Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şagirdi Əli Səbrinin Hüseyn Cavid haqqında maraqlı xatirəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Şagirdi Əli Səbrinin Hüseyn Cavid haqqında maraqlı xatirəsi

Şagirdi Əli Səbrinin Hüseyn Cavid haqqında maraqlı xatirəsi


Azərbaycanın böyük romantik şairi Hüseyn Cavidin dərs dediyi ilk şagirdlərdən biri mən olmuşam. 1899-cu ildə Naxçıvanda M.T.Sidqinin məktəbində oxumuşam. Ta 1906-cı ilə qədər Cavid həm məktəbdə, həm də evdə mənə fars dilindən dərs keçirdi.

Sonralar Qori Müəllimlər Seminariyasına daxil oldum. Firudun (Firidun bəy Köçərli-red.) bəy seminariyada şəriət dərsi keçirdi. Amma o bizə şəriətdən yox, Azərbaycan ədəbiyyatından danışırdı. Seminariyanın rəhbərləri də bunu bilirdi, amma Firudin bəylə işləri yox idi, çünki Firudin bəy son dərəcə ağıllı, ciddi və ziyalı adam kimi ad çıxarmışdı.

Tələbələrin hər biri onu özünün ikinci atası hesab edirdi. Nə dərdimiz olsaydı, yanına gedərdik. Yadımdadır: seminariyaya qəbul olunanda Firudin bəy əvvəlki təhsilimlə maraqlanıb özü mənə sual verdi:

- Ana dilini oxumusanmı?

Mən cavabımda:

- Qabaqca atam məni fars dilini öyrənmək üçün Mirzə Məmmədtağı Sidqinin (şair, pedaqoq Sidqinin) yanına qoymuşdu, sonra Hüseyn Rəsizadənin (Hüseyn Cavidin) yanında müsəlman dilini öyrənmişəm.

Mən “müsəlman dilini” deyəndə Firudin bəy güldü:

- Sən mirzə imişsən ki? – deyə əlavə etdi.

Yeri gəlmişkən deyim ki, Firudin bəylə Cavid möhkəm dost idilər. Yadımdadır, Cavid mənə bir açıq məktub yazmışdı.

“...Firudin bəyə de ki, mən Tiflisə gəlmişəm, işsizəm!”

Məktubu aparıb Firudin bəyin stolunun üstünə qoydum. O, məktunu götürüb mənə heç nə demədi. Mən də cəsarətlənib fikrini soruşmadım, çünki Firudin bəy ağır adam idi, çox danışmağı sevməzdi.

Şənbə günü qatara minib Tiflisə getdi. Üç gündən sonra qayıtdı. Məlum oldu ki, Cavid Firudin bəyin köməyi ilə işə düzəlib, müəllimdir.

...Cavid sözün lap yüksək mənasında mənim üçün ideal şəxsiyyət idi. Həm insan kimi, həm də yaradıcı kimi... Cavidin hər pyesi və bu pyesin hər tamaşası hadisəyə çevrilirdi. Tez-tez evlərinə gedərdim. Onun mənim suallarıma cavab verərkən: “Bə nədi ki?” deməyi (özü də bunu xalis Naxçıvan şivəsində deyərdi), sonra da sualı izah etməsi o qədər maraqlı, o qədər təsirli idi ki... Cavid hərdən konyak içməyi sevirdi, amma bu sevgini ehtirasa çevirmirdi. Deyəsən, sizə bu qəribə gəlir, axı, öyrənmişik böyük ədiblərə yalnız fövqəladə xasiyyətlər bəxş eləməyi... Cəfər Cabbarlı isə hamıya yovuşan, daha doğrusu, hamının Cəfəri olan bir şəxs idi. Onun üçün dinclik məfhumu yox idi. Özü deyərdi ki, mənim istirahətim yazmağım, işləməyim, teatrdakı fəaliyyətimdir. Cəfərlə az-çox əlaqəsi olan, dostluq edən bütün sənət xadimləri onun bir cəhətini həmişə xatırlayırlar: o, yumoru sevirdi. Bu ona fitrətən bəxş olunmuşdu...

1982

Geri dön