 milyondur. Hökumət öz bəyannaməsində xərclərini ümumi bir formada göstərib mayın axırına qədər 210 milyon rublə istəyir. İndi görək bu pulları nə cür məsrəf olur və ehtiyac nədir. Hökumətin göstərdiyinə görə ayda 40 milyon rublə neft mədənçilərinə verilir. Bundan əlavə, 35 milyon da ingilis ştabına verilir. 40 milyon da hökumətin öz işlərinə, məmurlara və qeyri ehtiyaclara xərclənir. Bu hesab ilə hökumət zənn edir ki, may ayının axırına qədər 210 milyon kifayət edər. Onun üçün də 510 milyonun müsaidəsini istəyir. Əlbəttə, bu layihə maliyyə və büdcə komisyonunda ətraflı müzakirə olundu. Maliyyə və büdcə komisyonu buna əhəmiyyət verib düşünür ki, kağız pul nə qədər artıq buraxılarsa, qiyməti o qədər düşər. Bu bir aşkar məsələdir ki, finansist olmayan əhali də bunu bilir. Məsələnin əsl məqsədi və əsl bədbəxtliyi budur ki, kağız pul ki, buraxılır dava vaxtı bizdən daha zəngin məmləkətlərdə bizdən artıq buraxılıb. Ancaq onlarda qızıl təminatı var ki, vaxtında kağız pul əvəzinə qızıl pul alınır. Ancaq bizim hökumətin qızıl təminatı olmadığından nəinki istehsalatı və dövləti varsa onunla bu buraxılan kağız pulları təmin edə bilər. Bundan savayı biz görürük ki, kağız pul ki, buraxılır, əhalinin ehtiyacı qədər buraxılsa idi qiymətdən düşməzdi. Dərd burasındadır ki, əhalidə ehtiyacından artıq pul vardır. Hətta ən kasıbın da pulu çoxdur. Rınokda da pul ehtiyacdan artıqdır. Hökumətin də bu pulları öz bankına yığmağa lazımi qədər qüvvəsi çatmır. Əhalidə pul çoxdur. Hökumətdə isə yoxdur. Buna görə hökumət getdikcə pul buraxmağa məcbur olur. Çünki ehtiyac çoxdur. Büdcə maliyyə komissiyonu bunu nəzərə alıb bir neçə arzular elədi. Və bu arzuları da sizə məlum edir. Əvvala, bunu nəzərə aldı ki, hökumətin ehtiyacını bir tək pul kəsən makina vasitəsilə ödəmək olmaz. Bu böylə gedərsə, axırda öylə olar ki, bazara çıxıb bir şey almaq olmaz. Ona görə də hökumət gərək naloğın tezliklə yığılmağına böyük əhəmiyyət versin, tainki əhalidə olan pul xəzinəyə gəlsin. Və xəzinəyə əl uzadanda o pullardan istifadə etmək mümkün olsun. Yanvar ayında hökumətin mədaxili 5 milyon, məxarici 25 milyon olmuşdur. Fevral ayında isə mədaxil 8 milyon, məxaric 32 olmuşdur. Əlbəttə, böylə dəvam etsə, nə qədər pul buraxılmasına müsaidə etsək yenə də hökumətin ehtiyacı təmin edilmiş olmaz. Ona görə də maliyyə-büdcə komisyonu mədaxilin artırılmasına diqqət verdi. Və gəlir vergisinə (podoxodnıy naloq) ki, artıq mədaxil verir, nəzarət tərəfindən əhəmiyyət verilməsini arzu edər, bu bizə ikincisini nəzərə almaqla gərək istiqraz müəssisələri, banklar nizamə salınsın, bunların indiki halda əvvəlki kimi müamilatda bulunmadıqları məlumdur. Əvvəllər pul bankda müamilədə olurdu. Əhali və hökumət ondan istifadə edirdi. İndi bunlar zəif işləyirlər, bəlkə də heç işləmirlər. Bunları qaydaya və nizama salmaq mümkündür. Ona görə də mərkəzi hökumət bankı olmalıdır ki, qeyri müəssisələr də oradan kömək alıb işləsinlər. Hökumətdən işə başlamağı və qeyri müəssisələrə əhəmiyyət verib mərkəzi bank açılmasını arzu edirik. İkinci arzumuz budur. Üçüncü, biz gördük ki, bir məmləkətdə iki cür pul işlətmək işləri çətinləşdirir. Bir Bakı pulu, bir Tiflis pulu. Diqqət etsəniz görərsiniz bizim pulumuz Tiflisdə az qiymətə gedir. Amma Tiflis pulu Bakıda artıq qiymətə gedir. Xalq arasında yaxşı pul hesab olunur. Bazarda satılır. Bizim pul ilə bir qiymətdə deyildir. Bizim orada hissəmiz olduğuna görə iki tərəfə baxdığımızdan bu məsələdə bir növ şaşqınlıq əmələ gəlir. Bizim vətənimizə görə pul sistemi bir olmalıdır. Zaqafqaziyanın ümumi pulu olacaqmı? Yaxud məxsus Azərbaycan pulu olacaqmı? Onu maliyyə nəzarətində olan mütəxəssislər iyi bilirlər. Ancaq bizcə hansı biri olursa olsun, pul sisteminin bir olmasını indiki halda xeyirli bilirik. Əlbəttə, aşkar məsələdir ki, hökumətin ehtiyacı da olsa, əcələdə olsa yenə parlamanın müsaidəsi olmaya-olmaya izinsiz pul kəsilməsi büdcə komissiyonunun nəzərilə mümkün və düz deyildir. Hərgah hökumət ancaq pul kəsmək təriqilə ehtiyacını təmin üçün asanca pul əldə edə bilərsə, o zaman qeyri mənbələrə və mədaxil verici müəssisələrə biltəb əhəmiyyət verməz. Əgər hökumət görsə ki, pul buraxmaq çətindir, onda qeyri vasitələr ilə və başqa çarələr ilə pul əldə etməyə çalışacaqdır. Və o vaxt bankların yaxşı məalatda bulunmasına vergilərin nizam ilə toplanmasına daha ciddi surətdə baxıb ehtiyacını təmin edir. Buna da hökumətin nəzəri-diqqətini cəlb edirik. Parlamandan izinsiz pul buraxmaq düz deyildir. Bu məlumatdan sonra hökumətin qanun layihəsini oxuyuram. Həqiqətdə bu cür pul buraxmaq düz deyildir. Bu məlumatdan sonra hökumətin qanun layihəsini oxuyuram. Həqiqətdə bu cür pul buraxmaq müşkülat çıxarar. Maliyyə büdcə komisyonu düşünür və ətraflıca söylədiyi arzuları ilə bərabər görər ki, bu saat pul lazımdır, lakin əldə yoxdur. Ona görə də komisyon təklif edir ki, hökumətin bu layihəsi qəbul edilsin. Hökumətdə büdcə komisyonunun arzularını nəzərə alsın və gələcəkdə doğru yol ilə pul tapmağa çalışsın. Büdcə komisyonu təklif edir ki, qanun layihəsini qəbul edəsiniz. Layihə budur: (Oxuyur). Davamı var... Geri dön |