Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Konstitusiya Məhkəməsinin 14 illik fəaliyyətinə qiymət verildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Konstitusiya Məhkəməsinin 14 illik fəaliyyətinə qiymət verildi

Konstitusiya Məhkəməsinin 14 illik fəaliyyətinə qiymət verildi


Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlarda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş mühüm hüquqi mövqelər formalaşıb. Bunu Konstitusiya Məhkəməsinin yaranmasının 14-cü ildönümü münasibətilə Trend-ə müsahibəsində məhkəmənin sədri Fərhad Abdullayev deyib.

"Təqdirəlayiq haldır ki, məhkəmələrdə baxılan mübahisələrdə bir çox hallarda Konstitusiya Məhkəməsinin qərarlarına istinad edilir. Getdikcə sayı artan məhkəmələr tərəfindən Konstitusiya Məhkəməsinə verilən müraciətlər bir daha onu göstərir ki, ümumi məhkəmələrin hakimləri dövlətin adından qərar qəbul edilməsinin məsuliyyətini dərindən dərk edirlər. Odur ki, bir çox hallarda hakimlər baxılan işlər üzrə icraatları dayandırmaqla, Konstitusiya Məhkəməsinə müraciət edərək Konstitusiya prinsiplərinə əsaslanan yüksək konstitusiya nəzarəti orqanının mövqeyini əldə etməyə çalışırlar. Bu pozitiv hal son nəticədə məhkəmələrdə ədalətli qərarın çıxarılması üçün təminat kimi çıxış edir", - məhkəmə sədri deyib.

Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsinin qərarlarında insan hüquq və azadlıqlarını təsbit edən bir sıra mühüm beynəlxalq normativ aktlara (İnsan Hüquqları haqqında Ümumi Bəyannamə; Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; Sosial, iqtisadi və mədəni hüquqlar haqqında Pakt; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası), həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, digər ölkələrin konstitusiya nəzarəti orqanlarının təcrübəsinə geniş yer ayrılıb. Konstitusiya Məhkəməsinin bir çox qərarlarında isə hüquqi dövlətin mahiyyətindən irəli gələn, xüsusilə də Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüququn aliliyi, hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq prinsipləri öz əksini tapıb.

Məhkəmə sədri bildirib ki, Konstitusiya Məhkəməsi fəaliyyət dövrü ərzində 229 qərar qəbul edib. Həmin qərarlardan 25-i ötən il, 12-si isə bu il iyulun 14-dək qəbul edilib.

Abdullayev deyib ki, Konstitusiya Məhkəməsi tərəfindən demək olar ki, hüququn bütün sahələrinə (mülki, inzibati, cinayət, vergi və s.) aid məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Konstitusiya Məhkəməsində baxılan konstitusiya işlərinin 49-u cinayət, cinayət-prosessual, inzibati hüquq, 32-si mülki, mülki prosessual, əmək və torpaq hüququ, 8-i mənzil, vergi, gömrük hüququ, 15-i isə sosial təminat hüququ sahəsinə dair olub. Bununla yanaşı, Konstitusiya Məhkəməsi hüququn digər sahələrinə dair 125 qərar qəbul edib.

Abdullayevin sözlərinə görə, Konstitusiyanın 130-cu maddəsində nəzərdə tutulmuş subyektlər dairəsinə görə, Azərbaycan Respublikasının Prezidentinin sorğusu əsasında 2, Milli Məclisinin 1, Nazirlər Kabinetinin 6, Ali Məhkəməsinin 46, insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 10, Baş Prokurorluğunun sorğusu əsasında isə 24 qərar qəbul edilib.

Məhkəmələrin (birinci və apellyasiya instansiyası məhkəmələri) müraciəti və konstitusiya şikayəti əsasında, müvafiq olaraq, 39 və 82 qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin 19 qərarı prezident seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsi və Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi ilə əlaqədar olub.

KM sədri qeyd edib ki, hazırda Konstitusiya Məhkəməsinin Plenumunun icraatına Ali Məhkəmənin, Baş Prokurorluğun, insan hüquqları üzrə müvəkkilin (ombudsman) sorğuları, Bakı və Sumqayıt apellyasiya məhkəmələrinin müraciətləri, Xəzər rayon məhkəməsinin müraciəti və iki konstitusiya şikayəti qəbul edilib.

Konstitusiya Məhkəməsinin qərarlarının ümumi məhkəmə praktikasının formalaşması üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Abdullayev bildirib ki, qərarlarda hüquqi mövqelər, fərdi və subyektiv xarakter daşımamaqla, 9 hakimin uzun sürən müzakirələrinin nəticəsi olaraq, müasir Avropa hüquqi tendensiyalarını özündə ehtiva edir.

O bildirib ki, Konstitusiya Məhkəməsinə 2011-ci il üzrə 1788 ərizə və şikayət daxil olub. 2012-ci ilin I yarısında isə 812 ərizə və şikayət daxil olub. Abdullayev qeyd edib ki, Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyətini məhkəmə aktlarından verilən şikayətlər təşkil edir - 991 (2011-ci il üzrə - 694; 2012-ci ilin I yarısı üzrə - 297).

"Məhkəmə aktlarından verilən şikayətlər mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır (alqı-satqı, girov muqaviləsinin etibarsız hesab edilməsinə və ya ləğv olunmasına, torpaq sahələrinin ayrılmasına və istifadə edilməsinə, vərəsəlik hüququnun tanınmasına, işə bərpa edilməsinə, sahibkarlıq fəaliyyətinə, cəzanın yüngülləşdirilməsinə, məhkum edilməsinə və s. məsələlərə dair məhkəmə aktlarından)", - Abdullayev deyib.

Məhkəməyə verilmiş şikayətlərin 653-ü (2011-ci il üzrə - 441; 2012-ci ilin I yarısı üzrə - 212) Konstitusiya Məhkəməsi Palatasının iclaslarında müzakirə edilməsi və həll edilməsi üçün Konstitusiya Məhkəməsinin hakimlərinə verilib.

Həmin şikayətlər üzrə 535 qərardad (2011-ci il üzrə - 371; 2012-ci ilin I yarısı üzrə - 164) qəbul edilib.

Onlardan 521-i (2011-ci il üzrə 362; 2012-ci ilin I yarısı üzrə - 159) Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilməsi və 14 (2011-ci il üzrə - 9; 2012-ci ilin I yarımilliyi üzrə - 5) şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi barədə olub. Digər şikayətlər üzrə isə Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi və ya icraatına qəbul edilməsindən imtina edilməsi məsələsinin müzakirəsi davam edir.
Məhkəmə sədrinin sözlərinə görə, vətəndaşlar tərəfindən məhkəməyə ünvanlanan şikayətlər müxtəlif rayonlarında icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən torpaq sahələrinin düzgün bölünməməsi və bu sahədə olan vəzifələrdən sui-istifadə halları, əmək və məzuniyyət haqlarının alına bilməməsi, təqaüdlərin düzgün hesablanmaması, icra hakimiyyəti orqanlarının, xüsusən də hüquq mühafizə orqanlarının fəaliyyəti, məhkəmələrdə ərizələrin qəbul edilməməsi və baxılmasından imtina edilməsi, məhkəmə qərarlarının icra olunmaması və digər məsələlərlə əlaqədar olub.

"Eyni zamanda, şikayətlərdə yerli icra hakimiyyəti orqanları, məhkəmələr, hüquq mühafizə orqanları, həmçinin vəzifəli şəxslər tərəfindən vətəndaşların pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməməsi barədə məlumat verilir", - Abdullayev deyib.

O bildirib ki, Konstitusiya Məhkəməsinə daxil olan 819 (2011-ci il üzrə 611; 2012-ci ilin I yarısı üzrə - 208) ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə müvafiq dövlət orqanlarına və ya vətəndaşlara Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə 790 (2011-ci il üzrə 483; 2012-ci il iyul ayının 1-dək - 307) cavab məktubu göndərilib.

Bəzi hallarda Konstitusiya Məhkəməsinin rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına bu və ya digər hüquq pozuntularına dair müraciətlər edilərək, diqqətləri həmin məsələlərə cəlb edilib.

Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də yaradılıb. Konstitusiya Məhkəməsinin əsas məqsədi demokratik dəyərləri bəyan edən, hüquqa və ədalətə əsaslanan Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin hüququn bütün subyektlərinə münasibətdə təmin edilməsindən ibarətdir.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə əlavə və dəyişikliklərin edilməsinə dair 24 avqust 2002-ci ildə keçirilmiş referendumla Konstitusiya Məhkəməsinin səlahiyyətlərində müəyyən dəyişikliklər edilib. Bu əlavə və dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib.

Geri dön