Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Toy və yasda eyni yemək, eyni “rəqabət”
Toy və yasda eyni yemək, eyni “rəqabət” |
Ziyalılar adət-ənənələrin aşılanmasına etiraz edir
Zaman keçdikcə yas və toy adət-ənənələrimiz də kökündən uzaqlaşır. Bizə yad olan nə varsa, sürətlə mənimsənilir. İstər toyda, istərsə də yas mərasimlərdə israfçılıq, “rəqabət” baş alıb gedir. Məişət həyatındakı bu problem deputatlardan tutmuş yazarlara qədər hamının müzakirəsindədir. Artıq daşı yerindən tərpətmək vaxtıdır. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov mövzu ilə bağlı bildirdi: “Dədə-babadan adət-ənənəmizdə belə olub ki, hüzrü düşmüş insanlar evlərində xörək bişirmirdilər. Əzizlərini itirən insanlar dəfnlə, öz dərdləri ilə məşğul olurdular. Qonşular yemək bişirib gətirirdilər. İndi isə hətta bəhsə-bəs yaranır ki, kim yaxşı süfrə açacaq. Burada nə ölü yiyəsini düşünürlər, nə bu əziyyəti çəkən insaları”. Baş redaktor qeyd edib ki, məsələ doğrudan da çox narahatlıq doğurur. Son dövrlərdə mətbuatda ayrı-ayrı ziyalılar bununla bağlı yazılar yazıb, öz mövqelərini qoyurlar, bunun olması çox vacibdir. Bir çox rayonlarda, kəndlərdə artıq kəndin ağsaqqalları, hüzr məclisini idarə edən ruhanilər səviyyəsində məsələ həll edilib və yoluna qoyulub. “Mən şahidiyəm ki, Naxçıvanda bu iş yüksək səviyyədə reallaşdırılıb. Doğurdan da hüzr məclisində ancaq çay, halva, limon olur. Bu da kifayət edir. Amma uzaqdan gələn qonağa yeməyə nəsə vermək olar”. Bəxtiyar Sadıqovun sözlərinə görə, 3, 7, 40 mərasimlərində insanlar axın-axın gəlir, onlara hər cür yemək vermək, meyvə, şirniyyatın verilməsi tamamilə artıq xərcdir. “Bu həm də ölü sahibinə zərbədir. Onsuz da mənəvi zərbə alan şəxs, maddi zərbə də alır”. B.Sadıqovun sözlərinə görə, dəfn mərasimlərinin keçirilməsi üçün xüsusi yerlərin düzəldilməsi, menyular üzrə müxtəlif qiymətlərlə ehsan verilməsini nə anlaya, nə də qəbul edə bilir: “İndi toylarda da israfçılıqdır. 50, 70, 80 manatdan süfrə düzəltməyə başlayıblar. Bir insan 50 manatlıq yemək yeyə bilməz, qarınqulu deyil ki?! Şadlıq evlərinin sahibləri birləşib qiyməti qaldırırlar. Biz də üzüyuşmaq millət olduğumuz üçün, mübahisə etməyi, qayda-qanun tələb etməyi sevmirik. Amma bir-birimizlə rəqabətə girməyi sevirik”. B.Sadıqovun sözlərinə görə, bütün bunlara qarşı cəmiyyətdə qətiyyətli mövqe olmalıdır. Baş redaktor bildirir ki, buna həm alimlər, ziyalılar, din xadimləri, insanlar, eləcə də dövlətin müvafiq qurumları ciddi etirazını bildirməli, bunun qarşısını alınmalıdır. Tanınmış kulturoloq Fuad Məmmədov isə bildirib ki, buradakı əsas məsələ mənəvi məsələdir. “İstər bu toy olsun, istər yas, burada söhbət insana hörmətdən gedir. Toy böyük bayramdır. Böyük bayram olduğu üçün bu o demək deyil ki, israfçılığa yol verilməlidir”. Kulturoloqun sözlərinə görə, burada hər şey yüksək mədəni səviyyədə olmalıdır. “Mən hesab edirəm ki, bizim toyların çoxunu düzgün təşkil etmirlər. Musiqini o qədər yüksəkdən çalırlar ki, insanların qan təzyiqi qalxır. Söhbət etdikdə belə bir-birini eşitmirlər”. Fuad Məmmədov Türkiyə toylarını buna misal çəkdi: “Türkiyədə toylarda bu cür qışqırıq, hay-küy yoxdur. Onlarda da çalırlar, oxuyurlar, oynayırlar, amma elə çalırlar ki, hər şey öz qaydasında olur”. Kulturoloqun fikrincə, yeməyin formasını da dəyişmək lazımdır. “Şadlıq evləri özlərinə nə sərf edirsə, o yeməyi də istəsən də istəməsən də süfrəyə düzürlər. Burada azadlıq, sərbəstlik olmalıdır. İnsanlar özləri sifariş etsin, nə istəyirlərsə yesinlər”. Yazıçı Əkrəm Əylisli də məsələyə öz münasibətini bildirib. Onun sözlərinə görə, əvvəlki toylarımız daha xoş idi. Yazıçı qeyd edib ki, öz keçmiş mədəniyyətimiz qoruyub saxlamağımız milli mədəniyyətimizə, kökümüzə bağlılığımızdan irəli gəlməlidir: “Kim ki öz kökünə möhkəm bağlıdırsa, öz adət-ənənələrinə də sadiq qalır. Kim ki öz kökündən uzaqdırsa, hər gələn yeniliyi qəbul edəcək”. Ə.Əylisinin sözlərinə görə, qanunlarla bu problemi həll etmək olmaz. “Bu ancaq maarifçiliklə həll olunmalıdır”. Yazıçının sözlərinə görə, mətbuatda, televiziyada bu məsələ ilə bağlı təbliğatçılıqla məşğul olmalıdır: “Əvvəlcə jurnalistlər özləri adət-ənənələrimizi yaxşı öyrənməlidir. Onlar bilməlidir ki, əvvəlki toy, yas mədəniyyətimiz necə idi...” Sevinc İltifatqızı Geri dön |