Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Amerikada İrana qarşı müharibə çağırışları artır
Amerikada İrana qarşı müharibə çağırışları artır |
ABŞ və İran arasında Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə görə yaranan ziddiyyət getdikcə daha maraqlı xarakter almaqdadır.
Məsələ burasındadır ki, yaranan vəziyyət görə ABŞ Konqresi tərəfindən Barak Obama administrasiyasına təzyiqlər artmaqdadır. Bəzi konqresmenlər hətta hökuməti Tehrana qarşı daha ciddi və sərt addımlar atmağa çağırıb. Belə addımlar deyilərkən isə İrana, əsas etibarı ilə onun nüvə obyektlərinə hərbi zərbələr endirilməsi nəzərdə tutulur. Bu mövqedən çıxış edən ABŞ qanunvericiləri bunu onunla əsaslandırır ki, İrana qarşı sanksiyalar istənilən nəticəni vermir. Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə qarşı sui-qəsd cəhdində əli olduğuna görə İran rəsmilərini ciddi sanksiyalar ilə hədələyib. Obama bildirib ki, İran hökumətinin yüksək səviyyəli rəsmiləri hadisəyə görə məsuliyyət daşıyır. Bu arada, ABŞ Dövlət Departamenti Amerika rəsmilərinin İran hökuməti ilə hadisə ilə bağlı birbaşa əlaqə saxladığını bildirib. Qeyd olunduğu kimi isə, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə sui-qəsd cəhdinin qarşısı alındıqdan sonra ABŞ qanunvericiləri Obama administrasiyasını İrana təzyiq göstərməyə çağırıb. "Amerikanın səsi" radiosunun məlumatına görə, bir neçə Konqres üzvü İrana qarşı tətbiq edilən sanksiyaların işləməməsindən şikayətlənərək, ölkəyə qarşı daha ciddi ölçülər götürülməsinə səsləyib. Bu arada İran prezidenti Mahmud Əhmədinejad deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə sui-qəsd hazırlamasına dair iddialar İraqda kütləvi qırğın silahlarının olmasına dair iddialar qədər saxtadır. İran prezidenti daha sonra deyib ki, ABŞ bununla öz xalqına "daxili iqtisadi problemləri" unutdurmaq istəyir. "Əl-Cəzirə" televiziyasına müsahibə verən cənab Əhmədinejad qeyd edib ki, ABŞ həm də İrana qarşı sanksiyaları kəskinləşdirmək üçün bəhanə axtarır. Əhmədinejad "əl-Cəzirə" televiziyasına müsahibəsində daha sonra aşağıdakıları vurğulayıb: "Əvvəllər ABŞ administrasiyası iddia edirdi ki, İraqda kütləvi qırğın silahları var. Onlar bunu elə inamla dedilər və sənədlər təqdim etdilər ki, hamı dedi, biz sizə inanırıq. İndi onlardan soruşan varmı ki, necə oldu o iddialar? Onlar İraqda kütləvi qırğın silahları tapdılarmı? Onlar bir ovuc kağızı saxtalaşdırdı. Bunu eləmək o qədər çətin işdi?" Əhmədinejad həqiqətin dərhal aşkar olunacağını və İran üçün problem qalmayacağını deyib. O, eyni zamanda, İran və ABŞ-ın heç bir hərbi münaqişəyə sürüklənmədiyinə inandığını deyib. Bununla belə, Əhmədinejad Vaşinqtonu İran və Səudiyyə Ərəbistanı arasında ixtilaf yaratmaq cəhdlərində günahlandırıb. Səudiyyə Ərəbistanı Körfəzdə ABŞ-ın müttəfiqi və Tehranın əsas rəqibidir. Qeyd edək ki, bir neçə gün əvvəl İranın ali ruhani rəhbəri Ayətullah Xamneyi ABŞ-ın sui-qəsd iddiasını gülünc adlandırıb. O deyib ki, ABŞ-ın Amerikada yaşayan bir neçə iranlıya qarşı əsassız ittihamları İranı təcridetmə məqsədi daşıyır: "Amerikalıların bizi tez-tez bu kimi konspirasiyalarda ittiham etməsi səmərəsiz və qeyri-effektivdir. İranı təcrid etmək istədiyini deyən amerikalılar özləri təcrid edilib". Hazırda İran ABŞ-dan Səudiyyə Ərəbistanının səfirinə qarşısı alınmış sui-qəsd barədə informasiya təqdim olunmasını tələb edir. İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Salehinin rəyinə görə, bu ittihamlar dünya ictimaiyyəti rəyinin çaşdırılması və siyasi səs-küyün süni şişirdilməsi məqsədilə yayılmış yalandır: "Buna baxmayaraq, biz bu məsələni diqqətlə öyrənməyə hazırıq və bu məqsədlə ABŞ-dan bizə bu işə aid informasiyanı təqdim etməyi tələb etmişik". Qeyd edək ki, ötən həftə ABŞ İran rəhbərliyi və "İslam İnqilabı Keşikçiləri Korpusu"na (İİKK - Sepah) daxil olan xüsusi təyinatlı "əl-Qüds" qüvvələrini Vaşinqtonda Səudiyyə Ərəbistanının səfiri Adil əl-Cübeyrənin qətlə yetirilməsi məqsədilə sui-qəsdə aidiyyəti olmaqda günahlandırıb. Bu arada İranın "FarsNews" agentliyi belə bir iddia ilə çıxış edib ki, İsrailin MOSSAD təşkilatı Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinə qarşı sui-qəsddə şübhəli bilinən Mənsur Ərbab Səyyara 3 ay öncə saxta vəsiqə verib. Bu barədə adının gizli saxlanması şərtilə Pakistan kəşfiyyatının yüksək rütbəli məmuru məlumat verib. Onun sözlərinə görə, Mənsur Ərbab Səyyar MOSSAD üçün "Foss Fling" adı altında məxfi əməliyyat həyata keçirməli olub. "ABŞ-la münasibətlərin kəskinləşdiyi bir dövrdə İslam dövləti, çətin ki, İran əsilli bir şəxsə Səudiyyə səfirinə qarşı əməliyyat həyata keçirməyi təklif edər" - mənbənin məlumatında deyilir. Bütün bunlar səfir qalmaqalının ABŞ və İran arasında bundan sonra daha gərgin məcrada inkişaf edəcəyini göstərir. Geri dön |