Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İslam dini > Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb


Qafqaz Müsəlmanları İdarəsi Gəncə hadisələri ilə bağlı bəyanat yayıb.

İdarədən daxil olan bəyanatda deyilir: “Son günlər Gəncə şəhərində baş verən qətl və terror hadisələrini dərin təəssüf və ciddi narahatlıq hissi ilə qarşılayırıq. Hiddət doğuran odur ki, Vətənimizdə hökm sürən sabitlik və əmin-amanlıq, tərəqqi və quruculuq işlərinə, habelə xarici siyasət sahəsində uğurlarımıza və haqq mübarizəmizdə qələbələrimizə kölgə salmaq niyyəti güdən bəzi qüvvələr həm xaricdə, həm də daxildə məkrli niyyətlərini cidd-cəhdlə həyata keçirməyə çalışırlar. Bu cinayət əməllərində Allahın yaratdığı insanın qətlə yetirilməsini bütün bəşəriyyətə qarşı ağır cinayət kimi dəyərləndirən müqəddəs İslam dinimizin adından sui-istifadə olunması isə qətiyyən yolverilməzdir.

Azərbaycanın din xadimləri və dindarlarının mövqeyini ifadə edərək, baş verən hadisələri dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu ölkəmizə düşmən olan bəzi qüvvələrin xaricdən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq cəhdi kimi qiymətləndiririk. Ölkəmizdə mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsini dövlətçiliyimizə, milli mənəvi dəyərlərimizə qarşı təxribat kimi dəyərləndirir, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə iğtişaşlara təhrik etməsini dövlətə qarşı terror, islami dəyərlərimizə zidd hesab edirik. Terrorçunun isə dini olmur.

Bu hadisələr zamanı ictimai asayişin keşiyində duran, xidməti vəzifələrini yerinə yetirərkən yaralanmış qardaşlarımıza Allah-Təaladan şəfa diləyir və şəhidlərimizə rəhmət deyərək ailələrinə dərin hüznlə başsağlığı veririk.

Ümidvarıq ki, insan həyatına ali qiymət verən İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən qətl və sui-qəsd hallarını kimliyindən asılı olmayaraq törədənlərin, məscidlərimizi dağıdan erməni ekstremistlərinin dəyirmanına su tökənlərin dövlətçiliyimizə təhlükə yaratmaq məqsədi güdən əməllərinə ciddi hüquqi qiymət veriləcəkdir.

Azərbaycan dindarları daim dövlətçiliyimizə sadiqdirlər. Din xadimləri, dindarlar hüquqi, demokratik dövlətin - Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan dövlətimizin möhtərəm başçısını dəstəkləyirlər. Milli mənəvi dəyərlərimizə ali diqqət və qayğı göstərən Prezidentimizin siyasətini dəstəkləyən dindarlar dövlətin bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səylərini dəstəkləyirlər. Biz vətəndaşları, dindarları, xüsusən, gəncləri dövlətçiliyimizə qarşı yönləndirilən təxribat və məkrli çağırışlara uymamağa çağırırıq. Din xadimlərimiz xaricdən məkrlə yönləndirilən belə təxribatların mahiyyətini öz moizələrində xalqa çatdırmalıdırlar.

Əminik ki, belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!”.

Geri dön