Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Orta məktəbdə yeni fənn – şahmat
Orta məktəbdə yeni fənn – şahmat |
TN rəsmisi: “Şahmatın tədrisi uşaqların intellektual qabiliyyətlərinin inkişafına səbəb olacaq”
“Ümumtəhsil məktəblərində şahmat fənni ölkənin hər rayon və şəhərində bir neçə orta məktəbdə, eyni zamanda keçən il pilot kimi seçilmiş məktəblər də daxil olmaqla, ikinci və üçüncü sinif şagirdlərinə tədris olunacaq”. Bu sözləri açıqlamasında Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib. O, artıq şahmat dərsliklərinin hazır olduğunu bildirib. “2011-ci ilin dekabrında təhsil nazirinin əmri ilə 2012-ci ilin yanvarından etibarən hər rayondan bir seçmə məktəb olmaqla pilot layihə kimi şahmatın fənn kimi tədrisinə başlanılıb. Buna maraq üçün ayrılan kurslardan bir saat ayrıldı. Ölkənin 75 ümumtəhsil məktəbində şahmat fənn kimi tədris olundu. Həmin fənni keçən müəllimlər üçün təlim seminarları təşkil edildi, şagirdlər üçün dərs vəsaiti hazırlandı. Toplanmış təcrübə əsasında, nəticələr də ümumiləşdirilərək, şagirdlərin şahmata böyük maraq göstərdiyi qeydə alınıb. Ümumiyyətlə, şahmatın intellektual oyun olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi belə bir qərara gəldi ki, həmin fənnin tədrisi daha da genişləndirilsin. Artıq cari tədris ilindən şahmat hər rayon və şəhərdən təxminən 3, yaxud 5 məktəb olmaqla və keçən ilki seçilmiş məktəblər də qalmaq şərti ilə təxminən 25 min məktəblini əhatə edən fənn kimi tədris olunacaq”, – deyə şöbə müdiri bildirib. A. İbrahimov bildirib ki, şahmat fənni seçilmiş məktəblərin ikinci və üçüncü siniflərində tədris olunacaq. “Bununla əlaqədar artıq təhsil nazirinin əmri var, müvafiq qurumlara tapşırıqlar verilmiş və hazırda 3-cü sinif üçün şahmat dərsliyi hazırdır, 2-ci sinif şahmat dərsliyi üzərində isə iş davam etdirilir. Eyni zamanda Təhsil Nazirliyinin əmri “Azərbaycan müəllimi” qəzetində artıq dərc olunub və bu əmrə əsasən avqust-sentyabr aylarında həmin fənni tədris edən müəllimlər üçün tədris seminarları da təşkil olunacaq”. Şöbə müdiri hazırda həmin məktəblərdə dərs deyiləcək müəllimlərin seçildiyini vurğulayıb. A. İbrahimovun sözlərinə görə, şagirdlər üçün ayrılan vəsait də onların hazırlıq səviyyələrinə uyğun hazırlanıb. “Ümumiyyətlə, Azərbaycanda şahmatın təbliği ilə bağlı böyük işlər görülür. Artıq bir neçə ildir ki, Həmkarlar Konfederasiyası müəllimlər arasında şahmat üzrə yarışları keçirir. Şəhər və rayonlarında müxtəlif dərəcəli şahmat müəllimləri var. Gələcəkdə isə böyük ehtimalla, müvafiq təlim modullarından keçmiş ibtidai sinif müəllimlərinin özləri bu fənləri tədris edəcəklər. Artıq bu istiqamətdə artıq hazırlıq işləri gedir”. Təhsil Nazirliyi rəsmisi qeyd edib ki, şahmat dərsi həftədə bir saat tədris olunacaq və ümumtəhsil məktəblərində fənn şahmatın 2 və 3-cü səviyyələrinə uyğun olaraq tədris olunur. “Gələcəkdə çox böyük marağı olan, yəni tədris prosesində istedadı olan şagirdlər müəllimlər tərəfindən şahmat məktəblərinə yönləndiriləcək. Şahmatın tədrisi uşaqların intellektual qabiliyyətlərinin inkişafına səbəb olacaq. Yəni tədrisdə əsas məqsəd odur ki, uşaqların beyinləri, yaradıcılıqları inkişaf etsin”. A. İbrahimov ümumtəhsil məktəblərinin şahmat avadanlıqları ilə təchizatının təhsil şöbələri tərəfindən aparıldığını deyir. “Rayon şahmat məktəbləri kifayət qədər texniki avadanlıqlarla təmin olunub və təhsil şöbələri hər məktəbdə bir otağı şahmatın tədrisini ayırıb. Məcburi tədris olunan bu fənn üçün şərait və kadr potensialını nəzərə alaraq təhsil şöbələri məktəbləri seçiliblər. Təhsil nazirinin indi verdiyi əmrə əsasən il boyu o tədrisin vəziyyəti öyrəniləcək və rəhbərliyə məruzə olunacaq. Onun əsasında artıq növbəti il üçün müvafiq qərarlar qəbul oluncaq”, – deyə şöbə müdiri vurğulayıb. Aytən Əliyeva Geri dön |