Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ

Azərbaycanın Ukraynadakı səfiri: “Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı?” - MÜSAHİBƏ


Azər Xudiyev: “Elmar Məmmədyarov yumor hissinin gücü ilə insanları düşündürməyi bacarır”

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Modern.az saytına geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Azər müəllim, müsahibəyə razılıq versəniz də, bir neçə günlük ezamiyyətə yollanmağınız sizinlə görüşmək, canlı ünsiyyət qurmaq planımızı ümidsiz qoymuşdu. Sonuncu gün olsa da, ünsiyyətimiz baş tutdu. Sirr deyilsə, ezamiyyətiniz nə ilə bağlı idi?

- İşlə bağlı bir neçə günlük Xarkov şəhərinə ezam olunmuşduq. Belə qərara gəldik ki, "Azərbaycan Ticarət Evi"nin açılması ilə bağlı təkcə paytaxt Kiyevlə kifayətlənməyək. Ona görə də Xarkovda, Lvovda, Dnepr və Odessada "Azərbaycan Ticarət Evi"nin filiallarının açılmasını nəzərdə tutmuşuq. Çünki hər bir regionun özünəməxsus müştəri potensialı var. Səfirlik olaraq biz də çoxşaxəli inkişaf strategiyası üzərində çalışırıq . Düşünürük ki, "Ticarət Evi"nin vasitəsi ilə ölkəmizdə istehsal olunan kənd təsərrüfatı və müxtəlif çeşidli istehsal məhsullarını Ukraynanın ən böyük vilayət və şəhərlərinin supermarket şəbəkələrində yerləşdirilməsinə müvəffəq olaq.

-Ukraynada "Azərbaycan Ticarət Evi"nin açılmasının böyük əhəmiyyəti var. Səfir olaraq ölkələrimiz arasında iqtisadi körpünün üstünlükəri barədə bir qədər geniş danışmanızı istərdik.

- Öncə onu qeyd edim ki, Azərbaycanda qeyri neft sektorunun inkişafına xüsusi diqqət ayrılır. Bu gün “Made İn Azerbaijan” brendinin dünyada tanıdılması dövlətimizin qarşıya qoyduğu ən prioritet məsələlərindən birirdir. Bu baxımdan möhtərəm prezidentimiz İlham Əliyevin xüsusi tapşırığına əsasən, ölkəmizdə çoxistiqamətli istehsalat müəssisələrinin yaradılması ilə yanaşı , dünyanın müxtəlif ölkələrində "Azərbaycan Ticarət Evləri”nin açılması prosesinə start verilib. Bu baxımdan 1 il müddətində Belarusun paytaxtı Minsk şəhərində, Rusiya Federasiyasının Həştərxan şəhərində və Kiyevdə “Azərbaycan Ticarət Evləri”nin açılması dövlətimizin qarşıya qoyduğu iqtisadi strategiyasının uğurla davam etməsindən xəbər verir.
Bu baxımdan bu il iyunun 22-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə Kiyev şəhərində "Azərbaycan Ticarət Evi"nin təntənəli açılış mərasimi oldu . Burada əsas məqsəd Azərbaycan məhsullarının Ukrayna bazarlarına çıxarılması ilə yanaşı, Ukraynadan Azərbaycana ixrac məsələləri də tənzimlənsin. Sevindirici haldır ki, bu iqtisadi platformaya 3000-ə yaxın Azərbaycan şirkəti qoşulub. Ukrayna Xarici İşlər Nazirliyindən verilən statistik məlumata görə, ilkin etapda şirkətlərin 1500-ə yaxını burada fəaliyyət göstərir. Həmçinin, bir çox şirkətlərimiz artıq Ukraynada infrastruktur və digər layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər. Bildiyiniz kimi, bu gün Ukraynada kriminogen və iqtisadi vəziyyət o qədər də stabil deyil. Bir çox hallarda həmin şirkətlər burada müxtəlif problemlərlə üzləşirlər və bununla bağlı dərhal bizə müraciət edirlər. Biz də hüququmuz və mandatımız çərçivəsində onlara köməklik edirik. Düşünürəm ki, “Ticarət Evi”nin tam fəaliyyətə başlaması ilə işimiz bir qədər asanlaşacaq. Çünki şirkətlərimiz eyni platformaya toplaşaraq, gələcək inkişaf strategiyalarını və üzləşdikləri problemlərin aradan qaldırılmasını birgə həll edəcəklər.

- Hər halda, dediyiniz kimi bu işlərə artıq start verilib. Siz həm də Ukraynadan əvvəl Sloveniyada müvəqqəti işlər vəkili olmusuz. Yəni müvəqqəti olaraq səfir vəzifəsini icra etmisiz. Müvəqqəti səfir postundaykən səfir təyin olunacağınızı gözləyirdinizmi?

- Bəli, mən Ukraynaya səfir təyin olunanadək bir çox ölkələrdə diplomat kimi fəaliyyət göstərmişəm. Moldovada diplomatik nümayəndə, Sloveniyada müvəqqəti işlər vəkili kimi çalışmışam .
Səfir təyinatı birbaşa cənab prezidentin səlahiyyətində olduğu üçün, bunu bəri başdan bilmək olmur. Sözün düzü Azərbaycanın Ukraynadakı səfiri təyin olunmam mənim üçün gözlənilməz oldu . Mən 2003-2005-ci illərdə Ukraynada diplomat kimi fəaliyyət göstərmişəm . Ukraynada Diplomatik Akademiyanı, ardınca aspiranturanı bitirmişəm. Təbii ki, Ukraynaya səfir təyin olunmamda bu nüanslar nəzərə alınıb.

- O zaman Ukrayna ta əvvəldən sizə yad deyil.

- Əlbəttə, Ukrayna mənim üçün doğma ölkələrdən biridir.Tarixi aspektdən yanaşsaq, Azəraycan və Ukrayna xalqları arasında böyük tarixi bağlılıqların şahidi olarıq. Həqiqətən də bizim xalqlarımızın milli mədəniyyətləri arasında da oxşar məqamlar çoxdur. Bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, Ukraynada çalışdığım və təhsil aldığım illərdə dostluq etdiyim insanların əksəriyyəti hazırda müxtəlif dövlət və hökumət strukturlarında rəhbər vəzifələrdə işləyirlər ki, bu da bir çox məsələlərin həllində işimizi asanlaşdırır. Daha doğrusu, hər addımbaşı özümüzə qarşı doğma münasibətlə rastlaşırıq. Mən Ukraynadan öncə Avstriyanın paytaxtı Vyanada çalışmışam. Orada ATƏT-də akkreditə olunmaqla, Slovakiya və Sloveniyada Azərbaycanın diplomatik nümayəndəsi olmuşam. Orada çalışdığım illərdə daima ukraynalı diplomatlarla sıx münasibətimiz olub. Onların da əksəriyyəti hazırda Ukraynanın Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə çalışırlar. Bu baxımdan istər Ukrayna dövlətinin, istərsə də ukraynalı dostlarımızın hər zaman doğma və xoş münasibətləri ilə üzləşirik.

- Sizdən əvvəl Ukraynadakı səfirimiz Eynulla Mədətli olub. Elə hallar varmı ki, sizdən əvvəlki səfirimizin buraxdığı səhvləri düzəltməyə çalışasınız? Varmı elə nöqsan?

- Belə bir nöqsanlarla üzləşməmişik. Bilirsiz, həm dövlət məmurunun, həm də diplomatın işinə fərdi yanaşması mövcuddur. Hər bir insan öz dəsti-xətti, xarakteri peşəkarlığına uyğun fəaliyyət mexanizmini qurur. Məndən öncə Ukraynada çalışan hörmətli səfirlərimiz də özlərinə xas fərdi yanaşmalarını ortaya qoyublar. Burada bir məqamı xüsusi vurğulamaq istəyirəm ki, o zaman Ukrayna qonşu ölkə ilə heç bir problem yaşamırdı. Bu gün isə vəziyyət tam fərqlidir. Təbii ki, Ukraynanın indiki çətin vaxtında fəaliyyət göstərmək çətindir. İstənilən diplomatik danışıqlarda hər bir məsələyə eytiyatlı münasibət bəsləmək məharəti tələb olunur.
Mövcud problemlərlə bağlı Kütləvi İnformasiya Vasitələrinə müsahibə verən zaman daha çox şimal qonşumuzla bağlı suallarla üzləşirik .Gərəkən odur ki, sualın cavabından hər iki tərəf razı qalsın . Bu baxımdan illər boyu əldə etdiyimiz diplomatik təcrübə köməyimizə çatır .

- Ukraynada baş verən son hadisələrdən dolayı, burada yaşayan azərbaycanlılar və onların üzləşdikləri problemlər nədən ibarətdir? Əsasən sizə hansı problemlərlə bağlı müraciət edirlər?

- Son hadisələrin baş verməsi nəinki azərbaycanlılara, burada yaşayan digər millətlərin nümayəndələrinə də təsirsiz ötüşməyib. Ukraynada həm iş adamları, həm tələbələr, həm də daimi və müvəqqəti yaşayan soydaşlarımız var. Təbii ki, son illər Ukraynada baş verən iqtisadi-siyasi hadisələr bizim soydaşlarımızın da həyatından yan otməyib. Bununla bağlı səfirliyimizə çoxsaylı müraciətlər daxil olur . Baş verən hadisələrin fonunda Ukraynada oğurluq halları da artıb. Əsasən Ukraynada yaşayan soydaşlarımız üzləşdikləri qarət və bir sıra problemlərlə bağlı səfirliyimizə şikayətlənirlər. Daxil olan müraciətlərlə bağlı bir neçə dəfə daxili işlər naziri Arsen Avakovla və Ukraynanın baş prokuroru ilə görüşmüşük. Düzdür, istintaq işi bizi qane etmir, iş ləng gedir. Amma bir çox cinayət işinin üstü də açılıb.


- Oğurluq hallarından söz düşmüşkən, "qanuni oğru"ları yad etməyə bilmərik. Vaxtaşırı "qanuni oğru"ların tutulması barədə məlumatlarla tanış oluruq. Bu istiqamətdə vəziyyət necədir?

- Həmin məsələlərlə bağlı Daxili İşlər Nazirliyinin burada nümayəndəliyi var. Peşəkar polkovnik Şahin Qocayev bu işlərlə məşğul olur. Amma tam olaraq bu məsələ bizim səlahiyyətimizə daxil deyil. Həmin adamlar əsasən Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılır. Onların çoxu Rusiya və Gürcüstan vətəndaşlarıdır. Bilirsiniz, bir tərəfdən ölkədə müharibə gedir. Digər tərəfdən ölkəyə müxtəlif cinayətkar qruplaşmalar toplaşır . Bunlar arasında silahlı insidentlər baş verir. Belə olan halda Daxili İşlər Nazirliyi gücləndirilmiş iş rejimində çalışsa da, baş verən hadisələrə tam nəzarət edə bilmir .

- Arsen Avakovla görüşdüyünüzü dediniz.

- İki dəfə görüşmüşük.

- Görüşdüyünüz zaman Azərbaycandan olduğunuza görə hər hansı neqativ halla rastlaşmısınızmı? Yoxsa sadəcə olaraq Ukrayna hakimiyyətinin nümayəndəsi kimi davranıb sizinlə?

- Arsen Avakov kifayət qədər siyasətdə olan adamdır. O, həyati və siyasi təcrübəyə malik biridir. O, Xarkov şəhərinin qubernatoru olub. Bu vəzifəyə gəlib çıxmaq asan deyil. Digər siyasi qurumlarda da çalışıb. O, diletant deyil ki, özünü fərqli göstərsin. Hər iki görüşdə səmimi ortam yaradıb. Eyni zamanda, qeyd edib ki, "Azərbaycanda doğulmuşam. Sizin həmvətəniniz sayılıram". Danılmaz faktdır ki, onun haqqında məlumatda da Bakıda doğulduğu yazılıb. Bəllidir ki, özünəməxsus xarakteri var. Hətta, bizdə təsdiq olunmuş məlumatlar var ki, o, erməni diasporuna yaxından köməklik edir. Erməni əsilli adamların Ukraynada müxtəlif vəzifələrə keçməsinə şərait yaradır. Ukraynanın Daxili İşlər Nazirliyinə adı və soyadı erməni olanları yerləşdirib. Üstəlik, Ukraynanın Daxili İşlər Nazirliyi bu gün təkcə bir sistemə baxmır. Çox böyük qurumdur. Daxili Qoşunlar, Miqrasiya Xidməti, bütün polis sistemi bu quruma daxildir. Bir növ siyasi qurumdur. Ona görə də diaspor təşkilatları ilə görüşəndə bu məsələləri xüsusi vurğulayıram. Ermənilər güclü təşkilatlanma sisteminə sahibdirlər. Onların əsas faktoru kilsədir. Bir il bundan qabaq Xarkovda böyük kilsə, yanında da "Erməni Mədəniyyət Mərkəzi" açıblar. 3 ay bundan qabaq Dneprdə belə bir mərkəz açdılar. 20-dən artıq regionda bu cür mərkəzlərə malikdirlər. Elə bir region yoxdur ki, orada erməni deputat olmasın. Elə şəhər yoxdur ki, orada erməni prokuror olmasın. Hətta Xarkovun qubernatoru səfirliyə məktublar yazanda aşağıda qeyd edir ki, icraçı Xaçaturyan və digər erməni adlarına rast gəlirəm. Əslində bu ermənilərin milli strategiyasıdır.

- Qeyd etdiniz ki, Ukraynada da azərbaycanlı iş adamları, biznesmenlər kifayət qədər çoxdur. Niyə imkanlı azərbaycanlılar ictimai-siyasi həyatda aktiv deyillər? Onlara nə mane olur?

- Çox təəssüflər olsun ki, bizim xarici ölkələrdə yaşayan azərbaycanlı iş adamları hələ ki, vahid ideologiya ətrafında birləşə bilmirlər. Bu baxımdan onların bir platforma ətrafında birləşməsinə böyük eytiyac var. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, xaricdə fəaliyyət göstərən iş adamlarımız arasında bir-birinə qarşı inamsızlıq, biganəlik və etinasız yanaşma halları mövcuddur. Bəzən onların yüksək eqoları birgə iş görmək imkanlarını sıfıra endirir. Amma ermənilərdə bu düşüncə tam fərqlidir. Onlar həmişə kilsə ətrafında birləşir ki, bu da kimliyindən asılı olmayaraq eyni amal uğrunda fəaliyyət göstərməyə vadar edir. Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarının vahid koordinasiya mərkəzi ətrafında birləşərək fəaliyyət göstərmələri günün ən vacib məsələlərindən birinə çevrilməlidir. Çünki bunun üçün bizim böyük potensialımız var. Biz bu potensialı bir araya gətirməklə , milli məfkurə ətrafında birləşib dünyanın ən güclü diasporuna çevrilə bilərik. Məhz dövlətimizin də istək və amalı bundan ibarətdir.

- Eyni zamanda, Ukraynada diaspor təşkilatlarımız da kifayət qədərdir. Hamımıza bəllidir ki, səfirliklə diaspor təşkilatlarımız arasında müxtəlif fikir ayrılığı və problemlər mövcuddur. Bu problemlərin kökü nədən qaynaqlanır?

- Mən səmimi danışmağı sevirəm. Əslində fikir ayrılığının olması normal qarşılanmalıdır. Çünki, bizdə hələ ki diaspor quruculuğu istiqamətində təşkilatlanma prosesi tam başa çatmayıb. Aradan 20-25 il ötməsinə baxmayaraq diaspor təşkilatları arasında səmimi anlaşma və bir –birini qəbuletmə instinkti hələ də formalaşmayıb. Maraqlıdır, bu nə vaxta qədər belə davam edəcək? Biz səfirlik olaraq bu problemlərin üzərinə getməliyik. Boş-boşuna tərifləmək, nəyinsə xatirinə baş sığallamaqla işimizi bitmiş hesab etməməliyik. Ya vətənimiz naminə mərdi-mərdanə meydanda olmalıyıq, ya da çəkilib yerimizdə oturmalıyıq. İnanın səmimiyyətimizə, bizim diaspor təşkilatlarından istəyimiz bundan ibarətdir. Ukraynaya səfir təyin olduğum ilk gündən bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatları arasında monitorinq aparmışıq. Ortada olan diaspor təşkilatlarının rəhbərləri ilə dəfələrlə danışıqlar aparmışıq ki, birgə fəaliyyət göstərsinlər. Çünki, gücümüz birliyimizdədir.Amma çox təəssüflər olsun ki,Ukraynada fəaliyyət göstərən bəzi diaspor təşkilatlarının rəhbərləri arasında o birliyin yaradılmasına nail ola bilməmişik. Daha doğrusu onların milli və dövlət maraqlardan çox şəxsi maraqlara üstünlük vermələri, eqo və ambisiyalarının boşluq üzərində qurulması, güclü Azərbaycan diaspor təşkilatının qurulmasına imkan vermir. Monitorinq və araşdırmalarımız onu deməyə əsas verirki, Ukraynada diaspordan kənar fəaliyyət göstərən ziyalılarımızı, el adamlarımızı, dövlət və hökumət strukturlarında çalışan soydaşlarımızı, nüfuzlu iş adamlarımızı bir mərkəz ətrafında birləşdirməklə, güclü və monolit diaspor təşkilatına çevrilmək olar. Bununla bağlı cənab prezidentimiz qarşımızda xüsusi göstəriş və tapşırıqlar qoyub ki, bunları həyata keçirməklə böyük nailiyyətlərə imza ata bilərik.Təsəvvür edin, Ukrayna parlamentində bir sıra xalqların deputatları olduğu təqdirdə bir nəfərdə olsun azərbaycanlı yoxdur. Bizim diaspor təşkilatlarının rəhbərləri bu haqda ciddi düşünmək əvəzinə, bir - birilərini mətbuatda şərləməklə, alçaltmaqla məşğuldurlar . Təbii ki, belə yaramaz hallar bizi qane edə bilməz. Biz çalışırıq ki, maksimum bu halların aradan qalxmasına nail olaq. Təsəvvür edin, Ukraynanın elə şəhəri var orada 20-dən çox Azərbaycan diaspor təşkilatı var. Onların nə ofisi, nə də bir fəaliyyət istiqaməti var. Əksəriyyəti möhür və sənədlərini avtomobillərində gəzdirməklə işlərini bitmiş hesab edirlər. Mən hələ də başa düşə bilmirəm nədən indiyədək bununla bağlı heç kim danışmayıb? Biz bu acı həqiqəti deməməklə kimi aldadırıq axı? Bu gün ölkəmiz böyük inkişaf yolu keçir. Azərbaycan dünyanın ən nüfuzlu ölkələri sırasında öz layiqli yerini tutub.
Biz çalışmalıyıq ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da ölkəmizin inkişaf strategiyasına uyğun şəkildə formalaşsın. Bunun üçün dövlətimizin qarşımızda qoyduğu strategiyanı düzgün həyata keçirməliyik.

Bildiyiniz kimi, cənab prezidentin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinə yeni rəhbər təyin olunub. İyul ayının 18-də Komitənin sədri Fuad Muradov Ukraynada işgüzar səfərdə olacaq. Səfər çərçivəsində komitənin sədri Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gənclərlə görüşəcək. Görüş zamanı Ukraynada fəaliyyət göstərən diaspor təşkilatları arasında 15 nəfərdən ibarət vahid koordinasiya şurasının yaradılması nəzərdə tutulub. Şuraya tanınmış ziyalılar, elm adamları, nüfuzlu iş adamları cəlb olunmaqla Ukraynada diaspor təşkilatlarının yeni inkişaf strategiyasına start veriləcək.


- Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsi üçün Fond yaradıldı. Ümid edirsinizmi ki, problemlər qismən də olsa həllini tapacaq?

- Təəssüf ki, bəzi insanlar diaspor təşkilatına gəlir mənbəyi kimi baxırlar. Amma bu düşüncə tamamilə yanılışdır. Əminəm ki, diaspor işi sistem halına gətiriləcək. Diaspor təşkilatının ofisi, saytı, məktəbi, mədəniyyət mərkəzi olmalıdır. İşini dövrün müasir tələblərinə uyğun qurmalıdır .
İctimai təşkilat olaraq BMT-də, AŞPA-da, Avropa Şurasında qeydiyyatdan keçib onların illik toplantılarında iştirak etməlidirlər. Çox təəssüflər olsun ki, Azərbaycan diaspora təşkilatlarının heç biri dediyim beynəlxalq təşkilatlarla əməkdaşlıq etmirlər. Amma erməni diasporu hər il BMT-də qondarma Sumqayıt hadisələrini, Qarabağ məsələsini gündəmə gətirir. Bizim diaspor təşkilatları arasında isə elə birisi yoxdur ki, BMT-də akkreditasiya olunsun və ildə bir dəfə onları göndərək orada Azərbaycan həqiqətlərini gündəmə gətirsin.
Biz çalışırıq ki, diaspor qurumlarımız beynəlxalq təşkilatlarda qeydiyyatdan keçsinlər və onların səsi BMT-dən, AŞPA-dan gəlsin. Bu baxımdan düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi kreativ ideyalarla çıxış edən, müasir formatda layihələr hazırlayan diaspor təşkilatlarına fondun vasitəsi ilə maddi dəstək verəcək. Onların yeni inkişaf strategiyalarının reallaşmasına yardımçı olacaq.

- Bir mövzu var ki, ona toxunmaya bilmərik. Söhbət Ukraynada təhsil alan azərbaycanlı tələbələrdən gedir. Zaman-zaman azərbaycanlı tələbələrlə bağlı problemlərin olduğu söylənilib. Diplomların tanınmaması məsələsi gündəmə gəlib. Hazırda bu sahədə vəziyyət nə yerdədir?

- Ukraynanın müxtəlif vilayət və şəhərlərində 12 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Təəssüflər olsun ki, onların əksəriyyəti təhsildə nizam-intizama riayət etmirlər. Onlarla bağlı ali təhsil ocaqlarının rəhbərliyindən şikayət məktubları daxil olur. Əməkdaşlarımız dəfələrlə tələbə yataqxanalarına gedib onların təlim-tərbiyələri ilə maraqlanıblar. Sözün düzü, vəziyyət qənaətbəxş deyil. Onların içərisində elələri var ki, 3-cü, 4-cü kursda oxuyur, nə rus, nə Ukrayna , nə də ingilis dillərini bilirlər. Bununla bağlı səfirliyimiz tərəfindən Ali təhsil ocaqlarında monitorinq aparılıb. Burada elə insitutlar var ki, adı var, özü yoxdur. Bu universitetlərə qəbulla bağlı qəyyumluq edənlər var. Elə hallar olub ki, həmin tələbələri çağırıb şifahi sorğu-sual etmişik. Bəlli olub ki, nə Ukrayna, nə rus, nə də ingilis dilini bilir. Soruşanda ki, “bəs sən hansı dildə oxumusan, özün də üçüncü kursdasan?!". Cavab verə bilməyiblər. Bu və ya digər məqbul sayıla bilməyən halları toplayıb Azərbaycanın Təhsil Nazirliyinə göndərmişik. Nazirlik qərar çıxartdı ki, Ukraynanın bir çox universitetləri yaxşı təhsil vermədiyinə görə, diplomları tanınmayacaq. Bir neçə ay bundan öncə təhsil nazirinin birinci müavininin başçılığı ilə Ukraynaya bu məsələlərin aradan qaldırılması ilə bağlı nümayəndə heyəti səfər etmişdi. Belə nəticə hasil oldu ki, Ukrayna universitetlərində şəffaflıq yaradılsın və bundan sonra diplomların tanınması reallaşsın. Bəla ondadır ki, Ukraynaya gələn tələbələrin əksəriyyəti ya hərbi xidmətdən yayınmaq məqsədi ilə, ya da Azərbaycanda hansısa ali məktəbə qəbul oluna bilmədiyi üçün bura üz tuturlar. Həmçinin, azərbaycanlı gəncləri Ukrayna universitetlərinə cəlb edən şirkətlər mövcuddur. Şirkət müəyyən məbləğdə pul alıb onları universitetə qəbul elətdirir və sonra yox olur. Buradan üzümü valideynlərə tutub tövsiyə edirəm ki, uşaqlarınızın taleyinə biganə yanaşmayın. Araşdırmalarımız onu göstərir ki, Ukraynaya üz tutan tələbələrin 80-85 faizi təhsillə məşğul olmur. Düşünürəm ki, bu haqda valideynlər ciddi fikirləşməlidirlər. Biz böyüklər gələcəyimiz olan gənclərimizə nəzarət etməsək, bunların sonu necə olacaq? Bu baxımdan səfirlik olaraq Ukraynanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələri Ukraynadakı Azərbaycan gənclər təşkilatının ətrafında birləşərək, ictimai tədbirlərdə fəallıq nümayiş etdirməyə dəvət edirik.

- Bu qədər işlərin arasında yəqin ki, həftədə bir dəfə boş vaxtınız olur. Necə keçirirsiniz boş vaxtınızı? Kiyevə gəzməyə çıxırsızmı?

- Əlbəttə, ailə üzvlərimlə gəzməyə çıxmağa çalışırıq. Axşamüstü boş vaxt tapan kimi saat yarım idmanla məşğul oluram. Əvvəllər yaxşı idmançı olmuşam.

- İdmanın hansı növü ilə məşğul olmusuz?

- Peşəkar formada boksla məşğul olmuşam. Cüdo ilə də həmçinin. Güman ki, dissiplini sevən insan idmanı da sevər. Hər ikisini sevirəm. Qeyd etdiyim kimi, işimiz çoxdur.

- Maraqlıdır, Kiyevdə hansı mətbəxə üstünlük verirsiz? Müntəzəm olaraq Azərbaycan mətbəxindən istifadə edirsizmi?

-Uzun illər bir çox ölkələrdə yaşamışam. Bir çox millətlərin mətbəxindən istifadə etmişəm. Ümumilikdə isə yemək kaprizim yoxdur. Prinsip etibarilə hansısa ölkənin mətbəxi mənə maneə törətməyib. Azərbaycan mətbəxi ilə böyüyən biri kimi deyə bilərəm ki, milli yeməklərimizi sevirəm. Sadəcə, işlə bağlı yerli mətbəxə çox üstünlük vermirəm. Çünki bizim mətbəx dadlı olduğu qədər yağlı və ağırdır. Oturaq həyat keçirdiyimizi nəzərə alsaq, yüngül yeməklərə üstünlük vermək daha yaxşıdır. Düzü, səhər yaxşı qida qəbul etdiyimdən günorta yeməyinə çıxmıram. Günorta yeməyinə çıxmaq mənim üçün nadir hallarda olur. O da xüsusi qonaqlar gələndə nahara çıxıram.

- Atalarının diplomat olması övladlarınızın da bu sahəyə marağına səbəb olubmu?

- Oğlum bu il Litva Universitetinə qəbul olunub. Bir neçə dildə sərbəst danışa bilir. Uşaqlıqdan dəqiq elmlərə maraq göstərdiyi üçün iqtisadiyyatı seçib. Düzü, mənim həyat tərzimə baxıb dedi ki, "ata, mən diplomat olmaq istəmirəm. İqtisadçı olmaq istəyirəm. İqtisadiyyat sahəsi dəyişilməz amildir". Təbii, övladımın seçiminə hörmətlə yanaşdım.

- Ailədə övladınız işinizin məsuliyyətini görüb bu sahəyə üz tutmadı. Amma çoxları səfir postuna qibtə hissi ilə baxır. Hətta, diplomatların həddindən artıq imkanlı, oliqarx olduqlarını düşünürlər. Bildiyimizə görə isə səfirlər ancaq əmək haqqı alırlar.

- Səfirin oliqarx olduğunu demək yanlış düşüncədir. 26 ildir ki, bu sahədəyəm. Amma bir dəfə də olsun oliqarx səfirə rast gəlməmişəm. Səfir oliqarx ola bilməz. Bizim əsas leymotivimiz var. Bu, bayrağa, vətənə, dövlətə, prezidentə qulluq etməkdir. Diplomat maddi maraqlara qulluq edən məmur deyil. Əmək haqqımız kifayət qədərdir. Bu bizi tam mənada qane edir. Diplomat qanunla hər hansı biznes növü ilə məşğul ola bilməz . Əminliklə deyə bilərəm ki, tanıdığım səfirlər arasında heç biri biznes fəaliyyəti ilə məşğul deyil . Hərdən bəzi səfirlər haqqında bu cür yazıları oxuyanda təəssüflənirəm.

- Elə ona görə sualı verdik.

- Bunlar cəfəngiyyatdır.

- Hətta sizin haqqınızdada bəzən xoşa gəlməyən yazılar dərc olunur.

- Xəbərim var. Amma mən belə yazılara əsla reaksiya vermirəm. Bu cür yazılar şər, böhtan və qərəzdən başqa bir şey deyil. Onu da anlamaq lazımdır ki, o cür yazılarla səfirin işgüzar reputasiyasına xələl gətirmək istəyənlər, ölkəsinin reputasiyasına xələl gətirir. Səfir ölkəsini təmsil edən şəxsdir. Qərəzli yazılarla bağlı araşdırma da aparmışıq. Bizdə kifayət qədər dəllilər var. Yazırlar ki, səfirliyə FETO-çular yığışıb və sairə. Halbuki, səfirliyə xadimə götürəndə belə, onun şəxsi işini Xarici İşlər Nazirliyinə göndəririk. Daha sonra müvafiq qurumlar onu yoxlayır. Bu tərəfdən də yoxladıb, sonra işə götürürük. Səfirlikdə icazəsiz kimisə işə götürmək olmaz. Səfirlikdə təkcə səfir oturmur. Bizim güc strukturlarımızın nümayəndələri də səfirliyin binasında otururlar. Onlar elə-belə yerə burda deyillər.Yaxşı olarki, jurnalistlər səfirliyimizin, şəxsən səfir olaraq mənim Ukraynada çalışdığım müddətdə gördüyümüz işlər haqqda yazsınlar. Azərbaycanın tanınmış simaları, klassikləri ilə bağlı salınmış parklardan yazsınlar.


- Park demişkən, aldığımız məlumata görə, bu günlərdə Azərbaycan səfirliyinin təşəbbüsü ilə Kiyev şəhərinin mərkəzində Müslüm Maqomayevin abidəsinin və onun adına istirahət parkının açılışı olacaq. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, bu səfirliyimiz tərəfindən Ukraynada vətənimiz naminə həyata keçirilən tədbirlərin davamıdır. Xatırlatmaq istəyirəmki, son bir il yarım müddətində səfirliyimiz tərəfindən Azərbaycanla bağlı bir sıra mədəni layihələrə imza atılıb. Ötən il Kiyev şəhərinin mərkəzində Azərbaycan-Ukrayna dostluq parkı açılıb. Kiyevin əsas mərkəzi küçələrinin kəsişdiyi yerdə Müslüm Moqamayev adına böyük park salınıb və orada dahi Azərbaycan oğlunun 8 metrlik abidəsi ucaldılıb. İyulun 18-də Azərbaycan və Ukraynanın mədəniyyət nazirlərinin iştirakı ilə parkın təntənəli açılışı olacaq. Bununla yanaşı, şəhərin digər səfalı parklarından birinə Nizami Gəncəvinin adının verilməsi ilə bağlı Kiyev Şəhər Meriyası qərar çıxarıb. Yaxın gələcəkdə o parkda Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi inşa olunacaq. Orada dahi Azərbaycan şairinin abidəsi ucaldılacaq. Hazırda səfirliyimizin ərazisində diplomatik korpusumuzun əməkdaşları üçün yaşayış binası inşa olunur ki, bu da bu ilin sonuna qədər başa çatacaq. Mən mart ayında Dnepr şəhərində işgüzar səfərdə olarkən şəhərin meri ilə görüşümüzdə tarixi bir qərarın icrasına start verdik. Dnepr şəhərinin mərkəzində qədim Türk Məscidi var. Hazırda ora idman kompleksi kimi fəaliyyət göstərir. Belə qərara gəldik ki, o məscidi bərpa edib, bir tərəfində də Azərbaycan Mədəniyyət Mərkəzi inşa edərək, soydaşlarımızın ixtiyarına verək. Bununla bağlıda eskiz layihə hazırlanır. Biz bütün gücümüzü belə işlərə həsr edirik.
Burada fəaliyyət göstərdiyim müddətdə səfirliyimiz tərəfindən Ukraynada çox ciddi layihələr həyata keçirilib. Azərbaycan həqiqətlərinin, xüsusəndə ermənilərin son iki əsrdə xalqımıza və torpaqlarımıza qarşı həyata keçirdikləri işğalçılıq və soyqrımı siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması üçün ardıcıl tədbirlər həyata keçirilib. Ukraynanın hava limanında vaxt aşırı keçirilən mədəniyyət günləri, Kiyev şəhərindəki Heydər Əliyev adına istirahət parkında keçirilən Etno-Caz festivalının ənənə halını alması, müstəqillik və digər milli bayramlarımızda Azərbaycanın tanınmış sənət ulduzlarının konsertlərinin təşkil olunması milli-mənəvi dəyərlərimizin Ukraynada təbliğ olunmasında müstəsna rol oynayır. Mən Moldovada diplomatik nümayəndə olanda Kişinyov şəhərinin mərkəzində Nizami Gəncəvi adına parkın salınmasına və orada onun abidəsinin ucaldılmasına müvəffəq olmuşam. Sloveniyanın paytaxtı Lyublyana şəhərinin mərkəzində diplomatik nümayəndəliyimiz tərəfindən Mehdi Hüseynzadənin və Nizami Gəncəvinin abidələri ucaldılıb. Bu, mənim hobbimdir .Vətənimiz və dövlətimizə olan borcumuzun bir hissəsini bu kimi mədəni layihələrin reallaşması ilə yerinə yetiririk.

- Cənab nazir Elmar Məmmədyarovla görüşləriniz olub. Maraqlıdır, ünsiyyətdə olduğumuz bəzi qocaman jurnalistlər Elmar müəllimi zarafatcıl biri kimi xarakterizə edir. Siz necə düşünürsüz?

- Elmar müəllim nazir və diplomat kimi çox peşəkar insandır. Kifayət qədər savadlı və təvözakar adamdır. O, işinə son dərəcə ciddi yanaşmaqla bərabər, insanları yumor hissinin gücü ilə də düşündürməyi bacarır. Daha doğrusunu desək, onun yumorunda məntiqi axarlıq, könlü ovundurmaq, qarşı tərəfə mərhəmət hisslərini aşılamaq kimi yüksək keyfiyyətlər var. Onun bir yaxşı sözü var. Elmar müəllim deyir: "Onsuz da həyat çətindir. Biz də onu çətinləşdirsək, lap çətin olar". Çox qayğıkeş və humanist insandır. O, elə müraciətimiz olmayıb ki, axıra qədər yerinə yetirməsin.

- Azər müəllim, bir suala da cavab istərdik. Hər halda, Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd hadisəsindən xəbəriniz var. Belə hadisələrə diplomat baxışı da maraqlıdır.

- Son günlər Gəncə şəhərində baş vermiş sui-qəsd hadisələrini eşidib çox üzüldüm. Hamımız qəbul etməliyik ki, ölkəmiz çətin və mürəkkəb coğrafi məkanda yerləşir. Regionda geosiyasi riskləri azaltmaq üçün görün nə qədər peşəkar fəaliyyət göstərmək lazımdır. Təbii ki, bizim müdrik dövlət başçımız və peşəkar dövlət məmurlarımız var. Bu gün ölkəmizdə elə qüvvələr var ki, dövlətimizi radikal şəkildə qəbul etmir. Təəssüf edirəm ki, belə hallar baş verir. Gəncənin icra başçısına edilən sui-qəsd hadisəsi qəbuledilməzdir. Bu, dövlət məmuruna qarşı qabaqcadan düşünülmüş terror aktıdır. Mən Elmar Vəliyevi şəxsən tanıyıram. Onunla Sloveniyada Nizami Gəncəvinin abidəsinin açılış mərasimində tanış olmuşam . Çox peşəkar və mülayim adamdır. O, vətənini, dövlətini sevən bir məmur kimi Sloveniyada bir neçə layihənin həyata keçirilməsinə birbaşa dəstək verib. Sloveniyada Mehdi Hüseynzadənin abidəsinin ucaldılmasında Elmar Vəliyevin böyük əməyi var. Bundan əlavə, Sloveniyada Xocalı abidəsinin ucaldılmasınada maddi və mənəvi dəstəyini əsirgəməyib. Yəni Azərbaycan naminə istənilən layihənin həllinə düşünmədən razılıq verən bir şəxs kimi tanıyıram onu. Belə bir insana qarşı sui-qəsd hadisəsinin arxasında xain və xəbis planın dayandığını düşünürəm . Əminəm ki, Azərbaycan hüquq-mühafizə orqanları baş verən hadisəni təfsilatı ilə araşdırıb, bu ağır cinayəti törədənlər haqqda ciddi ölçü götürəcəklər. Fürsətdən istifadə edərək ona tezliklə sağalmasını arzu edirəm.
Aqşin KƏRİMOV
Namidə BİNGÖL

Geri dön