Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanla Osmanlı dövləti arasında bağlanmış ON BİR MADDƏLİK TARİXİ MÜQAVİLƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Azərbaycanla Osmanlı dövləti arasında bağlanmış ON BİR MADDƏLİK TARİXİ MÜQAVİLƏ

Azərbaycanla Osmanlı dövləti arasında bağlanmış ON BİR MADDƏLİK TARİXİ MÜQAVİLƏ


Bilənlər bilir ki, yeni yaranmış Azərbaycan Cümhuriyyəti ilə əsrlərlə dünyaya meydan oxuyan Osmanlı dövləti arasında bu müqavilə bağlanmasaydı, o illərdə nələr ola bilərdi. Nələri itirib, nələri əldən çıxara bilərdik. Bu 11 bəndlik müqaviləni qardaş ölkə əldə əsas tutaraq rəsmi şəkildə Azərbaycana dəstəyə gəldi. Sonradan qurulan və bağlanan sazişlərin təməli atıldı bu müqavilə ilə. Yəni, bu gün kimin nə deməyindən asılı olmayaraq bu və bunun kimi müqavilələr 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin var oluşunu təmin etdi. Bunu tarix deyir, bir də arxivlərdə tozlanmış sənədlər.

Enter.News dr. Mustafa Görüryılmazın araşdırmalarından əldə etdiyi on bir maddəlik müqaviləni təqdim edir:

“Bismillahirrəhmanirrəhim

Osmanlı Səltənəti Hökuməti ilə Azərbaycan Cümhuriyyəti Hökuməti arasında bağlanan yoldaşlıq müqaviləsi:

Bir tərəfdə Osmanlı hökuməti, digər tərəfdə axır zamanda istiqlalını elan edən Azərbaycan Cümhuriyyəti hökuməti siyasi, hüquqi, iqtisadi və fikri sahələrdə məmləkətləri arasındakı münasibətləri dostluq və qonşuluq zəminində təsis etmək xüsusunda ittifaq elədiklərindən, nümayəndələri olmaq üzrə:

Osmanlı Dövləti Ədliyyə naziri və Dövlət Şurası rəisi Xəlil bəyəfəndi həzrətləri ilə Qafqaz cəbhəsi Osmanlı orduları komandanı General Vəhib paşa həzrətlərini və Azərbaycan Cümhuriyyəti hökuməti Xariciyyə naziri Məmməd Həsən Hacınski həzrətləri ilə Milli Məclis rəisi Rəsulzadə Məmməd Əmin bəyəfəndi həzrətlərini təyin etmişlər və adları çəkilən şəxslər üsula uyğun olaraq tərtib edilən rüsxətnamələrini qarşılıqlı olaraq təqdim etdikdən sonra, aşağıdakı maddələri qərarlaşdırmışlar:

Birinci maddə

Osmanlı hökuməti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daimi sülh və istiqrarlı dostluq hökm sürəcəkdir.

İkinci maddə

Aşağıdakı sərhəd xətti Osmanlı məmləkəti ilə Azərbaycan, Gürcüstan və Ermənistan cümhuriyyətlərinin ərazilərini ayırmaqdadır;

Sərhəd Qara dənizdə Çolok çayı mənsəbindən başlayaraq Şavnabud dağına qədər 93 (1877-1878) hərbindən əvvəlki sərhəd xətti üzrə uzanır. Şavnabud dağından sonra isə zirvələrdən keçərək Xalxama dağına, oradan Meziksaru dağına gəlir, buradan cənuba dönərək Yirsədağ dağından və Abatumanın iki kilometr cənubundan keçir, buradan şimal-şərqə keçərək Karhul dağına və oradan beş kilometr şimal-şərqə, sonra cənub-şərqə dönərək Gürqal üzərindən Atsxorun iki kilometr cənubundan Kür çayını keçər və zirvələr üzərindən Qayabağı, Artatavı dağlarının zirvəsinə gəlir, buradan sonra yenə zirvələr üzərindən Qaraqaya dağından Molita kilsəsinin cənubunda Tapisxurska gölünə çatır. Molita monastırının cənubundan qarşı sahildə gölün şimal ucunun bir kilometr yarım cənub-şərqindəki nöqtəyə uzanan xəttin cənubundakı qisim Osmanlıda qalmaq üzrə, bu gölü keçərək Tavkutalı dağına gəlir. Burdan cənuba inərək Şavnabud-Qaraquzu-Samsal dağlarının zirvəsinə gəlir. Sərhəd xətti bundan sonra zirvələrdən keçərək Başqıran, Nurrəhman dağından sonra cənub istiqamətində irəliləyərək və daim zirvə nöqtələrindən keçərək, Ağbulaq mövqeyinin beş kilometr qərbində Aleksandropol-Tiflis dəmiryolunu kəsir. Burada yenə zirvə nöqtələrdən keçərək Xanvəli mövqeyinə gəlir. Xanvəli mövqeyindən sonra bir müstəqim xətt istiqamətində Alagöz dağının ən yüksək nöqtəsinə və yenə bir müstəqim xətt halında Ezmiədçinin yeddi kilometr qərbində Ezmiədzin-Sərvərabad yoluna zatır. Ezmiədçinin yeddi kilometr ətrafında dolaşaraq və Aleksandropol-Culfa dəmiryolunun təqribən altı kilometr şimalından, bu dəmiryolu xəttinə gələn yolu kəsir. Sərhəd xətti bundan sonra cənub-şərqə dönərək Aşağı Qarabağlar kəndinin bir kilometr qərbindən Şaqablı, Qaraxaz, Aşağı Çanaqçı mövqeyindən keçərək Alpinçaya çatır və bu çayı izləyərək Arpa mövqeyinə gəlir. Arpadan sonra sərhəd xətti şərq istiqamətindən Arpaçayını təqib edərək Qayalı mövqeyinə və Qaya çayını izləyərək Reliyan çayı vadisinə gəlir və bu çayın yatağını izləyərək Aza mövqeyinin cənubundan Alıcın mövqeyində əvvəlki Rus-İran sərhədinə çatar.

Üçüncü maddə

Azərbaycan Cümhuriyyəti hökuməti ilə Ermənistan Cümhuriyyəti hökuməti arasında sərhədin təyini üçün tərtib olunan protokol Osmanlı hökumətinə təbliğ ediləcək və o pro­tokol, bu maddənin ayrılmaz bir parçasını təşkil edəcəkdir.

Dördüncü maddə

Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən tələb hasil olduğu təqdirdə, Osmanlı hökuməti, daxili intizam və asayişin təmini üçün, gərəkli silahlı qüvvəylə yardım edəcəkdir.

Beşinci maddə

Azərbaycan Cümhuriyyəti hökuməti, sərhədləri daxilində heç bir qruplaşmanın təşkilinə və silahlanmasına imkan verməməyi və sərhədini keçən bütün qrupları tərksilah edərək dağıtmağı vəd edir.

Altıncı maddə

Müqavilənin tərəfləri, endirimli tariflər tətbiq etmək surəti ilə, dəmiryolu nəqliyyatı barəsində bir-birlərinə mümkün olduğu qədər yardım edəcəklər.

Xüsusilə dəmiryollarının inşası, işlədilməsi, müntəzəm təmiri yaxud digər faydalı işlərin hamısı üçün lazım gələn avadanlıqların nəqli üçün xüsusi endirimli tariflər tətbiq ediləcəkdir. Hər iki tərəfə aid dəmiryollarında mütəhərrik avadanlıqların mübadiləsi, beynəlxalq qaydalara uyğun bir şəkildə icra ediləcəkdir. Hər iki tərəf, bu xüsusda detalları müəyyənləşdirmək üçün tezliklə müzakirəyə başlayacaqdır.

Yeddinci maddə

Dövləti-Aliyyəyi-Osmaniyyə ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında daha əvvəl heç bir əhdnamə, müqavilə, etilafnamə və sair mövcud olmadığından, hər iki tərəf bir şəhbəndərlik müqavilənaməsi ilə bir ticarət əhdnaməsi və hüquqi və iqtisadi mü­nasibətlərin nizamlanması üçün lazım gələn digər sənədləri tərtib etmək barədə razılığa gəlmişdir.

Şəhbəndərlik müqavilənaməsi, bu müqavilənin təsdiqnamələrinin qarşılıqlı olaraq təqdimi tarixindən etibarən iki il ərzində təsdiq ediləcəkdir. Aradakı müvəqqəti dövrdə hər iki tərəfin baş şəhbəndərləri, şəhbəndərləri və şəhbəndər vəkilləri imtiyaz və mə­suliyyətlərində ümumi dövlətlər hüququ əsaslarına uyğun və millətin mənafeyinə ən münasib şəkildə hərəkət edəcəklər. Yenə dövlətlər hüququ prinsiplərinə uyğun bir ticarət əhdnaməsinin tərtib edilməsi üçün müzakirələr, bir tərəfdə Osmanlı Dövləti və digər tərəfdə hərb halında olan dövlətlər arasında, sülhün təminindən sonra başlayacaqdır. O vaxta qədər və hər surətdə 1335-ci ilin dekabr ayının 31-ci gününə qədər bu müqaviləyə rəbt edilmiş bir nömrəli əlavə, hər iki tərəfdə tətbiq olunacaqdır. Bu əlavənin ləğvi 30 iyun 1335 tarixindən etibarən elan oluna bilər və bunun nəticəsi altı ay sonra tətbiq edilə bilər. Quru yolu ilə ticarət, bu müqavilənin təsdiqnamələri qarşılıqlı surətdə təqdim adildiyi andan etibarən başlayacaqdır.

Səkkizinci maddə

Müqavilə tərəflərindən birinə mənsub əhalidən, sərhədin digər tərəfində yerləşən daşınmaz əmlak üzərində sahiblik və faydalanma haqqı olanların, bunlardan faydalan­mağa, bunları işlətməyə və yaxud kirayə verməyə, bunları idarə, yaxud şəxsən və ya vəkil­ləri vasitəsi ilə satmağa haqları olacaqdır.

Dövlətin mənfəəti olmadan və əvvəlcədən təzminat verilmədən, heç kəs daşınmaz malları üzərindəki sahiblik haqqından məhrum edilə bilməz. Əhali və nahiyələrin vəkilləri, yerləşdikləri məhəllənin rəsmi məmuru tərəfindən verilən və qarşı tərəfin təsdiqlədiyi yol vəsiqələrini göstərərək, sərhədin qarşı tərəfinə sərbəstcə keçə biləcəklər.

Bu hökmlərin təfərrüatları, bu müqavilənin iki nömrəli əlavəsində göstərilmişdir.

Doqquzuncu maddə

Azərbaycan Milli Hökuməti beynəlxalq poçt və teleqraf İttifaqı müqaviləsinə qoşuluncaya qədər, Osmanlı Dövləti ilə Azərbaycan Cümhuriyyəti hökuməti arasında poçt və teleqraf işləri, bu müqavilə təsdiqnamələrini qarşılıqlı təqdimindən etibarən, beynəlxalq poçt və teleqraf ittifaqının müqavilə və nizamnamələrinə uyğun bir şəkildə təsis ediləcək.

Onuncu maddə

Brest-Litovskda Osmanlı Dövləti və müttəfiqləri ilə Rusiya arasında bağlanan müştərək sülh müqaviləsinin hökmlərindən, bu müqaviləyə zidd olmayanlar, hər iki tərəf üçün qüvvədə olacaq.

On birinci maddə

Bu müqavilə təsdiq olunacaq və təsdiqnamələrl bir ay içində, yaxud mümkün olan ən qısa müddətdə Dərsəadətdə qarşılıqlı olaraq tərəflərə təqdim ediləcək.

Nümayəndələr, bu müqaviləni imza və möhürləri ilə təsdiq etmişdir".

4 iyun 1334(1918)

Məmməd Həsən Hacınski - Xəlil

Məmməd Əmin Rəsulzadə - Vəhib

Təqdim etdi: Rəşad Sahil

Geri dön