Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan ordusunun ilk HƏRBİ NÜMAYİŞİ – 100 illik tarix
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Azərbaycan ordusunun ilk HƏRBİ NÜMAYİŞİ – 100 illik tarix

Azərbaycan ordusunun ilk HƏRBİ NÜMAYİŞİ – 100 illik tarix


Enter.News hərb tariximizin tədqiqatçısı Şəmistan Nəzirlinin Azərbaycan ordusunun ilk hərbi nümayişi ilə bağlı olan yazısını təqdim edir:

Azərbaycan Demokratik Cümhuriyyətinin 1918-20-ci illərdəki fəaliyyət dövrünə qısaca nəzər salsaq, bir çox yeniliklərin şahidi olarıq.

1918-ci il Bakıda, ümumiyyətlə Azərbaycanda çox təlatümlü və həyəcanlı keçmişdir. Mart qırğını, yerli bolşeviklərlə döyüşlər, bundan əlavə də türklərin, ingilislərin gəlib-getməsi, o biri tərəfdən də ağqvardiyaçı Denikin ordusunun qara-qor xusu meydana çıxdı. Yalnız on səkkizinci ilin dekabr ayında azad nəfəs almaq mümkün oldu. İndi Azərbaycanda nə dost vardı, nə də düşmən, bircə Dərbənd yaxınlığında gəlib dayanan Denikin ordusundan təhlükə gözlənilirdi. Dekabrın iyirmi beşində hərbi nazir təyin olunan general Mehmandarov həmin gün “Azərbaycan vətəndaşlarına” adlı vətənpərvər yazısı ilə xalqa müraciət etdi.

Yeni gələn 1919-cu il daha uğurlu idi. Ordunun sayı 40 minəçatdırılırdı. Praporşiklər, artilleriya və minaaxtaranlar məktəblərinin yeni buraxılışı oldu. Bu ildə tam azad nəfəs alan respublikamız Qarabağda qayda-qanun yaratmağı da unutmadı. Marığa yatan, özlərini sakit aparan namərd erməni daşnakları Azərbaycan ordusunun silahının sərt üzündən ehtiyat edirdilər. Andranikin quldur dəstəsi Zəngəzurun böyür-başında hərlənirdi. O, aprel ayında general Cavad bəy Şıxlinskinin yenilməz diviziyası ilə döyüşə girməyə cəsarət etməyib İrəvana qayıtmışdı. Dro Kanayan ilə birləşib yenidən Qarabağ və Zəngəzura hücum planı hazırlayırdı. İki üzlü erməni siyasətinə bel bağlamayan Azərbaycan hökuməti 1919-cu il yanvarın ilk günlərində Cəbrayıl, Zəngəzur və Şuşa qəzalarını Gəncə quberniyasından ayırıb Qarabağ general-qubernatorluğunu yaratdı. Xosrov bəy Sultanov general-qubernator təyin edildi.

Mart ayının 19-da Baş Qərargahın Baş İdarəsi yaradıldı. Bilavasitə operativ məsələləri həll edən idarəyə rəis Krım hökumətinin sabiq başçısı, general-leytenant Məmməd bəy Sulkeviç təyin edildi. Nisbətən sakit keçən bu ildə hərbiyyə naziri Səməd bəy Mehmandarov hələ yanvarın 31-də Gəncədə Novruz bayramı münasibətilə hərbi nümayiş keçirilməsinin hazırlığına belə bir əmr verdi:

“Mart ayının 22-də Gəncə şəhərində Novruz bayramı münasibətilə Gəncə qarnizonunun və Azərbaycan ordusunun digər hissələrinin iştirakı ilə, həm də birinci Cavanşir alayından bölük, ikinci Bakı alayından tabor çağırmaqla parad keçirmək nəzərdə tutulur.

Bayram mərasimin də qoşunların iştirakı müstəqil Azərbaycan Respublikası xalqının şənliklərinə milli bayram xarakteri veriləcək və bundan başqa bu parad hərbi hissələrin sıra təliminə baxış olacaqdır.

Yuxarıdakıları nəzərə alaraq komandirlərin müəyyən edilmiş müddətə öz hissələrini baxışa əla hazırlaması və təqdim etmələri gərəkdir.

Əslini imzaladı: Ali Baş Qərargahın rəisi Polkovnik Həbib bəy Səlimov”.

Respublika Mərkəzi Dövlət Yeni Tarix arxivində saxlanılan ondoqquzuncu ilə məxsus sənədlərdə göstərilir ki, Novruz bayramını nəinki yerli əhali, Milli Ordu da çox təntənəli keçirmişdir.

Novruz bayramı münasibətilə hərbi nümayiş martın 22-də səhər saat 11-də Gəncənin Artilleriya meydanında keçmişdir. Bu münasibətlə nazirliyin baş mollası əzan çəkmiş və xeyir-dua diləmişdir.

Müdafiə naziri general Səməd bəy Mehmandarov isə Azərbaycan Parlamenti və öz adından gənc ordu heyətini bayram münasibətilə təbrik etmiş və onlara gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Nizami addımlarla meydandan keçən əsgər və zabitlər həmin təntənə üçün bəstələnmiş belə bir şərqi-marşı oxumuşlar:

Şükür Xuda, şadlıqla Novruz oldu,

Düşmənlərin gözü kor, Novruz oldu.

Neçə müddət möhtac idik düşmənə,

Yaramazdıq onun heç bir işinə.

İndi vurar hər kəs bir daş başına,

Şükür Allaha şadlıqla Novruz oldu,

Düşmənlərin gözü kor, Novruz oldu.

Lazımdır hamı verək əl-ələ,

Başqa millət şanı olmasın belə,

Görməsin Allah, da ha zəl-zələ,

Şükür Allaha şadlıqla, Novruz oldu.

Düşmənlərin gözü kor, Novruz oldu.

Təbrik edirik şanlı Səməd paşanı

Etsin Allah həmişəlik şanını,

Minə qədər etsin Allah yaşını,

Şükür Allaha, şadlıqla Novruz oldu,

Düşmənlərin gözü kor, Novruz oldu.

Bu, 1919-cu il martın 22-də keçirilən Milli Azərbaycan Ordusunun ilk bayramı oldu. İkinci belə bir bayram nümayişini ordumuz həmin il mayın 28-də keçirdi. Bayram nümayiş azad Azərbaycan Respublikasının yaranmasının bir illiyinə həsr olunmuşdu.

1920-ci il martın 22-də keçirilən istiqlaliyyət bayramını bir ay sonra - 1920-ci il aprelin 28-də bolşevik-daşnak ordusu qanla suvardı. Siyasi süquta uğrayan Azərbaycan Demokratik Respublikasının mübarizləri zəfər yürüşlü bayramı son nəfəsə qədər unutmadılar. O bəxtiyar günü ömrünə əbədi həkk edən polkovnik İsrafil bəy İsrafilbəyov mühacirətdə yana-yana yazırdı:

“1920-ci il martın 22-də Novruz bayramı münasibətilə icra edilən son rəsmi keçidi xatırlamamaq qeyri-mümkündür. Əcəba, hansı azərbaycanlı o məsud günü xatırlamır? Ordunun qabiliyyət və intizamı, mənəviyyatı təsəvvür olunmaz dərəcədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində vəsaitsizlik içində bu qədər müntəzəm təşkilata malik bir əsgəri qüvvə vücudə gətirdiyimizə heyran qalmışdı. Əhalidən çoxu duyduğu həyəcandan ağlayırdı.

O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günüidi. (Miralay İsra filbəy,

Azərbaycan ordusu haqqında “Yeni Qafqasiya” məcmuəsi, İstanbul. 28 may 1340 il, 17 sayı.)

Arxivdə saxlanan ən maraqlı sənədlərdən biri də Azərbaycan Respublikasının ordusunda türk dilinin dövlət dili kimi təsdiq edilməsi barədə verilən Ali Baş qərargahın 89 nömrəli əmrnaməsidir. Hərbi nazir haqlı olaraq bildirir ki, Azərbaycan ordusunda xidmət etmək istəyən hər bir şəxs türk-Azərbaycan dilini öyrənməli və bu sahədə açılan kurslarda savadını artırmalı dır.

İnanırıq ki, yetmiş ildən çox bir tərəfli öyrəndiyimiz tariximizin səhifələri bu günkü oxucularımız üçün də maraqlı ola caqdır.

Geri dön