Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Çar Rusiyasının Sibiri ruslaşdırma və xristianlaşdırma siyasəti
Çar Rusiyasının Sibiri ruslaşdırma və xristianlaşdırma siyasəti |
I yazını bu linkdən oxuyun.
Bir çox türk tayfaları kimi, teleutların da ən çox qorxduqları şey xaç suyuna salınma, yəni vatiz idi. Onlar rusların torpaqları zəbt etdiklərindən Radlova şikayət edərkən, o izah edir ki, bu torpaqlar xanədan yerlərdir və rus imperatoru onlardan istədiyi kimi istifadə edə bilər. Lakin türk tayfalarının əksəriyyəti, o cümlədən də şorlar, teleutlar bu fikirlə barışa bilmir, nəticədə ruslarla tez-tez münaqişəli vəziyyət yaranırdı. Keşişlərin dediyinə görə, ən çətin xristianlaşdırılanlar kumandı tatarları və qadınlardır. Bununla belə, rusların “milli siyasəti” öz işini gördü və bu ərazidə xristianlaşdırma və ruslaşdırma digər yerlərdəkinə nisbətən Çar Rusiyası üçün daha uğurlu oldu. Sibirin dərinliklərinə irəliləyən ruslar toponimləri də dəyişirdilər. Bir çox hallarda onlar türk toponimlərini tərcümə edərək ruscasını yaşadırdılar: Ku – Lebed, Küçük Seqirtpek – Malıy Prıjok, Kızıl Yar – Krasnoyarsk, Aba Tura – Kuznetsk, Tos – Sosnovaya Qora və s.. Əsasən, I Pyotrun dövründə bir çox xalqlar, o cümlədən də ta qədim zamanlardan Çan gölləri və onlara bitişik Baraba çölündə məskunlaşan baraba tatarlarının ərazisi, bu gün cəmi 9 faiz xakas qalan Xakas - Minsuğ çökəkliyi və digər bölgələr Rusiyanın içərisinə alınmışdır. Onların bir çoxu rusların arasında əridi, ruslaşdı, xristianlaşdı, milli özəlliklərindən uzaqlaşdılar. Bundan başqa, rusları ayrı-ayrı bölgələrdə yerli əhali arasında yerləşdirməklə imperiya o yerlərdə özünə dayaq nöqtəsi yaradırdı. Çar Rusiyasının bu uzaqgörən siyasətinin bəhrəsi bu gün özünü aydın göstərir. Müstəqilliyə can atan hər bir xalqın içindən ikibaşlı qartal ağzından atəş püskürür. Fikrimizi aydınlaşdırmaq məqsədilə Xakasiyanın əhalisinin tərkibinə nəzər salaq. Buranın əhalisinin cəmi 9%-ni xakaslar, 80%-ni ruslar, qalan hissəsini isə digər xalqların nümayəndələri təşkil edir. Əvvəlki dini şamanizm olan xakasları 1876-cı ilin iyul ayının 15-də Asxıs çayının kənarına gətirir, başlarını su ilə islatdıqdan sonra bütün qadın və qızlara Mariya, kişilərə isə Vladimir adı verirlər. Bu tarixi hadisəni 1937-ci il qurbanlarından olan xakas yazıçı Vasili Kobyakov (1906-1937) özünün “Vatiz” (1935) satirik hekayəsində təsvir edir və yazır ki, Çanday hələ balaca olanda, qonşu kəndə pristav və kazakların müşayiəti ilə keşiş gəldi və onun sakinlərini vatiz etdi. Yerli kamla keşiş arasındakı mübarizə zamanı keşiş çaxır qazanına düşdü. Hekayənin ikinci hissəsi “Xarol yox, Vladimir” adlanır. Burada Çanday xatırlayır ki, atlı kazaklar camaatı yüz-yüz bölərək çaya qovurlar. Bayram paltarlarını geyinmiş xakaslar əvvəl-əvvəl heç nə anlamayaraq çox qorxurlar ki, birdən onları çayda boğarlar. Çaya çatanda, keşiş tərcüməçinin vasitəsilə camaata başlarını islatmağı əmr edir. Sonra da hərəyə bir xaç verib bununla da mərasimin başa çatdığını deyir. Çandayın atası Xarol evə dönəndə, deyir: “İndi mənim adım Xarol yox, Vladimirdir. Sən də Çanday deyil, Vladimirsən, Vladimir Vladimir oğlu”. Göründüyü kimi, Çar Rusiyasının xristianlığı yeritdiyi bütün ərazilərdə olduğu kimi, burada da uşaqlar (ilk vaxtlarda böyüklər də) xaç suyuna salınır, onlara xristian adları verilirdi. Məsələn, müqəddəs Nikolay günündə vatiz olunan, yəni xaç suyuna salınan bütün uşaqlar kimi, keşiş gələcəkdə tanınmış alim olan Poraya da “Nikolay” adını vermişdi. Poranın böyük və kiçik qardaşlarının da adları Nikolay olduğundan məktəb dəftərləri dəyişik düşməsin deyə, o, sonralar dəftərlərinin üstündə yazardı: “Nikolay Katanov 2”. Ailədə doğulan üç oğlan uşağının üçünə də keşiş tərəfindən Nikolay adının verilməsi və ailələrin belə hallara boyun əymələri xristianlığın zor gücünə, məcburən yeridilməsinə bir daha sübutdur. 1993-cü ildə Yakutsk şəhərində çap olunan V-IX sinif şagirdləri üçün “Yakutskiy folklor” kitabında verilən məlumata görə, XVII əsrin 20-30-cu illərində Rusiyanın təbəəliyinə keçirilən saxa türkləri arasında XVII əsrin 30-cu illərindən missionerlər tərəfindən xristianlıq yayılmağa başladı. Dövlətin yardımı, silahlı dəstələrin iştirakı ilə yerlərdə kilsələr tikilir, saxa türkləri kütləvi surətdə xaç suyuna salınırdılar. Saxa ahıllarının dediklərinə görə, silahlı rus əsgərləri aallara doluşur, hamını bir yerə yığır, keşiş isə camaatın başından bir vedrə su tökür və bunu da xaç suyuna salınma, vatiz adlandırırdı. Elə buna görə də, xristianlıq burada geniş yayıla, dərin kök ata bilmədi. Xalq özünün əski inancından əl çəkmədi və bu gün şamanist dünyagörüşü saxalar arasında bərpa olunur, dərsliklərə salınır, Ayıı Tanara inamı və onun haqqında elm inkişaf edir. Tanınmış alim Nikolay Katanovun Orenburqa, A.Vasilyevə yazdığı məktub Çar Rusiyasının yerlilərə münasibətini daha gözəl açır: “Deyirsiniz ki, yerlilər arasında ziyalılar yoxdur. Bir halda ki, yerliləri məhv etmək istəyirlər, ziyalı haradan tapılsın? Bəzi idarəçilər hətta bir xalq kimi başkortları, tatarları, qırğızları da yer üzündən silmək istəyirlər. Hansı yerli belə rəhbərliklə işləmək istəyər? Almanlar, fransızlar Şərqi öyrənməyə çalışırlar. Bizdə isə nə rəhbərlərdə, nə də tələbələrdə ona maraq yoxdur...”. Yerlərdə xristianlığın zorla yayıldığını görən N.Katanov daha sonra yazırdı: “Kədərləndirici haldır ki, şamanizmin mahiyyəti və şaman dininin bütün sahələrilə yaxından tanış olmaq əvəzinə ...missionerlərimiz açıq-açığına şamanları təqib edərək deyirlər: - Xristin dini yaxşıdır, şaman dini isə pisdir” . Çar Rusiyası dönəmində yerli xalqlara məxsus adət-ənənə, dünyaya baxış, ətrafda baş verənləri izah etmə tərzi, törələr vəhşilik kimi, sovet dönəmində isə keçmişin qalıqları kimi hər zaman tənqid hədəfinə çevrilmişdir. Bu, bütövlükdə xalqın milli-mədəni sərvətinə, onun dədə-baba törələrinə, adət-ənənələrinə hörmətsizlik və birbaşa xalqın milli heysiyyatına toxunmaq demək idi. Rusların Çar Rusiyası dönəmindən üzü bu yana özlərilə gətirdikləri yabançı dini düşüncə və yaşayış tərzini yerlilərə yeritmək cəhdləri çox vaxt müqavimətlə qarşılaşırdı. Özəlliklə də Çar Rusiyasının cəza və zorakılıq alətinə çevirdiyi kazakların bu bölgələrə gəlişi, öz qanunlarını diqtə etmələri xalq arasında kazakın (onlar kazak deyərkən, əsasən rusları nəzərdə tuturdular – G.Y.) düşmən obrazı kimi rəvayət və nağıllara daxil olmasına gətirib çıxarmışdır. Məsələn, xakasların təsəvvürünə görə, xakas xalqı torpaqdan, xazaxlar isə sudan yaranıblar. Onlar "suğdu xazax"ı (sulu kazak) özlərini aid etdikləri torpağa qarşı qoymaqla doğma və yad, özününkü və düşmən anlayışı arasında da bir sərhəd çəkirdilər. Hətta bəzən “Ay tutularkən, Günəş ölərkən” onlar düşünürdilər ki, “kazak xamlar” (“xazax xamnar”) Ayla Günəşin tutulmasına şərait yaradıblar. Buna görə də, xakaslar dəmiri, qazanı döyəcləyər, uşaqları çığırdar, tüfəng atar, itlərin qulaqlarını çimdikləyərdilər ki, zingildəsinlər və s. Bütün bunlarla yanaşı xam da xamlamağında davam edər, “xazax xamlarının tilsimini” qırmağa çalışardılar. Bu hay-küy Ayın və ya Günəşin üzü açılana qədər davam edərdi . Xakasların və Cənubi Sibirin digər türk boylarının şər işlər törədən, şər qüvvələrə xidmət etdiklərini düşündükləri xazaxları sudan yaradılan kimi təsəvvür etmələri təsadüfi deyil. Dünyanı üç qatda görən Cənubi Sibir türkləri ən aşağı qata ağacların köklərini, yarğanları, suyu, qazma yuvalarda yaşayan heyvanları və bir də buynuzlu heyvanları, məsələn, buğanı, öküzü, qoçu və s., üst qata isə ağacların, dağların başını, Göyü, səma cisimlərini, çay yataqlarını, quşları, Yeraltı dünya ilə Göyun arasında sərhəd rolu oynayan orta qata isə ağacların gövdəsini, vadiləri, dağların yamaclarını, insanı və “isti nəfəsli” heyvanları aid edirdilər. Şaman təsəvvürünə görə, Yeraltı qaranlıq dünya bizim işıqlı dünyamıza bənzəyir. Ancaq orada qara, sarı, ala və solğun rənglər üstünlük təşkil edir. Hətta Erlikin qızları da qapqaradırlar. Orta qatda həyatlarına ayrılan vaxt tamam olandan sonra insanlar aşağı qatda yaşayır və onlarla bərabər dəfn olunan əşyalardan və qidadan istifadə edirlər. Hələ 1931-ci ildə Tıvada 700-dən çox xam vardı. Adətən, analar istəyirdilər ki, övladları xam, yəni şaman olsunlar. Xalq arasında belə bir fikir vardı ki, xamlar həmişə yağlı quyruq, döş əti yeyir, bəxşişlər alırlar. Buna bənzər fikir xristian qaqauzlar arasında da vardı. Qaqauz anaları da çalışırdılar ki, övladları popaz (keşiş) olsunlar. Bu da təbiidir. Çünki popazın, xamın, kamın, mollanın, lamanın sosial durumunun daha yaxşı olduğunu görən hər bir imkansız valideyn övladının da gələcəkdə güzəranının yaxşı olması üçün onun molla, popaz, şaman və s. olmasını arzu edirdi. Xalq arasında iri torpaq, çoxsaylı qoyun-quzu, mal-qara sahibləri, bəylər, xanlar və başqa varlılar da vardı. Ancaq valideyn övladının bəy, xan olmasına çalışmırdı. Çünki bəy, xan, ağa olmaq yoxsul kəndli üçün əlçatmaz məqam idi. Nəsilliklə, vərəsəliklə keçən bu “rütbələr”i almağı sənətkarlar, tacirlər, çobanlar, nökərlər, əhalinin yoxsul təbəqəsi ancaq nağıllarda xəyal edə bilərdi. Belə nağıllarda keçəllər, çobanlar, kasıb, lakin güclü, cüssəli, yaraşıqlı oğlanlar hazırcavablıqları, qol gücləri və ya möcüzə vasitəsilə padşahın qızı ilə evlənir, padşah olurlar. Din xadimi olmaq üçün isə heç bir sərhəd yox idi. Hər bir kəs uşağını dini məktəbə qoya bilərdi. Qərbi Sibirin ən qədim sakinlərindən biri sibirlər, sibirtarlar və yaxud sibirtatarlardır. Sibir tatarları adı altında Tom, Baraba, Tobol-İrtış tatarları birləşir. Onlar yaşadıqları bölgələrə uyğun adlarla tanınırlar: tobolik, baraba, tümənnik, tarlık, umartatarlar (Ob tatarları) və s. Burada eyni zamanda qaraqalpaklar, Volqa, Uralətrafı rayonlardan gələnlər – Kazan tatarları, mişarlar, kerəşennər, eyni zamanda Kırımdan və Həştərxandan gələn türklər də məskunlaşıblar. Orta Asiyadan və Qazaxıstandan gələnlər isə özlərini buxarlık adlandırırlar. Onların arasında sartlar və özbəklər də var. 1563-cü ildə Sibir xanlığının başına Kuçum xan keçir və Çar Rusiyası ilə bütün münasibətləri kəsərək Buxara və Ürgəncdən savadlı adamlar gətirir, Sibirin digər tatarlarını da öz xanlığına cəlb edir. 1581-ci ildə Yermakın yürüşü zamanı yerli tatarların bir çoxu Kuçuma qarşı çıxaraq Yermakın qaçaq (kazak) dəstəsinə qoşuldular. 1598-ci ildə Kuçumun məğlubiyyətinin əsas səbəbkarı türk əsilli Yermakın atlı dəstələri oldu… Sibiri ələ keçirən Yermak onu heç bir əziyyət çəkməyən rus çarına təhvil verdi... Ruslar Şərqi Sibirdə olduğu kimi, Qərbi Sibirdə də türklərin xristianlaşdırılmasına cəhd göstərsələr də, bu proses burada çox zəif gedirdi. Bunun da əsas səbəbi İslam dininin mühafizəkar mövqeyi idi. Lakin buna baxmayaraq, XX əsrin özündə belə artıq ateizm siyasətinə uyğun olaraq din deyil, dil önə çəkilərək ruslaşdırma siyasəti başladı. Əgər XX əsrin 30-cu illərində Qərbi Sibirdə (Tar, Tobolsk, Tümen, Tomsk) xeyli tatar məktəbi fəaliyyət göstərirdisə, 40-cı illərdən sonra onların bir çoxu rusca təhsilə keçirildi. Nəticədə, Omsk və Tümen vilayətlərinin məktəblərində tatar dili fənn kimi qaldı, Novosibirsk və Tomsk vilayətlərində isə o da ləğv edildi. 80-ci illərdən başlayaraq Tomskda bu sahədə dirçəliş müşahidə olunur. 1989-cu ildə Omsk və Tümen vilayətlərində tatar dilinin ana dili kimi tədris olunduğu 100 məktəb var idi. Əhalinin əksəriyyəti ibtidai siniflərin ana dilində olmasının tərəfdarıdır. Əlbəttə, Çar Rusiyası dövründən qalma “xristianlaşdırma” və “ruslaşdırma” siyasətinin əsas üsullarından olan rus qızları ilə evlənmə məsələsi yerlilər arasında artıq 85 faiz təşkil edir. Bu cür ailələrdə V.Radlovun da dediyi kimi, uşaqlar türk atalarının dilini unudaraq rus analarının dilində danışırlar. Nəticədə də yeniyetmələrin dörddə üç hissəsi özünü pasportda rus kimi qeydiyyata aldırırdılar. Bu gün Tura, Ob tatarlarının tamamilə, kalmıkların isə bir hissəsinin əriyib yox olması məhz bu siyasətin nəticələrindəndir. Qədim zamanlarda İrtış və Ob çayları arasındakı Baraba çölündə və ona bitişik Çan gölləri ətrafında məskunlaşan, pasportlarında mənsub olduqları xalqın adını yazdırmaqdan məhrum olan barabalar bu gün rus, tatar, xakas və başqa xalqların adlarını yazmaq zorunda qalırlar... Buradan gördük ki, heç də Şərq Ağ çarı qollarını açaraq qarşılamamışdır. Əksinə yerli xalqların, o cümlədən də türklərin dilləri, dini inancları, adət-ənənələri, torpaqları təcavüzə məruz qalmışdır. Son. Güllü Yoloğlu türkoloq Geri dön |