Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Sibirin işğalı - RUSLAŞDIRMA VƏ XRİSTİANLAŞDIRMA
Sibirin işğalı - RUSLAŞDIRMA VƏ XRİSTİANLAŞDIRMA |
Ərazinin genişləndirilməsi, yeni-yeni torpaqların zəbt edilməsi, azsaylı xalqlar arasında nifaq salaraq, onları bir-birindən ayırmaq Rusiya İmperiyasının əsas məqsədi idi. Fedotovun da yaxşı gördüyü bu siyasət bir sıra hallarda müharibələr və basqınlarla həyata keçirilsə də, kiçik tayfalara, parçalanmış xalqlara qarşı başqa üsullara da əl atılırdı. Kökləri daha dərinlərə gedən bu siyasətin nəticəsi idi ki, hələ çar Rusiyası dönəmində Qafqaz, Sibir və Orta Asiya xalqlarına maraq güclənmişdi. Azsaylı xalqların dilinin, folklorunun, coğrafiyasının öyrənilməsi də elmi maraqdansa, daha çox məhz siyasi, iqtisadi, imperiya maraqlarından doğurdu. Həmin dövrlərdə bu bölgələrə dəfələrlə ekspedisiyalar təşkil olunur, rus və digər xalqlardan olan alimlər – folklorçular, etnoqraflar, arxeoloqlar, tarixçilər... bu yerlərə səyahət edir, yerli xalqların məişətini, dilini öyrənir, folklorunu toplayır, ayrı-ayrı tayfalarla, xalqlarla görüşür, eşitdiklərini, gördüklərini qələmə alaraq bu günümüz və gələcəyimiz üçün qiymətli xəzinə qoyur, eyni zamanda da Çar Rusiyasının “milli siyasət”inə xidmət edirdilər.
Qeyd etdiyimiz kimi, həmin ekspedisiyaların dövlət səviyyəsində təşkilində başqa məqsədlər də güdülürdü. Belə ki, “elmi məqsədlər” üçün yaradılan ekspedisiyaların tərkibində keşiş, yerölçən və silahlı dəstələr göndərilir, yerli əhalinin xirstianlaşdırılması, kilsələrin tikilməsi, dini məktəblərin yaradılması sürətləndirilir, yerlilər öz yurd-yuvalarından sıxışdırılır, onların torpaqdan istifadə edə bilmədiklərini bəhanə edərək, ən yaxşı torpaqlar rus kəndlilərinə verilirdi. Ruslar Sibirin dərinliklərinə doğru nə qədər irəliləyirdilərsə, yerli əhali də bir o qədər dağlara, daşlı-çınqıllı, yararsız torpaqlara çəkilirdi. Bu barədə görkəmli türkoloq, şərqşünas, mənşəcə alman olan Vasili Radlov (Fridrix Vilhelm Radlof) yazırdı: “...Rus əhalisinin necə irəlilədiyini (Sibirin içərilərinə doğru – G.Y.) müşahidə etmək maraqlıdır. Bu adamlar heç bir az da olsa, haqları olmadan burada məskunlaşır, kalmıklar isə qorxudan geri çəkilirlər... Bəlkə də bu adamlar (yəni ruslar – G.Y.) kalmıklara münasibətdə haqsızlıq edirdilər, lakin, əlbəttə ki, torpağın özü üçün Balqasainin əvvəlki təsərrüfatının yerinə işlək kəndlilərin (yəni rusların – G.Y.) gəlməsi yaxşıdır”. Onu da qeyd edək ki, əvvəllər rəsmi rus sənədlərində Altay türklərini Altay kalmıkları, Altay tatarları, dağlı və ya ağ kalmıklar adlandırırdılar. Uzun müddət, yəni XVIII əsrdən onların çoxu oyrotların yaratdığı Cunqar xanlığına daxil olduqlarından onlara yanlış olaraq “kalmık” deyiblər. Qərbi monqol tayfaları olan oyrotlar rus ədəbiyyatında “qara kalmıklar” adı ilə tanınırdılar. Oyrotların Volqa boyunda yerləşən hissəsi Həştərxan və ya Volqa kalmıkları adlandırılırdılar. Deməli, burada söhbət Altay türklərindən gedir. V.Radlov öz dövrünün cəfakeş, savadlı alimi olmaqla yanaşı, o dövrdə baş verən və Rusiyanın milli siyasəti ilə bağlı bir sıra hadisələrin bilavasitə şahidi və iştirakçısı olmuş, bu ölkənin qonşu dövlətlərlə xarici siyasəti, rusların Sibirə köçmələri ilə bağlı maraqlı mülahizələr irəli sürmüşdür... Başlıcası ovçuluq və heyvandarlıqla məşğul olan yerlilər "az olsun, həmişə olsun" istəyilə yaşayır, təbiətin onlara bəxş etdiyi sərvətlərdən yalnız tələblərini ödəmək üçün istifadə edir, onları gəlir mənbəyinə çevirmir və bu yolla varlanmaq məqsədi güdmürdülər. Əksinə, “heç bir haqqı olmadan Sibirin içərilərilərinə yeriyən ruslar” tez bir vaxtda mineral bulaqları, qızılı, meşələrdəki arı pətəklərindəki balı, hətta qədim kurqanlardakı qiymətli əşyaları çapıb talayırdılar. Təkcə 1637-ci ildə tacir Buxryakovun bir neçə arteli (113 nəfər) Manqazeydə 33 116 samur öldürmüşdü. Bu cür vəhşicəsinə qırılma nəticəsində tezliklə nəinki Manqazeydə, hətta bütün Sibirdə samurun sayı kəskin şəkildə azaldı. Artıq bazarlara samur dərisi əvəzinə, əvvəllər yerlilərin heç ovlamadıqları tülkü, dələ və digər heyvanların dəriləri çıxarılırdı. Çar Rusiyası Sibirin qızılını mənimsəmək məqsədilə Marinsk, Nikolayevsk, Aleksandrovsk, Spasskoye kimi qızıl mədənləri tikdirir və burada ruslar işləyirdilər. Savadsız, kobud və sərxoş rus fəhlələri boş günlərində yerli əhaliyə dinclik vermir, yalançılıq, oğurluq və sərxoşluq kimi bəlaları onların arasında yayırdılar. Rus tacirləri türklərin ənənəvi içkiyə, yəni kımıza və arağaya olan meylindən istifadə edərək rus vodkası gətirib əhaliyə satırdılar. “Bu, yerlilər üçün ölümə bərabər idi” deyən Radlov yol qeydlərində altaylıların və başqa türk tayfalarının “təbiətin özü kimi təmiz, təbii, sadə” olduğunu qeyd edir, rus mədəniyyəti ilə yanaşı Sibirdə yuxarıda sadaladığımız xoşagəlməz halların yayıldığını da göstərirdi. Rus əhalisi tərəfindən İrtış, Tabol, Ob, Tom və Çolımın münbit torpaqları zəbt olunduqca, buranın türkləri meşələrə, dağlara, bataqlıqlara sıxışdırılır, otlaqlar əllərindən çıxır, mal-qara qırılır, insanlar yoxsullaşırdı. Radlov özünün Altaya etdiyi iki səyahətindən aldığı təəssüratlarını müqayisə edərək yazır ki, 1860-cı ildə əhali çox varlı idi. Lakin 1870-ci ildə bu yerlərdə əlli atı olanı varlı sayırdılar. Bu cür yoxsullaşmanın səbəbini 1869-cu ildə heyvanlar arasında taun xəstəliyinin yayılması ilə izah etsələr də, Radlovun fikri qəti idi: “Altayı rus tacirləri bu hala salmışdılar". Lakin buna baxmayaraq, hər şeyi dərk edən Radlovun çıxardığı hökm dəhşətli idi: "Sivilizasiyalı insanın" təbiətin pak övladları ilə qarşılaşdığı hər yerdə olduğu kimi, burada da yaşamaq uğrunda mübarizə gedir… Necə ki, Quzey Amerikada talan olunaraq yavaş-yavaş yox olan qızıldərililər, eləcə də, Sibirin yerli əhalisi. Əvvəlcə onların var-dövləti və sosial durumu itki verir: baylar kəndxudalara, varlı maldarlar bitki kökləri ilə qidalanan dilənçilərə çevrilirlər. Gündən-günə pisləşən qida nəticəsində irq zəifləyir və, nəhayət, tədricən məhv olur. Daha güclü irqin zorakılığını və ədalətsizliyini görmək filantropu nə qədər acıtsa da, kədərləndirsə də, bütün bunlar təbiətin qanunlarına cavab verir. Çünki, düzünə qalsa, boynumuza almalıyıq ki, Altayın gözəl çölləri bu diyarın varını görüb istifadə edə bilməyən köçərilər üçün həddindən artıq yaxşıdır... Yerli məhv olur, çünki yaşamaq uğrunda gedən mübarizədə davam gətirə bilmir. Xoşbəxtlikdən pərakəndə, azalan, istehsal etməyə qadir olmayan tatarların yerini onu əvəz edən, bu torpağın varını çoxalda bilən sıx, daha ekspansiv, proqresə və daha yaxşı gələcəyə can atan rus əhali tutur”. Məlumdur ki, arxeologiya etnoqrafiya ilə sıx bağlıdır. Əksər arxeoloji qazıntılar nəinki tarixçilər, sənətşünaslar və b., eləcə də etnoqraflar üçün material mənbəyidir. Etnoqrafiyanın arxeologiya ilə sıx bağlı olduğu məqamlardan biri də dəfn formasıdır. Dəfnin zahiri xarakterindən dəfn mərasimi barədə müəyyən məlumat əldə etmək, fikir söyləmək mümkündür. Lakin bütün abidənin və avadanlığın öyrənilməsi, dəfn mərasiminin dəqiq xarakteristikasının verilməsi arxeoloji qazıntıların sayənsində olar. Hərçənd ki, başqa qazıntılar da var. Bu qazıntıların əsas iştirakçıları arxeoloqlar deyil, “goreşənlər”dir. Yuxarıda gördük ki, Radlov özü ən yaxşı torpaqlar rus əhali tərəfindən zəbt olunduqca, yerli tatarların, yəni buranın türklərinin meşələrə çəkildiyini, orada təcrid olunaraq var-yoxunun əlindən çıxdığını yazır. Radlovun “sıx, daha ekspansiv və daha yaxşı gələcəyə can atan” xalq adlandırdığı ruslar haqqında isə 1735-ci ildə Sibirdə olan Miller belə yazır: “Rus kəndliləri İrtışda, Tobolda, Obda və Yeniseydə məzarları bu əsrin əvvəllərindən (yəni XVIII əsrin – G.Y.) oradan kalmıklar və qırğızlar (burada Yenisey qırğızları nəzərdə tutulur – G.Y.) getdikdən sonra qazmağa başladılar. Mən bu işlə dolanan çox adamlara rast gəlmişəm, hərçənd ki, mənim vaxtımda artıq bu işlə heç kəs məşğul olmurdu. Belə ki, xəzinə tapılmasına ümid ediləcək bütün məzarlar artıq qazılmışdır. Adamlar, samur ovuna gedilən kimi, işi öz aralarında bölmək və ayrı-ayrı kurqanları tez, birdəfəlik başa çatdırmaq üçün böyük dəstələrdə birləşirdilər". V.Radlov qeyd edir ki, Qırğız çölündə apardığı məzar qazıntıları "aydın göstərirdi ki, Ob, Altay və Yeniseydəki məzarlar kimi, bu məzarlar da əsaslı şəkildə axtarılmışdır... Buna görə də, köhnəliyin araşdırıcısı əgər yüzlərlə məzarın içindən əvvəlcədən zahiri qazılma izləri olmayan bir-ikisini tapsa, bunu uğur saymalıdır...” Aradan uzun illər keçmişdir. Əgər bu qədər vəhşilikdən sonra bugünkü arxeoloqlar bir şey tapa bilirlərsə, bunu, doğrudan da, böyük uğur hesab etmək lazımdır. Radlov bir daha özünü təkzib edərək Messerşmidtin 25 may 1721-ci ildə yazdığı gündəliyindən misal gətirir. Messerşmidt yazır ki, Obun yuxarı axarında yaşayan rusları işimlilər adlandırırdılar; elə məzarlarda yerləşən qızıl və gümüşün qazılıb çıxarılması ilə məşğul olanlar da məhz onlardır. İlk dəfə "goreşənliklə" də məhz onlar məşğul olurdular. Buradan onlar məzarları qaza-qaza gəlib Ob çayına qədər çatmışdılar. Rus kəndliləri çöllərdə məzarları qazmaqla pul qazanırdılar. Ruslar ətraf kəndlərdən toplanaraq 200-300 nəfərlik dəstələr halında son xizək yolu ilə çöllərə 20-30 günlük “səfərə” çıxır, kurqanları ayrı-ayrı dəstələr arasında bölür və qazıntıya başlayırdılar. Qazax və kalmıklar gələrkən tezcə birləşərək özlərini müdafiə edə bilmələri üçün dəstələr bir-birindən çox da uzaqlaşmazdılar. Ata-babalarının təhqir olunan məzarlarını qorumağa gələn yerlilərlə toqquşma vaxtı ölən və yaralananlar da olurdu. Rus “goreşənlər”i qazılan türk məzarlarından çoxlu qızıl və gümüş əşyalar – at üçün bəzək əşyaları, zirehli geyim, qadın bəzək əşyaları, silah və s. oğurlayır, sonra da əldə etdiklərini satırdılar. Bu da aydın məsələdir. Çünki türk torpaqlarına köçən ruslar hələ əkin-biçinlə məşğul olmur, daha asan varlanma yolu seçirdilər. Yerli əhalinin heyvandarlıqla məşğul olduğunu görən ruslar bu işin onlara görə olmadığını çox tez anlamışdılar. Çünki heyvandarlıq bir mədəniyyətə, yaşayış tərzinə bağlı məşğuliyyətdir. Ucsuz-bucaqsız çöllərdə çoxsaylı qoyun sürülərini, at ilxılarını, mal-qara naxırını yeyəcəklə təmin eləmək üçün köçəri və yarı köçəri çöl mədəniyyətini bilmək lazım idi. Bunu da uşaqlıqdan görməklə, içərisində yaşamaqla, inamlarla, nağıllarla, rəvayətlərlə qanına, canına hopmaqla qazanmaq olardı... Radlov rusların Sibir torpaqlarını zəbt etməsindən danışarkən müdafiə etdiyi Çar Rusiyasının Sibirdə apardığı “milli siyasət”ini tam çılpaqlığı ilə açıb göstərmişdir. Rusların işi yalnız təbiəti məhv etməyə yönəlmirdi. Missionerlər hər yerdə xristianlığı təbliğ edir, əhalinin oturaq şəraitdə yaşaması, milli adət-ənənəsindən, həyat tərzindən uzaqlaşdırılması üçün kəndlər salır, kilsələr tikdirir, yerlilərlə rus qızlarının evlənməsinə şərait yaradır, rus məktəbləri açırdılar. 1830-cu ildə teleut aalı (teleut türklərinin yaşadığı yer – aul – G.Y.) Ulaluda (indiki Qorno - Altaysk şəhərində – G.Y.) arximandrit Makariy Altayda ilk xristian kilsəsinin özülünü qoyur. On dörd il ərzində o, 366 kişini, 309 qadını xristianlaşdırır. V.Radlov özünün Altaya axırıncı səfərinin nəticələrini araşdırarkən göstərir ki, orada səkkiz missioner mərkəzi vardı: Ulalu, Muytu, Urusul və ya Onqoday, Şamal, Qara Anuy, Makaryev, Köbizən. Bu ərazilərdəki yaşayış məntəqələrində xaç suyuna salınmış yerli əhali ruslarla bir yerdə yaşayır, rus dilini, rus adət-ənənəsini öyrənirdi. Missionerlər daim onların əsl xristian kimi yetişmələrinə göz qoyurdular. Xristianlığı qəbul etmiş yerlilər özlərini ruslara bənzətməyə çalışır, onlar kimi geyinir, onların yediyindən yeyir, hətta öz aralarında söhbət edəndə, çalışırdılar ki, çoxlu rus sözləri işlətsinlər. Lakin bütün bunlara baxmayaraq, ruslar onlara yuxarıdan aşağı baxır, saymır, ələ salıb gülürdülər. Rusları yamsılayan yerlilər üçün ən böyük xoşbəxtlik rus qızları ilə evlənmək idi. Çünki o, artıq özünü rus saya bilərdi. Belə qarışıq nigahlardan törəyənlərdə türk elementi itir, rus anaların uşaqları türk atalarının dilini bilmir və ya çox pis bilirdilər. Bu uşaqlar rus məktəblərində oxuyur, bu ruhda tərbiyə alır, evdə analarının bişirdiyi rus milli xörəklərini yeyir, rus dilində layla eşidir, xristian bayramlarını keçirirdilər. Radlovun fikrincə, əhalini tam xristianlaşdırmamış rus məktəblərini açmaq tələsmək demək idi. Çünki milli ruhdan uzaq olan xristianlaşdırılmış yerlilər öz soydaşlarına təsir edə bilmirdilər. Türklərin əksəriyyəti dinlərini dəyişənlərə satqın kimi baxırdılar. Bu “satqın” yerlilər tək öz dinlərindən əl çəkmir, soyadlarından və adlarından da imtina edirdilər. Bununla belə, Radlov xristianlığı qəbul edənlərin azlığından təəssüfləndiyini də gizlətmirdi. Altaylıların əksəriyyəti ruslarla yaxınlıqdan öz milli xüsusiyyətlərini itirəcəklərindən qorxur və ona görə də, onlarla təmasdan, ünsiyyətdən qaçırdılar. Davamı var... Güllü Yoloğlu türkoloq Geri dön |