Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan türkçülüyü ideyası-IX
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azərbaycan türkçülüyü ideyası-IX

Azərbaycan türkçülüyü ideyası-IX


Faiq Ələkbərov (Qəzənfəroğlu)

20-ci əsrin əvvəllərində milli liberalizmin Azərbaycanda ən tanınmış nümayəndəsi olan Əlimərdan Topçubaşov nə Əhəməd bəy Ağaoğlunun «islam millətçiliyi»ni, nə də Əli bəy Hüseynzadənin «osmanlı türkçülüyü»nü əsas ideya kimi qəbul etmişdir. O, bu iki ideyanı ideallaşdırmaqdan yan qaçaraq, daha çox diqqəti liberal-demokratik dəyərlərə, o cümlədən Rusiya türklərinin birliyinə və onların milli məhəlli muxtariyyatına yönlətmişdir. Bu baxımdan «Kaspi», «Həyat» və b. qəzetlərdə Rusiya müsəlmanlarının-türklərinin hüquqlarını müdafiə edən Topçubaşovun «Ümummilli haqq istəyi» layihəsində (1905) iştirakı da diqqəti cəlb edir. Bu layihəyə görə, türklərə-müsəlmanlara da ruslarla eyni siyasi, mədəni, dini hüquq verilməli, onlara aid bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Eyni zamanda layihədə Qafqazda yerli idarələrin yaradılması və onların müstəqil olması, Qafqaz müsəlmanlarının şəxsiyyət və ərazi toxunulmazlığı, türk dilində məktəblərin olması, fikir, söz, mətbuat azadlığı verilməsi və s. tələb olunurdu.

Çar Rusiyasının 1-ci çağırış Dövlət Dumasında «Müsəlman fraksiyası»nın rəhbəri olan Ə.Topçubaşov 1905-1907-ci illərdə mövcud olmuş «Rusiya Müsəlmanları İttifaqı» Partiyasının (Y.Akçuraoğlu yazır ki, bu qurumun «Rusiya Müsəlmanları İttifaqı» adlanması, o zaman türk ellərinə ortaq adın tapılmaması ilə bağlı olmuş və məcburiyyətdən «müsəlman» anlayışına müraciət edilmişdir) yaranmasında fəal iştirak etməklə yanaşı, bu siyasi təşkilatın nizamnaməsini, proqramını şəxsən hazırlamışdır. Topçubaşov tərəfindən hazırlanan proqramda məhkəmə, siyasi məqsədlər, fəhlə məsələləri, məhəlli muxtariyyət, dini qaydalar, maliyyə işləri, dövlət quruluşu və s. öz əksini tapmışdır. Ə.Topçubaşovın hazırladığı və qurultaya tədqim etdiyi bu proqramda açıq şəkildə yazılır ki, «İttifaq»ın siyasi məqsədi Rusiya müsəlmanlarını əməli işdə birləşdirməkdir. Rusiyanın dövlət quruluşunu Konstitusiyalı monraxiya kimi görmək istəyən Topçubaşov yazır ki, bu idarə üsulunda vəkillər monarxa nəzarət edərlər. Xalq vəkilləri isə, bir məclis - Dövlət Duması olmaqla, ümumi, gizli, bərabərlik prinsipi ilə seçiləcək, müsəlmanların vəkilləri əhalinin ümumi sayına mütənasib olacaqdır.

Əhalinin sayına və ərazinin böyüklüyünə görə fərqlənən millətlərə məhəlli muxtariyyət verilməsi müəddəasını irəli sürən Ə.Topçubaşov proqramın 34-35-ci maddələrində qeyd edir ki, vilayətə aid məsələlərin hamısı məhəlli muxtariyyət idarələrinin səlahiyyətlərinə görə, vilayət məclislərində müzakirə edildikdən sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilməlidir. Vilayətdə hər hansı bir millət çoxluq təşkil edərsə bu vilayətin idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili isə ümumdövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru qoşunlarında işlədilməlidir. Proqramın 36-cı maddəsində isə Topçubaşov yazır: «Bütün xalqlar mədəni, siyasi hüquq baxımından bərabər olmaqla yanaşı, dövlətin əsas qanunları xalqların hamısını mədəni hüquqlaral təmin etməlidir, yəni hər dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa etmək, uşaqları tərbiyə etmək, dil və ədəbiyyat cəmiyyətləri, müəssisələri yaratmaq xüsuslarında millətlərin hər birinə tam azadlıq verilir».

Göründüyü kimi, Topçubaşov tərəfindən hazırlanan bu proqram daha çox Rusiya türklərinin maraqlara uyğun milli demokratik səciyyə daşımış, demək olar ki, panislamizm və pantürkizm ideyaları burada çox az yer tapmışdır. H.Baykaraya görə, buna səbəb Ə.Topçubaşovun Ə.Ağaoğlu ilə müqayisədə panislamizm ideyasına son dərəcədə bağlı olmaması idi. O yazır: «Ə.Topçubaşovda Ə.Ağayevin geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və analmışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq nemətlərindən Azərbay­can xalqı üçün əlindən gələn qədər daha çox pay qoparmaq istəyirdi».

H.Baykaranın fikrinə görə, bu baxımdan Ə.Topçubaşov Ə.Ağaoğlu və Ə.Hüseynzaddəən fərqli olaraq, islamçılıq və türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir. Dərin biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu realist və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya Müsəlmanları İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür». Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Top­çu­baş­ov ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməmişdir, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı mücərrəd və ümumi mahiyyət daşıyan nə «islam birliyi», nə də «Osmanlı türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiyanın əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə əsaslanan milli baxış idi. Bu baxımdan M.Ə.Rəsulzadə qeyd edir ki, Rusiya türkləri arasında ilk dəfə milli-mədəni muxtariyyətdən və başqa hüquqlardan çıxış edən Ə.Topçubaşov olmuşdur.

Y.Akçuraoğlunun fikrinə görə, 1905-1907-ci illərdən etibarən Quzey və Qafqaz türkləri arasında qəbiləvi fərqlər azalaraq milli birlik fikrinə dayalı ciddi bir «milli şüur» formalaşmağa başlamış və bu məsələ də ən mühüm rollaradn birini Topçubaşov oynamışdır. O yazır: «1905-1907 hərəkatları, zahirən Rusiya müsəlmanları adı altında yürüdülmüşdürsə də, həqiqətdə bu milli bir hərəkat idi. Rusiyada türkləri, məzhəb baxımından ikiyə, sünni və şiə qisimlərinə ayıran ixtilafın qaldırılmasına da bu zəmanə ciddi surətdə çalışılmışdır. Bütün Rusiya müsəlmanlarının III konqresində, qəbul olunan qərarlardan biri də bu idi: «Müxtəlif məzhəblər arasındakı fərqlər önəmli deyildir. Bu fərqlər Rusiya müsəlmanlarının ruhani işləri üçün ümumi bir müəssisənin vücuduna dini baxımdan bir maneə törədə bilməz». Bu qərarı şiə məzhəbindən olan azərbaycanlı Əli Mərdan bəy Topçubaşoğlu təklif etmiş, üzvləri arasında bir çox sünni və şiə ruhanilər konqres isə bu təklifi «sünilik, şiəlik yoxdur, Yetsin ixtilaf!» sədaları ilə və dəqiqələrcə sürən alqışlarla, səs birliyi ilə qəbul etmişdir». M.B.Məmmədzadə də hesab edir ki, milli liberallar dini-ruhani idarə birliyi bayrağı altında millətçi bir proqramın tətbiqinə girişmişdi.

M.Ə.Rəsulzadə, H.Baykara, Y.Akçuraoğlu və M.B.Məmmədzadənin mülahizələri də bir daha təsdiq edir ki, doğrudan da, Topçubaşov «İttifaq»ın timsalında Rusiya türklərinin milli-mədəni birliyinin yaranmasına inanmış və türk-müsəlman «ittifaqçı»ların bir araya gəlməsini də milli bayram kimi qəbul etmişdir. Bunu, Topçubaşovun «İttifaq»ın Nijni-Novqorodda Oka çayı üzərində keçirilən üçüncü qurultayının sonundakı çıxışı da göstərir: «Mən bu günü heç vaxt xatirəmdən çıxartmayacağam. Bu günün, bundan sonra Ümumrusiya müsəlmanları üçün milli bayram günü olacağı şübhəsizdir. Biz türk balaları, əslimiz bir, nəslimiz bir, dinimiz birdir. Günbatandan gündoğana qədər bizim babalarımızın mülki idi. Babalarımız qəhrəman millət olduqları halda, Qafqaz dağlarında, Krım bağlarında, Kazanın çöllərində - ata və babalarımızın mülki olan öz vətənimizdə, öz torpağımızda, öz ehtiyaclarımız barədə danışmağa ixtiyarımız qalmadı. Şükürlər olsun Allaha ki, bu qədər çətinliklərə, zəhmətlərə baxmayaraq, bu gün sular üzərində ürəklərimizi açıb, bir-birimizi üz-üzə görüb, qucaqlaşıb, hal-əhval tutmağa müvəffəq olduq».

Fikrimizcə, bütün bunlar bir daha təsdiq edir ki, Topçubaşov ümumi və utopik xarakter daşıyan türkçülüyü (türk birliyini) və islamçılığı (islam birliyini) idealaşdırmaqdansa, ilk növbədə konkret olaraq Rusiya ərazisində məhkum həyat yaşayan müsəlman türklərinin milli birliyini vacib saymışdır. O, bu zaman reallıqlardan çıxış edərək Rusiya türklərin müəyyən məhəlli muxtariyyət və başqa azadlıqlara sahib olmasına çalışmışdır. Bu baxımdan H.Baykara doğru qeyd edir ki, Ə.Topçubaşovun rəhbəri olduğu «Rüsiya Müsəlmanları İttifaqı» partiyası əsarətdə yaşayan türklərin liberal-demokratik burjua hərəkatıdır.

Əlbəttə, milli ideologiyanın formalaşması məsələsini kompleks şəkildə götürsək, bu zaman Ə.Ağaoğlu («islam millətçiliyi»), Ə.Hüseynzadə («osmanlı türkçülüyü»), Ə.Topçubaşov (Rusiya müsəlmanlarının-türklərinin milli-mədəni birliyi) və başqa milli ideoloqların siyasi-ideoloji və milli-fəlsəfi fikirlərinədki oxşarlıqlarla yanaşı, ziddiyyətlərin də tədqiq olunmasına zərurət var. Bu faktoru inkar etmədən hesab edirik ki, bu milli ideoloqların Azərbaycan türk millətinin taleyi ilə bağlı irəli sürdükləri ideyalar arasındakı fərqlər və ziddiyyətlər, bəzi mənfi çalarlarına baxmayaraq, ümumilikdə milli ideologiyanın formalaşması nəzər nöqtəsindən müsbət rol oynamışdır. Ə.Hüseynzadənin təbrincə desək, eyni ideya uğrun­da mübarizə aparan insanlar arasındakı fikir ixtilafları, ziddiyyətlərin olması milli-dini birliyin pozulmasına dəlalət edə bilməz. Əksinə fikir ixtilafları nəticə­sində həqiqət meydana çıxar və millət də əsil həqiqətin arxasınca gedər.

Bizə elə gəlir ki, həmin dövrdə milli ideyaya yaxınlığı baxımından türkçülük (Ə.Hüseynzadə və b.) və milli liberalizm cərəyanları (Ə.Topçubaşov və b.) Azərbaycan türkçülüyü ideyasının yaranmasında daha mühüm rol oynamışdır. Belə ki, türkçülər və milli liberallar milli özünməxsusluğa daha çox diqqət yetirərək, Azərbaycan türklərinin bir millət kimi formalaşmasına, milli kimliyni və mədəniyyətini dərk etməsinə çalışdıqları halda, islamçılar və marksist-leninçilər beynləmiləlçilik adı altında, əksər hallarda bunu islamiyyətin və sinfi mübarizənin içərisində əritməyə cəhd göstərmişlər. Məhz marksizmin (sinfi mübarizə birliyi) və islamçılığın («islam birliyi») milli konkretlikdən çox uzaq olmasının nəticəsi idi ki, sonralar (1910-1920-ci illərdə) milli sosial-demokrtalar (M.Ə.Rəsulzadə, N.Yusifbəyli, A.Kazımzadə və b.) və milli islamçıların (Ə.Ağaoğlu və b.) xeyli bir qismi həmin ideyalardan üz döndərərək türkçülük, o cümlədən Azərbaycan türkçülüyü (Ə.Topçubaşov, M.Ə.Rəsulzadə, N.Yusifbəyli və b.), Türkiyə türkçülüyü ideyası ətrafında (Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b.) toplaşdılar.

Geri dön