Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Bildiriş > Sərvətləri talanan, flora və faunası məhv edilən yurd yerimiz
Sərvətləri talanan, flora və faunası məhv edilən yurd yerimiz |
Qubadlı rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalından 25 il ötür
Əzəmətli dağlara, sərin bulaqlara, gözəl meşələrə, gur çaylara, münbit torpağa malik olan Zəngəzur mahalının qədim yaşayış məskəni Qubadlı rayonu 25 il bundan əvvəl, 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın bu dilbər guşəsinin işğalı Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, “dənizdən-dənizə böyük Ermənistan” yaradılması barədə xəyalpərəst daşnak ideoloqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm çar Rusiyasının, həm də sovet rejiminin çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfələrlə qaldırılıb, erməni işğalçıları Azərbaycan torpaqlarına, o cümlədən Qubadlıya hücum ediblər: kəndlər yandırılıb, talan edilib, dinc əhaliyə divan tutulub. Strateji əhəmiyyət daşıyan Qubadlı daim düşmən hədəfində olub Proseslərin xronoloji ardıcılığına nəzər salsaq görərik ki, Qubadlı, əslində, erməni təcavüzü ilə Qarabağ münaqişəsindən də əvvəl üzləşmişdi. Sərhədlərin dəqiqləşdirilməsi adı ilə tarixən Qubadlı əhalisinin dədə-baba torpaqları olan Vəli düzü, Güllü zəmi kimi gözəl təbiətli yerləri Ermənistana vermək cəhdi, münaqişənin örtülü olsa da, bünövrəsini qoymuşdu. Qubadlı münaqişənin işartılarının göründüyü ilk günlərdən qaynar hadisələrin mərkəzində idi. 1988-ci il fevral ayının 6-da Xankəndidə ilk erməni mitinqlərindən sonra Ermənistandan azərbaycanlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlıdan keçdi. Dədə-baba torpaqlarımız olan Sisyandan, Qafandan, Gorusdan zorla çıxarılan azərbaycanlıların bir qismini Qubadlı qəbul etdi. Rayon Dağlıq Qarabağla Ermənistan arasında yerləşdiyinə görə strateji əhəmiyyət daşıyırdı. Bunu başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədir, Dağlıq Qarabağa Qubadlı ərazisindən keçid yaratmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabrında sovet qoşunlarının zirehli texnikalarının müşayiəti ilə Gorus istiqamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxınlaşdığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Avtomobil karvanı Xankəndi şəhərinə buraxılmadı. Təəssüf ki, geri qaytarılan avtomobillər bir həftə Gorusun Xinzərək kəndində qaldıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndinə yol tapa bildi və karvanı müşayiət edən zirehli texnika Laçın şəhərində qırğınlar törətdi. Bu yurd yeri Ermənistanla 120 kilometr məsafədə həmsərhəddir. Ermənilər sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Dovudlu, Novlu, Yuxarı Cibikli, Əyin, Çardaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə hücum edir, yaşayış məntəqələri atəşə tutulurdu. 1989-cu ilin axırlarında rayonda vəziyyət son dərəcə ağırlaşdı. Düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edir, işğalçılara mərdliklə müqavimət göstərirdilər. 1993-cü ilin yayında Əliquluuşağı kəndi istiqamətində bir gündə 3 düşmən vertolyotunun vurulması buna sübutdur. Lakin qüvvələr qeyri-bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri belə, çatışmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla almaq mümkün deyildi. Qubadlılılar sonadək qəhrəmancasına mübarizə apardılar Qubadlı 1993-cü il avqustun sonlarında artıq ermənilərin mühasirəsinə düşmüşdü. Cəbrayılın axırıncı kəndləri – Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin yaxınlaşdığını göstərirdi. Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətlərindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək geri çəkilirdilər. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşurdular. Məğlubiyyətlə barışmaq istəməyən əhali sonda rayonu tərk etmək məcburiyyətində qaldı. 1993-cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil ola bildilər. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutdu və həmin gecə Xanlıq kəndinə qədər olan yaşayış məntəqələri ermənilərin əlinə keçdi. 1993-cü il avqustun 31-də hər tərəfdən mühasirəyə düşmüş Qubadlı işğal olundu. Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid oldu. Qarabağ müharibəsində isə Qubadlı, ümumilikdə, 238 şəhid verib, 146 nəfər əlil olub. Bu gün Qubadlı sakinləri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş həmyerliləri Əliyar Əliyev, Bəylər Ağayev, Aslan Atakişiyev, Səfa Axundov, Ələkbər Əliyev, Kazımağa Kərimov, Aqil Məmmədov, Kərəm Mirzəyev, Vasili Əliyevlə fəxr edirlər. Rayonun işğalı nəticəsində 445 min kvadratmetr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumtəhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, 1 tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb, hər yeri viran qoyublar. Qubadlını itirməklə iqtisadi, mədəni, tarixi itkilərlə üz-üzə qaldıq Qubadlı tarixi abidələrlə zəngin yurd yerlərimizdən biridir. Belə ki, rayonun Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5 belə abidə var. “Gavur dərəsi” deyilən ərazidə isə IV əsrə aid qədim mağara, V əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki abidələr özünün tarixi əhəmiyyəti ilə seçilir. Bu gün onların hamısı düşmən tapdağı altındadır. Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 20 min hektarlıq Dövlət Təbiət Yasaqlığı yerləşirdi. Burada yaşı 150-1600 illər arasında olan nadir növlərdən ibarət 10-dan çox iri gövdəli ağac təbiət abidəsi kimi qorunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Qismən Laçın rayonunun ərazisi də daxil olan yasaqlıqda 101 çöldonuzu, 21 qonur ayı, 35 cüyür, 240 qırqovul, 300 bildirçin, 420 dovşan və digər çöl heyvanları qeydə alınmışdı. Qubadlı, həmçinin qiymətli tikinti materialları ehtiyatları, yeraltı şirin su yataqları ilə zəngin diyar idi. Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib. İşğaldan bir qədər sonra – 1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 874 saylı qətnamə ilə təcavüzkardan zəbt olunmuş torpaqların boşaldılması tələb olunsa da, Ermənistan buna məhəl qoymayıb və bu gün də rəsmi Yerevan beynəlxalq hüquq normalarını ayaqlar altına alır, işğalçılıq siyasətini davam etdirir. Ötən hər gün bizi Qubadlının azad olunacağı günə daha da yaxınlaşdırır 25 ildir ki, rayonun 30 mindən çox əhalisi ölkəmizin 47 şəhər və rayonunda məcburi köçkün həyatı yaşayır. Lakin onlar öz doğma yurd-yuvalarına qayıdacaqlarına ümidlərini itirməyiblər. Çünki ötən illər ərzində Azərbaycan xeyli inkişaf edərək öz iqtisadiyyatını, ordusunun gücünü daha da artırıb, Ermənistan isə bütün sahələrdə iflasa uğrayıb, ordusu çöküb. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət xalqımızın qələbəyə olan inamını daha da artırır. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, biz heç vaxt öz ərazi bütövlüyümüzün pozulması faktı ilə barışmayacağıq və istənilən yolla torpaqlarımızı işğaldan azad edəcəyik. İndi keçən hər gün bizi torpaqlarımızın azad olunacağı günə – Böyük Qələbəyə daha da yaxınlaşdırır. 2016-cı ilin Aprel döyüşləri, bu il isə Naxçıvanda qazanılan Günnüt zəfəri bu qələbənin müjdəçisidir. Rauf Kəngərli Geri dön |