Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Əfsanəvi həkim Yevsey Gindes
Əfsanəvi həkim Yevsey Gindes |
XIX əsrin ortalarında başlamış mürəkkəb ictimai-siyasi proseslər Azərbaycan cəmiyyətində fundamental dəyişikliklərə gətirib çıxardı. Bütün bunlar 1918-ci ildə Şərqdə ilk demokratik institut olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə başa çatdı. Demokratik dövlət qurulması təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük əks-səda doğurdu. Bu, müsəlman Şərqində ilk demokratik respublika, öz müstəqil dövlətini quran Azərbaycan xalqı üçün isə xüsusi əlamətdar hadisə idi.
Bu yazıda son dərəcə istedadlı uşaq həkimi, qeyri-adi dərəcədə həssas və nəzakətli insan olan Yevsey Yakovleviç Gindesdən söz açılacaq. Yəqin ki, bu ad hazırda Bakıda çox az insana məlumdur. Lakin bir zamanlar, müstəqil Azərbaycan Xalq Cümhuriyyəti illərində bu nəcib insan səhiyyə naziri idi və bakılıların böyük hörmətini qazanmışdı. Yevsey Gindes 1872-ci ildə Kiyevdə anadan olub. 1897-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirdikdən sonra professor Çernovun klinikasında fəaliyyətə başlayıb. Burada işlədiyi səkkiz ilin son iki ilində Kiyev Aleksandr xəstəxanasının yoluxucu xəstəliklər uşaq klinik şöbəsinin müdiri olub. O, həmin vaxt Kiyev Bakteriologiya İnstitutunda tədqiqatlar aparmağa başlayıb və tez bir zamanda uşaq xəstəlikləri haqqında yeddi elmi əsər dərc etdirib. 1905-ci ildə Neft Sənayeçiləri Şurasının həkim-sanitar qurultayı Qafqazda ilk fabrik-zavod xəstəxanasına rəhbərlik etmək üçün ümumrusiya müsabiqəsi elan edib və Gindes bu vəzifəyə seçilib. Həmin vaxtdan Qara şəhər xəstəxanası onun elmi və praktiki araşdırmaları üçün məkana çevrilib. Gindes burada ilk dəfə uşaq xəstəliklərinin ümumi kontekstdə və xüsusilə Bakının sosial-iqlim şəraitində öyrənilməsinin forma və xüsusiyyətləri problemini qaldırıb. Gindes Qara şəhər xəstəxanasında süd məhsulları mətbəxi açır və buradan şəhərin pulsuz müalicəxanalarının uşaq-pediatr kabinetlərinə hər həftə diyetik yeməklər göndərilir. Həmçinin xəstəxanada uşaq-pediatrları təkmilləşdirmə kursları təşkil olunur, Yevsey Gindesin təşəbbüsü ilə “Ananın məsləhətçisi” broşürü nəşr olunur. 1907-ci ildə həkim Bakıda yoxsul və aztəminatlı ailələrin uşaqları üçün ilk körpələr evi açır, dörd il sonra vərəmlə mübarizə üzrə Ümumrusiya Liqasının Bakı şöbəsini, ardından Uşaqların Mühafizəsi Liqası, zəif və sağlamlıq vəziyyəti ilə bağlı dərslərində geridə qalan uşaqlar üçün köməkçi sinifləri təşkil edir. Yevsey Yakovleviç həm şəhərdə, həm də fəhlə qəsəbələrində “Süd damcısı” devizi ilə körpələr üçün pulsuz konsultasiyalar təşkil edir. Sonradan bu konsultasiyalar və müalicə ocaqları Bakıda Uşaq Ölümlərinə qarşı Mübarizə Cəmiyyətinin himayəsi altında birləşir. Cəmiyyət həkimin təşəbbüsü ilə yaradılmışdı. Bu cəmiyyətin müalicəxanasında gündəlik müayinə və konsultasiyaları köhnə Bakının tanınmış uşaq həkimi M.Leybzonla birlikdə həkim Yevsey Gindesin özü aparırdı. Aztəminatlı xəstələr pulsuz qəbul edilir, daha çox imkanı olanlar isə hərəyə 25 qəpik ödəyirdi. Lakin gözlənilməz hadisə baş verdi: 1913-cü ildə Neft Sənayeçiləri Şurasının həkim-sanitar qurultayının qərarı ilə aztəminatlı ailəlilərin uşaqlarına həddindən artıq təmənnasız və pulsuz yardımına görə Yevsey Gindesi Qara şəhər xəstəxanasında işdən azad etdilər. Görünür Şuranın rəhbərləri Qukasov, Taqionosov və erməni burjuaziyasının digər nümayəndələrini gözü-könlü tox uşaq həkiminin artan şöhrəti narahat etmişdi. Lakin onlar həkim Gindesin işdən çıxarılmasının Bakı ictimaiyyətinin ən geniş təbəqələrində partlayan bomba effekti yaradacağını gözləmirdilər. Belə ki, “Kaspi” qəzetinin səhifələrində dərc olunmuş həkimlər Qarayev, Abramson, Bronun həkim Gindesə müraciətində deyilirdi: “Sizin xəstəxanadan ayrılmanız barədə xəbəri dərin kədər və səmimi təəssüf hissi ilə qarşıladıq. Biz, gənc həkimlər sizinlə birgə iş prosesində şəxsinizi təkcə istedadlı həkim və təcrübəli rəhbər kimi deyil, həm də özünü fəaliyyətinizdə göstərən peşəsinə dərin məhəbbət və sədaqətli insan olaraq qiymətləndiririk...” Amma həkim Y.Y.Gindes uzun müddət işsiz qalmadı. 1913-cü ildə qısa müddət ərzində Bakı ictimaiyyətinin, xüsusilə şəhərin aparıcı həkimlərinin təşəbbüsü ilə Yevsey Yakovleviçin rəhbərlik etdiyi “Uşaq Xəstəxanası Cəmiyyəti” yaradıldı. Bu cəmiyyətin yaradılmasının məramı və mexanizmi barədə həkim Əbülfəz Qarayev tərəfindən “Kaspi” qəzetinin səhifələrində geniş şəkildə bəhs edilib. Cəmiyyətin fondu həkim Gindesə dərin hörmət hissləri bəsləyən fəhlələr, qulluqçular, şəhər sakinlərinin könüllü xırda ianələri hesabına yaradılmışdı. Xüsusi marka buraxılmış və toplanan vəsaitlərə tezliklə Şamaxinkada uşaq xəstəxanasının tikintisinə başlanılmışdı (sonradan Ana və Uşaqları Mühafizə İnstitutu adlanıb). Həmin dövrdə Yevsey Yakovleviç Bakı Uşaq Həkimləri Cəmiyyətini təsis edib və universitetin tərkibinə verilənə qədər bu cəmiyyətin rəhbəri olub. 1918-ci ildə - I Dünya müharibəsi başa çatdıqdan sonra həkim Bayılda şəhər uşaq xəstəxanası yaradır və 1922-ci ilədək ona rəhbərlik edir. Gindesin peşə və ictimai fəaliyyətinin ən fəal zirvəsi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir: o, 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-dək Fətəli-xan Xoyskinin qurduğu hökumətlərin birində səhiyyə naziri vəzifəsini icra edir. Sonradan o, tərcümeyi-halının bu səhifəsini gizlətməli olur və yalnız uşaq həkiminin qeyri-adi şöhrəti və ona olan böyük hörmət sayəsində təqiblərdən və Stalin repressiyalarından qurtula bilir... 1922-ci ildə Şamaxinkadakı uşaq xəstəxanasının tikintisi başa çatır və həkim Gindes bu səhiyyə müəssisəsinin baş həkimi olur. Bir müddət sonra onun təşəbbüsü ilə xəstəxana Pediatriya İnstitutuna, sonralar isə Ana və Uşaqları Mühafizə İnstitutuna çevrilir. O, 1932-ci ilədək bütün bu müəssisələrin dəyişməz rəhbəri olub. 1933-cü ildə Gindes Bayıldakı uşaq xəstəxanasına baş həkim təyin edilir, 1945-ci ildən isə Həkimləri Təkmilləşdirmə İnstitutunun uşaq xəstəlikləri klinikasına rəhbərlik edir. O, eyni zamanda, xəstəxananın rəhbəri və məsləhətçisi kimi qalır. Hələ 1906-cı ildə nəinki Bakıda, həm də bütün Cənubi Qafqazda ilk dəfə həkim Gindes özünün çoxdankı arzusunu həyata keçirir - əvvəlcə Buzovnada, sonradan Abşeronun digər dənizkənarı qəsəbələrində uşaq yay sanatoriyaları açır. Lakin uşaq loğmanının tükənməz fantaziyası və enerjisi bununla bitmirdi: artıq 1928-ci ildə Yevsey Yakovleviçin sərəncamında Zığ qəsəbəsinin yaxınlığında inqilabaqədərki gəminin göyərtəsində yerləşən üzən sümük-vərəm xəstəlikləri sanatoriyası var idi. Yevsey Yakovleviçin elmi fəaliyyəti də geniş və çoxşaxəli olub. O, körpələrdə avitaminozun yeni əlamətlərini təsvir edib, toksikoz zamanı qidalanmanın damcılarla aparılması metodunu tətbiq edib, inqilabaqədərki Rusiyada ilk dəfə Feer xəstəliyinin əlamətlərini bildirib. Gindesin elmi işlərinin ana xəttini uşaqların fiziki vəziyyəti ilə bağlı terapiyasının qeydiyyatının zəruriliyi ideyası və körpənin psixi vəziyyəti təşkil edir. O, bununla bağlı məktəbdə tərbiyə və uşaq psixologiyasına böyük diqqətlə yanaşırdı. Həkim Gindes Qafqazda ilk dəfə öz monoqrafiyalarında, broşürlərində, məqalələrində azyaşlı cinayətkarlar və əqli qüsuru olan uşaqlarla əlaqədar məsələlərə toxunurdu. Bu əsərlərin bir neçəsi - “Məktəbin ögey oğulları”, "Qüsurlu uşaqlar”, “Keçid yaş dövrü”, “Uşaq cinayətkarlığı haqqında”, “Uşaq şıltaqlıqları” dəfələrlə nəşr olunub və bu gün də aktuallığını itirməyib. 1907-ci ildən etibarən Yevsey Yakovleviçin açdığı və o zaman analoqu olmayan qüsurlu uşaqlar üçün xüsusi siniflər uğurla fəaliyyət göstərirdi. Ötən əsrin 20-ci illərinin əvvəlində Y.Gindes Azərbaycan Təhsil Komissarlığı nəzdində həddi-buluğa çatmamış cinayətkarlar üzrə Komitənin sədri olur. O, kimsəsiz uşaqlara yardım işində fəal iştirak edir, evsiz azyaşlılar üçün Açıq Qapılar Evi təşkil edir. Çətin tərbiyə olunan, evsiz yeniyetmələrlə böyük iş təcrübəsi Yevsey Yakovleviçin 1922-ci ildə nəşr olunmuş “Uşaq cinayətkarlığı haqqında” broşüründə yer alıb. Y.Gindes tibbi-pedaqoji mövzulara həsr olunmuş “Tibbin və məktəbin hüdudlarında”, “Uşaqların davranışlarında anomaliyalar (şıltaqlıqlar)” monoqrafiyalarının müəllifidir. Azərbaycan, rus və fransız dillərində ümumilikdə 160-dək əsər həkim Gindesin qələminin məhsuludur. Onun “Analara məsləhətlər”, “Sağlam və xəstə uşaq” broşürləri bir neçə dəfə Azərbaycan dilində işıq üçü görüb. Y.Gindes 1954-cü il sentyabrın 5-də Bakıda – onun üçün doğma və əziz olan şəhərdə vəfat edib. Yevsey Yakovleviç üçün ən yüksək mükafat bakılıların ona bəslədiyi böyük sevgi, ehtiram və hörmət hissləri idi... Geri dön |