Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, DAVAMın yazıları > Nalından od çıxan atlı - Qarapiri bəy Qacar
Nalından od çıxan atlı - Qarapiri bəy Qacar |
Qədim və Orta əsr Azərbaycanının görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi, sərkərdə, dövlət və din xadimləri var ki, böyük əksəriyyətimiz ya onların haqqında az məlumatlıyıq, ya da onların varlığından xəbərsizik. Düzdür, bu məlumatlar uzun illər sovet rejimi tərəfindən xalqdan gizlədildi, ortaya çıxarılanlar isə başqa xalqın nümayəndəsi kimi təqdim edilib. Elə bu gün də onlar haqqında geniş bilgilərə sahib deyilik. Məhz bu səbəbdən də Enter.News akademik Çingiz Qacarın araşdırmalarından əldə etdiyi Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında olan materialları təqdim edir. Növbəti materialımız Qarapiri bəy Qacar haqqındadır.
Qarapiri bəy Qacar Şah İsmayılın ən bacarıqlı sərkərdələrindən biri idi. Hünərinə, çeviklik və qətiyyətinə görə, o “Toz qoparan” ləqəbini qazanmışdı. Qarapiri bəy Səfəvilər dövlətinin tarixində əhəmiyyətli rol oynamışdır. Şah İsmayılın atası şeyx Heydərin üç oğlu vardı - Sukanəli, İbrahim və İsmayıl özü. Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Əvvəlcə o, onları himayə və tərbiyə etmiş, sonra isə onların qulluğunda durmuşdur. XV əsrdə Azərbaycanda Teymurun varisləri ilə Ağqoyunlu və Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin müarizə gedirdi. Tədricən Ağqoyunluların ən görkəmli hökmdarı Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi hərbi-sufi təriqətlərindən Səfəviyyənin başçısı şeyx Cüneydə arxalanmaq istəyir. Əvvəlcə öz bacısı Xədicə bəyimi ona verir, sonra isə qızı Teodora-Aləmşahbəyimi (Trapezund imperatoru Komnenin nəvəsini) şeyx Cüneydin oğlu şeyx Heydərə verir. Şeyx Heydərin Şirvan üzərinə yürüş zamanı ölmündən sonra Uzun Həsənin varisi Yaqub bəy Ağqoyunlu səfəvilərin get-gedə artan nüfuzu və hərbi gücü qarşısında qorxuya düşərək, Ərdəbili tutur və şeyx Heydərin azyaşlı oğlanlarını əsir götürür. 1490-cı ildə hakimiyyətə Uzun Həsənin digər oğlu Baysunqur gəlsə də bircə il sonra əmisi oğlu Rüstəm Ağqoyunlu tərəfindən devrilir. Şirvanşah Fərrux Yasarın qızlarından birinə evlənmiş Baysunqur onun yanına qaçır. Rüstəm şeyx Heydərin oğlanlarını azad edir və Ərdəbili onlara qaytarır. Səfəviyyə şeyxi olan Sultanəlidən isə Baysunqur və onu himayə edən Şirvanşahla mübarizəsində ona kömək göstərməsini xahiş edir. Sultanəli yürüşdə iştirak etməyə söz verir və ilk dəfə Qarapiri bəyin adı Rüstəmlə Baysunqurun apardığı döyüşlə əlaqədar bir sərkərdə kimi tarixdə xatırlanır. Ağqoyunlu Rüstəm Sultanəlinin dəstələrini öz qoşununa qatır və bu dəstələrdən birinə Qarapiri bəy Qacar başçılıq edir. Sultanəli və onun dəstələri görünməmiş igidlik və cəsarət nümunələri göstərirlər. Baysunqur məğlubiyyətə uğrayır və Sultanəli bu döyüşdə iti ağıl, mərdlik və sərkərdəlik hünəri nümayiş etdirməklə özü özünün qətlinə fərman vermiş olur. 1494-cü ildə Sultanəli öz müttəfiqinin igidliyindən təşvişə düşüb onu rəqib gözündə görən və qoşunlarını onun üzərinə yeridən Ağqoyunlu Rüstəmin dəstələri ilə döyüşdə həlak olur. Ancaq ölümündən azca əvvəl kiçik qardaşı İsmayılı Səfəviyyə təriqətinin şeyxi təyin etməyə imkan tapır. İsmayıl həddi büluğa çatana qədər Rüstəm şahdan gizlənməli olur. Bu işdə ona öz hamiləri və tərəfdarları kömək edirlər. Qarapiri bəy isə daim onun yanında olur. İsmayıl 13 yaşına çatanda fəal hərəkətlərə keçir. Qarapiri bəy də, başqa lələləri də onun qərarını müdafiə edirlər. Qoşun toplanışı və müttəfiqlər axtarışına başlanılır. İlk yürüşü Şirvana, Fərrux Yasarın üzərinə təyin edirlər. İsmayılın babası və atası Şirvan uğrunda həlak olduqlarından cavan şeyx ilk qələbəsini məhz burada qazanmaq istəyir. 1500-cü ilin sonlarında Gülüstan qalası yaxınlığında İsmayılın və gələcək Səfəvi dövlətinin taleyini həll edən məşhur döyüş baş verir. Bu döyüşdə öz ömür- günlərini İsmayılla bağlamış və ona sədaqətinə görə “Dövlətin sütunları” adını almış qızılbaş tayfa başçılarının hamısı iştirak edirlər. İsmayılın layiqli hərbçi və hökmdar kimi yetişməsində böyük rol oynamış Qarapiri bəy digər “sütunlar” kimi bu döyüşdən qalibiyyətlə çıxmaq üçün ciddi səylər göstərir. Şirvanşahın yetərincə güclü və sayca çoxluq təşkil edən qoşunu hələ 14 yaşı tamam olmamış cavan bir sərkərdənin qarşısında dayana bilmir. Salamat qalan şirvanlılar Gülüstan qalasında gizlənirlər. İsmayıl Bakı üzərinə uğurlu yürüşündən sonra Gülüstan qalasının mühasirəsini davam etdirir. Bu zaman o, Təbrizdən narahatlıq doğuran xəbərlər alır və buna görə də “sütunları” yanına çağırıb soruşur: “Siz nəyə üstünlük verirsiniz, Azərbaycan taxt-tacına, yoxsa Gülüstan qalasına?” Onlar da bir səslə Azərbaycanı istədiklərini bildirirlər. Təbriz mütləd Ağqoyunlu zülmündən qurtulmalıdır. Elə bu zaman Azərbaycan hakimi Ağqoyunlu Əlvənd Mirzə İsmayılın qarşısına çıxmaq üçün Naxçıvana gəlir. Qarapiri bəy Qacar qızılbaş qoşunlarının Kürdən keçməsini təmin edir. O, həm də İlyas bəy Halvaçı oğlu ilə Naxçıvana girən İsmayılın qoşunlarının ön cinahında dayanır. Onlar qızılbaşların qarşısını almaqdan ötrü göndərilmiş dəstələri darmadağın edərək, Naxçıvana yolu açırlar. Əlvənd Mirzə 1501-ci ildə 30 minlik ordusu ilə Şərur düzündə İsmayılın 7 minlik qoşununa hücum çəkir. İsmayıl qoşunun ortasında qərar tutur. Qarapiri bəy cinahlardan birində dayanır. Qazanılan parlaq qələbədən sonra İsmayıl Təbrizə girərək, tac qoyur və şah taxtına əyləşir. Elə həmin il İsmayıl öz ordusunu İraq üzərinə göndərir. İsmayılın və İraq sultanı Muradın qoşunları 1503-cü ilin 21 iyununda Həmədan yaxınlığında qarşılaşırlar. Qarapiri bəy 1500 süvari ilə ehtiyatda qalır. Sultan Muradın ön cinahında qərar tutan Qum hakimi İslamiş bəy qızılbaşların hücumunu dəf edərək qoşunun içərilərinə doğru soxulmağa cəhd göstərir. O, Şah İsmayılın qoşunun içərilərində olduğunu bildiyindən bu cəhdlərini artırırdı. Şah İsmayılın da, döyüşün də taleyi təhlükə altına düşür. Elə bu zaman Qarapiri bəy gizləndiyi yerdən çıxaraq, döyüşə qoşulur. İslamiş bəyin qoşunu tamamilə darmadağın olunur, onun özü isə əsir düşür. Sultan Muradın bu hücumdan sonra düşkün bir mənəvi duruma gətirilmiş qoşunu dağılır və Şah İsmayıl İraqi-Əcəmə və Farsa sahib olur. “Tozqoparan” ləqəbli sərkərdə və döyüşçü Qarapiri bəy Qacar haqqındakı bu qısa məlumatlar da onun müstəsna bacarıq və qabiliyyətlərindən, Şah İsmayılın həyatında və Səfəvi dövlətinin yaranmasında əvəzsiz xidmətlər göstərməsindən xəbər verir. Geri dön |