Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “ÖLÜMDƏN QORXMAQ YOX, ÖLÜMÜ SEVMƏK LAZIMDIR!” – İBRAHİM HƏSSAS (şairlə müsahibəmizdən)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə, DAVAMın yazıları > “ÖLÜMDƏN QORXMAQ YOX, ÖLÜMÜ SEVMƏK LAZIMDIR!” – İBRAHİM HƏSSAS (şairlə müsahibəmizdən)

“ÖLÜMDƏN QORXMAQ YOX, ÖLÜMÜ SEVMƏK LAZIMDIR!” – İBRAHİM HƏSSAS (şairlə müsahibəmizdən)


Ötən günlərdə dəyərli sənətkar, şair, Azərbaycan dili və ədəbiyyat müəllimi, əməlləri və sənətilə Şirvan şəhərinin və bütün Şirvan elinin fəxri olan, mətbuatda “İbrahim Həssas” kimi tanınan İbrahim müəllimlə bir çay süfrəsində görüşdük və həyat və yaradıcılığı barəsində səmimi bir söhbət etdik. İndi sizlərə o söhbətdən çıxardığımız maraqlı müsahibəni təqdim edirik:

Qeyd: Qurbanov İbrahim Bürcəli oğlu 1984-cü il yanvarın 8-də həm qədimliyi, həm də gözəlliyi ilə seçilən şairlər diyarı Şamaxı rayonunun Təklə Mirzəbaba kəndində ziyalı ailəsində anadan olub. Atası və anası təyinatla Əli Bayramlı (indiki Şirvan) şəhərinə göndərilərək orada məskunlaşmışlar. İbrahim Qurbanov 1991-ci ildə orta məktəbə daxil olmuş, 2001-ci ildə oranı “Qırmızı attestatla bitirib. Elə həmin ildə də 577 bal toplayaraq BDU-nun filologiya fakültəsinə qəbul olub. 2005-ci ildə BDU-nu əla qiymətlərlə bitirərək hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini 1 ildən sonra başa vurub Şirvan şəhərinə qayıtmışdır. 2006-cı ildən 2011-ci ilə qədər Şirvan şəhər 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseydə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində, 2011-ci ildən isə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edərək müəllim kimi öz peşəmi davam etdirməkdədir.


SƏNƏTƏ GƏLİŞİNİZ (SƏBƏB, HADİSƏ VƏ YA İNSAN AMİLİ) ?

- İlk “cızma-qara”-mı 6-7 yaşımda etmişəm. Orta məktəb illərində şeirlərim şəhər “İşıq” qəzetində çap olunub. Tələbə olduqdan sonra oxucuların sevgisini qazanan şeirlər yazmağa başladım. O dövrdə BDU-da bütün tələbə heyəti məni yaradıcı adam kimi tanıyırdı. Xatirə dəftərlərində, qızlar arasında bir-birinə yazılan “Ürək sözü” dəftərlərində mənim sevgi şeirlərim yazılırdı. Əlbəttə, hansısa bir qeyri-adi qüvvənin mənim sənətə gəlişimdə rolu var. O, dünyanın Yaradıcısıdır. Ərəblər buna ALLAH, Türklər TANRI (Tenqri), ruslar BOQ deyirlər. Özümü sənətdə 2000-cilər nəslinə aid edirəm...


İLK ƏDƏBİ UĞUNUZ VƏ YAŞADIQLARINIZ (HİSS ETDİKLƏRİNİZ) ?

- İlk ədəbi uğurum I kursda oxuyarkən olub. O zamanlar “Addımlar” almanaxının 5-ci sayında şeirlərim çap olundu. Çox sevinmişdim. Bundan sonra, 2008-ci ildə şeirlərimin bir qismini təşkil edən “Sən dediyin günəş çıxıb” adlı şeirlər kitabım çap olunaraq mənə uğur gətirdi. 2010-cu ildə “Muğanın səsi” adlı almanaxda, 2012-ci ildə “Əbədi Şirvan” başlıqlı (Ədəbi-bədii, elmi-kütləvi, publisistik rüblük jurnalda) şeirlərim çap olundu. 2017-ci ildə yaradıcılığımın əksəriyyətini təşkil edən həm şeirlərimdən, həm də nəsr əsərlərimdən ibarət yazılarımın cəm olunduğu “Yasəmən rəngli kədər” adlı kitabım çapdan çıxdı. “Sən dediyin günəş çıxıb” adlı ilk kitabım çap olunanda daha çox sevinmişəm...


SƏNƏTDƏ ƏN BÖYÜK ARZUNUZ ?

- Yarımçıq qalmış, işləmədiyim yazılarım var. Bunun içində, xüsusən, romanlar var ki onları işləmək istərdim. Ən böyük arzum o romanları bitirmək və onların çap olunmasını görməkdir...


YAZILARINIZDAKI ƏSAS İDEYA (İNSANLIĞA NƏ DEMƏK İSTƏYİRSİNİZ) ?

- Yazılarımda əsas ideya insanlığa çağırışdır. Hər yazımda hiss etmək olar ki, mən insanın şərəfli, mənəviyyatlı, əqidəli, mərd və fədakar olmağını istəyirəm. İnsan yaltaq və satqın olmamalıdır. Hansı şəraitə düşürsə düşsün öz şərəfini qorumaq insanın ən ümdə borcudur...


NİYƏ DAHA ÇOX BƏDBİN RUHDA YAZIRSINIZ (OXUCULARIN RƏYLƏRİ BELƏDİR) ?

- Yaradıcılığımda “ölüm” mövzusuna daha çox toxunduğuma görə məni qınayırlar. Bilirsiniz, insanlar ölümdən qorxduqları üçün belə düşünürlər. Ancaq ölümdən qorxmaq yox, ölümü sevmək lazımdır. Bu mənada, düşünürəm ki, ölümü insanlara sevdirə bilmişəm. Hətta insanlar mənim yazılarımı oxuyub ölmək istəyirlər... (gülür)


SİZCƏ, SƏNƏTÇİ İNSANLARA DAHA ÇOX HƏQİQƏTİ DEMƏLİDİR, YOXSA RUH YÜKSƏKLİYİ YARATMALIDIR ?

- Mənim fikrimcə, nəinki sənətçilər, hətta bütün insanlar həqiqəti deməlidirlər. Sənətçilərə gəlincə, sənətçini yaşadan və onu insanlara sevdirən həqiqətdir. Çünki həqiqət uzunömürlü, yalansa müvəqqətidir. Yəni, yalan gec-tez iflasa, puçluğa məhkumdur. İnsanlar elə bilir ki, həqiqət ancaq bədbin ruhda olur. Bu belə deyil. Mən elə həqiqət deyib insanlarda ruh yüksəkliyi yaradaram ki, bunun xoş təsirindən bir müddət çıxmaq olmaz və ya heç kəs çıxmaq istəməz. Bu mənada, həqiqət çox önəmlidir və onu demək lazımdır...


AZƏRBAYCANDA DOĞULMASAYDINIZ, HANSI ÖLKƏDƏ (ƏGƏR SEÇİM HAQQINIZ OLSA İDİ) YAZIB YARATMAQ İSTƏRDİNİZ VƏ NİYƏ ?

- Mən orta məktəbdə oxuyanda şagirdlər arasında xatirə dəftəri tutulurdu. Orda belə bir sual verilirdi. Hansı ölkəyə getmək istərdiniz? Mən həmişə Misir və paytaxtı Qahirə yazırdım. Ancaq yaradıcılıq baxımından deyirsinizsə, mütləq Monqolustanı seçərdim. Bəlkə də, bu gülməlidir. Mən o ölkəni çox sevirəm. Çünki hesab edirəm ki, orada yazıb-yaratmaq daha əlverişlidir. Bəlkə də, belə deyil, ancaq mənə belə gəlir. Ora çox sakit, yazıb-yaratmaq üçün çox mühüm yerdir. Babalarımın ruhu dolaşır oralıqda...


ƏDƏBİYYATDA KUMİRİNİZ ? VƏ NİYƏ?

- Mən həm bir yazar kimi, həm də Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çox kitablar oxumuşam və oxuyuram. Hərçənd ki, oxumadıqlarım daha çoxdur. Ancaq şairlərdən klassik ədəbiyyatda Nəsimini, müasir ədəbiyyatda Ramiz Rövşəni çox sevirəm. Bəlkə də, bunların arasında uyğunluq yoxdur. Lakin mən bir uyğunluq görürəm. Xüsusən də, Ramiz Rövşəni tez-tez, təkrar-təkrar oxuyuram. Ona görə ki, yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayır. Ruhi və sənətsəl anlamında ən qocaman dostumdur mənim o. Mənim qədər onun bütün şeirlərini əzbər bilən ikinci bir adam olmağına inanmıram...


SƏNƏTLƏ ŞƏXSİ HƏYATINIZIN NƏ VAXTSA KƏSİŞDİYİ OLUBMU, OLUBSA NECƏ ?

- Sənətimi şəxsi həyatıma heç vaxt qatmaq istəməmişəm. Mənim üçün hərəsinin öz yeri var. Düzdür, ailə qurana qədər daha sərbəst və rahat idim. Yaradıcılığıma da çox vaxt ayırırdım. Ailə-uşaq qayğısı, maddi və mənəvi problemləri çözmək zorunda qalmaq məni sənətdən uzaq edir. Buna səbəb kimi ədəbi mühitin olmaması da vacib amildir. Mən yaşadığım Şirvan şəhərində ədəbi mühit paytaxtımızla müqayisədə zəifdir. Hər gün yuxudan ayıldıqda özümə söz verirəm ki, masa arxasında əyləşib yazılar üzərində işləyəcəyəm. Ancaq alınmır. Hər şey qaydasındadır. Evdə hamı rahatdır. Lakin mən narahat adamam. Hiss edirəm ki, mən istədiyim qədər rahat deyiləm. Allah hamının balalarını saxlasın. Uşaqların səs-küyü də bu yandan. Ən mühümü sakitlik yoxdur...


SİZCƏ, ƏSL SƏNƏTKAR HANSI XÜSUSİYYƏTLƏRƏ MALİK OLMALIDIR ?

- Şərəfli, əqidəli, mənəviyyatlı olmalıdır. Yalan danışmamalı, yaltaqlıqdan və satqınlıqdan uzaq olmalıdır. Ad, şöhrət dalınca qaçmamalıdır. Elə ömür sürməlidir ki, dönüb arxaya baxanda da öz yaşadıqları ilə fəxr etməlidir.


OXUCULARINIZA SÖZÜNÜZ (MƏSLƏHƏTİNİZ, TƏKLİFİNİZ VƏ YA ELAN) ?

- Məsləhət edirəm ki, çox kitab oxusunlar. Çox mütaliə etsinlər. Fərqi yoxdur kimin kitabı olur olsun, nə kitab olur olsun. Əsas odur ki, oxusunlar. Təklifə gəlincə, təklif edirəm ki, yaradıcı adamın qiymətini sağlığında versinlər. Necə ki şair demiş: “Sağlığında qiymət verin insanlara”. Və bir də elan edirəm ki, məni oxusunlar. Nə qədər ki gec deyil!


ELŞƏN İSMAYIL
Gənc ədib və kino insanı

Geri dön