Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Firidun bəy Köçərlidən dilimizi qəlizləşdirənlərə etiraz... – Təfərrüatı 104 illik məktubda
Firidun bəy Köçərlidən dilimizi qəlizləşdirənlərə etiraz... – Təfərrüatı 104 illik məktubda |
Topladığım məktubların hamısı maraqlıdır. Ancaq bu məktubların içərisində elə yazışmalar var ki, onlara xüsusi zövqlə yanaşırsan. Bu, hər zaman millətin dərdi ilə sözün əsl mənasında alışıb-yanan, ömürlərini, günlərini maarifçilik yolunda fəda edən ziyalıların məktublarıdır. Bu yazışmalar vasitəsi ilə onun yazıldığı dövrdə Azərbaycanda elmi və ədəbi proseslərdə nələrin baş verdiyini öyrənirik. Zövqlə oxuduğum yazışmalardan biri də görkəmli Azərbaycan maarifçisi, pedaqoq, metodist, ədəbiyyatşünas və publisisti Firidun bəy Köçərlinin dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminliyə yazdığı məktubdur. Burada bir çox mətləblərdən, xüsusən də XX əsrin əvvəllərində dilimizi qəlizləşdirənləri Firidun bəy ən ağır ifadələrlə qınayır. Beləliklə,Davam.az Enter.News-ə istinadən tədqiqatçı Şəmistan Nəzirlinin araşdırmalarından əldə etdiyi F.Köçərlinin Y.V. Çəmənzəminliyə 12 fevral 1914-cü ildə Qori şəhərindən yazdığı məktubu təqdim edir:
"Əziz mehriban Miryusif! Əziz və mehriban Yusif bəy! Sizin yanınızda mən müqəssirəm. Ümidvaram ki, məni əfv edərsiniz. Payızda göndərdiyiniz məktuba və “Həyat səhifələri” adında gözəl əsərinizə bu vaxtacan məndən nə cavab və nə rizaməndlik sizə yetişməyibdir. Bu isə kəmetinalıqdan olmayıb, bəlkə başqa səbəblərdən asılıdır. Hər halda bu qədər biləsiniz ki, mən sizi cani dildən dost tuturam və bu məhəbbətə səbəb sizin əsərlərinizdir. Başqalarının yazdıqlarını ya heç oxumuram, dili və üslubu xoşuma gəlmir – ya da ikrah ilə oxuyuram. Amma sizin yazdığınız nəql və hekayələri tək oxuduğuma iktifa etməyib şagirdlərə və evdə uşaqlara dəxi oxuyuram. Bəzi hekayələr çox gözəl yazılıbıdır, məişətimizin eyni halı və evzai ədibanə təhlil olunubdur. Bizim yazıçılarımızın böyük qüsuru ondadır ki, dolanacağımızla, adət və əxlaqlımızla aşina deyillər, hər nə vücudə gətirirlərsə və uyğunsuz da törədirlər – hər nə ki var, onu yazmaq istəmirlər. Hər nə olacaq və ya ola bilər və gərək olsun, onu yazmaq istəyirlər. Bu da onların qüvvələrindən və biliklərindən xaricdir. Belə ki, özlərini gülünc və yazıqgəlməli bir hala salırlar. Keçmişdə də sizə yazmışdım ki, sizin diliniz açıq və sadədir, amma onda azacıq bir rəkakət (zəiflik, nöqsan) görünür, onu islah etmək lazımdır. İndi demək olar ki, o rəkakət görünmür, vəli bəzi məqamlarda Osmanlı türklərinin şiveyi-lisanı müşahidə olunur. Bu hala səbəb, yəqin ki, Osmanlı türklərinin istilahında yazılan kitabların və hətta bizim ruznamələrimizin mütaliəsidir. Və bir də mənayi ifadə etmək üçün lazım olan istilah və sözlərin kəmyablığıdır (az tapılan). Hər halda, mümkün olan qədəri gərəkdir dilimizi Osmanlı... hücumundan mühafizə edək. Bu da hal-hazırda çətin əmrlərdən birisi olubdur. Hər əlif-bey deyən ədiblik iddiasına düşübdür və ədib olduqda labüdən gərəkdir Osmanlı ədiblərinin şivəsində yazıb əhli-qələm olmaqlarını isbat etsinlər. Osmanlılar özləri dolaşıq dillərindən bizar olub, sadə və açıq bir dil vücudə gətirməyə səy və təlaş etdikləri halda bizim Qafqaz meymunları öz gözəl və aydın dillərini unutmağa çalışırlar. Dilimizi saxlamaq üçün “Əkinçi” kimi bir ruznamə çıxarmaq lazımdır. Mərhum Həsən bəy həmişə Əli bəy Hüseynzadə ilə dil üstündə cəng-cidalda olub və “Əkinçi”sini ona dəlil gətirirdi ki, ən çətin fənni və elmi məsələləri açıq və sadə dildə yazmaq mümkündür. Əgər bizim öz dilimizdə bir qəzetəmiz olmasa, dilimiz əldən gedəcəkdir – meymunların ədəbi gün-gündən artıb çoxalmaqdadır. Az-çox bunların qabağın “Molla Nəsrəddin” jurnalı kəsibdir. O da ki, sizə məlumdur, bu halda yarımcandır. Təzə ədəbiyyatımıza dair öz məcmuəmin üçüncü cildində məlumat verəcəyəm və sizin əsərlərin barəsində ətraflı yazacağam. Baqi Allah sizi salamat eləsin. Adresinizi dürüst bilmirəm və yəqinin deyil ki, bu kağız sizə çatacaq, ya yox. Təvəqqe edirəm öz adresinizi bildirəsiniz. Və Səlman Əsgərova (Salman Mümtüz-red) məndən salam edəsiniz. Həqiqi xeyirxahınız Firidun bəy Köçərli 12 fevral 1914, Qori. ” Təqdim etdi: Rəşad Sahil Geri dön |