Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nərimanovun vəfatından sonra xanımı Gülsüm Nərimanovanın keçdiyi ömür yolu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Nərimanovun vəfatından sonra xanımı Gülsüm Nərimanovanın keçdiyi ömür yolu

Nərimanovun vəfatından sonra xanımı Gülsüm Nərimanovanın keçdiyi ömür yolu


Bu bir həqiqətdir ki, dahilərin təkcə iş fəaliyyəti deyil, şəxsi həyatı da insanlarda böyük maraq doğurur. Xüsusilə ömrünü xalqının səadəti yolunda mübarizəyə sərf etməklə bərabər həm də böyük bir ailənin yükünü daşımalı olmuş Nəriman Nərimanov kimi dahilərin ailə problemlərini, məişət qayğılarını necə çözməsi, ömür-gün yoldaşı, övladları ilə münasibəti diqqətdən kənarda qalmayaraq örnək olacaq bir məktəbə çevrilir.

Bu yazıda N.Nərimanovun həyat yoldaşı, 1898-ci ildə Bakı şəhərində tacir Mir Kazım Əliyevin ailəsində dünyaya göz açmış Gülsüm xanım Əliyeva-Nərimanovadan söhbət açmaq, o zamankı cəmiyyətin ən hüquqsuz üzvü olan qadınlara xüsusi həssaslıq və ehtiramla yanaşan, ictimai-siyasi xadim, yazıçı və həkim Nərimanovun öz həyat yoldaşının taleyində nə kimi rol oynadığından danışmaq istəyirik.

Ətrafına laqeyd qala bilməyən və həmişə başqalarını düşünən N.Nərimanov çox gec, 45 yaşında ailə qurmuşdur. Oğlu Nəcəfə ünvanladığı və təəssüf ki, tamamlaya bilmədiyi 28 yanvar 1925-ci il tarixli məktubunu oxuyarkən bu gecikmənin başlıca səbəbini anlamaq olur: “Mənim həyatım daim qayğılarla dolu olmuşdur. Mən 20 yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam”.

N.Nərimanovun şəxsi həyatı haqda düşünməməsi onun yaxınlarını, xüsusilə anası Həlimə xanımı çox narahat edirmiş. Böyük qardaşı Salmanın qızı İltifat xanım xatirələrində bu evlilik haqda belə yazır: “Əmim çox gec-sürgündən qayıtdıqdan sonra evlənmişdi. Həmişə deyirdi ki, qoy qızlar-yəni mən və Xanım - böyüsünlər, sonra evlənməyə macal taparam. 1915-ci ildə əmim Gülsüm Əliyeva ilə evləndi. Gülsüm xanım əslən şamaxılı idi. Atası Mir Kazım Şamaxının varlı tacirlərindən idi. Onlar köçüb Bakıda yaşayırdılar. Gülsüm xanım evdə geniş təhsil almışdı, pianoda gözəl çalırdı, rus dilini yaxşı bilirdi. Əmim və o, mehriban dolanırdılar, əmim ümumiyyətlə, xasiyyətcə həlim adamıydı. Gülsüm xanım evimizə gələndə əmim onun çadrasını çıxarıb atdı”.
N.Nərimanov xanımı Gülsüm və oğlu Nəcəflə.

N.Nərimanovun ailə qurması təkcə qohum-əqrabasını deyil, həm də dostlarını çox sevindirmişdi. İndi həm N.Nərimanovun, həm də Abdulla Şaiqin ev muzeylərinin ekspozisiyalarında nümayiş etdirilən bir əlyazma bunun sübutudur. Bu, Abdulla Şaiqin N.Nərimanova ailə qurması ilə bağlı yazdığı təbrik məktubudur:

“Möhtərəm Nəriman bəy Nərimanov cənabları!

Nişan qoymuşsan eşitdim, xeyir olsun!

Dan yıldızı kimi bəxtin durulsun.

Yaşa, yeni yoldaşınla çox yaşa:

Bu dünyanı rahətliklə vur başa.

Fırtına tufanlardan sonra əlbət,

Gözəl olur sakitlik, istirahət.

Yox, sən rahatlıq sevməyən atəşsən,

Əriyəcək qəhrinlə müdhiş düşmən.

Şaiq

Bakı, 8 mart 1914”

Beləliklə Gülsüm xanımın həyatında yeni dövr başlayır və tam inamla demək olar ki, N.Nərimanovla birgə yaşadıqları 10 illik ailə həyatının hər anı onun ömründə, taleyində acılı-şirinli təzə bir səhifə açır. Təsadüfü deyil ki, o öz taleyi haqqında danışarkən deyirmiş: “...Mənim bəxtimə elə bir ömür yoldaşı düşdü ki, bütün həyatım boyu ona minnətdaram. Mən Nərimanov kimi böyük bir şəxsiyyətin simasında mehriban, həssas, qayğıkeş ömür yoldaşı, xalqın azadlığı, səadəti uğrunda yorulmaq bilmədən çalışan alovlu bir mübariz insanı gördüm. O, həyatının son dəqiqəsinə kimi öz amalından, xeyirxah işindən dönmədi. Bizim birgə ailə həyatımızın son anına kimi o, mənim üçün ən əziz dost və müəllim oldu...” (Gülsüm xanım Nərimanovanın 1941-ci ildə sovet qadınları antifaşist komitəsinin üzvü kimi radio ilə ingilis qadınlarına müraciətindən).

Böyük bir ailənin ağır yükünü çəkməkdə N.Nərimanova yaxın köməkçi və sirdaş olan Gülsüm xanım onun təsiri ilə ictimai həyata qoşulur. İltifat xanımın xatirələrindən o da məlum olur ki, onlar həmin illərdə Bakıda Nikolayevsk-15 ünvanında yaşayırmışlar və çoxcəhətli, səmərəli fəaliyyətilə tanınan, geniş əlaqələri olan Nərimanovun evinə Tiflisdən, Odessadan, Şuşadan, Naxçıvandan, Yelizavetpoldan (Gəncə), Həştərxandan, Kazandan, Krımdan qonaqlar gəlirmiş. Bundan əlavə Abdulla Şaiq, Əzim Əzimzadə, Nəcəf bəy Vəzirov, Sultan Məcid Qənizadə, Hüseynqulu Sarabski, Bəhram Axundov, Məmməd Vəkilov, Əbülfəz Qarayev, Hüseyn Ərəblinski, Səməd Mənsur, Səməd Acalov və başqaları da demək olar ki, hər cümə Gülsüm xanımın agappaq süfrə saldığı, mürəbbə və bal qoyduğu stolun ətrafında müxtəlif mövzularda söhbətlər edir, şeir, kiçik hekayələr oxuyur, bəzən yeni pyeslərdən hazırladıqları səhnəcikləri də nümayiş etdirirdilər. Bu görüşlərin sonunda hökmən Sarabski oxuyarmış. N.Nərimanov onun səsinə valeh imiş.

Bu insanlarla tanış olan, onların söhbətlərini dinləyən Gülsüm xanım sanki yeni bir aləmə düşür. Getdikcə fəallaşaraq, N.Nərimanovun yeni həyat uğrunda mübarizəsinə qoşulur, müsəlman qadınlar arasında aktiv təbliğat işi aparır, onları gizli ədəbiyyatla, inqilabi vərəqələrlə tanış edir...

N.Nərimanovun AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi fondunda həyat yoldaşı Gülsüm xanımın fəaliyyəti ilə bağlı sənədlər də saxlanılır. Bu sənədlər arasında onun gündəliyi, xatirələri, məktubları, ərizələri, şəxsiyyətinə aid sənədləri, fotoşəkilləri, məruzə və radio vasitəsilə olan çıxışları, teleqramları və s. vardır. Həmin “...sənədlər Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatındakı fəal iştirakını öyrənmək baxımından zəngin qaynaqlardır”.
Gülsüm xanım oğlu Nəcəflə Nərimanovun məzarı önündə

1918-ci ildə Həştərxana getməyə məcbur olan Nərimanov 1919-cu ilin ortalarında Moskvaya çağırılır. Həmin il dekabrın 2-də Nərimanovlar ailəsində babası Nəcəfin adını daşıyacaq oğul dünyaya gəlir. Keşməkeşlər və ziddiyyətlərlə dolu bir zamanda gərgin mübarizə yolunu seçən həyat yoldaşına daim köməkçi və həmdəm olan Gülsüm xanım körpəsini böyütməklə bərabər ictimai fəallığından da əl çəkmir.

1920-ci ilin baharında yenidən Bakıya dönən Nərimanovlar ailəsi yeni qayğılar və çətinliklərlə qarşılaşdılar. Gülsüm xanım öz tərcümeyi-halında yazır: “... mən Bakıda əlillər evi, uşaq bağçası və körpələr evlərinin yaradılmasına çalışdım. Ancaq başladığım ictimai-siyasi işdə təhsilimin azlığını hiss etdim və oxumağı qəti qərara aldım. 1921-ci ildə müsəlman qadınları kursunda oxudum. (Frebel kursları – Avropada azyaşlıların məktəbəqədər tərbiyə sistemi, nəzəriyyəsi və praktikasını yaratmağı ilə məşhur olan Alman pedaqoqu Fridrix Frebelin adı ilə bağlı üç illik kurslardır – R.Q.) Mənim məktəbəqədər tərbiyə işindəki fəaliyyətimdə bunun müəyyən köməyi oldu. Amma ölkəmizin böyük quruculuq həyatı müntəzəm və ixtisaslı təhsil almağı tələb edirdi”.

İltifat xanımın xatirələrində deyilir ki, Azərbaycan Hərbi İnqilab Komitəsi həmin dövrdə indi R.Mustafayev adına Milli İncəsənət Muzeyinin fəaliyyət göstərdiyi binada yerləşdiyi üçün ailənin də həmin binada yaşamasına qərar verilmişdi. Bu binanın yaxınlığında yerləşən Əlillər evinə tez-tez baş çəkən Nərimanov orada bir nəfər əlilin düşbərə yemək arzusunu Gülsüm xanıma çatdıranda o, xeyli düşbərə bişirib əlillər evinə aparır və hamını qonaq edir. Yaşadıqları mənzilin qapı və pəncərələrindəki pərdələri çıxaran Gülsüm xanım daha iki qadını köməyə çağıraraq həmin materialdan uşaq evində tərbiyə alan balacalar üçün üst geyim paltarları tikir...

1921-ci il fevralın 8-də Bakıda Azərbaycanın birtərəf qadınlarının I qurultayı açılır. İlk dəfə keçirilən bu əlamətdar tədbirin hazırlanmasında digər fəal qadınlarla birgə Gülsüm xanımın da əməyi olmuşdur. Ev işləri, körpə Nəcəfə qulluq xeyli enerji tələb etsə də Gülsüm xanım savadsızlığın, nadanlıq və zorakılığın qurbanı olan qadınların işıqlı sabahlara qovuşması yolunda hər cür əziyyətə qatlaşmağa hazır idi...

1922-ci ilin dekabrında N.Nərimanovun SSRİ MİK-in 4 sədrindən biri seçilməsi ilə əlaqədar ailə yenidən Moskvaya köçməli olur. Makinada yazmağı öyrənən Gülsüm xanım N.Nərimanova daha çox kömək etmək imkanı qazanır.

1925-ci ilin martında isə Gülsüm xanım həyatının ən böyük dayağı olan Nəriman Nərimanovu itirir. Lakin o zaman 6 yaşı olan körpə Nəcəfi atası Nərimana layiq bir oğul kimi böyütmək, ərsəyə çatdırmaq fikri onu dözümlü olmağa, bütün çətinliklərə qalib gəlməyə vadar edir. Frebel kursunu bitirdiyinə görə o yalnız məktəbəqədər uşaqlarla məşğul ola bilərdi. Lakin Gülsüm xanım bununla kifayətlənə bilməzdi. Oğlu Nəcəfin təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər təhsilini davam etdirmək fikrinə düşür və Moskva Pokrovski adına məktəbin fəhlə fakültəsində oxumağa başlayır. Eyni zamanda N.Nərimanovun ədəbi, elmi, siyasi irsinin gələcək nəsillərə çatdırılması üçün onun muhafizə edilməsi qayğısına qalır, arxivi səliqəyə salaraq Azərbaycan Dövlət Muzeyinə göndərir.

Keçən əsrin 30-cu illərindən başlayaraq bütün ömrünü xalqının səadəti uğrunda mübarizəyə həsr etmiş N.Nərimanova “millətçi” damğası vurulur, onun siyasi irsi ilə − “nərimanovçuluq”la mübarizə aparılmasına və onun unutdurulmasına qərar verilir . Bu haqsızlıq Gülsüm xanımı olduqca sarsıdıb iztirablara düçar etsə də, o fəaliyyətindən qalmır.

1931-1935-ci illərdə Moskvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasının bağçılıq-meyvəçilik fakültəsində və Qaragül qoyunçuluğu institutunda oxuyur. Elə institut tərəfindən də 1931-ci ildə Qərbi Sibirin Barabin rayonundakı “Qoyunçuluq” sovxozunda od çalımı kampaniyasına ezam edilir. Olduqca ağır şəraitdə əkin sahələrinin yanğından qorunması, silos xəndəklərinin qazılmasında iştirak edir.

Qərbi Sibirdəki iş təcrübəsi əsasında Gülsüm xanım “Çox mühüm yem bazası”, “Silos kampaniyasında kəskin dönüşə nail olmalı”, “Silos üçün qüllələr və xəndəklər uğrunda”, “Kollektivləşmə qadını azadlığa çıxarır” adlı kitabçalar yazır. Bundan başqa o, “Təsadüfi kampaniya” məqaləsini, “Uşaqlar üçün nağıl və hekayələr”, “Bakınski raboçi” qəzeti üçün məqalə və “Mənim xatirələrim” i yazıb çap etdirir.

Bir il sonra,1932-ci ildə institut onu yenidən, ancaq bu dəfə Özbəkistanın “Mübarək” sovxozuna ezam edir. Burada vəziyyət daha gərgin idi. Gulsüm xanım sovxozdan 70 km aralıda şox ağır şəraitdə qoyunların süni mayalanması ilə məşğul olur, tədqiqat işləri aparır. Gərgin əmək və yuxusuz gecələr öz təsirini göstərir, səhhəti pozulan Gülsüm xanım kəskin nevroz xəstəliyinə tutulur və müalicə üçün Moskvaya qayıtmalı olur.

1941-ci ildə Gülsüm xanım orduda vzvod komandiri olan oğlu ilə Lvov şəhərində görüşə bilir və heç ağlına da gətirmir ki, bu ciyərparası ilə son görüşüdür. Az sonra dəhşətli ikinci dünya müharibəsi başlayır. Müxtəlif cəbhələrdə - Stalinqrad şəhəri uğrunda, Ukrayna torpaqlarında vuruşan Nəcəf 1943-cü ilin sentyabrında həlak olur. Onun “Ana, mən də sənin üçün darıxıram və inanıram ki, tezliklə arzularımız yerinə yetəcəkdir, tezliklə bu yırtıcı avaraları qırıb sakitcə, xoşbəxtcə yaşayacağıq” cümlələrini yazdığı son məktub ölümündən sonra anasına çatır...
Nərimanovun oğlu Nəcəf Nərimanov

Onun üçün çox qiymətli olan iki əziz insanı itirmiş Gülsüm xanım həyatının bu ağır zərbələrinə dözə bilmək üçün bütün iradəsini toplayıb özünü bütünlüklə işə həsr edir. Moskva,Volnovaxa və Bakıdakı uşaq evlərini hamiliyə götürür, valideynlərini itirmiş yetim uşaqların qayğısına qalmaqla təsəlli tapmağa çalışır. Gülsüm xanımın ünvanına gəlmiş, bu gün də mühafizə olunub saxlanan təşəkkür dolu məktub və teleqramlarda bu xanımın fədakarlığı öz əksini tapır. Moskva Protezləşdirmə İnstitutunda müalicə olunan uçaqların göndərdiyi məktubda yazılıb:

“Əziz yoldaş Nərimanova!

Bizim həyatımızdakı iştirakınız və bizə etdiklərinizin hamısını anlayır, bilirik. Şəxsi həyatınızda baş vermiş həyəcana və Vilayətin uşaq evləri üzrə hamilik şurasının sədri kimi məsul bir işdə çalışmağınıza baxmayaraq, o böyük ürəyinizlə bizim kimi uşaqlara qayğı göstərməyə vaxt və imkan tapırsınız. Eşitdik ki, siz bizə ərzaq, yolka və 1 May üçün hədiyyələr almağa çalışırsınız. Bizə, çoxusu Vətən müharibəsində ana və atalarını, yaxınlarını itirmiş şikəst uşaqlara sizin qayğınız olduqca qiymətlidir. Siz bizə təkcə maddi deyil, mənəvi cəhətdən də köməklik edirsiniz. Ərinizin bolşevik fəaliyyəti və yeganə oğlunuzun Vətən müharibəsi cəbhəsində həlak olması bizə məlumdur. Buna görə də sizin kimi bir insanın bizə göstərdiyi qayğı çox qiymətlidir... Məhəbbətiniz, səmimiyyətiniz bizdə cəsarət və şadlıq doğurur”.

Ancaq nə etməli ki, Nərimanov kimi bir şəxsiyyətin həyat yoldaşı, Nəcəf kimi qəhrəmanın anası, şərəflə ömür sürmüş, hər cür ehtirama layiq olan bu zəhmətkeş, xeyirxah qadının taleyinin xüsusilə son illərinə təklik, böyük məhrumiyyətlər və əzablar qismət olmuşdur. Gülsüm xanımın qələmindən çıxmış və indi diqqətinizə təqdim edəcəyimiz aşağıdakı ərizənin məzmunu çox mətləblərdən xəbər verir:

“SSRİ Ali Sovetinin sədri Şverniqə

Bağışlayın, məcburiyyət qarşısında qərara aldım ki, Sizə, bu böyük xahişin bilavasitə icraçısına müraciət edim.

Budur, bir aydan artıqdır ki, ürək ağrısı məni rahat buraxmır. Ümumiyyətlə, dəfələrlə təltif olunmuş, Stalinqrad vuruşmalarının iştirakçısı yeganə oğlumun ölümündn sonra mən hipertoniya xəstəliyinə düçar olmuşam. 800 manat həcmində aldığım təqaüd həyatımı təmin etmir. Artıq 20 ildir ki mənim hər şeyimi oğurlamışlar və məcburam ki, həyat üçün lazım olan ümdə şeyləri yenidən alam. Çox ağır maddi çatışmazlıqla yaşayıram. Leninin tapşırığı ilə N.Nərimanovun ailəsi Kremlin yeməkxanasından xörək alırdım, bu, yoldaş Nərimanovun ölümündən sonra da davam etdirilmişdi.

Böyük Vətən müharibəsinə az qalmış məni bu təminatdan məhrum etdilər. Bu mənim gündəlik dolanışığıma pis təsir etdi, xüsusilə mənə kömək edən oğlumun məhvindən sonra.

Mən 20-ci ildən işləyirəm, məni Azərbaycandan, Gürcüstandan çoxlu yoldaşlar tanıyır. 16-cı ildə ilk dəfə olaraq çatranı atan mən olmuşam və s. İndi mənim səhhətim çox pisdir. Əsəb sistemim pozulub, mədə-ürək xəstəlikləri və təziqim vardır ki, bu da mənim məhrum edildiyim pəhriz yeməkləri tələb edir. Belə ki, heç bir köməyim yoxdur.

İlk dəfə olaraq köməklik məqsədilə Sizə müraciət edirəm. Əgər mümkünsə mənə maddi yardım göstərin və Kremlin yeməkxanasından hansı ki, 19-cu ildən alırdım, istifadə etməyimi bərpa edin. Həkimlər mənim şəhərdən kənar yerdə yaşamağımı məsləhət görürlər. Heç olmasa Moskva ətrafında 6 kv. metrlik, pulu dövlət hesabına ödənilən bir otaq verin ki, yayda orada olum. Mənə belə yüksək təziqlə yayda şəhərdə yaşamaq çox çətindir...

Mən ərimin ölümündən sonra onun bütün qiymətli şeylərini muzeyə bağışlamışam. Oğlumun da bütün şeylərini və kitablarını uşaq evinə.

Mənə belə bir sualla Sizə müraciət etmək ayıbdır. Sizə dərin hörmətlə. Məni bağışlayın, Nərimanova.”

Üzləşdiyi haqsızlıqlara və çətinliklərə baxmayaraq təsəllini yalnız əməli fəaliyyətdə tapan Gülsüm xanım Böyük Vətən müharibəsi illərində Moskvada 5021 saylı hərbi xəstəxanada da işləmiş və Moskvanın Qəyyumluq Şurasına sədrlik edərək fəal hamilik fəaliyyətinə görə Moskva Hərbi Dairəsinin, Moskva Şəhər Səhiyyə Şöbəsinin, Hərbi Xəstəxana komandanlığının fərmanları ilə, “Almaniya üzərində qələbəyə görə” medalı ilə təltif edilmiş, dəfələrlə təşəkkür almışdır. O, Moskva şəhər Qırmızı Xaç Komitəsinin hamilik komisiyasının üzvü idi və “SSRİ-nin sanitar mühafizəsi əlaçısı” döş nişanı ilə də mükafatlandırılmışdı.

Gülsüm xanım Nərimanova 1953-cü ildə vəfat etmiş, Moskvadaki Vaqankovskoye qəbirstanlığında dəfn edilmişdir.

Rəna Qəhrəmanova

N.Nərimanovun xatirə muzeyinin böyük elmi işçisi

Geri dön